Məhkəmə qərarları › İş №2-2(103)-930/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-930/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-930/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1474/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 40158,80 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12.04.2021-ci il tarixli e-2-2(113)-1474/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, əvvəl "Azəriqaz" İB-yə qarşı vurulmuş maddi ziyanın ödənilməsi və dayandırılmış təbii qaz təchizatının bərpa edilməsi tələbi barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırmış və həmin iddiaya dair mülki işə baxılıb nəticə verilməmiş "Azəriqaz" İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. MPM-nin 155-ci maddəsinə əsasən "Azəriqaz" İB-nin qarşılıqlı iddiasına ilk iddia ilə birlikdə baxılmalı olsa da, məhkəmə qanunun bu tələbini pozaraq əvvəlki iddianı nəzərə almamış və qarşılıqlı iddiaya ayrılıqda baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə iclasına gəlməməyinin səbəbi xəstəliyi olmuş və məhkəməni bu barədə məlumatlandırmaq imkanı da olmamışdır. Lakin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilərkən xəstə olduğunu və müalicə üçün Gürcüstana gedəcəyini məhkəməyə bildirmişdir. Ona görə də MPM-nin 185-ci maddəsinə əsasən ilk məhkəmə iclası təxirə salınmalı və məhkəməyə gəlməməyinin səbəbi aydınlaşdırılmalı və yalnız bundan sonra məhkəmə prosesini davam etdirməyin mümkün olub-olmaması barədə qərar verilməli idi. Məhkəmə isə qanunun bu normasının da tələbini pozmuş, məhkəmə iclasına üzrlü səbəbdən gəlmədiyi halda işə onun iştirakı olmadan baxmışdır. MPM-nin 238-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmaq üçün iddiaçının yazılı razılığı alınmalı, işə qiyabi icraat qaydasında baxılması barədə qərar çıxarılmalı və qiyabi icraat qaydasında baxılan iş üzrə qiyabi qətnamə qəbul edilməli idi ki, məhkəmə qanunun bu tələbinə də əməl etməmişdir. Həmçinin işlətdiyi təbii qaza görə "Azəriqaz" İB-yə borcu pandemiya və RF-nın sərhədləri bağlaması səbəbindən işlərinin zəifləməsi ilə əlaqədar yaranmışdır. "Azəriqaz" İB həmin vəziyyəti düzgün qiymətləndirməyərək borcu bəhanə edib tez-tez qaz təchizatımı dayandırmış və istixanada becərdiyi bitkilərin məhv olmasına və həm də məhsul itkisinə səbəb olmaqla ona minimum 100000 manat maddi ziyan vurmuşdur. Ona görə də, qarşılıqlı iddiaya ilk iddia ilə birlikdə baxılmalı, ona ziyan vurulması faktı da araşdırılmalı, vurulmuş ziyanın miqdarı dəqiqləşdirildikdən sonra yaranan borc həmin ziyandan çıxılmalı, ziyanın qalan hissəsinin "Azəriqaz" İB tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməli idi. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə 40158,80 manat borcu yaranmışdır. Cavabdeh iddiaya etiraz edir və onun mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən cavabdeh istehlak etdiyi qazın dəyərinin ödənilməsi öhdəliyini daşıyır. İş materiallarından olan abonentin saldosundan da görünür ki, cavabdeh tərəfindən mütəmadi ödənişlər edilmiş, lakin 2021-ci ilin fevral ayının sonuna onun ödənilməmiş borcu 40158,80 manat təşkil etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddia təmin edilməli və 40158,80 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, hazırki işdə yalnız İddiaçı İB Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi olmuş, Cavabdeh İddiaçı İB-yə qarşı hər hansı bir iddia ərizəsi olmamışdır. Birinci instansiya məhkəməsi də İddiaçı İB-nin iddia tələbinə hüquqi qiymət vermişdir. Eyni zamanda məhkəmə iclas protokolundan görünür ki, Cavabdeh İddiaçı İB-yə qarşı başqa bir tələbi mövcud olmuş və bu ayrı məhkəmə icraatının predmeti olmuşdur. Göründüyü kimi cavabdehin istinad etdiyi həmin işin hazırki işə heç bir aidiyyatı yoxdur. Bundan başqa iş materiallarından görünür ki, cavabdeh hər bir məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış, bununla bağlı məhkəmə bildirişlərinə şəxsən imza çəkmiş, məhkəmənin hazırlıq iclasında və 17.03.2021-ci il tarixli baxış iclasında şəxsən iştirak etmiş, izahatlar vermiş, yalnız sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh tərəfindən edilmiş bütün ödənişlər isə abonent saldosunda öz əksini tapmış və həmin məbləğlər də hesablandıqdan sonra cavabdehin 40158,80 manat məbləğində borcu qalmışdır. Eyni zamanda cavabdeh abonent saldosunda öz əksini tapmayan hər hansı ödəniş qəbzini təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1474/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar