Məhkəmə qərarları › İş №2-2(104)-197/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-197/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-197/2023 01.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh İstehsalat Ticarət Firmasına qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-348/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh İstehsalat Ticarət Firmasına qarşı borc tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İstehsalat Ticarət Firmasından 48262.78 manat məbləğində pulun və ödənilmiş 235 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-348/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməməsi, ödənilmiş 235 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(115)-348/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırmışdır ki, 28 aprel 2021-ci il tarixli sifarişçi Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov tərəfindən, Bakı şəhəri, Maştağa qəsəbəsinin 576 mənzilin mətbəx mebelinin hazırlanıb, quraşdırılması, 100 nəfərlik bağçanın mebellərinin quraşdırılması, inzibati binanın mebellərinin quraşdırılması, bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarı və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi üçün "xxxx" MMC-nin direktoru R.V.Aslanovla müqavilə bağlanmışdır. Müqavilənin ayrılmaz hissəsi olan xx.xx.2021-ci il tarixli spesifikasiya № 01 və 02/05-ə uyğun olaraq siyahıda göstərilən bütün avadanlıqlar vaxtlı-vaxtında keyfiyyətli şəkildə quraşdırılmışdır. İşlər görüldüyü zaman mətbəx mebellərinin rəflərinin artırılması barədə sifarişçi Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov tərəfindən yenidən sifariş verildi və spesifikasiya 02/05 əlavə edilərək ümumi məbləğidən əlavə olaraq 15999.48 manatda ödəməli olduğuna dair razılaşdılar. Lakin sifarişçi adlandırılan Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov tərəfindən ödənilməli olan məbləğ tam olaraq ödənilməmiş və hazırda borcu qalmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə 20000 manat, xx.xx.2021-ci il tarixdə 30000 manat, xx.xx.2021-ci il tarixdə 10000 manat, xx.xx.2021-ci il tarixdə 25000 manat, xx.xx.2021-ci il tarixdə 35085.20 manat, xx.xx.2021-ci il tarixdə 17002.70 manat, xx.xx.2021-ci il tarixdə 2902.90 manat, xx.xx.2021-ci il tarixdə 29858.40 manat və xx.xx.2022-ci il tarixdə 14929.20 manat məbləği ödənilmişdir. Qurşadırılan və yerləşdirilən mebellərin ümumi dəyəri 214541.70 manat, əlavə rəflərin quraşdırlmasına (spesifikasiya 02/05) 15999.48 manat, ümumilikdə 230541.18 manat təşkil etdiyi halda ona ödəniş olaraq bugünə kimi cəmi 184778.40 manat ödəniş edilmiş, qalıq qalan 45762.78 manat məbləği isə bu günə kimi ödənilməmişdir. Hər dəfə müxtəlif bəhanələrlə, guya malları verdiyi şirkətdən, pulları tam olaraq ala bilmədiyi səbəbindən ona olan borcunu ödəyə bilmir, aldığı zaman isə tezliklə qalıq qalan məbləği ödəyəcəyinə yalandan vəd versə də, heç bir ödəniş edilməmişdir. Bundan başqa 20 may 2021-ci il tarixdə sifarişçi Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov tərəfindən “Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəza çəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsi”-nə müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkibi olan cədvəldə (spefisifikasiya № 01/07) adları, miqdarları və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi barədə "xxxx" MMC ilə müqavilə bağlanmışdır. Spesifikasiyaya uyğun olaraq mallar göstərilən ünvanda vaxtlıvaxtında keyfiyyətli şəkildə yerləşdirilərək quraşdırılmışdır. Belə ki, quraşdırılmış mebellərin ümumi dəyəri 8725.00 manat məbləğinə razılaşmalarına baxmayaraq ona xx.xx.2021-ci il tarixdə 6225 manat məbləğində ödəniş etmiş, qalıq qalan 2500 manat məbləği isə yaxın günlərdə ödəyəcəyinə vəd versə də, bu günə kimi ödəniş olunmamışdır. Belə ki, Cavabdeh İstehsalat Ticarət Firmasının ümumilikdə ona 48262.78 manat borcu qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 28 aprel 2021-ci il tarixdə sifarişçi Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov ilə Bakı şəhəri, Maştağa qəsəbəsində 576 mənzilin mətbəx mebelinin hazırlanıb, quraşdırılması, 100 nəfərlik bağçanın mebellərinin quraşdırılması, inzibati binanın mebellərinin quraşdırılmasına dair razılığa gəlmişlər. Hansısa səbəbdən sifarişçi Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov 576 deyil 441 mənzilə mebellərin quraşdırılmasının zərurət olduğunu bildirdi. Buna uyğun olaraq xx.xx.2021-ci il tarixli spesifikasiya № 1 müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarı və dəyərləri göstərilən mebel, avadanlıqların alınaraq təchiz edilməsi üzrə "xxxx" MMC-nin direktoru R.V.Aslanovla müqavilə bağlanmışdır. Müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarı və dəyərləri göstərilən mebel, avadanlıqların alınaraq təchiz edilməsinin məbləği 214541.70 (ədv 18% daxil olmaqla 253.159.21) manat təşkil etmişdir. Bundan başqa müqavilənin ayrılmaz hissəsi olan xx.xx.2021-ci il tarixli spesifikasiya № 01 və 02/05-ə uyğun olaraq siyahıda göstərilən bütün avadanlıqlar vaxtlı-vaxtında keyfiyyətli şəkildə tərəflərindən quraşdırılmışdır. İşlər görüldüyü zaman mətbəx mebellərinin rəflərinin artırılması barədə sifarişçi Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov tərəfindən yenidən sifariş verilmişdir və Spesifikasiya 02/05 əlavə edilərək ümumi məbləğdən əlavə olaraq 15999.48 (ədv 18% daxil 18.879,39) manat ödəməli olduğuna dair razılaşmışlar. Bundan başqa 20 may 2021-ci il tarixdə sifarişçi Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru M.H.Məmmədov tərəfindən “Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəza çəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsi”-nə müqaviləyə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkibi olan cədvəldə (spefisifikasiya № 01/07) adları, miqdarları və dəyərləri göstərilən mebel və avadanlıqların aılnaraq təchiz edilməsi barədə "xxxx" MMC ilə müqavilə bağlanmışdır. Spesifikasiyaya uyğun olaraq mallar göstərilən ünvanda vaxtlı-vaxtında keyfiyyətli şəkildə yerləşdirilərək quraşdırılmışdır. Belə ki, quraşdırılmış mebellərin ümumi dəyəri 8725.00 (ədv daxil 10295) manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixli müqaviləyə uyğun olaraq qeyd edilən bütün mebellər vaxtlıvaxtında sifariş verilən ünvana yəni "xxxx" MMC-yə quraşdırılmışdır. Lakin bütün mebellər quraşdırılmağına baxmayaraq ödəniş olaraq ödənilməli 214541.70 (ədv 18% daxil olmaqla 253.159.21) + 15999.48 (ədv 18% daxil 18.879,39) məbləğlərdən cəmi 184778.40 (ədv daxil 218038.5) manat ödəniş edilmiş, qalıq qalan 45762.78 (ədv daxil 54000) manat məbləği isə bu günə kimi ödənilməmişdir. Hər dəfə müxtəlif bəhanələr edərək, guya malları verdiyi şirkətdən, pulları tam olaraq ala bilmədiyi səbəbindən ona olan borcunu ödəyə bilmir, aldığı zaman isə tezliklə qalıq qalan məbləği ödəyəcəyinə yalandan vəd versə də, bu günə kimi heç bir ödəniş etməmişdir. 20 may 2021-ci il tarixli müqavilədən isə Spesifikasiyaya uyğun olaraq mallar göstərilən ünvana vaxtlı-vaxtında keyfiyyətli şəkildə yerləşdirilməsinə baxmayaraq mebellərin ümumi dəyəri 8725.00 (ədv daxil 10295) manat təşkil etdiyi halda 6225 (ədv daxil 7345,5) manat məbləğində ödəniş etmiş, qalıq qalan 2500 (ədv daxil 2950) manat məbləği isə yaxın günlərdə ödəyəcəyinə vəd versə də, bu günə kimi ödəniş etməmişdir. Hətta cavabdeh tərəfindən sistemə yerləşdirilmiş müqavilənin üzərində verilməyən malların üzərində “-” işarəsi ilə işarələdiyi malların guya verilməyən malların dəyəri 2750 manat təşkil edir. Həmin malları da, "xxxx" MMC-yə quraşdıran iddiaçı tərəfdən ustalar və fəhlələr malları quraşdırarkən şəkilləri çəkərək onun Whatshap vasitəsi ilə telefonuna göndərmişlər. Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru guya müqavilədə qeyd edilən malların bəzilərinin quraşdırılmamasına istinad edərək qalıq qalan pulu ödəməyəcəyini bildirmişdir. Bu səbəbdən mebellərin quraşdırıldığı "xxxx" MMC-yə” vəkil tərəfindən verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, müqavilə üzrə öhdəliklər tam icra olunaraq mal və avadanlıqlar tələb edilən keyfiyyətdə və qüsursuz şəkildə təchiz edilərək quraşdırılmış və müqavilə dəyəri "xxxx" MMC tərəfindən tam olaraq Cavabdeh İstehsalat Ticarət Firmasına ödənilmişdir. Əgər cavabdeh onunla bağlanmış müqavilədə qeyd edilən malların bir qismini başqa şəxslərə düzəltdirmişsə, o halda həmin malların düzəltdirilməsinə dair elektron qaimələri təqdim etməli idi. Hazırda mebelləri quraşdırmış ustalar və fəhlələr ondan işlədikləri işin pulunu tələb edirlər. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş olsa da. xx.xx.2023-cü il tarixə saat 16:00-a təyin edilmiş iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-348/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəza çəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsinin mebel və avadanlıqlarla təchiz edilməsi barədə müqaviləyə əsasən malların ümumi dəyəri olan 8725.00 manatdan 2500 manat pulun cavabdeh tərəfindən nağd şəkildə ödənilməsini qəbul edirlər. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verdi, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-348/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərmişdir ki, o, uzun müddətdir ki, mebel məhsullarının hazırlanması ilə məşğul olur və əvvəllər vergi ödəyicisi olmaqla fiziki şəxs kimi fəaliyyət göstərmişdir. Cavabdeh İstehsal Ticarət Firmasının direktoru X4 ilə 2008-ci ildən tanışdır və həmin vaxtdan da ondan qəbul etdiyi sifarişlər üzrə işlər görmüş, aralarında heç bir vaxt ciddi narazılıq olmamış, əksinə biri-birinə qarşılıqlı inam və etimadları olmuşdur. Belə ki, cavabdeh görülmüş işlərin dəyərini bəzən yubatmış olsa da, müəyyən danışıqlardan sonra həmin qalıq borcunu ödəmiş və ona yeni sifarişlər vermişdir. O cümlədən əvvəlki işlərin dəyərindən borclu qalmış olduğu 20.000 manat pulu xx.xx.2021-ci il tarixdə ödəmişdir. 2021-ci ildə cavabdehlə müvafiq müqavilələri bağlamamışdan əvvəl Mirdamət Məmmədov bu kimi müqavilələrin yalnız hüquqi şəxslə bağlanmasının mümkün olduğunu bildirmiş və elə onun məsləhəti və köməklyi ilə direktoru olduğu "xxxx" MMC-ni yaratmışdır. Elektron-qaimə göndərilməsinin qaydasını da ona elə Mirdamət Məmmədov izah etmişdir. O, cavabdehdən aldığı sifariş üzrə işləri tam şəkildə görmüş olsa da, cavabdeh gördüyü işlərin dəyərini hesabında pul olmadığını deyərək tam ödəməmişdir. Gördüyü işlərin bir hissəsi ilə bağlı elektron-qaiməni gec göndərməsinin səbəbi də elə cavabdeh tərəf olmuşdur. Belə ki, Mirdamət Məmmədov ona demişdir ki, təhvil verilmiş işlərin dəyəri ona tam ödənilməmişdir. Həmin işlərin qalıq dəyəri sifarişçi tərəfindən ödənilib hesabına pul daxil olan kimi ona məlumat verəcək və o da gördüyü işlərin qalıq dəyərinin ödənilməsi üçün cavabdehə elektron qaimə göndərəcəkdir. Lakin cavabdeh borcun ödənilməsini yubatdığına görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəməyə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, cavabdehin sifarişi qəbul etdiyi şirkət görülmüş işlərin bütün dəyərini cavabdehə ödəmişdir. Ona görə də o, cavabdeh tərəfə ödənilməmiş işlərlə bağlı elektron qaimə göndərmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-348/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış müqavilələrə əsasən 441 mənzilə mətbəx mebellərinin quraşdırılması, cəzaçəkmə müəssisəsində mebellərin yığılması və digər işlər iddiaçıya tapşırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilədə nəzərdə tutulan işlərini tam başa çatdırmamışdır. O, bəzi avadanlıqları başqa şirkətdən alaraq işi "xxxx" MMC-yə təhvil vermişdir. İddiaçı tərəfindən görülən bütün işlərin pulu ödənilmişdir. Cəzaçəkmə müəssisəsinə mebellərin yığılması ilə əlaqədar nağd şəkildə iddiaçıya 2500 manat vermişdir. Qalan 6225 manat məbləği isə elektron qaydada ödəniş etmişdir. 441 mənzilə mətbəx mebellərinin quraşdırılması ilə bağlı dəyişiklik edildiyi üçün əlavə ödəniş edilməməlidir. Belə ki, mətbəx mebeli ilə bağlı paqon metr üzrə razılığa gəlinmişdir. Mebelin metrini dəyişmədən hər hansı dəyişiklik edilməsinə görə ödəniş tələb olunmur. Müqavilələri bağlamamışdan əvvəl iddiaçıya 20.000 manat pulu nağd vermişdir. Sonra 50.000 manat elektron qaydada ödəniş etmişdir. Ödənişləri ilə bağlı elektron qaimələr mövcuddur. İddiaçı MMC-nin işçisi olmuş və həmin vaxt işdən azad olmuş Qəzənfər adlı şəxs uşaq bağçasında iddiaçının tamamlamadığı işi görmüşdür. O, Qəzənfərə nağd ödəniş etmişdir. Məhkəməyə təqdim etdiyi sənədlərin içərisində olan xx.xx.2021-ci il tarixli 01 nömrəli spesifikasiyada işarələdiyi mallar iddiaçı tərəfindən təhvil verilməmişdir. Ona görə də iddiaçı tərəfindən hazırda tələb edilən pul məbləğini ödəməmişdir. İddiaçı elektron qaiməni işi təqdim etdiyi vaxtdan beş gün müddətində göndərməli olduğu halda, iddia ərizəsi məhkənin icraatında olduğu müddətdə göndərmişdir ki, bu da qanuni hesab edilə bilməz. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, tərəfləri tanıyır, onlarla düşmənçiliyi, ədavəti və qohumluq əlaqələri yoxdur. "xxxx" MMC-də işləyərkən bağça mebellərinin yığılmasında, təhvil verilməsində iştirak etmişdir. Mebelləri təhvil verərkən hər hansı çatışmazlığın olduğu bildirilməmişdir. İşdən çıxdığı vaxt Mirdamət Məmmədovun sifarişi ilə bağçadakı bir otağın mebelini o yığmışdır. Həmin otaq üçün 4 ədəd dairəvi stol, onun 24 ədəd stulu, 1 ədəd müəllim masası, 3 ədəd şkaf yığmışdır. Materiallar özündən olmaqla mebelin qiyməti cəmi 2300 manat təşkil etmişdir. Cavabdehin sifarişi ilə yığdığı mebelin cavabdehin iddiaçı "xxxx" MMC ilə bağlamış olduğu müqavilədə nəzərdə tutulmuş işlərə aidiyyəti yoxdur. İşdə olan xx.xx.2021-ci il tarixli 05 nömrəli müqavilədən görünür ki, sifarişçi «M+M” İstehsalat Ticarət Firması-nin sifarişinə əsasən “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin 576 mənzilin mətbəx mebelinin hazırlanıb quraşdırılması, 100 nəfərlik uşaq bağçasının mebellərinin quraşdırılması, inzibati binasının mebellərinin quraşdırılması” bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarları və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. Müqaviləyə əsasən alınacaq avadanlıq və materialların ümumi dəyəri ƏDV daxil olmaqla 253159.21 manat təşkil edir. Həmin müqaviləyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 01 nömrəli spesifikasiyadan görünür ki, cədvəldə ayrı-ayrılıqda adları, miqdarları və dəyərləri göstərilən malların ümümi dəyəri 214541.70 manat (38617.51 manat 18% ƏDV daxil olmaqla cəmi 253159.21 manat) təşkil edir. Həmin müqaviləyə əlavə olunmuş 02/05 nömrəli spesifikasiyaya əsasən 441 mənzilin mətbəx mebelinin artırılması üçün 15999.48 manat (2879.91 manat 18% ƏDV daxil olmaqla cəmi 18879.39 manat) məbləğ barədə razılıq əldə edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli 07 nömrəli müqavilədən görünür ki, «M+M” İstehsalat Ticarət Firması-nin sifarişinə əsasən Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəza çəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsi”-nə bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarı və dəyərləri göstərilən mebel və avadanlıqların alınaraq təchiz edilməsi "xxxx" MMC tərəfindən yerinə yetirilməlidir. Qeyd olunan müqaviləyə əlavə edilmiş 01/07 nömrəli spesifikasiyadan görünür ki, cədvəldə ayrı-ayrılıqda adları, miqdarları və dəyərləri göstərilən malların ümumi dəyəri 8725 manat (1570.5 manat 18 % ƏDV daxil olmaqla cəmi 10295.50 manat) təşkil edir. İşdə olan elektron qaimələrdən görünür ki, 14929.2 manat (2687.26 manat 18 % ƏDV daxil olmaqla cəmi 17616.46 manat), 17002.7 manat (3060.49 manat 18 % ƏDV daxil olmaqla cəmi 20063.19 manat), 6225 manat (1120.05 manat 18 % ƏDV daxil olmaqla cəmi 7345.5 manat), 50000.9 manat (9000.16 manat 18 % ƏDV daxil olmaqla cəmi 59001.06 manat), 2902.9 manat (522.52 manat 18 % ƏDV daxil olmaqla cəmi 3425,42 manat), 50178.7 manat (9032.17 manat 18 % ƏDV daxil olmaqla cəmi 59210.87 manat), 19905.6 manat (3583.01 manat 18 % ƏDV daxil olmaqla cəmi 23488.61 manat), 29858.4 manat (5374.51 manat 18 % ƏDV daxil olmaqla cəmi 35232.91 manat), (ümumilikdə 191003,4 manat ƏDV xaric, 225384,02 manat ƏDV daxil) məbləğində işlər görülmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli elektron qaimədən görünür ki, 35146.65 manat (malların qiyməti 29785.3 manat və ödənilməli olan ƏDV məbləği 5361.35 manat), xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş elektron qaimədən görünür ki, 18879.39 manat (malların qiyməti 15999.48 manat və ödənilməli olan ƏDV məbləği 2879.91 manat), xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş elektron qaimədən görünür ki, 2950 manat (malların qiyməti 2500 manat və ödənilməli olan ƏDV məbləği 450 manat) məbləğində (ümumilikdə 48284.78 manat ƏDV xaric, 56976,04 manat ƏDV ilə) mal təhvil verilmiş və işlər görülmüşdür. İşdə olan ödəniş cədvəllərindən görünür ki, «M+M” İstehsalat Ticarət Firması tərəfindən xx.xx.2021-ci il tarixdə 20000 manat, xx.xx.2021-ci ildə 30000 manat, xx.xx.2021-ci il tarixdə 10000 və 6225 manat, xx.xx.2021-ci il tarixdə 25000 manat, xx.xx.2021-ci ildə 35085.20 manat, xx.xx.2021-ci il tarixdə 17002.70 manat, xx.xx.2021-ci ildə 2902.90 manat, xx.xx.2021-ci ildə 29858.40 manat xx.xx.2022-ci il tarixdə 14929.20 manat, cəmi 191 003,4 manat "xxxx" MMC-nin bank hesabına ödəniş edilmişdir. İşdə olan əl yazısı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 xx.xx.2021-ci il tarixli 07 nömrəli müqavilə üzrə 8725 manat məbləğdən 2500 manatı aldığını, qalıq borcun 6225 manat olduğunu qeyd etmişdir. İşdə olan əl yazısı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 xx.xx.2021-ci il tarixdə 20000 manat aldığını qeyd etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 03 nömrəli müqavilədən görünür ki, sifarişçi "xxxx" MMC-nin sifarişinə əsasən “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin 576 mənzilin mətbəx mebelinin qaz peçi və aspirator ilə quraşdırılması, 100 nəfərlik uşaq bağçasının mebel və digər avadanlıqların, inzibati binasının mebellərinin yığılması” bu müqaviləyə əlavə olunmuş və müqavilənin ayrılmaz hissəsi hesab olunan cədvəldə adları, miqdarları və dəyərləri göstərilən avadanlıqların istehsal olunaraq təchiz edilməsi «M+M” İstehsalat Ticarət Firması-yə həvalə edilmişdir. Həmin Müqavilənin 6.2-ci bəndinə görə müqavilə üzrə qəbul edilmiş öhdəliklər “İcraçı” tərəfindən üçüncü tərəfə tapşırılırsa, müqavilənin yerinə yetirilməsi üçün məsuliyyət “İcraçı”nın üzərinə düşür. xx.xx.2022-ci il tarixli 02095 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası zamanı İddiaçı MMC tərəfindən 200 manat mediasiya xərci ödənilmişdir. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil sorğusuna əsasən "xxxx" MMC-nin direktoru Musa Musayevin xx.xx.2023-cü il tarixli 109/23 saylı məktubunda göstərilir ki, 10 mart 2023-cü il tarixli məktubunuza cavab olaraq bildiririk ki, "xxxx" MMC ilə Cavabdeh İstehsalat Ticarət Firması arasında “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Pirşağı yolu, 3-cü km, 1-ci küçə, 9 ünvanında inşa edilmiş yaşayış kompleksinin 576 mənzilinin mətbəx mebeli, qaz sobası və aspirator ilə; 100 nəfərlik uşaq bağçasının mebel və digər avadanlıqlarla; inzibati binasının mebellə təchiz edilməsi barədə xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilə üzrə öhdəliklər Cavabdeh İstehsalat Ticarət Firması tərəfindən tam icra olunaraq mal və avadanlıqlar tələb edilən keyfiyyətdə və qüsursuz şəkildə təchiz edilərək quraşdırılmış və müqavilə üzrə dəyəri "xxxx" MMC tərəfindən tam olaraq Cavabdeh İstehsalat Ticarət Firmasına ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh İstehsalat Ticarət Firması xx.xx.2020-ci il tarixdə müqavilə bağlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin 576 mənzilinin mətbəx mebelinin qaz peçi və aspirator ilə quraşdırılması, 100 nəfərlik uşaq bağçasının mebel və digər avadanlıqların, inzibati binasının mebellərinin yığılması "xxxx" MMC tərəfindən Cavabdeh İstehsalat Ticarət Firmasına şifariş edilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliklərinin icrası ilə əlaqədar Cavabdeh İstehsalat Ticarət Firması xx.xx.2021-ci il tarixdə "xxxx" MMC ilə müqavilə bağlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin 576 mənzilin mətbəx mebelinin hazırlanıb quraşdırılması, 100 nəfərlik uşaq bağçasının mebellərinin quraşdırılması, inzibati binasının mebellərinin quraşdırılmasını sonuncuya sifariş etmişdir. Həmin müqaviləyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 01 nömrəli spesifikasiyaya əsasən quraşdırılmalı malların ümümi dəyəri 214541.70 manat müəyyən edilmişdir. Daha sonra həmin müqaviləyə əlavə edilmiş 02/05 nömrəli spesifikasiyaya əsasən mətbəx mebelinin rəflərinin artırılması üçün 15999.48 manat məbləğ barədə razılıq əldə edilmişdir. Cavabdeh İstehsalat Ticarət Firması ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən malların (işlərin) ümumi dəyəri 230541.18 manat təşkil etmişdir. İddiaçı tərəfin bildirdiyinə görə onlar müqavilə üzrə öhdəliklərini icra edib, müqavilədə nəzərdə tutulan bütün avadanlıqları quraşdırmasına baxmayaraq iş üzrə cavabdeh olan sifarişçi bütün ödənişləri həyata keçirməmiş, ayrı-ayrı vaxtlarda olmaqla cəmi 184778.40 manat ödəniş etmiş, qeyd olunan müqavilə üzrə onun 45762.78 manat borcu qalmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə Cavabdeh İstehsalat Ticarət Firması ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəza çəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsinin mebel və avadanlıqlarla təchiz edilməsi "xxxx" MMC-yə tapşırılmış, müqaviləyə əlavə edilmiş 01/07 nömrəli spesifikasiyaya əsasən malların ümumi dəyəri 8725 manat təşkil etmişdir. Şifarişçi həmin müqavilə üzrə 6225 manatı elektron qaydada həyata keçirmiş, 2500 manatı isə nağd şəkildə icraçıya ödəniş etmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi tərəflər arasında podrat münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur (MM-in 753.1-ci maddəsi). Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır (MM-in 753.2-ci maddəsi). Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur (MM-in 755-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbində və apellyasiya şikayətində göstərilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh İstehsalat Ticarət Firması arasında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ikitərəfli müqavilə bağlanmış, hər bir tərəf öz üzərinə qarşılıqlı öhdəlik götürmüşdür. Müqavilələrə əsasən onlar üzərinə müqavilədə nəzərdə tutulan işi icra etməyi, digər tərəf isə görülən işin haqqını ödəməyi götürmüşlər. Onlar tərəfindən müqaviləyə əməl edilərək işlər icra edilmiş, lakin müqavilənin digər tərəfi, hazırkı iş üzrə cavabdeh ödəniləcək pul məbləğini tam şəkildə həyata keçirməmişdir. Hazırda cavabdeh MMC-nin onlara ödənilməmiş 48262.78 manat borcu vardır. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi Cavabdeh İstehsalat Ticarət Firması ilə "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixdə müqavilə bağlamış, icraçı "xxxx" MMC Cavabdeh İstehsalat Ticarət Firmasının sifarişinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin 576 mənzilli binaların 441 mənzilinin mətbəx mebelinin hazırlanıb quraşdırılması, 100 nəfərlik uşaq bağçasının mebellərinin quraşdırılması, inzibati binasının mebellərinin quraşdırılmasını öhdəsinə götürmüşdür. Tərəflər arasında həmin müqaviləyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 01 nömrəli və 02/05 nömrəli spesifikasiyalara əsasən avadanlıqların ümumi dəyəri 230541.18 manat müəyyən edilmişdir. İşdə olan elektron qaimələrdən də göründüyü kimi "xxxx" MMC tərəfindən spesifikasiyalarda qeyd olunan adları, miqdarları və dəyərləri göstərilən avadanlıqlar sonuncu tərəfindən müqavilədə nəzərdə tutulan qaydada quraşdırılmış, öz öhdəliyini tam şəkildə icra etmişdir. Ödəniş cədvəllərinə əsasən Cavabdeh İstehsalat Ticarət Firması isə 230541.18 manat ödəməli olduğu halda cəmi olaraq 184778.40 manat ödəniş etmiş, ödənilməmiş 45762.78 manat borcu qalmışdır. Cavabdeh tərəfindən iddiaçı MMC-nin direktoruna nağd şəkildə 20.000 manat ödənilməsi barədə əl yazısı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən isə göründüyü kimi həmin ödəniş hazırkı müqavilə bağlanmazdan əvvəl verilmiş və həmin ödənişin bu müqaviləyə aidiyyəti yoxdur. Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru Mirdamət Məmmədov həqiqətən də iddiaçının tələb etdiyi məbləği ödəmədiyini göstərmiş, bunun səbəbini isə "xxxx" MMC tərəfindən müqavilədə nəzərdə tutulan işlərin tam şəkildə icra etməməsi ilə izah etmiş, həmin malların məhkəməyə təqdim etdiyi sənədlərin içərisində olan xx.xx.2021-ci il tarixli 01 nömrəli spesifikasiyada işarələdiyini bildirmiş, həmçinin göstərilən natamamlıqların başqa şəxslər və şirkətlər tərəfindən yerinə yetirildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin bu tələbi ilə razılaşmır. Belə ki, əvvəla Cavabdeh İstehsalat Ticarət Firmasının direktoru Mirdamət Məmmədov natamamlıqların başqa şəxslər və şirkətlər tərəfindən yerinə yetirilməsi barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. İkincisi isə cavabdehin təklifinə əsasən məhkəmə iclasına şahid kimi çağırılaraq dindirilmiş X1 Məmmədovun qeyd etdiklərini təkzib etmişdir. İlk sifarişçi olan "xxxx" MMC tərəfindən verilmiş məktubdan isə görünür ki, tərəflərindən sifariş edilmiş işlər Cavabdeh İstehsalat Ticarət Firması tərəfindən tam şəkildə icra edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMCnin iddia və apellyasiya tələbində irəli sürdüyü dəlil bu hissədə əsaslıdır və təmin edilməlidir, yəni xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş qalan 45762.78 manat məbləğində pul Cavabdeh İstehsalat Ticarət Firmasından iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh İstehsalat Ticarət Firması ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış müqaviləyə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasındakı razılığa əsasən Zabrat qəsəbəsində 350 nəfərlik qadınlar üçün cəza çəkmə və 150 nəfərlik yetkinlik yaşına çatmayan şəxslər üçün təlim tərbiyə müəssisəsinin mebel və avadanlıqlarla təchiz edilməsi "xxxx" MMC-yə tapşırılmış və həmin müqavilə üzrə malların ümumi dəyəri 8725 manat təşkil etmişdir. Ödəniş cədvəlindən göründüyü kimi Cavabdeh İstehsalat Ticarət Firması tərəfindən 6225 manat "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Həmin müqavilə üzrə yerdə qalan 2500 manat isə əl yazısı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli qəbzə əsasən "xxxx" MMC-nin direktoru X6 nağd şəkildə verilmişdir. Qeyd olunan halı məhkəmə iclasında "xxxx" MMC-nin direktoru X7, onun nümayəndəsi və vəkili Vəkil da təsdiq etmişlər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2-2(115)-348/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 4.6-cı maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 23.4-cü və 22.1.5-ci maddələrinə əsasən mediator və ya mediasiya təşkilatı ilə tərəflər arasında münasibətlər mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə ilə tənzimlənir. Mediasiya prosesinin tətbiqi barədə müqavilə” yazılı şəkildə bağlanır və həmin müqavilədə mediasiya prosesi ilə əlaqədar xərclərin ödənilməsi şərtləri və qaydası göstərilir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Pul vəsaitinin alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Azərbaycan Respublikası MPM-in 107, 108.1.1, 112.1.1, 119.1-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi üzrə 235 manat dövlət rüsumu ödənilməlidir. İş materiallarından göründüyü kimi İddiaçı MMC tərəfindən 200 manat mediasiya xərci və 35 manat dövlət rüsumu olmaqla ümumilikdə 235 manat pul ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ümumilikdə ödənilmiş 235 manatın iddianın təmin edilmiş hissəsinə uyğun olan məbləği, yəni 228,50 manatı cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-348/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İstehsalat Ticarət Firmasından 45762,78 (qırx beş min yeddi yüz altmış iki manat 78 qəpik) manat məbləğində pul və ödənilmiş 228,50 manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Rəhman Muradov Afiq Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar