Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-997/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli e-2-2(113)-2290/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 93390,20 manat borcun İddiaçı MMC-nin **********00037 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Güzdək kəndində yerləşən **********00037 saylı abonent kodu olan kərpic sexi fəaliyyət göstərir. Həmin sex Cavabdeh tərəfindən təbii qazla təmin edilmişdir. Sexdə istifadə edilən təbii qazın dəyəri İddiaçı MMC tərəfindən vaxtlı vaxtında ödənilmişdir. Ayrı ayrı tarixlərdə cavabdeh təşkilat əsassız sayğac göstəricisindən əlavə borclar hesablamışdır. Belə ki, 2020-ci ilin aprel ayında 21659,60 manat, may ayında 18381,40 manat, iyun ayında 8405 manat, iyul ayında 7151,40 manat, avqust ayında isə 23592,20 manat, 2021-ci ilin fevral ayında 9533 manat, mart ayında isə 4667,60 manat, ümumilikdə 93390,20 manat məbləğində əsassız borc hesablanmışdır. 2020-ci il ərzində əsassız borcun silinəcəyinə vəd verən cavabdeh təşkilat əksinə indi məni həmin borcu ödəməyə məcbur edir. Cavabdeh İB ölkə ərazisində təbii qazın satışı sahəsində inhisarçı orqandır. Hesablanmış borcu əsassız hesab etməyinə baxmayaraq Birlik qazın dayandırılması xəbərdarlıqı ilə borcun ödənilməsini məcbur edir. Fəaliyyət sahələrindən göründüyü kimi təbii qaz olmadıqda sexin fəaliyyəti tamamilə dayanır bu da Cəmiyyətin müflisləşməmə gətirib çıxara bilər. Bu səbəbdən hesablanmış borc əsassız hesab edilsə də, hissə- hissə ödəmə məcburiyyətində qalmışdı. Cəmiyyət tərəfindən əsassız hesablanmış borcun yaranma səbəbləri araşdırılsa da, bununla bağlı cavabdeh təşkilat hər hansı qanuni sənəd təqdim etməmişdir. Cavabdeh təşkilat tərəfindən yalnız bir neçə saxta akt təqdim edilmişdir. Saxta dedikdə qeyd etmək istəyir ki, sayğacın işləməməsinə görə əlavə hesabatın aparılması üçün tərtib edilmiş aktlar heç bir qanunda və ya normativ hüquqi aktda nəzərdə tutulmamışdır. Bundan başqa saxta aktlarda qeyd edilir ki, əmsal fərqinə görə əlavə hesabat aparılır. Əmsal fərqi deyə bir anlayış heç bir norma və qaydalarda nəzərdə tutulmamışdır. Əmsal adlanan rəqəmlər cavabdeh tərəfindən haradan götürülür, hansı qaydalara əsasən bu cür hesabatın aparılması müəyyən deyil. Eyni zamanda saxta aktların “istehlakçının nümayəndəsi bölümündə MMC-nin direktoru İbad Əliyevin adı qeyd edilsə də, orada çəkilmiş imza ona məxsus deyil. Abonent saldosundan da göründüyü kimi sayğac tam saz vəziyyətdə olduğu və hesabatı dəqiq apardığı halda sayğac göstəricisindən əlavə əsassız borclar hesablanmışdır. Təsəvvür etsək ki, qaz sayğacının elektron hissəsi işləmir, belə olan halda nə səbəbdən qaz sayğacı çıxarılaraq təmirə göndərilmir və ya yenisi ilə əvəz edilmir. Qeyd edilir ki, qaz sayğacı istixanadan kənarda, SOCAR-a məxsus xüsusi mühafizə edilən ərazidə yerləşir və sayğac göstəriciləri cavabdeh təşkilatın əməkdaşları tərəfindən götürülür. Abonent saldosundan da göründüyü kimi, cavabdeh təşkilat sayğac göstəricilərinə əsasən müəyyən edilmiş borcun üzərinə heç bir hüquqi əsası olmayan əlavə borclar hesablamışdır. Belə bir hesablama qaydası heç bir qanunda, normativ hüquqi aktda nəzərdə tutulmamışdır. Qanunvericilikdə istifadə edilmiş təbii qazın dəyərinin müəyyən edilməsinin iki üsulu var, bir sayğac vasitəsi ilə, ikinci sayğac olmadığı təqdirdə ötən ayın orta günlük sərfiyyatına uyğun. Göründüyü kimi, cavabdeh təşkilat özündən yeni hesabat üsulu müəyyən etmiş və qanunsuz olaraq istehlakçılara tədbiq edir. Hesab edir ki, ilk növbədə Cavabdeh İB-nin əməkdaşları MMC-yə məxsus obyektdə yoxlama aparılması (qaz sayğacına baxış keçirilməsi) ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmə barədə sənəd təqdim etməli və sonra yoxlama aparmalı idilər. Cavabdeh İB-də belə bir sənəd mövcud deyildir və onlar qanunvericiliyin tələblərini pozaraq bu cür yoxlamalar aparırlar. Yoxlamanını keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmə barədə sənəd olmadığı üçün keçirilmiş yoxlama qanuni hesab edilə və yuxarıda qeyd edilən normaların tələbləri baxımından hüquqi nəticə yarada bilməz. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Bakı Kommersiya Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2-2(113)-2290/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli, e-2-2(113)-2290/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli qətnaməsindən göründüyü kimi məhkəmə tərəflər arasında bağlanmış müqaviləyə əsasən qazın dəyərinin qaz sayğacının göstəricilərinə müəyyən olunmalı olduğunu vurğulasa da mübahisələndirilən borcun sayğac göstəricilərinə əsasən deyil, aktlara əsasən sayğac göstəricisindən əlavə hesablandığını görməzdən gəlmişdir. Məhkəmənin borcun əsassız hesablanmasına dair sübutetmə yükünün iddiaçının üzərinə qoyması əsassızdır. Belə ki, borcu hesablayan cavabdeh təşkilatdır, borc sayğac göstəricisindən əlavə tərtib edilmiş aktlara əsasən hesablanmışdır və ödənilməsi də cavabdeh təşkilat tərəfindən iddiaçıdan tələb edilir. Hesab edirik ki, borcun əsaslı hesablanmasını cavabdeh tərəf sübut etməli olduğu təqdirdə bu yükün cavabdehin üzərinə qoyulması tam əsassızdır. Qətnamədə cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktların tərtib edilməsi, hesabatın aparılma qaydasının hansı qanuna və ya normativ hüquqi akta əsasən həyata keçirildiyindən bir kəlmə belə qeyd edilməmişdir. Bu da birinci instansiya məhkəməsinin işin qeyri obyektiv araşdırmasının sübutudur. Məhkəmə tərəfindən işə baxılması sonuncu dəfə 13.10.2021-ci il tarixə təyin olunmuş, iddiaçının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi 15.09.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli e-2-2(113)-2290/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "xxxx" İB ilə istehlakçı İddiaçı arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 31.10.2019-cu il tarixli müqavilə bağlanmışdır. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh İB tərəfindən aktlar əsasında 2020-ci ilin aprel ayı üçün 21659,60 manat, may ayı üçün 18381,40 manat, iyun ayı üçün 8405 manat, iyul ayı üçün 7151,40 manat, avqust ayı üçün 23592,20 manat, 2021-ci ilin fevral ayı üçün 9533 manat, mart ayı üçün 4667,60 manat, ümumilikdə 93390,20 manat əlavə hesablanmış sərfiyyat məbləğlərini mübahisələndirir. Həmin borcun silinməsi üçün iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Cavabdeh Bakı X1 Departamentinin işdəki “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı, ******* saylı aktlarının surətlərindən görünür ki, 2020-ci il ilin aprel ayına abonent İddiaçı **********00037 saylı hesab koduna 108298 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 21659,60 manat; 2020-ci il may ayına 91907 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 18381,4 manat; 2020-ci il iyun ayına 42025 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 8405 manat; 2020-ci il avqust ayına 117961 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 23592,20 manat, 2021ci il fevral ayına 47665 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 9533 manat, 2021-ci il mart ayına 23338 kub metr miqdarında qaz sərfiyyatına uyğun olaraq 4667,60 manat borc hesablanmışdır. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisələndirilən borc məbləği iddiaçıya məxsus obyektə quraşdırılmış qaz sayğacının elektron göstərici ilə bağlı hissəsi işləmədiyindən Cavabdeh tərəfindən aktlar əsasında qaz sayğacının mexaniki göstəricisi nəzərə alınmaqla hesablanmışdır. İddiaçı iddia ərizəsində Cavabdeh tərəfindən qaz sayğacının elektro göstərici ilə bağlı hissəsində nasazlıq olması əsası ilə əlavə sərfiyyat hesablanmasının hüquqi əsası olmadığına və cavabdeh tərəfindən həyata keçirilmiş yoxlamaların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh İB-nin Bakı X1 Departamenti tərəfindən tərtib edilmiş aktların abonentin qaz təchizatı sisteminin yoxlanılması nəticəsində deyil, sayğac göstəriciləri əsasında tərtib edildiyindən həmin aktlar əsasında hesablanmış borcun yoxlamanın dövlət reyestrində qeydə alınmaması əsası ilə silinməli olduğuna dair iddiaçının dəlilləri əsassızdır. İddiaçının abonent saldosu araşdırılaraq müəyyən edilmişdir ki, 2020-ci ilin mart, aprel, may, iyul, avqust, 2021-ci ilin yanvar, fevral, mart aylarında iddiaçıya məxsus qaz sayğacının mexaniki göstəricisi dəyişsə də, elektron göstərici sabit qalmışdır. Bu hal onu təsdiq edir ki, həmin aylarda sayğac düzgün işləməmişdir. İşə apelyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi mübahisələndirilən borcun iddiaçı tərəfindən 2021-ci ilin aprel ayında ödənildiyini göstərmişdir. Məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, iddiaçınən 2021-ci ilin aprel ayının əvvəlinə mübahisələndirilən borc da daxil olmaqla Cavabdeh İB-nə 106632,86 manat borcu olmuş, iddiaçı tərəfindən həmin ayda 98000 manat ödəniş edilmiş, 2021-ci ilin may ayının əvvəlinə köhnə borclar üzrə qalıq 8632,86 manat olmuşdur. Məhkəmə kollegiyası mübahisələndirilən borcun artıq iddiaçı tərəfindən 2021-ci ilin aprel ayında ödənildiyini nəzərə alaraq hesab edir ki, mövcud olmayan borcun silinməsi barədə iddia təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli e-2-2(113)-2290/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 03.06.2021-ci il tarixli e-2-2(113)-2290/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-997/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-997/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver