Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-250/2025 03.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1423/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 oktyabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 8061,68 manat, xx.xx.2023-cü il tarixli 1201 nömrəli akt əsasında hesablanmış 11762,30 manat, xx.xx.2023-cü il tarixli 1207 nömrəli akt əsasında hesablanmış 6643,78 manat, xx.xx.2023-cü il tarixli 1215 nömrəli akt əsasında hesablanmış 2337,28 manat, xx.xx.2023-cü il tarixli 1226 nömrəli akt əsasında hesablanmış 32,56 manat və təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt əsasında hesablanmış 8457.02 məbləğində borcun onun hesabından (abonent kodu - **********00000) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8061,68 manat, xx.xx.2023-cü il tarixli, 1201 nömrəli akt əsasında hesablanmış 11762,30 manat, xx.xx.2023-cü il tarixli, 1207 nömrəli akt əsasında hesablanmış 6643,78 manat, xx.xx.2023-cü il tarixli, 1215 nömrəli akt əsasında hesablanmış 2337,28 manat, xx.xx.2023-cü il tarixli, 1226 nömrəli akt əsasında hesablanmış 32,56 manat və 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8457,02 manat məbləğində borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonunda özünə məxsus torpaq sahəsində 3 hektar istixanası var. Həmin istixanada kənd təsərrüfatı mallarının istehsal edib və həmin malların satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 2022-ci ildə və 2023-cü il tarixlərdə ayrı-ayrı tarixlərdə Cavabdeh İB-nin əməkdaşları heç bir əsas olmadan ona əsassız borc yazmışlar. Həmin borclardan məlumatı olmamışdır. Sonuncu dəfə qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və 2023-cü ilin sonlarında hesabına 8457,02 manat borc daxil edilmişdir. Həmçinin Cavabdeh nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesabına 8061,68 manat borc yazılmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli 1201 nömrəli akt əsasında 11762,30 manat, xx.xx.2023-cü il tarixli 1207 nömrəli akt əsasında 6643.78 manat, xx.xx.2023-cü il tarixli 1215 nömrəli akt əsasında 2337.28 manat və xx.xx.2023-cü il tarixli 1226 nömrəli akt əsasında 32.56 manat hesabına əsasız borc daxil edilmişdir. 2023-cü ilin sonunda əsassız yazılmış 8457.02 manat borca görə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsəllərinin X1 Filialına müraciət edilmişdir. Agentlik tərəfindən araşdırılma aparılmış və Cavabdeh İB-nin hesabına yazdığı borcun əsassız olması göstərilmiş və borcun silinməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. 2022-ci ilin oktyabr ayında və 2023-cü ilin ilk yarısında yazılmış borclar barədə agentlikdə araşdırılma aparılarkən məlumatı olmuşdur. Onun qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Hər ay istifadə etdiyi qazın pulunu vaxtı vaxtında ödəmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli 1201 nömrəli akt, xx.xx.2023-cü il tarixli 1207 nömrəli akt, xx.xx.2023-cü il tarixli 1215 nömrəli akt və xx.xx.2023-cü il tarixli 1226 nömrəli aktda qeyd olunanlarla bağlı onun heç bir aidiyyəti yoxdur. Aktda qeyd olunan nöqsanlar mövcud olsaydı bu barədə ay ərzində iki dəfə sərf olunan təbii qaza görə bildiriş verən nəzarətçinin və sayğaca nəzarət edən digər şəxslərin məlumatı olardı. Hesab edir ki, onun heç bir qanunazidd hərəkəti olmamışdır. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətləri məsuliyyətin yaranması ilə nəticələnməməlidir. Birinci instansiya məhkəməsində icraat Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1423/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddia təmin edilmiş, İddiaçı (abonent kodu: **********00000) 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8061,68 manat, xx.xx.2023-cü il tarixli, 1201 nömrəli akt əsasında hesablanmış 11762,30 manat, xx.xx.2023-cü il tarixli, 1207 nömrəli akt əsasında hesablanmış 6643,78 manat, xx.xx.2023-cü il tarixli, 1215 nömrəli akt əsasında hesablanmış 2337,28 manat, xx.xx.2023-cü il tarixli, 1226 nömrəli akt əsasında hesablanmış 32,56 manat və 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8457,02 manat məbləğində borcun cavabdeh “X4 tərəfindən silinməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1423/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaz sayğacları qaz paylayıcısı tərəfindən Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə) qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İstehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə qazın verilməsi dayandırıla bilər. İş materiallarından göründüyü kimi İddiaçı abonent qeydiyyatı üzrə istixanada istehlak olunmuş təbii qaz sərfiyyatı ayrı-ayrı vaxtlarda qanunvericiliyin tələblərinə uyğun olaraq sayğac göstəricilərinə əsasən yəni, mexaniki və elektron göstəricilərə görə aparılmışdır. Hazırkı iddia məbləği isə mübahisələndirilən dövr ərzində abonentin ünvanında istismarda olan elektron qaz sayğacının tam işləməməsinə görə hesablanmış və abonent koduna daxil edilmiş qaz sərfi hesabatıdır. Baxmayaraq ki, qanunvericilikdə bu halda qaz təminatının dayandırıla bilməsi xüsusilə qeyd olunmuşdur, lakin müqavilə tərəfi olaraq abonentin bilavasitə razılığı ilə elektron hissəsi işləməyən sayğacın mexaniki hissədə qeydə aldığı qaz sərfiyyatının korreksiyasının fiziki aparılması qərara alınmışdır. Belə ki, istixanaya quraşdırılmış qaz sayğacının normal işləmədiyi və istehlak olunmuş qaz sərfiyyatını tam qeydə almadığı ayrı-ayrı dövrlərə-yəni konkret olaraq 2022-ci ilin oktyabr ayı üçün 8061,68 , 2023-cü ilin mart ayı üçün 11762,30, aprel ayı üçün 6643,78, may ayı üçün 2337,28, iyun ayı üçün 32,56 , noyabr ayı üçün isə 8457,02, manatlıq hesabatda qeydə alınmamış qaz sərfi müəyyən edilərək abonent hesabına daxil edilmişdir. Qeyd edilir ki, həmin məbləğlər sərfiyyat olaraq sayğacın mexaniki göstərici hissəsində qeydə alınsa da təzyiqlər fərqinə görə korreksiya olunmamış və elektron tabloda əks olunmamışdır. Hazırkı aparılmış hesabat isə sayğacın müddət ərzində faktiki qeydə aldığ mexaniki göstəricinin əvvəlki müvafiq dövrdə olmuş təzyiqlər fərqinə uyğunlaşdırılması nəticəsində istehlak olunmuş qaz sərfidir ki, onun da dəyəri 37294,62 manatdır. Qeyd edilir ki, edilmiş xəbərdarlıqların və müvafiq izahat işlərinin nəticəsi həm də abonent tərəfindən etirafedici hərəkətlilik olaraq mübahisənin məhkəmədən kənar həlli prinsipinə əməl edilməklə ödəniş təmin olunduğundan hüquq müstəvisində mübahisələndirilməmişdir. İddiaçı tərəf olaraq qaz hesabatının sadəcə qanunsuz aparılması bildirilsə də bununla bağlı heç bir sənədləşmə təqdim etməmişdir. Hətta cavabdeh tərəf olaraq təqdim edilən sənədləşmələrdə İddiaçı eləcə də nümayəndəsinin iştirakı və imzası ilə qeydə alınmış mexaniki sayğac göstəricisi eləcə də onun əsasında aparılmış hesabat məhkəmə icraatı zamanı araşdırılmış lakin heç bir səbəb göstərilmədən nəzərə alınmamışdır. Beləliklə, icraat müddətində iddiaçı olaraq sübut təqdim etmək əvəzinə təqdim edilmiş sübutları da əngəlləmiş nəticədə düzgün olmayan qərar qəbul edilmişdir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından göründüyü kimi qeyd olunan borc məbləği istismarda olan qaz sayğacının işləmədiyi dövr üçün istehlak olunan və sayğacın mexaniki hissəsində qeydə alınmış qaz sərfiyyatının əvvəlki müvafiq dövrə uyğun olaraq korreksiya olunması nəticəsində yaranmış və hal-hazırda istehlakçı tərəfindən tam olaraq ödənilmişdir. Abonentin saldosuna diqqət yetirərkən məlum olur ki, mexaniki göstərici hissəsi artan fərqlə dəyişsə də elektron hissəsi isə həmin müddət ərzində stabil olaraq qalmaqdadır. Sayğacda hesablana bilməyən bu fərq isə fiziki korreksiya olunaraq abonent hesabına daxil edilmişdir. Beləliklə, sayğacın yerinə yetirə bilmədiyi funksiya fiziki olaraq icra edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 24 fevral tarixli, 2-2(104)-58/2025 nömrəli qətnaməsi ilə (sədrlik edən – R.Məcidov, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 03 sentyabr tarixli 2-2(102)-432/2025 nömrəli qərarı ilə (B.Məmmədli (məruzəçi) V.Baxışova və B.Qəribov) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2025-ci il 24 fevral tarixli 2-2(104)-58/2025 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, hazırkı iddia tələbi cavabdehin qanunsuz aktlar əsasında hesablanmış borcun silinməsi barədədir. Deməli, faktiki hallar üzrə işə baxan məhkəmələrin ilkin olaraq müəyyən etməli olduqları məsələ məhz silinməsi tələb edilən borcun mövcud olub-olmaması idi. Belə ki, mövcud olmayan borcun silinməsi, yəni hazırkı iddianın təmin edilməsi, təbii ki, mümkünsüzdür. Lakin iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrində hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin məsələyə ümumiyyətlə qiymət verilməmiş, borcun məbləği (mövcud olduğu təqdirdə) göstərilməmişdir. Halbuki iddia ilə silinməsi tələb edilən borc cəmi 28.837,6 manat təşkil etsə də, hazırkı işə baxan birinci instansiya məhkəməsinə təqdim edilmiş özündə 2024-cü ilin iyun ayına olan məlumatları əks etdirən abonent saldosundan (İ cild, i/v 28) iddiaçının borcunun cəmi 8.453,84 manat təşkil etdiyi məlum olur. Beləliklə, iş materiallarından mövcud borcun, silinməsi tələb olunan borcdan dəfələrlə az olduğu görünür. İşə faktlar əsasında baxan məhkəmələr isə işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bu xüsusata ümumiyyətlə diqqət yetirməmişlər. Həmçinin qeyd edilmişdir ki, kassasiya şikayətində olduğu kimi, aşağı məhkəmə instansiyalarında, habelə birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayətində cavabdehin istinad etdiyi dəlillərdən biri məhz ondan ibarət olmuşdur ki, iddiaçı hesablanmış borcu tam ödəmişdir. Yəni həmin dəlillərdən belə çıxır ki, silinməsi tələb olunan aktlarla hesablanmış borc hazırda mövcud deyildir. Eyni zamanda, məhkəmə qətnamələrində mötəbər sübut kimi istinad olunmuş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialının 2024-cü il 16 dekabr tarixli mütəxəssis rəyində də aktlarda qeyd olunan qaz sərfiyyatının, istixananın abonent saldosuna daxil edildiyi və həmin qaz sərfiyyatlarının dəyərinin istehlakçı tərəfindən tam ödənildiyi bildirilmişdir. Lakin sözügedən dəlil və xüsusatlar da apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır. Bundan başqa, cavabdehin digər dəlillərindən biri də ondan ibarət olmuşdur ki, cavabdehin təqdim etdiyi sənədləşmələrdə mexaniki sayğac göstəricisi, eləcə də onun əsasında aparılmış hesabat İddiaçı, eləcə də nümayəndəsinin iştirakı və imzası ilə qeydə alınmışdır. Buna baxmayaraq sözügedən dəlil də qiymətləndirmə predmeti olmamış, apellyasiya instansiyası məhkəməsi iddiaçının könüllü surətdə razılaşdığı (belə razılığın mövcud olduğu təqdirdə) hesabatın (borcun) qanuniliyi, iddiaçı üçün öhdəliklər yaradıbyaratmaması üzrə heç bir dəyərləndirmə aparmamışdır. Belə olan halda isə iş üzrə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iş materiallarına əlavə edilmiş və iddaçının mübahisələndirdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar iddiaçı və onun nümayəndəsinin iştirakı ilə tərtib edilmiş, onlar tərəfindən imzalanmışdır. Qeyd edilən aktlar üzrə borcun iddiaçı tərəfindən ödənildiyini, həmin aktlar üzrə iddiaçının heç bir borcunun olmadığını bildirmiş, bundan əlavə qeyd etmişdir ki, mübahisələndirilən 8.453,84 manat məbləğində borcun sərfiyyat borcu, yaxud dəymiş ziyan məbləği olduğu öz təsdiqini tapmamışdır, yəni həmin borcun təyinatı konkret göstərilməmişdir. Abonent tərəfindən ödənilən məbləğin sərfiyyata çıxılması üçün ödəyici tərəfindən bu barədə bank əməkdaşına xüsusi göstəriş verilməli və ödənişin konkret təyinatı göstərilməlidir. Əks halda ödənilən məbləğlər əvvəlcə borcun ödənilməsinə yönəldiləcəkdir. Apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirmişdir ki, 2022-ci ildə iddiaçıya məxsus istixanada təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, həmin akt əsasında 8061 manat borc hesablanmış, iddiaçının həmin aktdan məlumatı olmamışdır. Bundan sonra ardıcıl olaraq fevral, mart, aprel və may aylarında yenidən aktlar tərtib olunmuş, lakin bu aktlar təbii qazdan istifadəyə görə deyil, pozuntu olduğuna görə tərtib olunmuş, həmin aktlara əsasən 11.762,30 manat, 6.643,78 manat, 2.337,28 manat və 32,56 manat borc hesablanmışdır. Bu məbləğlər sərfiyyat olduğu halda qeydə alınmadığı üçün itirilmiş sərfiyyat kimi qeyd olunmuşdur. Bundan sonra yanvar ayında yenidən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və aktla 8.453,84 manat borc hesablanmışdır. İddiaçıya bu barədə məlumat verilərkən iddiaçı həmin aktla razılaşmamış və Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsəllərinin X1 Filialına müraciət edilmişdir. Agentlik tərəfindən araşdırılma aparılmış və Cavabdeh İB-nin hesabına yazdığı borcun əsassız olması göstərilmiş və borcun silinməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bundan sonra qeyd edilən borc ödənilməmiş, digər aktlara isə etiraz edərək məhkəmədə mübahisələndirilmiş və iddia haqlı olaraq təmin edilmişdir. Həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən ödənilən məbləğ sərfiyyata görə ödənilsə də, akta əsasən hesablanmış borcdan çıxılır. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Müəyyən olunur ki, İddiaçı mərhum əri X3 ilə Cavabdeh arasında bağlanmış 2019cu il 30 oktyabr tarixli AMX-772 6/09 saylı təbii qazın alqı-satqısına dair müqavilənin şərtlərinə uyğun olaraq, Cavabdeh müqavilə istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. X3 2022-ci il 7 may tarixdə ölmüş, Cavabdeh İddiaçı ilə qazın alqı-satqısına dair müqavilə bağlamasa da, onu abonent qismində öz məlumat bazasında qeyd etmişdir. Şəmkir rayonu, Bakı- Qazax avtomobil yolunun 378 km-də yerləşən fiziki şəxs İddiaçı məxsus istixananın qızdırılması üçün qaz xətti üzərində G-400 markalı ********** nömrəli qaz sayğacı quraşdırılmışdır. 2022-ci il 31 oktyabr tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən, ********** nömrəli sayğaca baxış keçirilmiş, sayğacın mexaniki hissədən keçən 15593 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı aşkar olunmuş, 2022-ci il 31 oktyabr tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, 15593 m3 , əmsal 2,35 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesabat forması aşağıdakı kimi aparılmışdır: 15593x2,35=36644 m3. 2023-cü il 10 mart tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1201 nömrəli akta əsasən, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 53465 m3 (13.366,25 manat) müəyyən olunmuşdur. 2023-cü il 12 aprel tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1207 nömrəli akta əsasən, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 30199 m3 (7.549,75 manat) müəyyən olunmuşdur. 2023-cü il 11 may tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1215 nömrəli akta əsasən, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 10624 m3 (2.337,28 manat) müəyyən olunmuşdur. 2023-cü il 1 iyun tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1226 nömrəli akta əsasən, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 148 m3 (32,67 manat) müəyyən olunmuşdur. 2023-cü il 30 noyabr tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən, korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 103007 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığını aşkar olunmuşdur. 2023-cü il 18 dekabr tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, 103007 m3 , əmsal 2,21 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesabat forması aşağıdakı kimi aparılmışdır: 103007 x 2,21= 227645 m3 227645 m3 - 94768 (mex.)-94436 (əms. Fərq) = 38441 m3. İddiaçı borcun silinməsi tələbinə dair iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələr ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 2022-ci il 31 oktyabr tarixli ******* nömrəli akt əsasında hesablanmış 8.061,68 manat, 2023-cü il 10 mart tarixli 1201 nömrəli akt əsasında hesablanmış 11.762,30 manat, 2023-cü il 12 aprel tarixli 1207 nömrəli akt əsasında hesablanmış 6.643,78 manat, 2023-cü il 11 may tarixli 1215 nömrəli akt əsasında hesablanmış 2.337,28 manat, 2023-cü il 1 iyun tarixli 1226 nömrəli akt əsasında hesablanmış 32,56 manat və 2023-cü il 30 noyabr tarixli ******* nömrəli akt əsasında hesablanmış 8.457,02 manat məbləğində borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia məhkəmə tərəfindən təmin edilmiş, cavabdeh həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayətində göstərilir ki, istixanaya quraşdırılmış qaz sayğacının normal işləmədiyi və istehlak olunmuş qaz sərfiyyatını tam qeydə almadığı ayrı-ayrı dövrlərə-yəni konkret olaraq 2022-ci ilin oktyabr ayı üçün 8061,68 , 2023-cü ilin mart ayı üçün 11762,30, aprel ayı üçün 6643,78, may ayı üçün 2337,28, iyun ayı üçün 32,56 , noyabr ayı üçün isə 8457,02, manatlıq hesabatda qeydə alınmamış qaz sərfi müəyyən edilərək abonent hesabına daxil edilmiş, həmin məbləğlər sərfiyyat olaraq sayğacın mexaniki göstərici hissəsində qeydə alınsa da təzyiqlər fərqinə görə korreksiya olunmamış və elektron tabloda əks olunmamışdır. Hazırkı aparılmış hesabat isə sayğacın müddət ərzində faktiki qeydə aldığ mexaniki göstəricinin əvvəlki müvafiq dövrdə olmuş təzyiqlər fərqinə uyğunlaşdırılması nəticəsində istehlak olunmuş qaz sərfidir ki, onun da dəyəri 37294,62 manatdır. Qeyd edilmişdir ki, edilmiş xəbərdarlıqların və müvafiq izahat işlərinin nəticəsi həm də abonent tərəfindən etirafedici hərəkətlilik olaraq mübahisənin məhkəmədən kənar həlli prinsipinə əməl edilməklə ödəniş təmin olunduğundan hüquq müstəvisində mübahisələndirilməmişdir. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iddiaçı yuxarıda qeyd edilən aktların qanunsuz tərtib edildiyini bildirsə də, bu barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iş materiallarından, eləcə də tərəflərin məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan müəyyən olunur ki, iddia ərizəsində sözügedən aktlarda qeyd olunan qaz sərfiyyatının qanunvericiliyin tələblərinə zidd olaraq istixananın abonent saldosuna daxil edildiyi bildirilsə də, həmin qaz sərfıyyatlarının dəyəri istehlakçı tərəfindən tam ödənilmişdir. Yəni, iddiaçının silinməsini tələb etdiyi borc hazırda mövcud deyildir. Belə olan halda mövcud olmayan borcun silinməsi mümkünsüz olduğundan kollegiya hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsaslıdır. Bundan başqa, apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cavabdehin təqdim etdiyi sənədləşmələrdə mexaniki sayğac göstəricisi, eləcə də onun əsasında aparılmış hesabat İddiaçı, eləcə də nümayəndəsinin iştirakı və imzası ilə qeydə alınmışdır. İş materiallarından aydın olur ki, istehlakçının nümayəndəsi aktlarla tanış olmuş, aktda qeyd edilənlərlə bağlı etirazını bildirməmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Kollegiya qeyd edilənləri, eləcə də iddiaçının həmin aktlar əsasında hesablanmış borcu ödəməsini etirafedici hərəkətlər kimi qiymətləndirir və apellyasiya şikayətinin həmin dəlilini də əsaslı hesab edir. Beləliklə, Şəmkir rayonu, Bakı-Qazax avtomobil yolunun 378 km-də yerləşən fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G-400 markalı ********** nömrəli qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində Cavabdeh İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi və Şəmkir XS tərəfindən xx.xx.2022-ci il, 10,03.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə əlavə qaz sərfiyyatının hesablanması barədə aktlar tərtib edilmiş, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialının 16 dekabr 2024-cü il tarixli mütəxəssis rəyi ilə həmin aktların müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığı qeyd edilsə də, tərtib edilmiş aktlar istehlakçı tərəfindən imzalanmış və həmin borc məbləğini təbii qazdan istifadə etməsi nəticəsində sərfiyyata görə yaranmış borc məbləği ilə birgə hissə-hissə ödəniş həyata keçirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aktlar əsasında hesablanmış borc məbləği iddiaçı tərəfindən tam olaraq ödənildiyindən hazırda mövcud olmayan borcun silinməsi barədə iddia təmin oluna bilməz. Mülki Prosessual qanunvericiliyə əsasən qətnamədə iş üçün əhəmiyyətli olan, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmədikdə, məhkəmənin qəti nəticəsi şərh edilmədikdə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmadıqda, qətnamə əsaslı hesab edilə bilməz. Qətnamə mövcud situasiyaya hüquqi qiymət verməklə bərabər ədalətin bərpa edilməsinə yönəlməlidir. Qeyd olunanlara əsasən, hazırkı iş üzrə qətnamə qanuni və əsaslı olmadığından, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından MPM-nin 217.1 və 217.3-cü maddələrinin tələblərinə uyğun deyildir. Ona görə də kollegiyas hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1423/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-250/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-250/2025
03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver