Məhkəmə qərarları › İş №2-2(103)-91/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-91/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-91/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1051/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMM Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC tərəfindən İB seriyalı 857352 saylı xx.xx.2019-cu il tarixli X7- Fakturasında göstərilən 4876 kub.m su sərfiyyatı müqaviləyə əsasən, 0,50 manatdan hesablanaraq, qeyri yaşayış sahələrində istehlak edilən 379 kub.m su sərfiyyatı ümumi isti su sayğacı göstəricisindən çıxılması, 97xx xxxxxxxx 7314 manat pul məbləğinin silinməsini, xx.xx.2018-ci il tarixli 09978 saylı inventar aktının ləğv edilməsi və həmin akta əsasən hesablanmış 2196 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2(81)-1051/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh ASC tərəfindən tərtib edilmiş İB857352 saylı xx.xx.2019-cu il tarixli EVHF-da göstərilən, abonent haqqında məlumatda qeyd edilən 4876 kub.m su sərfiyyatı müqaviləyə əsasən, 0,50 manatdan hesablanmaqla, 9752 borc məbləğindən 7314 manat pul məbləğinin silinməsi, cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli inventar aktının ləğv edilməsi və həmin akt əsasında hesablanmış 2196 manat borcun silinməsinin cavabdeh ASC-yə həvalə edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e2-2(103)111/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin iddianın təmin edildiyi hissədə qismən ləğv edilməsi, iddianın cavabdeh ASC tərəfindən tərtib edilmiş İB857352 saylı, xx.xx.2019cu il tarixli EVHF-ya əsasən 0,50 manatdan hesablanmaqla, 9752 borc məbləğindən 7314 manat pul məbləğinin silinməsi hissəsində rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı MMC və Cavabdeh1 ASC həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(102)-217/2020 saylı qərarı ilə İddiaçı MMM-nin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-2(103)-111/2020 saylı qətnaməsinin qismən, “iddianın cavabdeh ASC tərəfindən tərtib edilmiş İB857352 saylı, xx.xx.2019-cu il tarixli EVHF-ya əsasən 0,50 manatdan hesablanmaqla, 9752 borc məbləğindən 7314 manat pul məbləğinin silinməsi hissəsində rədd edilməsi” hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması, Cavabdeh1 ASC-nin kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X4 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-217/2020 saylı qərarındakı göstərişləri nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız cavabdeh tərəfindən tərtib edilmiş İB857352 saylı, xx.xx.2019-cu il tarixli EVHF-ya əsasən 0,50 manatdan hesablanmaqla, 9752 manat borc məbləğindən 7314 manat pul məbləğinin silinməsi hissəsində yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında xx xxxxxx 2017-ci il tarixli “Su təchizatı və tullantı sularının azaldılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı MMM istehlakçı qrupu olaraq əhali qrupuna aid edilmiş, sudan istifadəyə görə 1 m3 üçün haqq ƏDV daxil olmaqla 0,35 manat və istehlakçıdan qəbul edilmiş 1 m3 tullantı suyuna görə ƏDV ilə 0,15 manat müəyyən edilmişdir. Lakin cavabdeh ASC tərəfindən təqdim edilən İB seriyalı 857352 saylı xx.xx.2019-cu il tarixli X7-Fakturasında sərf olunan suyun hər kub.m üçün qiyməti 2 manat, yəni qeyri-əhali tarifi ilə göstərilmiş və 2019-cu ilin may ayına qədər olan dövrdə 4876 kub.m su sərfiyyatı üçün 9752 manat borc hesablanmışdır. İddiaçı bildirir ki, suya və çirkab suyun axıdılmasına görə ödənişlər müqavilədə nəzərdə tutulmuş tariflə və əhali sektoru üçün müəyyən edilmiş tarifə uyğun hesablanma qaydasında aparılmışdır. İddiaçı tərəfindən xidmət göstərilmiş binada əhali qrupu tərəfindən istifadə edilmiş içməli suya və çirkab suyuna görə bir kub metr üçün 0,50 manatdan hesablanmaqla cavabdehə 4876 kub metr su sərfiyyatı üçün 2438 (4876 kub metr x 0.50 = 2.438) manat ödənilməli olduğu halda, cavabdeh tərəfindən sakinlərin istehlak etdiyi su və kanalizasiya xidmətindən istifadəyə görə qeyri-əhali qrupu abonentləri üçün müəyyən edilmiş tariflə (1 manat) 9752 manat borc hesablanmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında müqavilə olmasına baxmayaraq Tarif Şurasının qərarına əsasən qeyri-əhali olan qruplar suyun 1 kub metrinə görə 1 manat, çirkab suyun axıdılmasına görə də 1 manat ödəniş etməlidir. İddiaçı MMM də hüquqi şəxs olaraq həmin qrupa aid olduğundan Cavabdeh1 ASC tərəfindən borc məbləği əsaslı olaraq hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Cavabdeh1 ASC-nin “Sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə edilmiş 1 m3 su üçün ƏDV daxil olmaqla 0.35 manat və istehlakçıdan qəbul edilmiş 1 m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 0.15 manat müqabilində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçı Baki şəhəri Nəsimi rayonu, Ə.Quliyev küçəsi 130A ünvanında yerləşən binaya kommunal xidməti göstərir, həmin binanın sakinləri fərdi qaydada smart tipli isti su sayğacları ilə təmin edilmişlər. Lakin həmin sayğaclar Cavabdeh1 ASC tərəfindən balansa qəbul edilməmişdir. Hesablaşma iddiaçıya məxsus sayğac əsasında aparılır. Həmçinin, təqdim edilmiş müqavilə və arayışlardan aydın görünür ki, kommunal xidməti həyata keçirən iddiaçı bina sakinlərindən isti su sərfiyyatına ya görə hər kub.m üçün 0,50 manatdan hesablaşmanı aparır. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini, həmçinin, faktiki olaraq iddiaçının əhali qrupuna xidmət edən kommunal təşkilat olduğunu nəzərə almamışdır. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(102)-217/2020 saylı qərarında da göstərilmişdir ki, araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi yuxarıda sözügedən, Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2016-cı il tarixli 6 nömrəli Qərarını yanlış şəkildə təfsir etmişdir. Həmin Qərarda çoxmənzilli binada mərkəzi istilik və isti su təchizatını həyata keçirən zaman təşkilati-hüquqi formasından asılı olmayaq, hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərə görə ödənişlərin, binada yerləşən müvafiq istehlakçı qrupuna uyğun olaraq, Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş tariflərlə həyata keçirilməsi qeyd olunmuşdur. Burada açar sözü “müvafiq istehlakçı qrupu”dur, yəni çoxmənzilli binaya kommunal xidmət göstərən şəxsin təşkilati-hüquqi formasından asılı olmayaraq, bina üzrə istehlakçı qrupuna uyğun olaraq tarif tətbiq edilməlidir... Hazırki mübahisə üzrə iddiaçı MMM kommunal xidmət göstərən hüquqi şəxsdir və onun isti su təchiz etdiyi istifadəçilərinin (istehlakçılarının) bir qismi qeyri-əhali olaraq, cavabdeh ASC ilə birbaşa müqavilə münasibətlərindədir və 2 manatdan suyun ödənişini icra edir. Digər, əksər hissə isə əhali istehlakçı qrupudur ki, iddiaçı MMM onların istifadə etdiyi isti suyun tarifinin cavabdeh ASC tərəfindən 2 manatdan hesablanmasını mübahisələndirmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində hazırki iş üzrə tərəflər arasında bağlanmış və şərtlərinə görə, 1 kub.m sudan istifadəyə görə ümumilikdə 0,50 manat məbləğin ödənilməsi müəyyən edilin xx.xx.2017-ci il tarixli müqavilənin hazırda qüvvədə olduğuna, başqa sözlə desək, qeyd edilən müqavilə şərtinin (ümumilikdə 2 manat məbləğinə) dəyişdirilməsi üçün hər hansı təşəbbüs göstərməmələrinə, habelə bu məqsədlə məhkəməyə müraciət etməmələrinə hər hansı hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh1 ASC tərəfindən 4876 kub.m su sərfiyyatına görə əlavə 7314 manat məbləğində borcun hesablanması tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və “Sudan istifadə qaydaları”nın 7.1-ci bəndinin tələblərinə ziddir. Ona görə də, iddiaçı “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən həmin məbləğdə borcun silinməsini tələb etməkdə haqlıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1051/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh1 ASC tərəfindən tərtib edilmiş İB857352 saylı, xx.xx.2019-cu il tarixli EVHF-ya əsasən 0,50 manatdan hesablanmaqla, 9752 manat borc məbləğindən 7314 manat pul məbləğinin silinməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar