Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-82/2022 14.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Orucova Aysu Əli qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nnümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı 60612,40 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1728/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MTK Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60612,40 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.10.2020-ci il tarixli e-2-2(113)-1728/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apelyasiya şikayəti verərək qərarın qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş edərək, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MTK əhali istehlakçı qrupuna daxildir. Belə olan halda cavabdehin iddiaçı ilə qeyri-əhali istehlakçıları üçün müqavilə bağlaması tamamilə qanunsuz olmuşdur. Cavabdeh bazarda hökmran mövqeyindən istifadə edərək, yaşayış binasına qeyri əhali tarifi ilə müqavilə bağlamış və xidmət göstərmişdir. həm İddiaçı MTK, həm də MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binası əhali qrupuna aiddir. Belə olan halda Cavabdeh ASC tərəfindən 60612,40 manat (81471,90 - 20859,5 = 60612,40) artıq pul alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07.04.2021-ci il tarixli 2-2(103)-242/2021 saylı qətnaməsilə iddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən - cavabdeh ASCdən 25.754,85 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı MTK-ya ödənilməsi hissəsində təmin edilmiş, qalan hissədə təmin edilməmişdir. Cavabdeh və iddiaçı həmin qətnamədən kassasiya şikayətləri vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 15.09.2021-ci il tarixli, 2-2(102)- 349/2021 saylı qərarı ilə İddiaçı MTK və Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 aprel tarixli, 2-2(103)-242/2021 saylı qətnaməsi ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan: - 2012-ci il 5 yanvar tarixli 093175 saylı “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün” müqaviləsinə əsasən, ASC ünvan 1 ünvanında yerləşən MTK-nı məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, MTK isə ASC tərəfindən göstərilmiş xidmətlərin haqqını hesab-fakturaya əsasən ödəməyi öhdələrinə götürmüşlər. - Müqavilənin 3.2-ci bəndinə əsasən su təchizatı və tullantı sularının axıdılma xidmətinin qiyməti Azərbaycan Respublikasının Tariflər (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. - MTK tərəfindən təsdiq olunmuş 2 ədəd arayışda göstərilmişdir ki, ünvan 1 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasının sakinləri tərəfindən 2015-ci il 19 noyabrdan 2019-cu il 6 may tarixinə qədər sərf edilən suyun həcmi və hər kub metrə görə ödənişlər 50 qəpikdən edilmişdir. - “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru tərəfindən təsdiq edilmiş 2015-ci il 13 may tarixli YK01/05-3160 saylı texniki şərtlər ünvan 1 ünvanında yerləşən MTK-ya məxsus 2 bloklu, 94 mənzilli yaşayış binası üçün tərtib edilmişdir. - ASC tərəfindən MTK-ya ünvanlanmış 2018-ci il 13 iyun tarixli 02/02/- 3/4/9340 saylı məktubdan görünür ki, Nərimanov rayonu, İ.Dadaşov küçəsi 57 ünvanında yerləşən MTK-nın yaşayış binasında yaşayan mənzil mülkiyyətçiləri ilə fərdi qaydada müqavilələr bağlanaraq kodların açılması ilə bağlı müraciətə cavab olaraq bildirilmişdir ki, “X1”nın 1.8. bəndinə əsasən tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan və baxış keçirildikdən sonra bağlanmalıdır. - ASC-nin Nərimanov rayon Su-kanal İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 2019cu il 14 may tarixli aktlara əsasən ünvan 1 nömrəli binanın sakinləri üçün quraşdırılmış su sayğacları texniki şərtlərə uyğun olaraq qəbul edilib istismara buraxılmışdır. - MTK tərəfindən tərtib edilmiş və ümumilikdə 53 nəfər kooperativ üzvü tərəfindən təsdiq edilmiş 2 ədəd arayışdan görünür ki, Nərimanov rayonu, İ.Dadaşov küçəsi 57 ünvanında inşa edilmiş yaşayış binasının sakinləri tərəfindən 2015-ci il 19 noyabr tarixdən 2019-cu il 6 may tarixə qədər sərf edilən suyun həcmi və hər kub metrə görə 50 qəpikdən ödənişlər edilmişdir. Kollegiya işin hallarını, apelyasiya şikayətinin dəillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 05 yanvar 2012-ci il tarixli 093175 saylı “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı MTK hüquqi şəxs qismində qeyri-əhali qrupu tarifinə aid edilməklə cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçını məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, iddiaçı isə cavabdeh tərəfindən göstərilmiş xidmətlərin haqqını hesab-fakturaya əsasən ödəməyi öhdələrinə götürmüşlər. Hazırki iş üzrə mübahisənin əsasını cavabdeh tərəfindən iddiaçıdan istehlak olunmuş su təchizatı və kanalizasiya xidmətlərinə görə xidmət haqqının əhali qrupu tarifi ilə deyil, qeyri-əhali qrupu tarifi ilə alınması və 19.11.2015-06.05.2019-cu illər üzrə artıq alınmış pul məbləğinin geri qaytarılması təşkil edir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, işin faktiki halları ilə hazırki mübahisə üzrə irəli sürülən iddia tələbinin əsaslı olması müəyyən edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 saylı Qərarı ilə təsdiq edilmiş “X1”nın 1.8-ci bəndinə əsasən, tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra, digər kateqoriyalı istehlakçılarla isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həmin istehlakçıların STTSASa qoşulmasını təsdiq edən qoşulma aktı tərtib edilərək imzalandıqdan sonra bağlanılmalıdır. Eyni zamanda, Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə əsasən, obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Qeyd edilən qanunvericilik normalarının mənasına görə çoxmənzilli yaşayış binalarında olan mənzillərin su təchizatı ilə təmin edilməsi və kanalizasiya xidməti göstərilməsi üçün əsas şərt, həmin binalarda daxili təchizat sisteminin texniki şərtlərə uyğun qurulduqdan, .oxmənzilli binasəlahiyyətli orqanlar tərəfindən istismara qəbul edilib, onun istismara icazə verilməsindən sonra binaların mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr bağlana bilərdi. Lakin, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının 26.01.2010-cu il tarixli, 38 saylı sərəncamı ilə təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət komissiyasının aktından ünvan 2 ünvanında yerəşən 6 girişli binanın yalnız 4,5,6-cı bloklarının istismara icazəsinin verildiyi müəyyən edilsədə, mübahisə aparılan 2 və 3-cü blokların istismara qəbul edilməsinə dair nə birinci instansiya, nə də apelyasiya instansiyası məhkəməsinə sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında 05 yanvar 2012-ci il tarixli 093175 saylı “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyriəhali istehlakçıları üçün” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı qeyri-əhali qrupu tarifinə aid edilməklə cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçını məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, iddiaçı isə cavabdeh tərəfindən göstərilmiş xidmətlərin haqqını hesab-fakturaya əsasən ödəməyi öhdələrinə götürmüşlər. İşin həqiqi hallarından müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 05 yanvar 2012-ci il tarixli 093175 saylı “Su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyriəhali istehlakçıları üçün” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı su təchizatı və kanalizasiya xidmətlərinə görə xidmət haqqını qeyri-əhali qrupu tarifi ilə ödəmək öhdəliyini üzərinə götürmüş, iddiaçı həmin müqavilənin şərtlərinə uyğun olaraq öhdəliyini icra etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi qiymətləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İş materiallarından müəyyən edilmişdir ki, istehlakçının su təchizatı və kanalizasiya şəbəkələrinə qoşulması üçün 2015-ci il 13 may tarixli YK01/05-3160 nömrəli texniki şərt verilmişdir. Həmin texniki şərt əsasında müvafiq yaşayış binası su təchizatı və kanalizasiya sisteminə qoşulmuşdur. Belə ki, İddiaçı MTK 2018-ci il 30 aprel tarixli 4 nömrəli məktubla cavabdehə müraciət edərək yaşayış binasında yaşayan şəxslərlə fərdi müqavilələrin bağlanmasını xahiş etmiş, Cavabdeh ASC-nin 2018-ci il 13 iyun tarixli cavab məktubunda texniki şərtin surəti, texniki baxş aktı, üzləşmə aktı, sayğacların quraşdırılması haqqında aktı və su anbarlarının yuyulması haqqında Gigiyena və Epidemologiya Mərkəzinin rəyi təqdim edildikdən sonra mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələrin bağlanmasının mümkün olacağı əsaslı olaraq qeyd edilmişdir. Apelyasiya instansiyasına təqdim edilmiş Cavabdeh ASC-nin Nərimanov rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən iddiacı MTK-nın nümayəndəsinin iştirakı ilə tərtib edilmiş 14 may 2019-cu il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu İ.Dadaşov kücəsindəki binada quraşdırılmış su sayğacı komissiya tərəfindən texniki şərtlərə uyğun oalaraq qəbul edilib istismara buraxılmışdır. Göründüyü kimi, işin faktiki halları ilə cavabdeh tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. İddiaçının apelyasiya şikayətindəki mövqeyinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışa əsasən, “Təbriz MTK 2004-cü il 14 may tarixdə hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Tarif (Qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli, 4 №-li Qərarının 1-ci bəndinə görə Cavabdeh Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması üzrə 1-ci qrup istehlakçılar əhali - yaşayış mənzilləri, fərdi yaşayış evləri, yataqxanalar, yaşayış binalanndakı mənzildənkənar köməkçi sahələr, təsərrüfat tikililəri, fendi qarajlar, bağ və həyətyanı sahələr hesab olunur. İddiaçı hüquqi şəxs qismində yuxarıda sadalanan əhali istehlakçı qrupuna aid olmadığından cavabdeh tərəfindən haqlı olaraq qeyri-əhali istehlakçı qrupuna aid edilmişdir. Sözügedən müqavilədə cavabdeh orqan tərəfindən yol verilmiş hər hansı qanuna uyğunsuzluq müəyyən edilməmişdir. Həmçinin işdən görünür ki, həmin müqavilə mübahisələndirilən dövrdə (19.11.2015- 06.05.2019-cu il) qüvvədə olmaqla iddiaçı tərəfindən mübahisələndirilməmiş və iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq öhdəliyini tam icra etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, cavabdehlə iddiaçı arasında bağlanmış müqavilədə hər hansı qanunsuzluq aşkarlanmadığından, cavabdeh tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən olunmur. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1728/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Mənzil Tikinti Kooperativinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1728/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Кollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Aytən Oruczadə Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-2(103)-82/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-82/2022
14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver