Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-168/2024 04.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-89/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-89/2024 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-89/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7.516,30 manat məbləğində pulun və 110 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında bağlanmış 15 may 2021-ci il tarixli müqaviləyə əsasən sement məhsullarının alğı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən iddiaçı norm sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli elektron qaimələrə əsasən müəyyən edilmişdir ki, Cavabdeh 8,610.05 manat dəyərində norm sement məhsulları satılmış, cavabdeh isə cəmi 1.093,75 manat pul ödəmiş, qalıq 7,516.30 manatı isə bu günə kimi ödənilməyərək iddiaçı "xxxx" ASC-yə cəmi 7,516.30 manat borcu mövcud olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işdəki sübutlara qiymət verilməmişdir. Belə ki, EBBH seriyalı, 14154 nömrəli, xx.xx.2021-ci il tarixli və EBBC seriyalı, 824018 nömrəli, xx.xx.2021-ci il tarixli elektron vergi fakturalar cavabdeh tərəfindən qəbul edilib, həmin qaimələr mübahisələndirilməyib, nə də ləğv üçün geri qaytarılmayıb. Bundan əlavə iş materiallarında olan yoxlama aktından göründüyü kimi, cavabdeh öz imzası ilə təsdiq edir ki, onun iddiaçıya borcu var. Həmçinin cavabeh etirazının əsası kimi iddia edir ki, əmtəə-nəqliyyat qaimələrində onun imzası yoxdur. Atası izma atıb. Atası ilə də onun sahibkarlıq fəaliyyəti yoxdur. Lakin elə xx.xx.2021-ci il tarixli əmtəə-nəqliyyat qaiməsi onun tərəfindən imzalanıb. Digər əmtəənəqliyyat qaiməsində imza ilə bağlı onu bildirmək istəyir ki, iddiaçı tərəfidnən mal cavabdehin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi və obyekt kodu aldığı məkanda təhvil verilib. Malın təhvil-təslimi isə cavabdehə heç bir aydiyyəti olmayan, yoldan keçən hər hansı bir şəxslə aparıla bilməzdi. Onu da qeyd edir ki, eyni məhkəmənin icraatında olmuş iddiaçının eyni cavabdehə qarşı digər müqavilə üzrə pul tələbinə dair mübahisəsinə də cavabadeh borcun ödənilməsindən yayınmaq məqsədilə malın onun tərəfindən qəbul edilmədiyini bildirmiş, lakin məhkəmənin e-2-2(115)-95/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi tam təmin edilmişdir. Necə olur ki, eyni məhkəmənin icraatında eyni tərəflər arasında eyni əsaslara, eyni predmetlə lakin ayrı-ayrı müqavilələr üzrə borc tələbinə dair iddia olsun, bir iddia tələbi təmin edilsin,digəri isə rədd edilsin. Həmçinin məhkəmə əmtəə-nəqliyyat qaiməsində cavabdehin atasının imzası məsələsini, həmin şəxsin cavabdehlə hər hansı müqaviləsinin, işçisinin olub olmaması məsələsini də araşdımayıb. Hesab edir ki, həmin şəxs 3-cü şəxs kimi işə cəlb edilməli idi. Onun malı özünün fəaliyyəti üçün yaxud oğlunun sahibkarlıq fəaliyyəti üçün qəbul etməsi aydınlaşdırılmalı idi. Yuxarıda qeyd edildiyi kimi EBBH seriyalı, 14154 nömrəli, xx.xx.2021ci il tarixli və EBBC seriyalı, 824018 nömrəli, xx.xx.2021-ci il tarixli elektron vergi fakturalar cavabdeh tərəfindən qəbul edilib, həmin qaimələr mübahisələndirilməyib, nə də ləğv üçün geri qaytarılmayıb. Normativ akt elektron qaimə-fakturanın qaytarılması üçün müddət təyin etdiyi halda məhkəmə cavabdehin həmin qaimələri ancaq məhkəmə iclas zalında mübahisələndirdiyini bildirərək onları ləğv edilmiş hesab etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qarşı tərəfdən ona heç bir çek verilməyib. O, iki maşın mal almışdır. Təxminən 4,200 manat bir, 4,410 manat da bir idi. Malı aldığını qəbul edir. İddiaçının göstərdiyi sənədlərə əsasən onun 5,300 manat pul ödədiyi qeyd olunub, lakin iddiaçı ərizəsində 1,093 manat ödədiyini qeyd edib, o, bununla razı deyildir. Ümumilikdə 8,610 manat məbləğində mal verilib. Malları 2021-ci ilin iyun ayında götürmüşdür. Qarşı tərəfin təqdim etdiyi sənədlərə əsasən sonuncu ödənişi də xx.xx.2022-ci il tarixdə olmuşdur. Həmçinin müqaviləni 15 may 2021-ci il tarixdə bağladıqlarını da qəbul edir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmadır. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Belə ki, xx.xx.2021-ci il tarixli 704/2021 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı-İddiaçı Açıq Səhmdar Cəmiyyəti bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir əmtəə-nəqliyyat qaiməsində göstərilən norm sement hazır məhsulları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı-Cavabdeh isə malları qəbul edərək, müvafiq əmtəə-nəqliyyat qaiməsində və müqavilədə malın müəyyənləşdirilmiş dəyərinin satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli EBBC 824018 nömrəli elektron qaiməyə əsasən 4,410 manat, xx.xx.2021-ci il tarixli EBBH 124154 nömrəli elektron qaiməyə əsasən 4,200 manat məbləğində mal İddiaçı ASC tərəfindən alıcı-Cavabdeh təqdim edilməsi qeyd edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən alıcı əmtəə-nəqliyyat qaiməsi üzrə qəbul etdiyi malların dəyərinin tam ödənilməsini öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 704/2021 nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı ASC müqavilə öhdəliyinə əsasən cavabdehə malları göndərməyi öhdəsinə götürmüş, iddiaçı isə malların qarşılığında pul ödəməyi ilə bağlı razılığa gəlmiş, həmin mallar Cavabdeh təhvil verilmiş, cavabdeh özü də məhkəmə kollegiyasının iclasında bu faktı etiraf etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli EBBC 824018 nömrəli elektron qaiməyə əsasən 4,410 manat, xx.xx.2021-ci il tarixli EBBH 124154 nömrəli elektron qaiməyə əsasən 4,200 manat məbləğində mal İddiaçı ASC tərəfindən alıcı-Cavabdeh təqdim edilməsi qeyd edilmişdir. Həmçinin cavabdeh özü də izahatında bildirmişdir ki, təxminən 4,200 manat dəyəri olan bir, 4,400 manat dəyəri olan digər malı almışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi və sübut kimi məhkəməyə təqdim etdiyi elektron qaimələr malların məxaricini bildirən uçot sənədidir. Elektron qaimələrin tətbiqi vergi nəzarəti mexanizminin daha səmərəli təşkilinə xidmət edir. Tərələr arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən alıcı əmtəə-nəqliyyat qaiməsi üzrə qəbul etdiyi malların dəyərinin tam ödənilməsini öhdəsinə götürmüşdür. Müqaviənin qeyd edilən şərtindən göründüyü kimi, tərəflər malları əmtəə-nəqliyyat qaiməsi əsasında təhvil verilməsini müəyyən etmişlər. Hazırkı iş üzrə cavabdeh iddiaçının təqdim etdiyi faktları, yəni malların elektron qaimə-fakturaları mübahisələndirmişdir. Belə olan vəziyyətdə malların təhvil verilməsi digər sübutlarla təsdiqini tapmalıdır. Sübuta yetirilməli olan məsələ müqavilə münasibətlərinin mövcudluğu deyil, malların təhvil verilməsidir ki, iddiaçı bununla bağlı digər sübutları məhkəməyə təqdim etməmişdir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi bütün halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. İddiaçı ASC ilə işləyən dillerlə yoxlama aktından görünür ki, diller olaraq Kazımov Yasin qeyd edilmişdir. Cavabdeh həmin şəxsin onun atası olduğunu bildirmiş, lakin onunla birgə sahibkarlıq fəaliyyətinin olmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin faktiki halları və proses iştirakçısının izahatı ilə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli 704/2021 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 4,410 manat və xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 4,200 manat, ümumilikdə 8,610 manat məbləğində norm sement hazır məhsulları Cavabdeh təhvil verilmişdir. Bunu Cavabdeh öz izahatında da təsdiq etmişdir. Lakin, iddiaçı tərəf hesablaşmanın təsdiqi olaraq cavabdehə aid deyil, onun atası Yasin Kazımova aid müştərilərlə hesablaşma cədvəlini təqdim etmişdir. Həmin cədvələ görə cavabdehin atası Yasin Kazımovla iddiaçı arasında əvvəllər də hesablaşmalar olmuşdur, Cavabdeh adına olan 0000-005592 nömrəli 06 iyun 2021-ci il tarixli malların və xidmətlərin satışı qaiməsi əsasında 2,310.00 manat, 0000-005607 nömrəli 06 iyun 2021-ci il tarixli malların və xidmətlərin satışı qaiməsi əsasında 2,100.00 manat və 0000-007831 nömrəli 27 avqust 2021-ci il tarixli malların və xidmətlərin satışı qaiməsi əsasında 4,200.00 manatlıq mal təhvil verilmişdir. Bundan sonra müştəri tərəfindən 5,340 manat pulun ödənilməsi həmin cədvəldə qeyd edilmişdir. Bu hissədə sübut etmə vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı, bu ödənişlərin Yasin Kazımov tərəfindən öz əvvəlki borclarına görə həyata keçirilməsini, yaxud Cavabdeh tərəfindən öz borclarına görə həyata keçirilməsinə dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hal cavabdehin xeyrinə qiymətləndirilməli və bu ödənişlərin cavabdeh tərəfindən öz borcuna görə həyata keçirilməsi kimi qəbul edilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qəbul edilən 8,610 manat borcdan 5,340 manat ödənilməsi təsdiqini tapdığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, 3,260 manat borc və ödənilmiş dövlət rüsumundan təmin edilən məbləğə mütənasib 52.60 manat Cavabdeh tutularaq İddiaçı ASC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq,
Qət etdi:
İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-89/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilməklə Cavabdeh 3,260 manat, ödənilmiş dövlət rüsumuna görə 52.60 manat, ümumi 3,312 (üç min üç yüz on iki) manat 60 (altmış) qəpik məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.