Məhkəmə qərarları › İş №2-2(103)-967/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-967/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-967/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-633/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 19.472 manat borc və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq onun ABB Sabunçu filialındakı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.02.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən təbii qazdan istifadəyə görə 19.472 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 19.502 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə nədənsə cavabdehin iştirakını təmin etməmiş və iddiaçının tələblərini tam həcmdə təmin etmişdir. Halbuki, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilsəydi, etdiyi ödənişlərin qəbzlərini təqdim etmək, iddiaçının tələb etdiyi məbləğin həqiqəti əks etdirmədiyini sübut etmək imkanı olacaqdı. Cavabdeh tərəfindən xeyli miqdarda pul ödənilmişdir. Cavabdeh tərəfindən ödənilmiş pullar göstərilməmişdir, borcunun hansı əsasla yarandığını müəyyən etmək mümkün deyildir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakılar qeyd edir. İşdən müəyyən edilir ki, tərəflər arasında Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə 12.12.2018-ci il tarixli AKX-1/3906 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin: 2.3.2-ci bəndinə görə, istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Cavabdehə məxsus Abonentin saldosundan görünür ki, onun təbii qazdan istifadəyə görə 2021-ci ilin yanvar ayına ödənilməmiş borcu 19.472 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilir, cavabdehin iddiaya qarşı etirazlarının əsasları iş üzrə təsdiqini tapmır. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, birincisi, işin 25 və 45-ci vərəqlərində olan poçt xəbərnamələrindən göründüyü kimi, cavabdeh ona qarşı qaldırılan iddiadan və məhkəmə prosesindən məlumatlı olmuşdur. İkincisi, cavabdeh şikayətində məhkəmə prosesində iştirak etsəydi, etdiyi ödənişlərin qəbzlərini təqdim edəcəyini bildirsə də, bu qəbzləri yenə də təqdim etməmiş, apellyasiya şikayətinə də əlavə etməmişdir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-633/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar