Məhkəmə qərarları › İş №2-2(103)-829/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-829/2024

30.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-829/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ("xxxx" Firması, X7 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmaqla) qarşı kommersiya işi Açar söz: qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ("xxxx" Firması, X7 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmaqla) qarşı qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2349/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 46/01 №-li ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolundan görünür ki: İpoteka saxlayan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti İpoteka predmetinin (qeyri-yaşaış binası) ilkin hərrac qiyməti: 1.500.000 manat İpoteka predmetinin (qeyri-yaşaış binası) təkrar hərracdakı ilkin satış qiyməti: 1.275.000 manat İpoteka predmetinin (qeyri-yaşayış binası) “İpoteka Haqqında” AR Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 956.250 manat qiymətə tələbkar əldə etmək hüququnu bildirdi. İpoteka predmetinin və onun mülkiyyətçisi: Cavabdeh məxsus qiyməti tam dəyəri 956.250 manat olan ünvan 1 ünvanında, 0,303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2-ci, 3-cü, 4- cü mərtəbələri ümumi sahəsi 1252,1 kv.m və zirzəmisindən (264,7 kv.m) ibarət olan qeyri-yaşayış binası. Səbail Rayon Məhkəməsinin 2(009)-2197/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə, Nizami rayon İcra Şöbəsinin 17/xx-xx-178620/2219 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubunun və İddiaçı ASC-nin müvafiq məktubunun icrasına əsasən.

2. xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında, 0,303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2-ci, 3-cü, 4-cü mərtəbələri ümumi sahəsi 1252,1 kv.m və zirzəmisindən (264,7 kv.m) ibarət olan qeyri-yaşayış binası 956.250 manata alıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən əldə edilmişdir.

3. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********42-06301 olan Çıxarışla təsdiq edilir ki, ünvan 1 ünvanında 0,3130 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 4883,10 kv.m. olan qeyriyaşayış sahəsinin 75%-dən “B” tikilisinin, 2-ci, 3- cü, 4-cü mərtəbələri ümumi sahəsi 1252,1 kv.m və zirzəmisindən ümumi sahəsi 264,7 kv.m ibarət olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. (75%-dən qalan hissə "xxxx" Firmasının adına xx.xx.2010-cu ildə, 25%-dən ½ hissə X4 adına xx.xx.2019-cu ildə ********** nömrə ilə, 25%- dən ½ hissə X5 adına xx.xx.2016-cı ildə ********** nömrə ilə qeydiyyata alınmışdır.)

4. İddiaçı ASC tərəfindən Cavabdeh xəbərdarlıq (pretenziya) ünvanlanmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiaçıya məxsus ünvan 1 ünvanda, 0.303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2-ci, 3-cü, 4cü mərtəbələri ümumi sahəsi 1252.1 kv.m və zirzəmisindən (264.7 kv.m) ibarət olan qeyriyaşayış binasının boşaldılaraq iddiaçıya təhvil verilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat rüsumun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kapital Bank” ASC-nin 26 iyul 2023-cü il tarixli, 46/01 saylı hərracın yekunları barədə protokol və eyni tarixli əmlakın alqı-satqısı barədə müqavilə əsasında ünvan 1 ünvanda, 0.303 ha torpaq sahəsində yerləşən 75%dən ibarət “B” tikilisinin, 2-ci, 3-cü, 4-cü mərətbələri ümumi sahəsi 1252.1 kv.m və zirzəmisindən (264.7 kv.m) ibarət olan qeyri-yaşayış binasını alaraq, tam mülkiyyət hüququ əldə etmişdir (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsinin 23 fevral 2024-cü il tarixli, **********42-06301 reystr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış). Hal-hazırda cavabehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsindən istifadə etmələri bankın mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və bankın mülkiyyətində olan qeyriyaşayış sahəsi üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edirlər ki, bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsi tamamilə boşaldılmalıdır. İddiaçının tələbinin əsaslandırdığı sənədlər mülkiyyət çıxarışı, hərracın yekunları haqqında protokol və alqı-satqı müqaviləsidir 8. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanda, 0.303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2-ci, 3-cü, 4-cü mərtəbələri ümumi sahəsi 1252.1 kv.m və zirzəmisindən (264.7 kv.m) ibarət olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi və dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi Marck Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarına, AR Mülki Məcəlləninn 152.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə istinad etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2349/2024 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilərək, ünvan 1 ünvanda, 0.303 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 75%-dən “B” tikilisinin 2-ci, 3-cü, 4cü mərtəbələrindən (ümumi sahəsi 1252.1 kv.m) və zirzəmisindən (264.7 kv.m) ibarət olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra şöbəsinin sifariş məktubu əsasında ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında, 0,303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2-ci, 3-cü, 4-cü mərtəbələri ümumi sahəsi 1252,1 kv.m və zirzəmisindən (264,7 kv.m) ibarət olan qeyri-yaşayış binasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracı keçirilmiş və hərracın nəticəsi olaraq Hərracın yekunları üzrə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ipoteka predmeti olan sözügedən əmlakı 956.250 manata əldə etmişdir. Həmin müqavilə əsasında qeyri-yaşayış sahələri üzərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyət hüququ dövlət qeydiyyata alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, hərracın yekunları üzrə alqı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsi üzərində cavabdehin mülkiyyət hüququna dair qeydiyyatın ləğv edildiyi və iddiaçının mülkiyyət hüququnun qeydiyyata alındığı andan cavabdeh həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu itirmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətlərinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2349/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdehin məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Belə ki, qətnamədən də göründüyü kimi məhkəmə öz qənaətini formalaşdırarkən İddiaçı ASC-nin iddia ərizəsində istinad etdiyi hallara əsaslanmış, iş materiallarında olan sübutlara düzgün hüquqi qyimət verməmiş, bununla da ədalətli olmayan qətnamə qəbul etmişdir. Mülki işlər üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı olduğu halda, məhkəmə tərəflərdən birinə - iddiaçı tərəfə münasibətdə daha üstün qiymət verməklə, bərabərlik və qeyd olunan digər prinsiplərin pozuntusuna yol vermişdir. Həmçinin məhkəmə cavabdeh tərəfin məhkəmə prosesində iştirakını təmin etməməklə, göstərilən prinsiplərin pozuntusuna yol vermişdir. Məhkəmənin prosessual qanunvericilikdə sübutlar və onların qiymətləndirilməsi ilə bağlı mövqeyi əsaslı sayıla bilməz. Çünki işin baxılmasında faktiki olaraq yalnız iddiaçı iştirak etdiyi üçün yalnız onun sübutları əsasında qətnamə qəbul edilmişdir. Məhkəmə məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi ilə bağlı prosessual qanunvericilikdə təsbit olunmuş vəzifəsini yerinə yetirməmiş, cavabdeh tərəfə məhkəmə prosesinin vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsini təmin etməmişdir. Bununla da cavabdeh tərəf iddiaya qarşı istinad etdiyi sübutlarını birinci instansiya məhkəməsinə təqdim etmək imkanından məhrum olunmuşdur.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

13. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 203.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

15.“İpoteka haqqında” AR Qanununun: 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: - 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya - 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2349/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin hallarından görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2197/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə Nizami rayon İcra Şöbəsinin 17/xx-xx-178620/2219 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında, 0,303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2-ci, 3-cü, 4-cü mərtəbələri ümumi sahəsi 1252,1 kv.m və zirzəmisindən (264,7 kv.m) ibarət olan qeyri-yaşayış binasının “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərracı keçirilmiş və hərracın nəticəsi olaraq Hərracın yekunları üzrə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ipoteka predmeti olan sözügedən əmlakı 956.250 manata əldə etmişdir. Həmin müqavilə əsasında ünvan 1 ünvanında 0,3130 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 4883,10 kv.m. olan qeyri-yaşayış sahəsinin 75%-dən “B” tikilisinin 2-ci, 3-cü, 4-cü mərtəbələrindən (ümumi sahəsi 1252,1 kv.m) və ümumi sahəsi 264,7 kv.m olan zirzəmisindən ibarət olan qeyri-yaşayış sahəsi üzərində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

20. Göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti boşaldılmasını tələb etdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir.

21. Cavabdeh isə əvvəllər sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olsa da, hərracın yekunları üzrə alqı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüququna dair qeydiyyatın ləğv edildiyi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun qeydiyyata alındığı andan həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnu itirmişdir.

22. Odur ki, Cavabdeh hal-hazırda mübahisəli qeyri-yaşayış sahəsi üzərində hər hansı qanunla qorunan hüquqa malik olması (əşya və ya tələb hüququna) iş materiallarına əsasən müəyyən edilmədiyindən cavabdehin sözügedən qeyri-yaşayış sahəsinin qanuni sahibi hesab edilməsi üçün əsaslar mövcud deyildir.

23. Belə olan halda İddiaçı Açıq Səhmdar Cəmiyyəti AR Mülki Məcəlləsinin 157.1-ci maddəsinin tələbləri baxımdan xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda, 0.303 ha torpaq sahəsində yerləşən 75%-dən ibarət “B” tikilisinin, 2-ci, 3-cü, 4-cü mərtəbələri ümumi sahəsi 1252.1 kv.m və zirzəmisindən (264.7 kv.m) ibarət olan qeyri-yaşayış binasını cavabdehin qanunsuz sahibliyindən geri tələb edərək həmin sahənin boşaldılmasını və iddiaçıya təhvil verilməsini tələb etməkdə haqlıdır.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2349/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar