Məhkəmə qərarları › İş №2-2(104)-26/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-26/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-26/2025 22.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1409/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1409/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh istifadə olunmuş təbii qaza görə yaranmış 53410 (əlli üç min dörd yüz on) manat 50 (əlli) qəpik borc məbləği və 250 (iki yüz əlli) manat 23 (iyirmi üç) qəpik dövlət rüsumunun tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** hesabına köçürülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh vəkili və nümayəndəsi Vəkil vasitəsi ilə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(115)-1409/2024 saylı qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1409/2024 saylı qərardadı ilə apellyasiya şikayəti dövlət rüsumunun düzgün ödənilməməsi səbəbindən geri qaytarılmışdır İş üzrə cavabdeh xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qaza görə yaranmış 74611,40 manat borcunun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli AMX-2536/20 saylı təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən istixana X2 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunur. xx.xx.2022-ci il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə 74611,40 manat borc yaranmışdır. Borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə də təsdiq olunmuşdur. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə tərəflərindən xx.xx.2024-cü il tarixli ******* saylı borcun ödənilməsi haqqında göndərilmiş pretenziya məktubunun icrası olaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin təmin olunmuş hissəsindən narazıdır. Belə ki, İddiaçı ilə təbii qazın istifadəsinə dair xx.xx.2020-ci il tarixli AMX-2536/20 saylı alqı-satqı müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən istixana X2 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Onun 2021-ci ilə qədər istixanada təbii qazdan istifadəyə görə 74611.40 manat borcu yaranmışdır. Həmin borc Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(115)-71/2021 saylı qətnaməsi ilə 45536.70 manat borc pula salınmışdır. 2021-ci ildən etibarən bu günə qədər qazdan istifadə etməmişdir. Lakin buna baxmayaraq iddiaçı onun qazdan istifadə etmədiyi müddətə borc yazmışdır. Halbuki, o istixanada qazdan istifadə etməmişdir. Odur ki, iddiaçının tələbini tamamilə əsassız və qanunsuz hesab edir. Gəncə Kommersiya Məhkəməsi isə əslində heç bir araşdırma aparmadan, məhkəməyə iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilmədən, iddia tələbini qismən təmin etmişdir. Halbuki, məhkəmənin iddia tələbini təmin etməsi üçün heç bir hüquqi əsas mövcud olmamışdır. Belə ki, o, 2021-ci ildən etibarən qaz təchizatından istifadə etməmişdir. Buna görə də ona istifadə etmədiyi qaza görə borc yazıla bilməz. Həmçinin məhkəmə hazırkı iddia tələbi ilə bağlı iddia müddəti tətbiq etməli idi. Məhkəmə onun məhkəmə iclasında iştirakını təmin etmədiyi üçün sübutlar təqdim etmək hüququnu məhdudlaşdırmışdır. Bu səbəbdən də o, iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edə bilməmişdir. Məhkəmə əslində iddia müddəti tətbiq etməklə, iddia tələbini rədd etməli idi. Göründüyü kimi tərəflər arasında eyni predmetlə bağlı məhkəmə mübahisəsi olmuşdur və bu səbəbdən hazırkı iş üzrə icraata xitam verilməli idi. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxsn iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətlə eyni məzmunlu izahat verdi və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1409/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehə əsassız olaraq yuxarıda göstərilən məbləğdə borc hesablanmışdır. Halbuki göstərilən müddətdə cavabeh təbii qazdan istifadə etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1409/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək göstərdi ki, hesablanan borc da cavabdehin abonenti olduğu qaz sayğacının göstəricilərinə əsasən hesablanmış borcdur. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli AMX-2536/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsindən görünür ki, paylayıcı İddiaçı bu müqavilə ilə müəyyən olunmuş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim olunan hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş və Şəmkir RQİİ Şəmkir Xidmət Sahəsi ilə Cavabdeh tərəfindən imzalanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, Cavabdeh 01 yanvar 2021-ci ilə qalıq borcu 99033 manat təşkil edir. İş materillarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2021-ci ilin iyun ayına abonentin 98947,20 manat borc hesablanmış, 2022-ci ilin yanvar ayına həmin borc məbləği, 98947,20 manat dəyişməmişdir. İş materillarına əlavə edilmiş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-71/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı istifadə edilmiş qazın dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, 45 536 manat 70 qəpik borc, ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı İB arasında xx.xx.2020-ci il tarixdə qazın alqısatqısı müqaviləsi bağlanılmış, cavabdehə məxsus qeyriyaşayış sahəsi təbii qazla təchiz olunmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh təbii qazdan istifadə nəticəsində yaranmış borc məbləğini iddiaçıya tam ödəməmişdir. Abonentin qaz təchizatı 2021-ci ilin iyun ayından dayandırılmış, həmin vaxt borc məbləği 98947,20 manat olmuş, 2022-ci ilin yanvar ayına, habelə iyul ayına borc məblıği dəyişməmişdir. Həmin borcun bir hissəsi, yəni 45536,70 qəpik borc məhkəmə qətnaməsi ilə tutulmuş, qalan borc ödənilməmiş qalmışdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin qismən əsaslı olduğunu təsdiq edir. Ona görə də cavabdehdən istifadə olunmuş təbii qaza görə xx.xx.2024-cü il tarixinə yaranmış 53410,50 manat borc məbləği tutularaq iddiaçının hesabına köçürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli AMX-2536/20 saylı təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən istixana X2 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunmasını, istehlakçı isə sərf etdiyi təbii qazın dəyərini ödəmək öhdəliyini üzərinə götürmüş olsa da və təbii qazdan xx.xx.2022-ci il tarixə qədər istifadə etmiş olsa da, istixanada təbii qazdan istifadəyə görə iddia ərizəsinə görə 74 611,40 manat borc yaranmışdır. Borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə də təsdiq olunmasına və mübahisənin məhkəməyədək həll olunması məqsədilə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ******* saylı borcun ödənilməsi haqqında pretenziya məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. İşdən göründyü kimi abonentin qaz təchizatı 2021-ci ilin iyun ayından dayandırılmış, həmin vaxt borc məbləği 98947,20 manat olmuş, 2022-ci ilin yanvar ayına, habelə iyul ayına borc məblıği dəyişməmişdir. Həmin borcun bir hissəsi, yəni 45536,70 qəpik borcun Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(115)-71/2021 saylı qətnaməsi ilə tutulduğu nəzərə alındıqda cavabdehin xx.xx.2024-cü il tarixinə yaranmış borcunun 53410,50 manat təşkil etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş qazın alqı-satqısı barədə müqaviləyə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı təşkilat təbii qazı cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi Cavabdeh yuxarıda sadalanan qanunvericilik aktları ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək istifadə etdiyi təbii qaza görə borcunu tam ödəməmiş, öhdəliklərinə əməl etməmiş, yuxarıda təsvir olunan Qaydaların tələblərini pozaraq istifadə edilmiş təbii qazın dəyəri olan 45536,70 manat debitor borcu ödəməmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxaraq çəkişmə prinsipini pozmuşdur. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən cavabdehə məhkəmə bildirişi göndərmiş və EMİS elektron məhkəmə sistemində onlara məxsus kabinetə yerləşdirilmişdir. Bundan başqa cavabdehə poçt vasitəsilə məhkəmə bildirişi göndərilmiş, o, şəxsən poçt xəbərnaməsinə imza etməklə məhkəmə iclasının yeri və vaxtı barədə bildirişi alsa da, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasы MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallaırndan göründüyü kimi, cavabdeh hazırlıq iclası barədə məlumatlı olmasına baxmayaraq hazırlıq dövründə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermədiyindən məhkəmə kollegiyası ərizəni müzakirə etməyinə lüzum görmür. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1409/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar