Məhkəmə qərarları › İş №2-2(103)-865/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-865/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-865/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə5 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-56/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq tərtib edilmiş 03.09.2019-cu il tarixli 30617/0047148 nömrəli rəyin ləğv edilməsi və ********* nömrəli 29.09.2019-cu il tarixli hesab faktura üzrə yazılmış 21680 manat borcun silinməsi və hesabdan əsassız silinmiş 2193 manat pulun hesaba bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.04.2021-ci il tarixli e-2-2(113)-56/2021 saylı qərardadı ilə 03.09.2019-cu il tarixli 30617/0047148 nömrəli rəyin ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 06.04.2021-ci il tarixli e-2-2(113)-56/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə5 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən Sumqayıt Mebel Hissələri fabrikinin ərazisində quraşdırılmış su sayğacının göstəricisində sərfiyyat qeydə alınmadığı üçün yaranmış texniki nasazlığın aradan qaldırılması ilə bağlı Cavabdeh ASC-yə 03.09.2019-cu il tarixdə müraciət edilmişdir. Bundan sonra Cavabdeh ASC-nin əməkdaşları tərəfindən fabrikə xidmət edən smart kart tipli sayğac çıxarılaraq laborator müayinə üçün götürülmüşdür. 03.09.2019-cu il tarixdə Cavabdeh ASC-nin X3 İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyası tərəfindən 30617/0047148 nömrəli rəy tərtib edilmişdir. Rəydə qeyd edilmişdir ki, suölçən cihazın mexaniki hesablama mexanizmi üzərində olan zavod qurğuşun plombuna və qurğuşun plombdan keçirilmiş plastik naqilə müdaxilə edilmiş, vizual baxış zamanı qurğuşun plombun naqili keçirilmiş sayğacın qoruyucu qapağının dartınaraq açılmış, suölçən cihazın hesablama mexanizminin iç qoruyucu möhürləri yerində yoxdur, suölçən cihazın baza üzrə göstəriciləri ilə uyğunsuzluq təşkil edir, suölçən cihazın hesablama mexanizminə müdaxilə aşkar olundu, suölçən cihaz təmirə və istismara yararsızdır. Bunun əsasında da, 2019-cu ilin sentyabr ayı ərzində istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətlərinə görə ayrı-ayrılıqda 10840 kub metr sərfiyyat olmaqla cəmi 21680 manat borc hesablanmışdır. İddiaçı bildirir ki, o, sayğaca heç bir müdaxilə etməmiş və cavabdehin tərtib etdiyi rəy qanunsuzdur. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, sayğaca müdaxilə aşkar olunmuş, bunun əsasında borc hesablanmış və silinmə də qeyd edilən borca görə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, borcun silinməsi barədə iddia əsaslıdır. Belə ki, iş materiallarında olan Smart-kat tipli su sayğacının dəyişdirilməsi haqqında aktda (i/v 57) Cavabdeh ASC-nin əməkdaşları tərəfindən qeyd olunmuşdur ki, sayğacın zavod möhürü və Cavabdeh ASC loqolu plombu yerindədir. Lakin 03.09.2019-cu il tarixdə Cavabdeh ASC-nin X3 İdarəsinin Suölçən Cihazların Kalibrləmə Laboratoriyası tərəfindən 30617/0047148 nömrəli rəydə suölçən cihazın mexaniki hesablama mexanizmi üzərində olan zavod qurğuşun plombuna və qurğuşun plombdan keçirilmiş plastik naqilə müdaxilə edildiyi qeyd edilmişdir. Göründüyü kimi sayğaca ilk dəfə baxış keçirilərkən aktda aparılan yazılı qeydlərlə eyni orqanın verdiyi laboratoriya rəyi tam təkzib olunur. Çünki sayğaca ilk dəfə baxış keçirilərkən sayğacın zavod möhürü və plombunun yerində olduğu aşkarlansa da, daha sonra verilən rəydə həmin plomblara müdaxilə edildiyi qeyd edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühəndistexniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 11.12.2020-ci il tarixli, 3/1028 saylı ekspert rəyində qeyd olunmuşdur ki, təhqiqata təqdim edilən bir ədəd Alfasu WS-50 markalı (qərarda ÜS-50 göstərilmişdir), smart Dn-50 tipli 50130617 zavod nömrəli su sayğacın səthində dörd ədəd bərkidici olan hissəyə baxış keçirilən zaman bir ədəd bərkidicinin ətrafında əzilmə izi aşkar edildi bu izin müdaxilə olunması nəticəsində yaranması istisna edilmir. Sayğacın hesablama mexanizmin iç hissəsində plastmas qapaqları bir-birinə bərkidən dörd ədəd metal bərkidicilərin hər birinin ətrafında fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik sınma zədələri müşahidə edildi. Sonra həmin sayğacın qapağı açıldıqdan sonra iç hissəsində olan hesablama mexanizminin iç qoruyucu möhürləri (plombları) müşahidə edilmir və əvvəllər möhürlərin (plombları) hissəsində qalmağa xarakterik izlər aşkar edilmədi. Göründüyü kimi ekspert rəyi ilə sayğacın hesablama mexanizminin iç qoruyucu möhürlərinin (plomblarının) ümumiyyətlə mövcud olmadığı müəyyən edilmişdir. Həmin rəydə göstərilən sınma və əzilmə izlərinin müəyyən edilməsi isə müdaxilənin iddiaçı tərəfindən edilməsi anlamına gəlmir. Çünki sayğac çıxarılan vaxt onun üzərindəki plomblar yerində olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh su sayğacına müdaxilənin səbəbkarının məhz iddiaçı olmasını təsdiq edən sübutları təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəməyə təqdim edilmiş 03.09.2019-cu il tarixli 30617/0047148 nömrəli rəy isə iddiaçının nümayəndəsinin iştirakı olmadan və yalnız cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyinə görə, habelə yuxarıda qeyd edildiyi kimi sayğacın çıxarılması aktında göstərilənlərlə ziddiyyət təşkil etdiyinə görə su sayğacına məhz iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-56/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 06.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar