Məhkəmə qərarları › İş №2-2(103)-819/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-819/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-819/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2595/2023 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ilə cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır.

2. xx.xx.2021-ci il tarixdə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən Məmmədov Turaba məxsus ünvan 1 ünvanında yerləşən obyektin (kafe) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə d=20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni olaraq istifadə olunduğu aşkar olunması barədə 601535 saylı saylı akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçıya 4104 (su borcu- 2052 manat və çirkab su borcu-2052 manat) manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı X2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Acıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Dmitrov küçəsində (Abonent kodu 011800) ünvanına yazılmış 04 iyun 2021-ci il tarixli 601535 nömrəli aktın etibarsız hesab edilməsi və 4000 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, həmin aktın və borcun yazılmasının heç bir əsası yoxdur.

5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən obyektə baxış keçirilərkən sayğacdan kənar xətt aşkar edilmiş və 4104 manat dəymiz ziyan məbləği hesablanmışdır. Obyektə baxış keçirilməsi yoxlama xarakterli olmuş, lakin həmin yoxlama dövlət reyestrində qeydiyyata alınmamışdır. Sayğacdan kənar diametri 20 sm olan boru vasitəsilə sudan qanunsuz istifadə müəyyən edilmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2595/2023 saylı qərardadı ilə iddiaçı X1 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2595/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi.

12. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci bəndinə görə STTSASa qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüquqlarına aiddir.

14. Həmin Qaydaların 4.1 və 4.1.3-cü bəndlərinə əsasən bu qaydalara uyğun verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə aiddir.

15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

16. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

17. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

18. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

19. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

20. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.

21. Həmin qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

22. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

23. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

24. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

25. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və iddianın tam təmin olunduğunu və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

29. Belə ki, iddiaçı Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021ci il tarixli akt əsasında iddiaçıya hesablanmış borcun silinməsi tələbini irəli sürmüşdür.

30. Cavabdeh isə bildirir ki, iddiaçı sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 4104 manat məbləğində ziyan dəymişdir.

31. Lakin, cavabdeh mübahisələndirilən borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində cavabdehə zərər vurulması ilə əsaslandırsa da, bu faktları təsdiq edən mötəbər sübutları təqdim etməmişdir.

32. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.

33. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli akt isə mötəbər sübut kimi qiymətləndirilə bilməz.

34. Belə ki, cavabdeh mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir.

35. Belə olan halda isə iddiaçıdan həmin yoxlama nəticəsində hesablanan borc tələb oluna bilməz.

36. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

37. Ona görə də, hazırki işdə “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən iddiaçı tərəfindən qanunsuz (özbaşına) qoşulma halı və cavabdehə zərərin dəyməsi halı müəyyən edilə bilməz.

38. Bu baxımdan, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq hesablanmış borcun ödənilməsini tələb etməkdə haqlı deyildir.

39. Eyni zamanda kollegiya qeyd edir ki, həmin akt əsasında 4104 manat məbləğində borc hesablansa da, iddiaçı yalnız 4000 manat məbləğində borcun silinməsi tələbini irəli sürüb, məhkəmənin isə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxmağa səlahiyyəti yoxdur.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2595/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar