Məhkəmə qərarları › İş №2-2(103)-822/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-822/2023

01.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-822/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü tarixli e-2-2(113)-2372/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın əmlakının faktiki dəyərinin müəyyənləşdirilməsi, Cavabdeh MTK-nın əmlakının faktiki dəyərinə uyğun olaraq ona çatmalı olan payların naturada bölünərək verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK-nın 25% payına sahib olan üzvüdür. Lakin buna baxmayaraq MTK-nın maliyyə-təsərrüfat fəaliyyəti barədə ona digər MTK üzvləri tərəfindən heç bir məlumat verilmir, MTK-nın fəaliyyətində iştirakına maneələr yaradılır, əldə olunmuş mənfəətdən ona heç bir ödəniş verilmir. Cavabdeh MTK-nın Xırdalan şəhərində inşa etdiyi çoxmənzilli yaşayış binasının inşaatı üçün tərəfindən külli miqdarda pul vəsaiti verilmişdir. Hal-hazırda tikinti işləri yekunlaşmış, mənzillər müxtəlif şəxslərə nağd və hissəvi kreditlə satılmaqdadır. Mənzillərin alqı-satqısının həyata keçirilməsi, ödənişlərin edilməsi və digər fəaliyyət barədə ona məlumat verilməmiş, nəticədə isə əldə olunmuş mənfəətdən ona çatmalı olan paya uyğun olaraq kooperativ ödənişi və dividend ödənilməmişdir. Qeyd olunanlarla bağlı Cavabdeh MTK-ya ərizə ilə müraciət edərək fəaliyyətlə bağlı ətraflı məlumat verilməsini, audit yoxlamasının həyata keçirilməsi məqsədilə maliyyə-hesabat sənədlərinin tam şəkildə ona təqdim edilməsini xahiş etmişdir. Lakin müraciətinə heç bir formada cavab verilməmişdir. Kooperativin üzvü olaraq Mülki Məcəllənin 109-4-cü maddəsində sadalanan hüquqlarının kobudcasına pozulduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə qaydasında Cavabdeh MTK-nın əmlakının faktiki dəyərinin müəyyənləşdirilməsi, həmçinin faktiki dəyərə uyğun olaraq ona çatmalı olan payın naturada bölünərək verilməsinə zərurət yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2372/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 109.10-cu maddəsinə əsasən kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvlərinin ümumi yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Həmin Məcəllənin 110-2.1-ci maddəsinə əsasən kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir. Həmin Məcəllənin 110-2.2-ci maddəsinə görə kooperativin mənfəəti kooperativin üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə kooperativin fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. Həmin Məcəllənin 110-2.3-cü maddəsində isə təsbit olunmuşdur ki, kooperativ üzvlərinin ümumi yığıncağı ödənilən kooperativ ödənişlərinin və dividendlərin kooperativin mənfəətinin müəyyən miqdarı ilə məhdudlaşdırılmasını müəyyənləşdirə bilər. Cavabdeh Mənzil-Tikinti Kooperativinin Nizamnaməsinin 4.1-ci bəndinə əsasən kooperativin pay fondu ümumi yığıncağının qərarı ilə müəyyən edilir. Nizamnaməsinin 4.6-cı bəndinə əsasən əlavə əmlak pay haqqı üzv tərəfindən Mülki Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqlarından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişlərindən) almaq hüququ verən paydır. Sonradan ödənilən əmlak paylarının həcmi və verilmə qaydası ümumi yığıncaq tərəfindən müəyyən edilir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan müəyyən olunur ki, kooperativin mənfəəti onun üzvləri arasında onların pay (mütləq və əlavə) haqları məbləğinə, habelə onun fəaliyyətində şəxsi əməyi ilə və (və ya) digər formada iştirakına uyğun olaraq bölüşdürülür. Bu məsələnin həlli isə yalnız kooperativ üzvlərinin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Bu baxımdan kollegiya hesab edir ki, MTK-nın əmlakının faktiki dəyərinin müəyyənləşdirilməsi və iddiaçıya uyğun olaraq ona çatmalı olan payların verilməsi ilə bağlı iddiaya məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrində isə təsbit edilmişdir ki, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ona görə də kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, Mülki Məcəllənin 112.1-ci maddəsində kooperativ üzvünün kooperativdən çıxmaq hüququ nəzərdə tutulsa da, həmin hüquq Mülki Məcəllədə və kooperativin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilməli, həmin qaydanın həyata keçirilməsinə və ya hüququların realizə edilməsinə maneələr yaradıldıqda isə onların aradan qaldırılması barədə müvafiq iddia irəli sürülməlidir. Beləliklə, kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü tarixli e-2-2(113)-2372/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar