Məhkəmə qərarları › İş №2-2(104)-232/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-232/2023

03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-232/2023 03.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası- hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı Nümayəndəsi X1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Nümayəndə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2-2(115)-892/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı X4 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2669 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı evin həyətyanı sahəsində 5 ildir ki, istixana fəaliyyət göstərir. Daima olaraq istifadə etdiyi təbii qazın dəyərini tam ödəyib. Heç vaxt borcu olmamışdır. İstifadə olunan qaza nəzarət edən əməkdaş tərəfindən daima olaraq sayğaca və qurğuya nəzarət olunmuş, heç bir nöqsan aşkar edilməmişdir. 2023-cü ilin yanvar ayında, qızdırıcı xarab olmuş, bu səbəbdən qızdırıcını dəyişmişdir. Həmin vaxt qızdırıcı işləməmişdir. Qızdırıcını qurlaşdıran usta ona bildirmişdir ki, qazda təzyiq aşağıdı, bu səbəbdən işləmir. Buna görə də qaz idarəsinə zəng etmiş, qaz idarəsinin əməkdaşları isə bildirmişlər ki, bu qurğu sayğaca uyğun deyil, dəyişilməlidir. Buna görə də qurğunu dərhal dəyişmişdir. Bundan sonra qaz idarəsinin əməkdaşları bir aydan sonra işlətmədiyi qazın pulunu tələb etdiklərini bildirmişlər. Bundan başqa qaz idarəsinin məsul şəxsləri bir gün qaz sayğacına möhür vurulması nəticəsində onun istixanada becərilən məsula xeyli zərər vurublar. Bununla bağlı X9 İstismar İdarəsinə müraciət edərək işə kommisiyada baxaraq, borcun silinməsini xahiş etmiş, lakin heç bir nəticə verməmişdir. “Azərqaz” İB-nin vəzifəli şəxsləri qanunsuz olaraq ona sərf etmədiyi qazın məbləğini hesablamışlar. Buna görə də hesablanmış 2669 manat məbləğin silinməsi üçün məhkəməyə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2-2(115)- 892/2023saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən hesablanmış 2669 (iki min altı yüz altmış doqquz) manat borcun iddiaçı Nümayəndə abonent hesabından silinməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, Nümayəndə məxsus qeyri-yaşayış sahəsinə xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı sərfiyyat aşması aşkar edilmişdir. Sayğacın sərfiyyata uyğun quraşdırılması tələb olunaraq, itirilmiş qazın həcminin hesablanması və dəyərinin ödənilməsi qərara alınmışdır. 20 fevral 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, iddiaçınımn istixanasının mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 kubmetr saat olduğu halda qaz qurlğularının maksimal qaz sərfi 43,7 kubmetr saat olmuş, hesabat müddəti 30 gün nəzərə alınaraq, 12132 mkubmetr qaz sərfiyyatı hesablanmışdır (43.7–10=33.7x12x30 =12132 m3). Abonent saldosundan görünür ki, abonent Nümayəndə 2023-cü il üzrə qalıq və aktlara görə 2669,04 manat borcu qeyd edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 09 fevral 2023-cü il tarixli, KY231892525 saylı Çıxarışından görünür ki, sahibkarın plandankənar yoxlamanın aparılması barədə yoxlayaıcı orqana müraciət etməsi səbəbindən Nümayəndə məxsus istixnada yoxlama aparılması reyestrdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin iddiaçıya ünvanldığı 07 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, müraciətinə əsasən ona məxsus qeyri-yaşayış (istixana) sahəsinə baxış keçirilmiş və baxış zamanı istixananın qazlaşdırılması məqsədilə “Azəriqaz" İB tərəfindən verilmiş 5086 nömrəli, 26 oktyabr 2017-ci il tarixli texniki şərtə əsasən hazırlanmış TŞ 5086-2017-02797 nömrəli layihə-smeta sənədlərinə uyğun olaraq qaz xəttinin əvvəlində G-6 markalı, 28100075 nömrəli qaz sayğacının, istixanada isə saatlıq qaz sərfiyyatı 8,7 m3 olan “Alarko” tipli su qızdırıcı qazanın quraşdırıldığı müəyyən olunmuşdur. Dəymiş ziyanın hesablanması zamanı X9 İstismar İdarəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 3 nömrəli Əlavədə verilmiş qazın alqı-satqı müqaviləsinin 2.2.5-ci bəndinin tələbləri pozulmuşdur. Həmin qaydaların 3 nömrəli Əlavəsində verilmiş qazın alqı-satqı müqaviləsinin 2.2.5-ci bəndinə əsasən aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirməli və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilməlidir. Odur ki, tərəflərindən Cavabdeh İB-nin X9 İstismar idarəsinin Göygöl xidmət sahəsi üzrə rəis müavini X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsinə əsasən inzibati cərimə olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2-2(115)-892/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2-2(115)-892/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı Nümayəndə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qaz sayğacı sənaye tipli olduğundan istehlakçının Nümayəndə vəsaiti hesabına təmir və ya yenisi ilə əvəz edilməli olduğu halda yenisi ilə əvəzlənməsi üçün səy göstərməmişdir.Tərəflər arasında bağlanılmış müqavilə və texniki istismar sənədlərində nəzərdə tutulmuş cihazların maksimal sərfiyyatına uyğun qaz sayğacı quraşdırılmış, lakin sonradan avadanlıqlar dəyişdirilərək böyük həcimli avadanlıq quraşdırılmış, bununla bağlı təchizatçı orqana heç bir məlumat verilməmişdir. Lakin, bütün bunlara baxmayaraq istehlakçı bu barədə müqavilə tərəfi-paylayıcı orqana heç bir məlumat verməmiş qazdan bu cür qanunsuz istifadə etmişdir. Belə ki, layihə-smeta sənədlərində, abonentlə bağlanılmış AMX-8994/19 saylı, xx.xx.2019-cü il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 4.4-cü bəndində kombi 1 ədəd, PQ 3 qaz plitəsi 1 ədəd, PQ 6 qaz plitəsi 1 ədəd göstərilmişdir. Lakin, iddiaçı Qazdan istifadə qaydalarının, eyni zamanda tərəflər arasında bağlanılmış müqavilənin şərtlərini pozmuşdur. İddiaçının qeyd etdiyi kimi əvvəlki qaz işlədici avadanlıq xarab olduğundan yenisi ilə əvəzlənmış, lakin yeni alınmış və quraşdırılmış cihaz daha böyük olduğundan sərfiyyatı aşmış, bu da əlavə qaz sərfinə səbəb olmuşdur ki, istehlak edilən əlavə qaz sərfi qaz sayğacında qeydiyyata alınmamışdır. Təchizatçı orqana məlumat vermədən istehlakçıya qurğuların sayını artırmaq, azaltmaq və ya yerinin özbaşına dəyişmək qadağan olunmasına baxmayaraq, Nümayəndə buna məhəl qoymamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci ildə tərtib olunmuş ******* saylı aktda abonentin iştirakı ilə birgə ünvana müqavilə şərtlərinə əməl edilməsinin yoxlanılması məqsədilə baxış keçirilmiş və layihə-smeta sənədlərində göstərilmiş-qeyd edilmiş cihazlar yenisi ilə əvəz olunarkən əvvəlki cihazın sərfiyyat gücünə uyğun deyil, gücü daha çox olan istilik cihazı quraşdırmaqla qazdan istifadə olunmuşdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən əldə edilmiş çıxarışa əsasən, ünvanda aparılacaq yoxlama ilə bağlı əvvəlcədən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vahid məlumat reyestrində 09 fevral 2023-cü il tarixdə qeydə alınmış və KY231892525 saylı icazə əsasında istixanada qazdan istifadə qaydaları yoxlanılmışdır. Yoxlama zamanı əvvəlki xarab olmuş qızdırıcı cihaz yenisi ilə əvəz edilərkən xarab olmuş cihazın sərfiyyatına uyğun deyil ondan daha böyük cihaz quraşdırılmışdır. Bu səbəbdən də böyük qızdırıcının sərf etdiyi (sərfiyyatı aşdığı) qazın 12132 kubmetr hissəsi qeydə alınmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Nümayəndəsi X2 izahat verib bildirmişdir ki, həyətyanı sahəslərində qızına məxsus kiçik istixana mövcud olmuşdur ki, həmin istixanada göyərti məhsullarını becərməkdədir. 2023-cü ilin əvvəllərində istxananın qızdırıcı qazanında qüsur olmuş və işləməməmiş, buna görə də usta çağırmışdır. Usta qızdırıcını düzəlmtək üçün çıxarmış və yerinə bir günlük, 100 manat icarə haqqı ödəmək şərti ilə müvəqqəti qızdırıcı qoymuşdur. Onun su qızıdırcı qurğunu dəyişməmiş, sadəcə olaraq su qızıdırıcı qazanı bir günlük təmir üçün çıxardırmışdır. Yeni quraşdırılan qazan isə istilik verməmiş, sonradan başa düşmüşdür ki, həmin qazanın tutumu çox olduğundan və ya qazın təzyiqinin aşağı olması səbəbindən istilik verməmişdir. Həmçinin, usta bildirmişdir ki, suyun qızdırılmaması qazın təzyiqindən də aşağı ola bilər. Buna görə də Cavabdeh İByə zəng vurmuş və onun istilik sistemlərinə baxış keçirilməsini və istiliyin olmamasının səbəbinin aydınalşdırılmasını xahiş etmişdir. Onun müraciətinə əsasən isə Cavabdeh İBnin əməkdaşları gəlmiş, su qızdırıcı qazanın həcminin böyük olmasını əsas gətirərək, ona əlavə cərimə məbləği hesablamışlar. Buna görə də hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsasszıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunu: 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 8.3. Sahibkar metodiki köməklik göstərilməsi, məsləhət almaq və vəziyyəti qiymətləndirmək üçün yoxlayıcı orqana müraciət etmək və onu yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana dəvət etmək hüququna malikdir. 16.1. Bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: 16.1.1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair bu Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə; 16.1.2. bu Qanunun 29.2-ci maddəsinə uyğun sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda; 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda;[31] 16.1.4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə. 16.2. Bu Qanunun 16.1.1-ci maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərarın yerinə yetirilməsi yoxlanılır. 16.3. Bu Qanunun 16.1.2-ci maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız sahibkarın fəaliyyətinin məhdudlaşdırılmasına (təkrar məhdudlaşdırılmasına) səbəb olan halların və qanun pozuntularının aradan qaldırılması vəziyyəti yoxlanılır. 16.4. Bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya mediada yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır. 16.5. Bu Qanunun 16.1.4-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız sahibkar tərəfindən müəyyən edilən məsələlər yoxlanılır. 16.6. Bu Qanunun 16.1-ci maddəsində göstərilən hallardan başqa digər hallarda və bu Qanunun 16.2-16.5-ci maddələrində göstərilən məsələlərdən başqa digər məsələlərin yoxlanılması məqsədilə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə: 1.6-1. Qanunun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkar məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2-2(115)-892/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə bağlı düzgün nəticəyə gəlsə də, gəldiyi nəticənin əsasları düzgün olmamış və buna müvafiq olaraq da mübahisənin həllində tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sahibkara məxsus obyektdə təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Halbuki cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “Qazdan istifadə qaydalarının” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Cavabdeh əməkdaşları tərəfindən sahibkarlıq obyektinə baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyindən keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması və mübahisənin həlli ilə bağlı tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə kollegyiasının iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus istixanada onun müraciəti əsasında plandankənar yoxlama aparılması qərara alınmış və yoxlama aparılması Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 09 fevral 2023-cü il tarixli, KY231892525 saylı Çıxarışa əsasən qeydiyyata alınmışdır. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat reyestrdə qeydiyyata almaqla və yoxlama keçirməklə qanunvericiliyin tələbini pozuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı yoxlayıcı orqana plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə müraciət etməmiş, onun müraciəti istixanasında istiliyin olmaması səbəbinin aydınlaşdırılması üçün metodiki köməklik göstərilməsi, məsləhət verilməsi və müvafiq tədbir görülməsi ilə bağlı olmuşdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamənin 1.6-1-ci bəndinə əsasən isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkar məsuliyyətə cəlb edilə bilməz. Göründüyü kimi cavabdeh təşkilat iddiaçının müraciətini düzgün qiymətləndirməyərək, qanunvericiliyin tələbini pozaraq yoxlmanı reyesterdə qeydə almaqla yoxlama aparmış və yoxlamanın nəticəsi qsimində zərər məbləği hesablayaraq iddiaçının abonent hesabına daxil etməklə iddiaçının əsassız olaraq məsuliyyətə cəlb etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat iddiaçının müraciətinə əsasən ona məxsus istixanaya baxış keçirərəkən sərfiyyat aşması aşkar etdiyini iddia etmişdir. Belə ki, cavabdeh təşkilat istixananın mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddinin 10 kubmetr saat olduğu halda qaz qurlğularının maksimal qaz sərfinin 43,7 kubmetr saat olmasına dair akt tərtib etsə də qaz qurlğularının maksimal qaz sərfinin 43,7 kubmetr olmasını hansı əsasla müəyyən etməsini, yəni qaz qurğularının adlarını və saatlıq qaz sərfiyyatları barədə aktda qeyd etməmişdir. Hərçənd ki, iddiaçı su qızıdırcı qurğunu dəyişmədiyini, sadəcə olaraq su qızıdırıcı qazanı (çəni) bir günlük təmir üçün çıxardırmasına dair izahat vermişdir. Digər tərəfdən işin müəyyən edilmiş halına əsasən iddiaçının istixanasında bir ədəd qızdırıcı qurğu olsa da, tərtib edilmiş aktda qızdırıcı qurğulardan bəhs edilməklə yanaşı, apellyasiya şikayətində isə abonentlə bağlanılmış AMX-8994/19 saylı, xx.xx.2019-cü il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin 4.4-cü bəndində 1 ədəd kombi, 1 ədəd PQ 3 qaz plitəsi, 1 ədəd PQ 6 qaz plitəsinin olmasına istinad olunmuşdur. Lakin, məhkəməyə təqdim edimliş xx.xx.2018-ci il tarixli və 08 fevral 2023-cü il tarixli müqavilələrdə isə iddiaçıya məxsus istixanada 1 ədəd su qızdırıcısının olması qeyd olunmuşdur. Qeyd olunan səbəblərə görə də Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən cavabdeh təşkilatın vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsinə əsasən inzibati cərimə olunmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, sayğac göstəricilərinə əsasən iddiaçı 2023-cü ilin yanvar ayında 4148 kubmetr, fevral ayında 3286 kubmetr qazdan istifadə etmişdir ki, qeyd olunan göstəricilər 2022-ci ilin müvafiq aylarına da uyğun olmuşdur. Belə ki, 2022-ci ilin yanvar ayında 4691 kubmetr, fevral ayında 3500 kubmetr qazdan istifadə edilmişdir ki, qeyd edilən fakt da iddiaçıya məxsus qaz sayğacının keçən qazın həcmini düzgün qeydə almaması faktını istisna etmişdir. Lakin, iddiaçı 30 günlük müddət müəyyən etməklə, əsassız olaraq 12132 kubmetr həcmində itirilmiş qaz həcmi müəyyən edərək, iddiaçının abonent hesabına daxil etmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz qurğularına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi də sübut olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli e-2-2(115)- 892/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin edilməli və Cavabdeh tərəfindən hesablanmış 2669 (iki min altı yüz altmış doqquz) manat borc məbləği iddiaçı Nümayəndə abonent hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2-2(115)-892/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 2669 (iki min altı yüz altmış doqquz) manat borc iddiaçı Nümayəndə abonent hesabından (**********0250) silinsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar