Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-85/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli hesab-fakturaya əsasən hesablanmış 4097,79 manat məbləğində borcun silinməsi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1669/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Zaur Pirverdiyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli hesab-fakturaya əsasən hesablanmış 4097,79 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, 556/557 məhəllə, H.Cavid prospekti, ev 79 və 81, B.Şahtaxtinski küçəsi, ev 64, 66 və 68 ünvanında “xxxx” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən yüksək mərtəbəli yaşayış binaları inşa edilmişdir. Həmin binalar hazırda bu əmlak kompleksinin sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılan iddiaçı tərəfindən idarə olunur. Binaların elektrik enerjisi ilə təchizatı cavabdeh tərəfindən təsdiq olunmuş TX- 15/0219 saylı xx.xx.2015-ci il tarixli texniki şərtə uyğun olaraq həyata keçirilir. Texniki şərtə əsasən binaların yaxınlığındakı 3178 saylı transformator məntəqəsində (TM) gücü 1600 kVA, gərginliyi 6/0,4 kV olan iki ədəd güc transformatoru quraşdırılmışdır. Transformatorlar “xxxx” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən alınmış və standartlara uyğun olaraq inşa edilən və təhlükəsizlik tələblərinə uyğun şəkildə tikilidə yerləşdirilmişdir. Həmin binalardakı bütün mənzillər və obyektlər sayğaclarla təmin edilmiş, mənzil və obyektlərdə elektrik enerjisinin sərfiyyatı həmin sayğacların göstəricilərinə əsasən həyata keçirilir. Binaların ümumi istifadədə olan enerji istifadəçilərinin istifadə etdiyi elektrik enerjisinə görə sərfiyyat isə transformatorların çıxışında quraşdırılan balans hesabat sayğaclarının göstəricilərinə əsasən həyata keçirilir. Halbuki texniki şərtə əsasən bu işlədicilər üçün sayğac panelləri binada quraşdırılmalı və ümumi işlədicilər üçün ayrıca sayğaclar qoyulmalıdır. Təchizatçı təşkilat isə binaların ümumi işlədiciləri üçün ayrıca sayğac qoymamış, mənzil və obyektlər üçün qoyulan sayğacların göstəricilərini balans hesabat sayğacının göstəricisindən çıxaraq qalan sərfiyyat üçün hesablaşmanı iddiaçı ilə aparır. Bu isə iddiaçıya qarşı əsassız olaraq hər ay artıq sərfiyyatın hesablanmasına səbəb olur. Belə ki, xx.xx.2019-cu il tarixdə binanın elektrik enerjisindən istifadəyə görə 4097,79 manat məbləğində hesab-faktura təqdim olunmuşdur. Sərfiyyatın bu qaydada hesablanması əsassızdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1669/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, cavabdeh tərəfindən qeyd olunan ünvanda transformatorların çıxışında balans-hesabat sayğaclarının quraşdırılması tamamilə əsassızdır. Çünki bu zaman enerji itkiləri əsassız olaraq abonent üçün hesablanır. Halbuki həmin itkilərin abonentə heç bir aidiyyəti yoxdur. Cavabdehin iddiaçı təşkilat üçün verdiyi texniki şərtə əsasən binanın ümumi işlədiciləri üçün sayğac panelləri binada quraşdırılmalı və ümumi işlədicilər üçün ayrıca sayğaclar qoyulmalıdır. Lakin işə baxan məhkəmə işin faktiki hallarını və texniki şərtin tələblərini nəzərə almamış və düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Cavabdeh tərəfindən həmin Qaydanın 7.9-cu və 8.4-cü bəndlərinin tələbinə əməl edilməmişdir. Cavabdeh texniki şərtin və Qaydaların tələblərini kobud surətdə pozaraq sayğacı transformatorların çıxışında quraşdırmış və nəticədə iddiaçının sərf etmədiyi elektrik enerjisinə görə ödəniş tələb olunur. Belə ki, 2019-cu ilin aprel, may, avqust, sentyabr ayları üzrə hesablanan məbləğlərlə həmin ilin iyun ayı üçün hesablanan məbləğ arasında böyük fərq vardır. Məhkəmə işin hallarını tam və ətraflı araşdırmamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apelyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1669/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. xx xxxx 2019-cu il tarixli ********* saylı Hesab ödəniş vərəqinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “xxxx-K” MTK tərəfindən inşa edilmiş və iddiaçı tərəfindən idarə edilən binanın xx xxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək istifadə olunan elektrik enerjisinə görə 4097,79 manat borcu yaranmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 556/557 məhəllə, H.Cavid prospekti, ev 79 və 81, B.Şahtaxtinski küçəsi, ev 64, 66 və 68 ünvanında yerləşən binaların elektrik enerjisi sərfiyyatına görə hesablaşma “xxxx” MMC-yə verilmiş TX-15/0219 saylı xx.xx.2015-ci il tarixli texniki şərtə uyğun olaraq balans hesabat sayğacının göstəricisinə əsasən aparılır. Tərəflərin nümayəndələrinin izahatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisi istehlakı ilə bağlı müqavilə bağlanmamışdır. Qeyd edilən texniki şərtin 4.13-cü bəndində qeyd edilmişdir ki, enerji hesabatı 3178 saylı TM-nin 0,4 kV-luq PQ-da quraşdırılmış sayğaclarla aparılacaqdır. İddiaçı iddia ərizəsində sərfiyyatın binalarda quraşdırılmamış, transformatorların çıxışında quraşdırılmış balans hesabat sayğacları ilə həyata keçirilməsinin düzgün olmadığını, binaların ümumi işlədiciləri üçün ayrıca sayğaclar quraşdırılmalı olduğunu qeyd edərək iddia tələbinin təmin edilməli olduğunu qeyd etsə də, tələbin qanuni əsasını göstərə bilməmişdir. İddiaçının nümayəndəsi və vəkili silinməsi tələb edilən 4097,79 manat borcun bir hissəsinin bir hissəsinin istehlak olunmuş elektrik enerjisinin dəyəri, bir hissəsinin itki olduğunu bildirmiş, borcun hansı hissəsinin elektrik enerjisi itkisi olduğunu əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 7.13-cü bəndinə əsasən hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hazırkı halda iddiaçı tərəfindən idarə olunan binaların güc transformatorları cavabdehin balansında olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “xxxx-K” MTK tərəfindən inşa edilmiş və iddiaçı tərəfindən idarə edilən binanın xx xxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək istehlak edilmiş elektrik enerjisinə görə 4097,79 manat (elektrik enerjisi itkiləri də daxil olmaqla) borcunun silinməsi üçün qanuni əsaslar mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 1669/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1669/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-85/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-85/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver