Məhkəmə qərarları › İş №2-2(103)-853/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-853/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-853/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndələri X1 və Nümayəndə1, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iştrakı ilə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-28/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, mənzil-tikinti kooperativləri və kommersiya yönümlü istehsalatçılar kateqoriyasına aid cavabdehin hesabından su təchizatı və kanalizasiya xidmətlərinə görə 70.299,57 manat, penya 1.405,99 manat, 30 manat dövlət rüsumu üzrə xərclərin, cəmi 71.735,56 manat məbləğdə borcun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 7.030 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 3 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məhkəmə mühəndis-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 200 manat məbləğdə pul vəsaitinin 20 manat məbləğində hissəsinin cavabdehdən, 180 manat məbləğdə hissəsinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, iddianın təmin olunmayan hissəsində ləğv edərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, 2017-ci ilin iyun ayına qədər Yeni Bakı yaşayış kompleksində istehlak etdikləri suyu sayğac göstəricisinə əsasən, 2017-ci ilin iyun ayından 2018-ci ilin yanvar ayına kimi müqavilədə əks olunduğu kimi su xəttinin en kəsiyinə (d=25 mm; d=100 mm) əsasən hesabat aparılmışdır. Bu hesabat nəticəsində abonent kodu 130808 olan əhali kateqoriyası üzrə (7,8,9,10 mərtəbəli, 3.146 mənzilli, 103 bloklu, 58 ədəd bina və 850, 1.200, 2.500 həcmli (kub.m.) su anbarı) 40.062,79 manat, həmçinin yaşayış kompleksinin nəzdində 132066 abonent kodlu 300 ədəd qeyri-əhali kateqoriyasına aid kommersiya yönümlü obyektlər üzrə cavabdehin 30.236,78 manat su təchizatı və kanalizasiya xidmətlərinə görə borcu yaranmışdır. Həmin borc əsaslı və qanunidir. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə görə, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 62-ci maddəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndinə görə, suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmçinin, tərəflər arasında bağlanmış Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilənin 4.1.1-ci bəndinə əsasən göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin haqqı təqdim olunmuş hesab-fakturaya əsasən ödənilir. Göstərilən normativ hüquqi aktların tələbindən göründüyü kimi, cavabdeh tərəf iddiaçı tərəfindən göstərilən xidmətlərin dəyərini ödəməlidir. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin xüsusatlara istinad etməyərək əsassız qətnamə qəbul etmişdir. Bundan əlavə, işə baxan məhkəmə iddianın qismən təmin olunmasını, 18 dekabr 2020-ci il tarixli 10/3633 nömrəli ekspert rəyinə istinadən sayğacda aşkar edilmiş qüsurlar ilə əsaslandırmışdır. Həmin ekspert rəyi ilə razılaşmayaraq yenidən ekspertiza keçirilməsi barədə vəsatət məhkəməyə təqdim edilmiş. Məhkəmə isə öz növbəsində əsassız olaraq təkrar ekspertiza keçirilməsindən imtina edilməsi barədə qərardad qəbul etmişdir. Digər tərəfdən, sayğacın işlək vəziyyətdə saxlanılması və toxunulmazlığı cavabdeh tərəfindən təmin edilmədiyi təqdirdə, sayğacla bağlı baş verəcək hər hansı bir nasazlığın məsuliyyəti bütövlüklə cavabdeh müəssisənin üzərinə düşür. Belə ki, “Sudan istifadə Qaydaları”nın 4.1.5-ci bəndinə görə istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 6.13-cü bəndinə əsasən hüquqi şəxs olan istehlakçılar tərəfindən suölçən cihazın təmiz saxlanmasına, avadanlığın qorunmasına, donvurmanın qarşısının alınmasına, su sayğacı və su xəttindəki siyirtmə, süzgəc üzərindəki plombların toxunulmazlığına cavabdeh olan şəxs müəyyən edilir. Tərəflər arasında bağlanmış Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilənin 4.1.5-ci bəndinə əsasən müəssisə tərəfindən ölçü cihazlarına, siyirtmələrə, hidrantlara və digər tənzimləyicilərə vurulmuş möhürlərin (plombların) bütövlüyünü təmin edir, onları daim işlək vəziyyətdə saxlayır, hər cür hava şəraitinin təsirindən (mexaniki zərbə, yağış, toz, donma və birbaşa günəş şüalarına məruz qalma və s.) qorunması üçün lazımi tədbirlər görür. Həmin müqavilənin 4.1.6-ci bəndinə əsasən ölçü cihazlarının və tənzimləyicilərin işində qüsurlar yarandıqda və yaxud sıradan çıxdıqda, vurulmuş plomblar pozulduqda, növbəti iş günündən gec olmayaraq müəssisəyə məlumat verməlidir. İş materilalrından göründüyü kimi, cavabdeh bələ bir müraciətlə iddiaçıya müraciət etməmiş və belə bir sübutu məhkəmyə təqdim etməmişdir. Digər tərəfdən, mövcud qaydalara uyğun olaraq həmin tip sənaye sayğacları ildə bir dəfə dövrü yoxlamadan keçirilməlidir. İş materiallarından görünür ki, mexaniki tipli “STV-100X” markalı 16048515 №-li suölçən cihaz Cavabdeh MMC-nin xidmət ərazisinə 24.05.2016-cı il tarixdə quraşdırılmışdır. Qaydaların 6.6-cı bəndinə əsasən suölçən cihazlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİBNDA)nın müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən dövlət yoxlamasından keçirilməlidir. Lakin iddiaçı tərəf hər il sözügedən sayğacın dövlət yoxlamasından keçirilməsini təmin etməmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 6-cı bəndinə əsasən istehlakçının (cavabdehin) suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur. Lakin sayğacın quraşdırıldığı vaxtdan hazırkı vaxta kimi cavabdeh, su təchizatı müəssisəsinə yoxlama ilə bağlı heç bir müraciət etməmişdir. Beləliklə, cavabdeh sayğacla bağlı birinci halda vəzifə olaraq sayğacı hər il dövlət yoxlamasından keçirtməmiş, ikinci halda isə hüququ olsa da yoxlama ilə bağlı müraciət etməmişdir. Belə olan halda həmin dövr üçün sayğacda yarana biləcək hər hansı qüsur ilə bağlı məsuliyyət tam olaraq cavabdeh müəssisənin üzərinə düşür. Bundan başqa, ekspertiza təyin olunduqdan sonra sayğacın labarotor yoxlamasını həyata keçirmiş “Sənayecihaz” EİM-nin buna səlahiyyətinin olub-olmaması məhkəmə tərəfindən (Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sertifikatı) müəyyənləşdirilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin iddia rədd edilən hissədə qismən ləğv edilərək, iddianın qalan hissədə də təmin olunması xahiş edilsə də, cavabdeh iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan (iddia təmin olunan) hissə tərəflər arasında mübahisəsiz olduğu üçün, həmin hissəyə toxunulmamalıdır. Bu baxımdan, hazırkı apellyasiya araşdırmasının predmetini iddianın rədd edilən hissəsi təşkil edir. Bu kontekstdə, işdən müəyyən edilir ki, 01.08.2014-cü il tarixdə tərəflər arasında içməli və istehsalat məqsədilə suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar müqavilə bağlanmışdır. İddiaçıya məxsus abonent haqqında məlumata əsasən, 19378567/130808 nömrəli müqavilə üzrə Cavabdeh MMC-nin 40.062,79 manat və 19434603/132066 nömrəli müqavilə üzrə 30.236,78 manat borcu olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23.12.2019-cu il tarixli 22857 nömrəli rəyinə görə, “Sənayecihaz” EİM tərəfindən tərtib olunmuş laborator göstəricilərinə əsasən, STV-100X markalı 16048515 nömrəli sənaye su sayğacının ötürmə rəqəmləri arasındakı dişli çarx ötürməsi qüsurlu olmaqla 4 və 5-ci rəqəmləri arasında əlaqənin pozularaq birlikdə fırlandığını nəzərə aldıqda, nasazlığı yaranmış olduğu müddətdə sayğacın göstəricisinin 10 dəfə artıq olduğu müəyyən edilir. “Sudan istifadə qaydaları”nın tələblərinə görə, suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi əvvəlki 12 ayda (istehlak dövrü) istifadə edilən orta istehlak normasına əsasən hesablanır ki, mülki iş materillarında sayğacda nasazlığın yaranma tarixi və sayğacda nasazlığın mövcud olması iddia edilən müddətdən əvvəlki dövr üçün hesabat saldoları olmadığına görə, suyun və çirkab suyun həcmini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Cihaz” istehsalat birliyi “Sənayecihaz” EİM tərəfindən tərtib olunmuş laborator göstəricilərinə əsasən, Abşeron rayonu Masazır qəsəbəsi Yeni Bakı X3 şirkətinə məxsus STV-100X markalı 16048515 nömrəli sənaye su sayğacı yararsız olmaqla, texniki şərtlərə cavab vermir. Məhkəmə Ekspertizası Mərkəzinin 18.12.2020-ci il tarixi 10/3633 nömrəli rəyinə görə, “Sənayecihaz” EİM tərəfindən tərtib olunmuş laborator göstəricilərinə əsasən, STV- 100X markalı 16048515 nömrəli sənaye su sayğacının ötürmə rəqəmləri arasındakı dişli çarx ötürməsi qüsurlu olmaqla 4 və 5-ci rəqəmləri arasında əlaqənin pozularaq birlikdə fırlandığı nəzərə aldıqda, nasazlıq yaranmış olduğu müddətdə sayğacın göstəricisinin 10 dəfə artıq olduğu müəyyən edilir. “Sudan istifadə qaydaları”nın tələblərinə görə suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi əvvəlki 12 ayda (istehlak dövru) istifadə edilən orta istehlak normasına əsasən hesablanır. Mülki iş materiallarında olan məlumatlara əsasən 13066 nömrəli müqavilə üzrə sayğacda nasazlığın müəyyən edildiyi tarixdən (14.07.2017-ci ildən) əvvəlki 12 ay üzrə 21.330 kub.m. suyun istifadə edilməsini nəzərə aldıqda, sərf olunmuş suyun orta aylıq sərfi həcminin 1.777,5 (21330/12=1.777,5) kub.m. olduğu müəyyən edilir. 130808 nömrəli müqavilə üzrə sayğacda nasazlığın müəyyən edildiyi tarixdən (14 iyul 2017-ci ildən) əvvəlki 12 ay üzrə istifadə edilmiş suyun sərfiyyatı haqqında məlumat olmadığından, həmin müqavilə üzrə sərf olunmuş suyun orta aylıq sərfi həcmini müəyyən etmək mümkün olmadı İşdə olan, cavabdehin iddiaçıya ünvanladığı 22.11.2016-cı il tarixli 521 nömrəli və 14.04.2017-ci il tarixli 83 nömrəli, iddiaçının cavabdehə ünvanladığı 21.11.2016-cı il tarixli 01-5/1551 nömrəli və 26.02.2019-cu il tarixli 02/1/02-3/5/3083 nömrəli məktublardan, tərəflərin iştirakı ilə tərtib olunmuş 30.05.2017-ci il tarixli aktdan və iddiaçının laboratoriyasının cavabdehin sayğacının yararsızlığı barədə tərtib etdiyi 26.12.2018-ci il tarixli 03829/0040499 nömrəli rəydən məlum olur ki, sayğacla, onun iddiaçı tərəfindən bir neçə dəfə sökülüb götürülməsi ilə və sayğacların laboratoriyada yoxlanması ilə bağlı tərəflər arasında 2016-cı ildən başlayan mübahisələr olmuşdur. İddiaçıya məxsus abonent haqqında məlumatdan görünür ki, 19378567/130808 nömrəli müqavilə üzrə 2016-cı ilin əvvəlinə qədər cavabdeh sərf etdiyi suyun və kanalizasiya xidmətinin dəyərini vaxtında ödəmiş, hətta 2013 və 2014-cü illərə dair ödənişləri sərfiyyatdan çox olmuş, 2017-ci ilin əvvəlinə isə sərfiyyat təqribən 10 dəfə artmışdır (3.182,46 - 31.432,45). 19434603/132066 nömrəli müqavilə üzrə isə 2014 və 2015-ci ilin əvvəlinə, eləcə də 2016 və 2017-nin əvvəlinə sərfiyyatda təqribən 2 dəfə artış olmuşdur. Bütün bunlar da ona dəlalət edir ki, iddiaçı hazırkı iddia ilə tələb olunan borc məbləğini sayğacın göstəricilərinə görə deyil, yoxlamalar, baxış, monitorinq və sair nəticəsində qanunsuz saydığı sərfiyyata görə hesablamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 28.08.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, su təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlamalar barədə məlumatları AR Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun 61-ci maddəsinin 1-ci bəndinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. İddiaçının tələb etdiyi borc məbləğinin qanunsuzluğu Məhkəmə Ekspertizası Mərkəzinin 23.12.2019-cu il tarixli 22857 nömrəli və 18.12.2020-ci il tarixi 10/3633 nömrəli ekspert rəyləri ilə də təsdiq olunur. Belə ki, hər iki rəy, aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verildiyi üçün, mötəbər sübut kimi qəbul edilir (MPM-in 103.1 və 88-ci maddələri). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə bütövlükdə razılaşmayaraq, iddiaçının iş üzrə hərəkətlərini sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi sahəsində qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı (MPM-in 384.0.1-ci maddəsi), şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-28/2021 nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar