Məhkəmə qərarları › İş №2-2(103)-857/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-857/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-857/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-637/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 23691,37 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli e-2-2(113)-637/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 22049,16 manat (iyirmi iki min qırx doqquz manat on altı qəpik) məbləğində borcun İddiaçı hesabından silinməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, ilk olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Apellyasiya şikayəti yalnız cavabdeh tərəfindən verilsə də, mübahisənin predmetinin bölünməz olduğunu nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə 03.11.2018-ci il tarixli 19259062 saylı müqavilə bağlanmışdır. İddiaçı MMC-nin abonent haqqında məlumatına əsasən müəssisənin 01.01.2019-cu il tarixə qrunt sularının axıdılmasına görə 22049,16 manat, içməli və istehsalat məqsədli sudan istifadəyə görə 1255,95 manat olmaqla cəmi 23305,11 manat borcu mövcud olmuşdur. İddiaçı bildirir ki, Cavabdeh ASC-yə müraciət olunaraq 23703,4 manat borcun yaranma səbəbləri barədə məlumat verilməsi xahiş edilmişdir. Cavab olaraq Cavabdeh ASC MXD-6401 saylı İnventar aktı təqdim etmişdir. Həmin aktda göstərilir ki, 01 mart 2017-ci il tarixində Binəqədi rayonunda yerləşən, abonent nömrəsi 101560 olan “Aran” firmasına baxış zamanı məlum oldu ki, obyekt fəaliyyət göstərmir, su sayğacı bağlıdır. Daha sonra qeyd edirlər ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən “Aran” firması 27734 kub metr miqdarında 23691,67 manat dəyərində qrunt sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur. Dəymiş ziyan məbləğinin abonent tərəfindən ödənilməsi məcburidir. Göründüyü kimi, akt ilk öncə əlyazma formada tərtib edilmiş, həmin akta obyektin fəaliyyət göstərmədiyi və su sayğacının bağlı olduğu qeyd olunur. Daha sonra isə akt texniki vasitələrin köməyi ilə kompüterdə yazılmış və bu zaman qanunsuz olaraq tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə edilməsinə görə “Aran” firmasına 23691,37 manat cərimə hesablanaraq borc yazılmış, daha sonra isə 03.11.2018-ci il tarixdə Cavabdeh ASC ilə İddiaçı MMC arasında müqavilə imzalanarkən hal-hazırda mübahisələndirilən, əsassız hesablanmış borc İddiaçı MMC-yə ötürülmüşdür. Cavabdeh iddiaya etiraz edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 1-ci bəndi, 61-ci maddəsinin 1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1 və 4.1.3-cü maddələrindən müəyyən olunur ki, su istehlakçıları istifadə etdikləri suyun və çirkab suyun axıdılması xidmətinin dəyərini ödəmək öhdəliyini daşıyır. Lakin hazırki işdə müəyyən olunur ki, qrunt suyun axıdılması xidmətinə görə cavabdehin iddiaçıdan tələb etdiyi borc məbləği əsassız olaraq hesablanmışdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, 01.03.2017-ci il tarixdə Binəqədi rayonunda yerləşən “Aran” firmasına Cavabdeh ASC-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman aşkar olunmuş pozuntulara görə tərtib edilmiş inventar akt üzrə hesablanan borc məbləği İddiaçı MMC-nin abonent haqqında məlumatında onun borcu kimi göstərilmişdir. Halbuki, həmin tarixdə icarə obyekti istifadəyə qəbul olunmamış və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1286-cı küçədə yerləşən əmlak kompleksi kimi müəssisə iddiaçı tərəfindən müvafiq vergi orqanında 18.03.2017-ci il tarixdə uçota alınmışdır. Həmçinin iddiaçı ilə cavabdeh arasında 03.11.2018-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanılmış, yəni akt tərtib olunan tarixə tərəflər arasında müqavilə münasibətləri də mövcud olmamışdır. 01.03.2017-ci il tarixli MXD-6401 nömrəli inventar aktında və qeyri-qanuni istifadə nəticəsində itirilmiş tullantı su hesabatında müqavilə nömrəsi hissəsində “101560” qeyd olunmuşdur. Həmin nömrə 03.11.2018-ci il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilədə İddiaçı MMC-nin abonent nömrəsi kimi göstərilmişdir. İddiaçı MMC ilə “Aran” firması arasında isə borcun ötürülməsi ilə bağlı hər hansı bir münasibətlərin mövcud olması müəyyən olunmamışdır. Eyni zamanda mübahisəli borcun ödənilməsi sudan istifadə Qaydaları və tərəflər arasında bağlanmış müqavilənin tələblərinə də uyğun olmamışdır. Belə ki, göstərilən akt “Aran” firması barəsində tərtib olunmuşdur. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirilmişdisə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməli idi. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməli, yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalı idi. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı qanunsuz olaraq hesablanmış həmin borcun silinməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, iddia tam təmin edilə bilməz. Belə ki, iddiaçı 23691,37 manat məbləğində borcun silinməsini tələb etsə də, İddiaçı MMC-nin abonent haqqında məlumatından görünür ki, müəssisənin 01.01.2019-cu il tarixə çirkab sularının axıdılmasına görə 22049,16 manat borcu olduğu qeyd olunub və həmin məbləğ 23691,37 manat məbləğdən qalıq borcdur. Bu baxımdan kollegiya hesab edir ki, iddia qismən təmin edilməli və 23691,37 manat məbləğdən qalıq borc olan 22049,16 manat borc İddiaçı MMC-nin hesabından silinməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-637/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar