Məhkəmə qərarları › İş №2-2(104)-167/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-167/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-167/2024 01.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-484/2024 nömrəli qətnaməsindən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İş materiallarında olan abonet saldosundan görünür ki, ********** nömrəli sayğac Şahid Ziyyədin oğluna məxsusdur. İş materiallarında olan 17 may 2013-cü il tarixli 7E-10-6304 nömrə ilə qeydə alınan ərizədən görünür ki, İddiaçı ********** nömrəli işıq sayğacınının onun adına olduğunu, lakin Şahid Ziyyədin oğlunun istifadəsində olduğu üçün Şahid Ziyyədin oğlunun adına rəsmiləşdirilməsi üçün ərizə vermişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnaməsindən görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında yerləşən “Sahildə görüş”yeməkxanasının yerləşdiyi 757.5 kv.m. olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 1335 (bir min üç yüz otuz beş) manat təşkil edir. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, ünvan 1ndə yerləşən “Sahildə görüş” yeməkxanası İddiaçı mükiyyətindədir. Əmlakın İnventarlaşdırılması Bürosu Müəssisə və Obyektin 10 oktyabr 2023-cü il tarixli, 003661 nömrəli Texniki Pasportundan görünür ki, Ümumi sahəsi (398.7m2 ), Əsas sahəsi (179.1m2 ), Köməkçi sahəsi (219.6m2 ) Tikinti altı sahəsi (329.8m2 ) Təsərrrüfat hesablı “Sahildə görüş” yeməkxanası 1980-ci ildə tikilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0,0758 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. xx.xx.1996-cı il tarixli müqavilədən görünür ki, bu müqavilə elektrik enerjisinin verilməsi və istehlakı barədə Gəncə şəhər elektrik təchizatı şəbəkəsi müəssisəsi ilə “Sahildə görüş” yeməkxanasının sahibi İddiaçı arasında bağlanmış, müqavilənin şərtlərinə görə müəssisə istehlakçıya 50 kva (kvt) hüdudlarında fasiləsiz enerjinin 0.4 kB-lıq elektrik sayğacı ilə verilməsini öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ona məxsus obyektin enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh təşkilata müraciət edərək bildirmişdir ki, ona məxsus Gəncə şəhəri Ə.Cəmil küçəsi "Sahildə görüş" yeməkxanası 1993-ci ildən fəalliyət göstərmişdir. Yeməkxana 2003-cü ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi deportamentinin 000722 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə tərəfindən özəlləşdirilmişdir. Ona məxsus yeməkxana 2011-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüşdür. Yeməkxananın elektrik enerjisinin hesabatı üçün Gəncə Elektrik şəbəkəsi 266 saylı transformator u/st-dah 0,4 paylayacısından qidalanırdı. Obyektin qanunsuz sökülməsi zamanı elektrik sayğacı da söküntü zamanı torpağın altında qalmışdır. Bu səbəbdən də iddiaçı ona məxsus obyektin enerji təchizatının bərpa olunmasını cavabdeh təşkilatdan xahiş etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bu səbəbdən də İddiaçı Gəncə İnzibati Məhkəməsinə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq ünvan 1 ünvanda yerləşən ona məxsus obyektin enerji təchizatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1708/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-546/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-1708/2023 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərardadı onunla əsaslandırmışdır ki, tərəflər arasında mülki hüquq münasibətindən irəli gələn müqavilə bağlanılmış, hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Belə olan halda hazırki mübahisə tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlı yaranmış mübahisədir və həmin mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. İddiaçıya məxsus “Sahildə görüş” yeməkxanası 1993-ci ildən fəalliyət göstərmiş, obyektin elektrik sayğacı mövcud olmuş və obyekt 2011-ci ildə Gəncə şəhər İH tərəfindən qanunsuz olaraq sökülərkən elektrik sayğacı iddaçının günahı olmadan məhv edilmişdir. İddaçı hazırda isə həmin mövcud olmuş elektrik sayğacın bərpa edilməsini xahiş edir. Cavabdeh təşkilatın isə istinad etdiyi Azərbaycan Respublikası NK-nin 2005-ci il 02 fevral tarixli 18 №-li qərarı ilə təstiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” yeni qurulan və istifadəyə verilən obyektlərə aiddir ki, həmin obbyektlərdə əvvəllər elektrik sayğacı mövcud olmamışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-484/2024 saylı qətnaməsi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi Gəncə Şəhər İcra hakimiyyəti tərəfindən sökülmüşdür. İddiaçı cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi səbəbindən enerji təchizatından məhrum qalmamışdır. Sayğac iddiaçı tərəfindən başqa qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə satılmışdır. Bunu məhkəmədə şahid qismində iştirak edən Şahid ifadəsində bildirmişdir. Həmçinin iş materiallarından görünür ki, İddiaçı ********** nömrəli işıq sayğacınının onun adına olduğunu, lakin Şahid Ziyyədin oğlunun istifadəsində olduğu üçün Şahid Ziyyədin oğlunun adına rəsmiləşdirilməsi üçün ərizə vermişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı öz iddia ərizəsində ünvan 1 ünvanında yerləşən ona məxsus obyektin enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsindən, iddiaçının vəkili və nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarından da göründüyü kimi iddiaçının enerji təchizatının əvvəlki gücündə bərpa olunmasını tələb etdiyi qeyriyaşayış sahəsi hal-hazırda mövcud deyildir. Sökülmüş və hal hazırda mövcud olmayan qeyri-yaşayış sahəsinə enerjinin verilməsinin bərpa olunması tələbi də əsassızdır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Hazırki iş üzrə iddiaçının enerji təchizatından məhrum qalmasında cavabdehin hər hansı təqsiri olmadığından iddia tələbi təmin edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti vermiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-484/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianı rədd edən birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsi, iddiaçının cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi səbəbindən enerji təchizatından məhrum qalmaması, həmçinin sayğac iddiaçı tərəfindən başqa qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə satılması ilə əsaslanmışdı. Hesab edir ki, məhkəmə bu qənaətə gələrkən əsaslandığı maddi hüquq normalarını düzgün təfsir etməmiş, həmçinin apellyasiya şikayətinin 7-ci paraqrafında qeyd edildiyi kimi təqdim olunan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, əvvəla qeyd etmək istəyir ki, onların tərəfindən qaldırılan iddia tələbi ünvan 1 ünvanında yerləşən obyektin enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur ki, obyektdə qalan sayğacın talehinin necə olmasının bu tələbə hər-hansı bir aidiyyəti yoxdur. Bununla bağlı o, məhkəmə prosesi zamanı da qeyd etmişdir ki, onlar cavabdeh təşkilatdan yeni sayğac tələb etmirlər və elektrik enerjisi təmin olunduğu halda sayğacı özləri əldə edəcəklər. Lakin məhkəmə onun vermiş olduğu bu izahatı qətnamədə qeyd etməmişdir. Məhkəmə tərəfindən prosesin video yazısına baxış keçirilsə dedikləri öz əksini tapacaq. Bundan başqa obyektin kimin tərəfindən sökülməsinin də heç bir fərqi yoxdur. Ən əsası odur ki, obyekt iddiaçı tərəfindən sökülməyib. Obyekt hər-hansı bir təbii fəlakət nəticəsində (məsələn zəlzələ, sel, yanğın və sair) də məhv edilə bilərdi. Onda belə çıxır ki, cavabdeh təşkilat obyektə gələn elektrik enerjisini bərpa etməməlidir? Eyni zamanda obyektdə bu gün hər-hansı bir tikilinin də olmaması işığın bərpa edilməməsi üçün əsas ola bilməz. Belə ki, onlara işığın bərpa olunması məhz elə obyekti əvvəlki formada bərpa edilməsi üçün lazımdır, işıq enerjisinin olmaması tikinti işlərinin həyata keçirilməsini mümkünsüz edir. Məhkəmənin istinad etdiyi normalar isə yeni yaradılan obyektlər üçün nəzərdə tutulmuşdur, lakin məhkəmə nəzərə almamışdır ki, obyekt əvvəllər mövcud olmuş və tələb həmin enerjinin əvvəlki gücündə bərpa edilməsindən ibarətdir. Texniki şərtlərin verilməsi yalnız yeni, yaxud yenidən qurulan, istifadə olunmasına icazə verilmiş, gücü artırılan, həmçinin enerji təchizatı sxemini dəyişən istehlakçıların (sifarişçilərin), o cümlədən məişət abonentlərinin elektrik enerjisi (gücü) alması üçün nəzərdə tutulmuşdur. İddiaçıya məxsus sözügedən obyekt isə əvvəllər elektrik enerjisi ilə təchiz olunmuş, lakin sonradan iddiaçının iradəsindən asılı olmayan səbəblərdən sökülmüşdür. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları 1.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: müstəqil enerji istehsalçısı - dövlətə, müxtəlif təsərrüfat sahələrinə və özəl təşkilatlara mənsub olub, onlara məxsus enerji şəbəkəsi ilə dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisələrinin vasitəsilə istehlakçıları elektrik və istilik enerjisi ilə təchiz edən hüquqi şəxs; 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli, 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası 1.1 və 1.1.2-ci bəndinə əsasən Bu Qayda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, enerji təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə elektrik şəbəkəsinə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir. 2.1-ci bəndinə əsasən məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektinin ETŞ-yə qoşulması və ya əlavə enerji (güc) alması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin hazırlanması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində ETM-in nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. 2.2. Sistemə aşağıdakı məlumatlar daxil edilir: 2.2.1. sifarişçinin (məişət abonenti istisna olmaqla) VÖEN-i; 2.2.2. sifarişçinin şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi (VÖEN olmadıqda); 2.2.3. sifarişçinin ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda); 2.2.4. tələb olunan elektrik enerjisinin gücü, qoşulma gərginliyi, etibarlılıq üzrə kateqoriyası; 2.2.5. sifarişçinin mobil telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Belə ki, xx.xx.1996-cı il tarixli müqavilədən görünür ki, bu müqavilə elektrik enerjisinin verilməsi və istehlakı barədə Gəncə şəhər elektrik təchizatı şəbəkəsi müəssisəsi ilə “Sahildə görüş” yeməkxanasının sahibi İddiaçı arasında bağlanmış, müqavilənin şərtlərinə görə müəssisə istehlakçıya 50 kva (kvt) hüdudlarında fasiləsiz enerjinin 0.4 kB-lıq elektrik sayğacı ilə verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan abonet saldosundan görünür ki, ********** nömrəli sayğac Şahid Ziyyədin oğluna məxsusdur. İş materiallarında olan 17 may 2013-cü il tarixli 7E-10-6304 nömrə ilə qeydə alınan ərizədən görünür ki, İddiaçı ********** nömrəli işıq sayğacınının onun adına olduğunu, lakin Şahid Ziyyədin oğlunun istifadəsində olduğu üçün Şahid Ziyyədin oğlunun adına rəsmiləşdirilməsi üçün ərizə vermişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnaməsindən görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında yerləşən “Sahildə görüş”yeməkxanasının yerləşdiyi 757.5 kv.m. olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 1335 (bir min üç yüz otuz beş) manat təşkil edir. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, ünvan 1ndə yerləşən “Sahildə görüş” yeməkxanası İddiaçı mükiyyətindədir. Əmlakın İnventarlaşdırılması Bürosu Müəssisə və Obyektin 10 oktyabr 2023-cü il tarixli, 003661 nömrəli Texniki Pasportundan görünür ki, Ümumi sahəsi (398.7m2 ), Əsas sahəsi (179.1m2 ), Köməkçi sahəsi (219.6m2 ) Tikinti altı sahəsi (329.8m2 ) Təsərrrüfat hesablı “Sahildə görüş” yeməkxanası 1980-ci ildə tikilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0,0758 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi Gəncə Şəhər İcra hakimiyyəti tərəfindən sökülmüşdür. İddiaçı cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi səbəbindən enerji təchizatından məhrum qalmamışdır. Sayğac iddiaçı tərəfindən başqa qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə satılmışdır. İddia ərizəsindən, iddiaçının vəkili və nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarından da göründüyü kimi iddiaçının enerji təchizatının əvvəlki gücündə bərpa olunmasını tələb etdiyi qeyri-yaşayış sahəsi hal-hazırda mövcud deyildir. Sökülmüş və hal hazırda mövcud olmayan qeyri-yaşayış sahəsinə enerjinin verilməsinin bərpa olunması tələbi də əsassızdır. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, xx.xx.1996-cı il tarixli müqavilədən görünür ki, Gəncə şəhər elektrik təchizatı şəbəkəsi müəssisəsi elektrik enerjisinin verilməsi və istehlakı barədə “Sahildə görüş” yeməkxanasının sahibi İddiaçı ilə müqavilə bağlamış və müqavilənin şərtlərinə görə müəssisə istehlakçıya 50 kva (kvt) hüdudlarında fasiləsiz enerjinin 0.4 kB-lıq elektrik sayğacı ilə verilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi əvvəllər Gəncə şəhər elektrik təchizatı şəbəkəsi müəssisəsi tərəfindən iddiaçıya 50 kva (kvt) hüdudlarında fasiləsiz enerji 0.4 kB-lıq elektrik sayğacı ilə verilmişdir. Buna münasibətdə kollegiya qeyd edir ki, göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya əvvəllər də elektrik enerjisi verilmiş və həmin obyektin hal hazırda mövcud olmaması əsası ilə elektrik enerjisinin bərpa edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş yeni inşa olunması planlaşdırılan tikilinin layihəsindən göründüyü kimi iddiaçı həmin ərazidə yenidən eyni ölçülü obyekt inşa etmək istəyir və bu obyekt üçün yenidən elektrik təchizatına ehtiyac yarandığından əvvəlki obyektə verilmiş eyni gücdə elektrik enerjisinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Odur ki, əvvəl də həmin yerdə eyni ölçülü obyektin mövcud olmasını, həmin obyektin texniki şərtlərə cavab verdiyi üçün Gəncə şəhər elektrik təchizatı şəbəkəsi müəssisəsi tərəfindən iddiaçıya 50 kva (kvt) hüdudlarında fasiləsiz enerji 0.4 kB-lıq elektrik sayğacı ilə elektrik enerjisinin verilməsini nəzərə aldıqda iddiaçıdan həmin ərazidə inşa ediləcək eyni ölçülü obyekt üçün elektrik enerjisinin bərpa edilməsinə görə yenidən əlavə texniki şərtlərin verilməsinə zərurət olmadığından bununla bağlı cavabdeh orqanın imtinası əsassız olmuşdur. Bundan əlavə iddiaçının sayğacı satmasına münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayətinin də dəlillərindən göründüyü kimi iddiaçı yenidən sayğacın quraşdırılmasını tələb etməməklə bərabər həmçinin elektrik sayğacını özünün əldə edəcəyini bildirmişdir. Odur ki, sayğacın satılması halı da elektrik enerjisinin iddiaçıya münasibətdə bərpa edilməməsi əsası kimi çıxış edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarında göstərilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Odur ki, yuxarıda istinad olunanlara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-484/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi tələbinə dair iddiası təmin edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməklə ondan tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar