Məhkəmə qərarları › İş №2-2(103)-986/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-986/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-986/2025 15.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İdddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, idddiaçı İddiaçı iştirakı ilə, idddiaçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 3123/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı cavabdeh "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli, 194888 saylı “Enerjitəchizatı müəssisəsi ilə qeyri-isehsal müəssisəsi, ticarət, ictimai iaşə vədigər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsi bağlanılmışdır.

2. 11 fevral 2025-ci il tarixli AKT R № 003149 saylı aktdan görünür ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsində elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət edilməsinın yoxlanılması məqsədilə baxış keçirmiş və baxışın nəticəsi olaraq abonentin sayğacdan kənar elektrik enerjisinindən istifadə etdiyi aşkarlanmışdır.

3. KY252279737 saylı çıxarışa əsasən İddiaçı məxsus qeyri-yaşayış sahəsində sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi məqsədilə aparılan yoxlama Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır.

4. **********9 saylı abunonet haqqında məlumatdan görünür ki, 2025-ci ilin fevral ayında abonentə akta əsasən 660 manat və 4719 manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 əməkdaşları tərəfindən tərtib edilmiş 003149 №-li akta əsasən hesablanmış 5,319 manat məbləğində cərimənin əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın X2 əməkdaşları tərəfindən 11 fevral 2025-ci il tarixdə onun adına qeydiyyata alınmış **********9 abonent kodlu elektrik sayğacına qanunsuz olaraq akt yazılmışdır. Həmin sayğac ona məxsus kafenin sayğacıdır. Həmin kafe “Yeməkxana” kimi fəaliyyət göstərir. Buna görədə o hər ay vaxtlı-vaxtında yaranmış borcunu ödəyir. Buna baxmayaraq tərtib edilmiş akta əsasən guya “elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, obyektə sayğac sxemindən kənar xətt daxil olmuşdur. Belə ki, həmin kənar xətt obyektin həyətində yerləşən güc transformatorun 0,4 kvt-luq çubuğundan bir-başa götürülmüşdür.” Qeyd etmək istəyirəm ki, kafenin qarşısında yəni magistral yolun kənarında rayon rəhbərliyi tərəfindən X5 Əliyevin şəkili olan plakat qoyulmuşdur. Həmin plakatın işıqlandırılması üçün sərf olunan işıq enerjisinin sərfiyyat yükünü işıq idarəsinin əməkdaşları mənim kafemin işıq xəttinə hesablamışdır. Bu səbəbdən də 003149 №-li akt tərtib edilmişdir. Yazılmış aktdan irəli gələrək mənə yekun olaraq 5319 (beş min üç yüz) manat məbləğində cərimə hesablanmışdır. Hesab edirəm ki, cavabdehin hərəkətləri qanunsuzdur və əsassız hesablanmış cərimə silinməlidir. Mən sözügedən cərimənin əssasız olduğunu işıq idarəsinin əməkdaşlarına bildirsəmdə heç bir əhəmiyyəti olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 1.1-ci bəndinə görə yaşayış binalarının mənzillərində, yataqxanalarında, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X1 edən istehlakçı məişət abonenti (əhali) kateqoriyasına aiddir.

7. Cavabdehin nümayəndəsi etiraz ərizəsi verərək, iddia tələbinin rədd edilməsina dair qətnamə üəbul edilməsini xahiş etdi.

8. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı X2 əməkdaşları tərəfindən tərtib edilmiş 003149 №-li akta əsasən hesablanmış 5319 manat məbləğində cərimənin əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə əsasən bildiririk ki, iddianı Cəmiyyət qəbul etmir. Bildiririk ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən **********9 (Xaçınçay kafe) saylı abunə kodu üzrə sayğaca baxış keçirən zaman məlum olmuşdur ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Belə ki, həmin kənar xətt obyektin həyətində yerləşən güc tarnsformatorunun 0,4 kvt-luq çubuğundan birbaşa götürülmüşdür. Baxış zamanı xx.xx.2025-ci il tarixli NİQ003149 nömrəli akt tərtib edilmişdir. İcra vərəqəsinə əsasən:Naqilin en kəsiyinə əsasən hesabat verildi: 11 kvt x 12 saat x 365 gün = 48180 kVts Tarif (0,11 man) - 42900 kVt.s x 0,11 man = 4719 manat Tarif (0,125man) - 5280 kVt.s x 0,125 man = 660 manat - cəmi 5379 manat. Yoxlama aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmaqla Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixdə KY252279737 nömrəli Çıxarış alınmışdır.Tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsalı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil iddiaçının ay üzrə X1yə görə yaranmış və ödənilməmiş borc məbləğidir.

9. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3123/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus (abonent kodu: **********9) qeyri-yaşayış sahəsinə hesablanmış 4.884 (dörd min səkkiz yüz səksən dörd) manat məbləğində borcun silinməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, İddiaçı silinməsini tələb etdiyi 5319 manat məbləğində borc iddaçıya məxsus qeyri-yaşayış sahəsində elektrik enerjisindən qeyri-qanuni şəkildə istifadə edilməsi ilə əlaqədar "xxxx" ASC-yə dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yoxlama qanunun tələblərinə uyğun keçirilərək, qeyri-qanuni qoşulma müəyyən edilərək, qanunun tələblərinə uyğun akt tərtib edilərək vahid reyestrdən qeydiyyatdan keçsə də, dəymiş zərər düzgün hesablanmamışdır. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC mübahisəli borcun hesablanarkən (11 kvt x 12 saat x 365 gün = 48180 kVts Tarif (0,11 man) - 42900 kVt.s x 0,11 man = 4719 manat Tarif (0,125man) - 5280 kVt.s x 0,125 man = 660 manat - cəmi 5379 manat 12 ay müddət üçün hesablama etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh bu qaydada hesablamanı edərkən, İddiaçı məxsus qeyri-yaşayış sahəsində sayğacdan kənar xəttin olması və 12 ay müddətində elekrtik enerjisininndan qanunsuz, sayğcdan kənar istifadə olunması və bunun nəticəsində "xxxx" ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən 12 ay müddətində qanunsuz qoşulma barədə iş materiallarında heç bir sübut yoxdur. Qeyd edilən hal nəzərə alınmaqla məhkəmə hesab edir ki, akt əsasında dəymiş zərər hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8-ci bəndi nəzərə alınmaqala 1 aylıq müddət əsas götürülməli idi. Beləliklə mübahisələndirilən akt əsasənda iddiaçıya (11 kvt x 12 saat x 30 gün = 3960 kVts Tarif (0,125man) - 3960 kVt.s x 0,125 man = 495 manat) 495 manat cərimə yazılmalı idi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, (5379-495=4884 manat) 4884 manat məbləğində borc İddiaçı məxsus (abonent kodu: **********9) abonent hesabından silinməlidir.

11. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1, 8.2, 8.8, 8.17, 8.17-1, 8.17-2, 8.34-cü maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1, 2.3, 3.2-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4,1.5,1.7-ci maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 3123/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərtib edilmiş akt və icra vərəqəsindən göründüyü kimi akt qanuni və əsalı tərtib edilmişdir. Akt əsasında hesablanmış məbləğ cərimə deyil iddiaçının ay üzrə X1yə görə yaranmış və ödənilməmiş borc məbləğidir. O cümlədən aktı tərtib etmiş olan əməkdaşlar məhkəməyə izahat vermələri üçün dəvət edilən zaman baxış vaxtı çəkilmiş video görüntünü də məhkəməyə təqdim etmişdilər. İclas zamanı video görüntü ilə də sübut olundu ki, kənar xətt çəkilmişdir. Hazırda həmin borcun silinməsi üçün əsaslar yoxdur. Belə ki, hesablanan məbləğ cərimə deyil iddiaçının ay üzrə istifadə etdiyi enerji sərfiyyatıdır. Məhkəməyə kifayət qədər sübut təqdim edilmiş və sübut olunmuşdur ki, cavabdeh tərəfindən elektrik enerjisinin talanması məqsədilə obyektə kənar xətt qoşulmuşdur. Əgər enerji talaması varsa bu halda “X1 Qaydaları”nın 8.17-ci bəndi nəzərə alınmaqala 3 aylıq müddət əsas götürülməli idi

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

14. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

15. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

16. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmişdir.

Tətbiq edilən hüquq

“X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı

17. Bənd 1.1. Elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır.

18. Bənd 8.1-ci və 8.2. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur.

19. Bənd 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

20. Bənd 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

21. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

22. Maddə 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur:

23. Maddə 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə;

24. Maddə 10.18.9-2. bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə;

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

26. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

27. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

28. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

29. Maddə 13.3 Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

30. Maddə 17.1. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.

31. Maddə 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə

32. Bənd 1.4. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

33. Bənd 1.5. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

34. Bənd 5.2. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının həddi

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

47. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

49. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

50. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

51. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

52. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, İddiaçı ona məxsus qeyri-yaşayış sahəsində elektrik enerjisindən qeyri-qanuni şəkildə istifadə edilməsi nəticəsində akt tərtib edilmiş və 5319 manat məbləğində borc hesablanmışdır.

53. İş materilları ilə müəyyən edilir ki, cavabdehin əməkdaşları tərəfindən qanunun tələblərinə uyğun akt tərtib edilərək vahid reyestrdən qeydiyyatdan keçirilmişdir.

54. Kollegiya qeyd edir ki, istehlakçıdan tələb edilən borcun iddiaçı tərəfindən 12 ay müddətində qanunsuz qoşulma nəticəsində hesablanması sübuta yetirilməli, lakin, hazırki halda isə cavabdeh bunu sübut edə bilməmişdir. Əksinə, apellyatorun şikayətində qeyd etdiyi mövqeyi 12 ay müddətində qanunsuz qoşulmanı ciddi şübhə altına alır. Bu baxımdan kollegiyanın qənaətinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8-ci bəndi nəzərə alınmaqala 1 aylıq müddət əsas götürərək həmin borcun silinməli olduğu barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

56. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun şikayətdə istinad etdiyi “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli nömrəli qərarının 8.17-ci bəndi istifadə edilmiş elektrik enerjisinin dəyərinin hesablanması qaydasını müəyyən etmiş, ancaq 12 ay müddətində kənar çəkilmiş elektrik naqilindən istifadə edilməsi barədə cavabdeh sübut təqdim etməmiş, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirməmişdir.

57. Həmin Qaydalarin 10-cu bəndində isə enerjitəchizati müəssisəsinin məsuliyyəti, elektrik sayğaclarının və sayğacların qoşulma sxeminə baxış keçirilmə müddəti və qaydası müəyyən edilmişdir.

58. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

60. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

61. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3123/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar