Məhkəmə qərarları › İş №2-2(104)-170/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-170/2024

13.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-170/2024 13.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü ci il tarixli, e-2-2(115)-53/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 08.12.2022-ci il tarixli, ******* nömrəli abonent saldosundan görünür ki, X1 2023-cü ilə qalıq və aktlar üzrə borcu 2700 manat təşkil etmişdir.

2. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, X3 məxsus sayğaca ümumi baxış keçirilmiş və istilik nəticəsində sayğacın plasmas qapağı, hesablama mexanizmi zavod nömrə olan gövdəsi üst hissədən menbiran hərəkətə gətirən qolları və çıxış plasmas borusu ərimiş, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın sərfini qeyd etmir.

3. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X3 məxsus G-6 markalı qaz satğacının maksimal qaz sərfi 10 kubmetr orta günlük iş rejimi 12 saat və hesab müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, dəymiş ziyan 10800 kubmetr müəyyən edilmişdir.

4. 11.05.2023-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, X3 məxsus sayğac göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin daxil olması, habelə kütləvi informasiya vasitələrinə məlumatların yayılması plandankənar yoxlamanın təyin edilməsi üçün əsasdır.

5. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 vərəsəsi İddiaçıdur və miras əmlakdan tam hissədə miras almalıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib olunmuş aktın ləğv olunması və onun əsasında yazılmış 2700 manat 80 qəpik məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh idarənin əməkdaşları mərhum atasının istifadəsində olan, uzun müddətdir ki, işləməyən yeməkxanaya gələrək qaz sayğacına baxış keçirtmişdir. Baxış zamanı həmin yeməkxanada olan qaz sayğacının işləmədiyini biliblər, lakin, daha sonra məlum olmuşdur ki, 2700 manat 80 qəpik məbləğində ona cərimə yazılmışdır. Həmin vaxtı yeməkxanın qaz pulu borcu olmamışdır. Cərimə yazılan zaman ona heç bir akt təqdim olunmamışdır. Onda yalnız bildiriş, xəbərdarlıq mövcuddur. Qaz idarəsinin əməkdaşı onun yaşadığı evə gələrək yeməkxanada olan qaz sayğacına 2700 manat 80 qəpik məbləğində qaz pulu borcu olduğunu demişdir. O, həmin ödəniş ilə tamamilə razı deyil. Bununla bağlı Cavabdeh ASC-nin Tovuz idarəsinə müraciət etmişdir. Onlardan cərimənin yazılmasına səbəb olmuş tərtib olunmuş aktı tələb etmişdir ki, hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etsin. Onun heç bir zaman qaz pulu borcu olmamışdır. Hazırda ona qanunsuz və əsassız olaraq 2700 manat 80 qəpik məbləğində qaz pulu yazılmışdır. Əlavə olaraq bildirir ki, cərimə yazılmış olan yeməkxana işləmir, bundan əvvəl işlədiyi zamanlarda isə o, hər ay qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Bu barədə müvafiq sübutları vardır. Yazılmış həmin saxta və əsassız ödənişi ödəməyə maddi imkanı yoxdur. Qaz sayğacına heç bir müdaxilə etməmişdir. Qaz pulu borcunun olmamasına dair sübutları var. Bu qədər qaz pulu ödənişinin gəlməsi ağıla batan deyil, çünki o, hər ay qaz pulunun ödənişini ödəmiş və orda işləməyən yeməkxana olmuşdur. Odur ki, akt əsasında yazılmış cərimə silinməlidir.

8. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-53/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tərtib olunmuş aktın və onun əsasında yazılmış cərimənin silinməsi tələbinə dair iş üzrə icraata tərtib olunmuş aktın silinməsi hissəsində xitam verilmişdir.

9. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, qaz sayğacı obyektin çölündə yerləşir. Qaz sayğacının yandığını gördükdən sonra məlum olub ki, qaz sayğacını düzəldərkən naqili yaxşı bağlamadıqlarından belə bir hal yaranıbdır. Sayğacı düzəldəcəklərini ona bildiriblər. Sayğacın təmir olunması üçün yerinə müvəqqəti olaraq başqa sayğac yerləşdirmişlər. Sayğac yeməkxanaya xidmət edir. Yeməkxana və qaz sayğacı barədə müqavilə mərhum atasının adınadır. Həmin müqaviləni məhkəməyə təqdim edəcəklər. Vərəsəlik məsələsi barədə 6 ay ərzində onlara məlumat verəcəklərini bildiriblər. O, hal-hazırda qazdan istifadə etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

10. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü ci il tarixli, e-2-2(115)-53/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü və Mülki Prosessual Məcəllənin 50.1, 50.2, 50.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü ci il tarixli, e-2-2(115)-53/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, onun hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququ yoxdur. Çünki qaz alğı-satqısı onun atası ilə cavabdeh təşkilat arasında bağlanmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, o, atasının vərəsəsidir. Bunu sübut etmək üçün qanun üzrə vərəsəlik şəhadətnaməsini məhkəməyə təqdim etsə də, məhkəmə bunu nəzərə almamışdır. Həmçinin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mərhum atasına məxsus olan iaşə obyekti kəndin kənarıda yerləşməklə onun ətrafında əkin sahələri mövcuddur. İaşə obyektinə quraşdırılmış qaz sayğacı isə obyektdən kifayət qədər aralı məsafədə yerləşir. Yəni, qaz sayğacına onlar tərəfindən hər hansı müdaxilə olmamışdır. Qaz sayğacının yararsız vəziyyətə düşməsinə səbəb təbii fəlakət olmuşdur. Məhkəmə isə işin bu halına hüquqi qiymət verməmişdir. Hansı ki, bununla bağlı Tovuz rayon İcra Hakimiyyəti Başçısının Fövəladə Hallar Komissiyasının xx.xx.2023-cü il tarixli arayışı mövcuddur. Həmin arayışda isə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Tovuz rayonu ərazisində güclü küləyin əsməsi ilə Alakol kənd sakini X3 məxsus iaşə obyektinin həyətindəki ağacın budağı qırılaraq qaz sayğacının üzərinə düşmüş və nəticəsində sayğac sıradan çıxmışdır. Göründüyü kimi, qeyd olunan qaz sayğacının zədələnərək yararsız vəziyyətə düşməsində hər hansı təqsirləri yoxdur. Lakin məhkəmə tərəfindən bütün bu hallar araşdırılmamış və nəticədə qeyd olunan qanunsuz və əsassız qərar qəbul edilmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat a) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü ci il tarixli, e-2-2(115)-53/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı mərhum atasının vərəsəsidir, bununla bağlı vərəsəlik şəhadətnaməsi almışdır. Sayğacın sıradan çıxaması səbəb isə təbii hadisə nəticəsində ağacın qırılması və sayğacın üzərinə duşməsi olmuşdur.

16. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Konstitusiyası Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 73. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.1. Mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Maddə 19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. - mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097 - mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

19. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun Maddə 3. İstehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Maddə 14.1 Bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

21. “Qazdan istifadə Qaydaları” Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Bənd 3.1.5. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli olması qaz pylayıcısının vəzifəsidir. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilən xüsusatları araşdıraraq, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

28. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələblə məhkəməyə müraiət etmək üçün subyektiv hüququnun olmaması qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 vərəsəsi İddiaçıdur və miras əmlakdan tam hissədə miras almalıdır. Göründüyü kimi, İddiaçı atası X1 vərəsəsi kimi tanınmışdır. Sayğacın quraşdırıldığı qeyri-yaşayış sahəsi iddiaçıya atasından qalmış miras əmlaka aid olduğundan onun hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur.

29. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə qeyd edir ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, X3 məxsus sayğaca ümumi baxış keçirilmiş və istilik nəticəsində sayğacın plasmas qapağı, hesablama mexanizmi zavod nömrə olan gövdəsi üst hissədən menbiran hərəkətə gətirən qolları və çıxış plasmas borusu ərimiş, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın sərfini qeyd etmədiyi müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamə ilə, X3 məxsus G-6 markalı qaz satğacının maksimal qaz sərfi 10 kubmetr orta günlük iş rejimi 12 saat və hesab müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, dəymiş ziyan 10800 kubmetr müəyyən edilmişdir.

30. İddiaçı apellyasiya şikayətinin dəlillərində sayğacın zədələnməsinə səbəb kimi güclü küləyin əsməsi zamanı ağacın qırılaraq onun üzərinə düşməsini qeyd etsə də, bununla bağlı zəruri sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən bu halın mövcudluğunu təsdiq edən Tovuz rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli arayışı sübut kimi məhkəməyə təqdim edilmişdir. Lakin iş materiallarında hadisənin baş verməsini və məhz bu halın nəticəsində sayğacın zədələnməsini təsdiq edən yerli qurumların, o, cümlədən cavabdehin yerli strukturunun nümayəndələrinin iştirakı ilə müvafiq aktın tərtib edilməsi müəyyən edilmir. Səlahiyyətli orqanların nümayəndələrinin iştirakı ilə baş vermiş hadisə və onun nəticələrinin rəsmiləşdirildiyi akt tərtib edilməli və akt onun tərtib edilməsində iştirak edən şəxslər tərəfindən imzalanmalıdır.

31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində küləyin əsməsi zamanı ağacın qırılaraq onun üzərinə düşməsini və bunun nəticəsində sayğacın zədələndiyini qeyd etsə, birinci instansiya məhkəməsindəki icraat zamanı tamamilə fərqli dəlil irəli sürərək, sayğacın yanmasını qaz sayğacını düzəldərkən naqilin yaxşı bağlamadıqları ilə izah etmişdir.

32. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşığıdı halda, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Belə olan halda sahibkarlıq subyektində sayğacın yerləşmə yerindən aslı olmayaraq onun işlək vəziyyətdə olması, sazlığının təmin edilməsi, müvafiq örtüklə örtülməsi hüquqi şəxslərin və ya hüquqi şəxsi yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin üzərinə düşür.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası iddia tələbinin dəlillərini əsaslı hesab etmir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378- 382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-53/2024 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar