Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-974/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “Hacı Camalxan” X2 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı kommersiya mübahisəsi üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə iddiaçı “Hacı Camalxan” X2 borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2348/2022 nömrəli iş üzrə 27 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin Nəzarət Departamenti Satışa nəzarət idarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli NDQ 011293 nömrəli akta görə, iddiaçıya məxsus sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac sxemdən keçən yükü düzgün qeyd etmir. Belə ki, sayğacın tablosunda olan gərginliklər aşağıdır. Baxış zamanı məlum oldu ki, gərginlik transformatorunun “C” faza qoruyucusu yerində yoxdur. Ona görə də gərginlik transformatorunun İİ tərəf “C” faza çubuğundan sayğaca sxemlə gərginlik gəlmir. Gərginlik transformatorunun 6 kv “C” faza qoruyucusu bərpa edilsin və qapısı yenidən möhürlənsin. Sayğac yeni “Luna” tipli sayğacla əvəz edilsin. Çıxarılan sayğac polietilen torbaya qoyulsun və möhürlənsin. Laboratoriya şəraitində sayğacın yaddaşı oxunsun və bütün parametrlərlə rəy verilsin.
2. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, iddiaçıya xx.xx.2022-ci il tarixli NDQ 011293 nömrəli akta əsasən 15.131,20 manat borc hesablanmışdır.
3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa görə, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə xx.xx.2022-ci il tarixdə keçiriləcək yoxlama həmin gün dövlət reyestrində qeydə alınmışdır.
4. Cavabdehin Sayğac quraşdırma və uçota nəzarət idarəsinin Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 074855 nömrəli protokola görə, 011293 nömrəli akta əsasən obyektin sayğacı yenisi ilə əvəz olundu. Yeni sayğacın sxemi bərpa olunduqda məlum oldu ki, sayğacın “C” fazasında gərginlik yoxdur. GT qüsur olduğu üçün uçot dəstin bərpa edilməsi mümkün olmadı.
5. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli N-761252011 nömrəli hesab ödəniş vərəqəsinə əsasən, NDQ011293 EİQ pozulması tipli akta əsasən elektrik enerjisi haqqı üçün iddiaçının 12.823,05 manat əsas, 2.308,15 manat isə ƏDV borcu yaranmışdır.
6. Cavabdehin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi Salyan Elektrik Şəbəkəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli 03/001 nömrəli xəbərdarlıq məktubuna görə, obyektin istifadə edilmiş elektrik enerjisinin sərfinə görə xx.xx.2022-ci il tarixə 19.721,20 manat debitor borcu yaranmışdır. Vaxtında ödənilməmiş borca görə obyektin enerji təchizatının əlavə xəbərdarlıq edilmədən xx.xx.2022-ci il saat 10:00-dan etibarən dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçının EBBO 459182 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan dövr üzrə cavabdehə ödənilməli olan borcun məbləği 6.501 manat, EBBQ 098981 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə cavabdehə ödənilməli olan borcun məbləği 8.280 manat, EBBR 919049 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə cavabdehə ödənilməli olan borcun məbləği 5.390,40 manat, EBBS 845110 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə cavabdehə ödənilməli olan borcun məbləği 4.590 manat, EBBU 653267 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə cavabdehə ödənilməli olan borcun məbləği 1.890 manat təşkil edir.
7. Cavabdehin Laboratoriya Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş (011293 nömrəli Akt üzrə) “Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında” 001374 nömrəli Akt-protokola əsasən, sayğacın dövlət möhürü normaldır, sayğac normal buraxılan xəta ilə işləyir, lakin yoxlama zamanı sayğacın proqram əlavəsi oxunan zaman sayğacın “C” fazasında gərginlik itməsi müşahidə olundu.
8. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin aparıcı mütəxəssisi X3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus sayğaca tərəflərindən iddiaçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı xx.xx.2022-ci il tarixli 011293 nömrəli aktda göstərilən qüsurlar aşkar edilmişdir. Həmin sayğaca iddiaçı tərəfindən hər hansı müdaxilə edilməmiş, belə ki, gərginlik transformatorunda olan qüsur nəticəsində sayğacın “C” faza qoruyucusu sıradan çıxmışdır. Cavabdehin regional bölmələrinin əməkdaşları tərəfindən ayda bir dəfə abonentlərin sayğaclarına baxış keçirilir, lakin iddiaçıya məxsus sayğac bir qədər mürəkkəb xüsusiyyətlərə malik olduğu üçün həmin sayğacda olan problemi vaxtında aşkar etmək mümkün olmamışdır. Baxış keçirilən gün sayğac çıxarılmış, yenisi ilə əvəz edilmişdir. Lakin gərginlik tranformatoru da sıradan çıxdığı və iddiaçı yenisini gec əldə etdiyi üçün həmin gün deyil, xx.xx.2022-ci il tarixdə dəyişdirilmişdir. Sayğacın yaddaşı xüsusi kompyuter vasitəsilə oxunmuş, məlum olmuşdur ki, qeyd olunmuş qüsur xx.xx.2021-ci il tarixdən yaranmışdır. Bundan əlavə, müəyyən edilmişdir ki, sayğac istifadə edilmiş elektrik enerjisinin təxminən yarısını qeyd edə bilmir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdən gərginlik transformatorunun dəyişdirildiyi tarixə qədər, yəni xx.xx.2022-ci il tarixə qədər abonentə əlavə borc hesablanmışdır. Hazırda yeni sayğacda hər hansı qüsur yoxdur, normal işləyir. Bundan əlavə, sayğaca hər hansı müdaxilə edilmədən sıradan çıxdıqda “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən hesablaşma dövrü 3 aydan artıq olmamalıdır, bu qayda da tərəflərindən pozulmamışdır. Əlavə olaraq bildirdi ki, sayğacda olan problemin vaxtında aşkar edilməməsinin səbəbi onların regional bölmələrinin əməkdaşlarının həmin tipli sayğacların xüsusiyyətlərini yaxşı bilməməsidir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona elektrik enerjisinin sərfiyyatına görə əlavə olaraq hesablanmış 15.131,2 manat (ƏDV daxil) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddianın əsaslarına görə, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməmiş, cavabdeh tərəfindən bu xüsusatı təsdiq edən heç bir hüquqi əsas göstərilməmiş, sübut təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, xx.xx.2022-ci il tarixli 001374 nömrəli akt-protokolda göstərilənlər əlavə vəsaitin hesablanmasına əsas ola bilməz. 074855 nömrəli protokol əsasında sayğac çıxarılaraq rəy verilməsi üçün "xxxx" ASC-nin Laboratoriya mərkəzinə göndərilməsində, eləcə də elektirk sayğacının laboratoriya şəraitində araşdırılmasında nümayəndənin iştirakı təmin edilməmiş, bu laboratoriya araşdırmalarından xəbəri belə olmamışdır.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
12. Qətnamənin əsaslarına görə, “... cavabdehin nümayəndəsi göstərilən borcun “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə əsasən yazıldığını göstərsə də, həmin borcun hansı qaydada hesablanması, sayğacda qüsur əmələ gəlmə tarixinin, habelə sayğacın elektrik enerjisini hansı hissədə qeyd edə bilməməsinin hansı qaydada müəyyən edildiyini təsdiq edən sənədləri Məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli yoxlamada iştirak etmiş şahid A.Məmmədov sayğacda pozuntunun xx.xx.2021-ci il tarixdən əmələ gəldiyini, pozuntunun xx.xx.2022-ci il tarixə qədər davam etdiyini göstərmiş, borcun da məhz həmin dövr üçün (təxminən 80 gündən çox) hesablandığını bildirmişdir. Halbuki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.8 və 8.16-cı bəndlərinin tələblərinə əsasən enerjitəchizatı müəssisəsinin, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Bundan əlavə, iddiaçının nümayəndəsi öz izahatında sayğacın laboratoriya şəraitində yoxlanması prosesində onların nümayəndəsinin iştirakının təmin edilmədiyini göstərmiş, “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli, 248677 saylı protokolda da abonentin nümayəndəsinin iştirakı barədə hər hansı məlumat qeyd olunmamışdır. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən ... elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır.”
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq bəndlərinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlillərinə görə, borcun silinməsi üçün əsaslar yoxdur. Belə ki, hesablanan məbləğ cərimə deyil, iddiaçının ay üzrə istifadə etdiyi enerji sərfiyyatıdır. Həmin borcun hansı qaydada hesablanması, sayğacda qüsur əmələ gəlmə tarixinin, habelə sayğacın elektrik enerjisini hansı hissədə qeyd edə bilməməsi barədə məlumatlar şahid ifadəsi ilə sübut edilmişdir. Həmin şahid isə sayğaca baxış keçirən aktı tərtib edən "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin aparıcı mütəxəssisi olan A.Məmmədov olmuşdur. Qeyd edilən yoxlama, baxış qanunvericiliyə uyğun olaraq aparılmış və Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışla qeydiyyatdan keçirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermişdir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: - 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir; - 7.6. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir; - 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur; Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; - 8.13. Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır; - 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir; - 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır; - 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır; - 10.17. Enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır; - 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: - 10.18.2. ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə.
21. MPM: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
24. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmış, həmin müqavilə əsasında sərf edilmiş elektrik enerjisinin qeydə alınması məqsədilə sayğac quraşdırılmışdır. xx.xx.2022ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus mübahisəli sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac sxemdən keçən yükü düzgün qeyd etmir, sayğacın tablosunda olan gərginliklər aşağıdır, gərginlik transformatorunun “C” faza qoruyucusu yerində yoxdur. Belə ki, gərginlik transformatorunda olan qüsur nəticəsində sayğacın “C” faza qoruyucusu sıradan çıxmışdır. Ona görə də gərginlik transformatorunun “C” faza çubuğundan sayğaca sxemlə gərginlik gəlmir. Həmin transformatora (qapısı cavabdeh tərəfindən möhürləndiyi üçün) və sayğaca iddiaçı tərəfindən hər hansı müdaxilə edilməmişdir. Baxış keçirilən gün sayğac çıxarılmış, yenisi ilə əvəz edilmişdir. Gərginlik tranformatoru, iddiaçı yenisini gec əldə etdiyi üçün həmin gün deyil, xx.xx.2022-ci il tarixdə dəyişdirilmişdir. Köhnə sayğacın yaddaşı cavabdehin laboratoriya mərkəzində iddiaçıya məlumat verilmədən və onun iştirakı təmin edilmədən xüsusi kompyuter vasitəsilə oxunmuş, belə nəticəyə gəlinmişdir qeyd olunan qüsur xx.xx.2021-ci il tarixdən yaranmışdır. Bundan əlavə, müəyyən edilmişdir ki, sayğac istifadə edilmiş elektrik enerjisinin təxminən yarısını qeyd edə bilmir. Bu səbəbdən cavabdehin xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə xx.xx.2021-ci il tarixdən gərginlik transformatorunun dəyişdirildiyi tarixə, yəni xx.xx.2022-ci il tarixə qədər abonentə 15.131,20 manat əlavə borc hesablanmışdır.
25. Məhkəmə kollegiyası iddiaçıya hesablanan əlavə borcun cavabdeh tərəfindən irəli sürülən əsaslarını qanuni hesab etmir.
26. İlk olaraq, fərz olunsa ki, mübahisə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçotun müvəqqəti pozulması ilə bağlıdır, o halda iddiaçıya əlavə hesabat “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin tələbinə əsasən yalnız bir aydan artıq olmayan müddət üçün aparıla bilərdi. Halbuki, işdən göründüyü kimi, iddiaçıya əlavə borc 2 ay 24 günə görə hesablanmışdır. Bu baxımdan cavabdehin xx.xx.2022-ci il tarixli icra vərəqəsi qanunsuzdur.
27. Yenə eyni qaydada, yəni, güman edilsə ki, mübahisə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçotun müvəqqəti pozulması ilə bağlıdır, o halda elektrik enerjisi sərfinin hesabatı: 1. enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən; 2. uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılmalı idi. Lakin, işdən məlum olduğu kimi, iddiaçı belə hesablamaya razı olmadığı kimi, hesabat da orta gündəlik sərfə uyğun aparılmamışdır.
28. Digər tərəfdən, cavabdeh də iddiaçının tranformatora və sayğaca müdaxilə etmədiyini qəbul edir. Bu kontekstdə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci bəndinin tələbləri də iddiaçı tərəfindən pozulmamışdır. Belə ki, cavabdehin dəvət etdiyi şahidin ifadəsindən anlaşılıdığı kimi, iddiaçı hətta istəsəydi də sayğacda olan problemi aşkar edə bilməzdi. Çünki sözgedən problemi regional bölmələrin əməkdaşları da müəyyən edə bilmir, bunun üçün daha yüksək biliyə və təcrübəyə malik mütəxəssis tələb olunur.
29. Bundan əlavə, cavabdeh tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinin tələbləri də kobud pozulmuşdur. Belə ki, iddiaçının hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması zamanı cavabdeh tərəfindən onun iştirakı təmin edilməmişdir. Araşdırmanın ikitərəfli aktla sənədləşdirilməsi, yol verilmiş pozuntunun texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınması barədə isə Məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Odur ki, bu qaydada əldə edilmiş sübut qanuni sayıla bilməz.
30. Fərz olunsa ki, həmin sübut qanunidir, o halda cavabdehin xx.xx.2022-ci il tarixli icra vərəqəsində göstərilən borcun hesablanmasının qaydası, sayğacda qüsurun əmələ gəlmə tarixinin, habelə sayğacın elektrik enerjisini qismən qeyd edə bilməməsinin hansı qaydada müəyyən edildiyi aydın olmur.
31. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçıya hesablanan borcun əsasları qeyri-mötəbər, həcminin riyazi hesab qaydası qeyri-müəyyəndir, sözügedən nöqsan yoxlamanın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınması və şahid ifadəsi ilə aradan qaldırıla bilməz.
32. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2348/2022 nömrəli iş üzrə 27 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova