Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-36/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı “borcun silinməsi” dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1500/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə AMX-0178/23 nömrəli təbii qazın alğı-satqına dair müqavilə bağlanmış və Cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh İB-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi yoxlamanın sayğacın göstəricisinin oxunması zamanı sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Cavabdeh İB-nin Bərdə RQİİ-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyriyayış sahəsində xx.xx.2024-cü il tarixdə yoxlama keçirilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli “Təbii X3 pozulması haqqında” akt tərtib edilmişdir. Aktla müəyyən edilmişdir ki, qaz xətti üzərində quraşdırılmış G-25 markalı qaz sayğacının maksimal qaz sərfindən əlavə olaraq cihazların maksimal saatlıq qaz sərfi 60 m3 (20 m3 ) sərfiyyat aşma təşkil edir. xx.xx.2024-cü il tarixdə 0501 nömrəli yoxlama aktı tərtib edilmiş və aktda qaz xətti üzərində quraşdırılmış qaz sayğacının G 25 maksimal qaz sərfi 40 m3 olduğu halda qaz xətti üzərində aşkar edilən qaz cihazlarının maksimal qaz sərfi 60 m3 təşkil etdiyi, yəni 20 m3 sərfiyyat aşma aşkar edildiyi göstərilmişdir. xx.xx.2024-cü il tarixdə “Dəymiş ziyanın ödənilməsi tələbinə dair” tələbnamə tərtib edilmişdir. Tələbnaməyə ilə “Fərdi evdə” (müəssisədə, istixanada) “X7”nın tələblərinə zidd olaraq qaz xəttinə abonentə məxsus qaz cihazları qaz sayğacının saatlıq qaz sərfini aşaraq istifadə olunduğunun aşkar olunduğu, müəssisədə quraşdırılan qaz işlədicilərindən qəbul edilməklə maksimal saatlıq qaz sərfi 60 m3 təşkil etdiyindən itirilmiş qazın bərpası üçün (20 m3 ) hesabat aparıldığı və ziyanın 21600 m3 (5400 manat) hesablandığı göstərilmşdir. Bundan sonra 2024-cü ilin may ayına görə 5400 manat məbləğində borc iddiaçının abonenet hesabına işlənmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filianın xx.xx.2024-cü il tarixli 3-15-7/2-416/2024 nömrəli mütəxəssis rəyindən əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Rəspüblikaslnın Qanunu" ilə tənzimlənir. "Azəriqaz" istəhsalat X6 Qaz İstismar idarəsinin nümayəndələri tərəfindən qeyd olunan ünvanda Azərbaycan Respüblikasının Ədliyyə Nazirliyinin yoxlamaların vahid məlümat Reyestrindən verilmiş çıxarış əsasında yoxlama aparılan zaman Qanunun bir sıra tələbləri nəzərə alınmamışdır. Bələ ki, xx.xx.2024-cü il tarixli, KY242109349 nömrəli Çıxarışda yoxlamanın aparılmasına əsas sayğacın göstəricilərinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının və sayğaca müdaxilənin müəyyən edilməsi göstərilsə də, vətəndaşa məxsüs obyektin daxilində yerləşən qaz kəmərlərinə və qüraşdırılmış qaz qürğülarına dair yoxlama aparılmış və bününla da Qanunun 1.6-ci bəndinin tələbi pozülmügdür. Belə ki, Qanunun 19.6-cı maddəsinin tələbinə əsasən yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcbüri tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulmasl faktı aşkar olunduğu halda həmin fakt üzrə məsüliyyət tədbiri tətbiq oluna bilməz. Həmçinin, Azarbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olünmüş "X3 2.11-2-ci yarımbəndində qeyd edilir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq sübyektlərinin qaz sayğaclarının göstəricilərinin oxünması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, Qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Taqdim edilmiş materialların təhlili zamanı məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qaz təchizatı üçün quraşdırılmış qaz sayğacının göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma və sayğaca müdaxilə halları aşkar edilməmişdir. Eyni zamanda, Qanunun 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qəydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bü cür yoxlamaların nəticəsində aşkar edilmiş sahibkarlıq fəaliyyatinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Rəspublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, İddiaçı ogluna məxsus qeyri-yaşayış sahəsində xx.xx.2024-cü il tarixdə Tərtər RQİİnin nümayəndələri tərəfindən aparılan yoxlama nəticəsində xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii X3 pozulması haqqında" akt əsasında iddiaçıya məxsus müəssisənin abonent hesabına daxil edilmiş 5400 manat məbləğində əlavə hesabat mövcud qanunvericiliyin tələblərinə zidd olaraq aparılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsasladırmışdır ki, Bərdə şəhəri Koroğlu küçəsində yerləşən qeyri-yaşayış sahəsi ona məxsusdur. Həmin sahədə Cavabdeh İB ilə abonent müqaviləsi əsasında qaz təchizatı mövcuddur. Qaz sərfiyyatına görə ödənişi hər zaman vaxtıvaxtında ödəmişdir, heç bir vaxt sayğacdankənar qoşulma və ya digər hər hansı pozuntuya yol verməmişdir. Sözügedən sahənin qaz sərfiyyatının müəyyənləşdirilməsi üçün quraşdırılmış sayğac mexaniki tipdə olmuşdur. Sərf olunmuş qazın miqdarı və ödəniş məbləğini ayda bir dəfə Cavabdeh İB əməkdaşı sayğaca baxış keçirməklə müəyyənləşdirmiş, buna dair ona tədqim olunan bildiriş əsasında ödənişləri etmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 15 may 2024-cü il tarixli, KY242109349 nömrəli qərarına əsasən müqavilə şərtlərinə əməl olunmasının yoxlanılması məqsədi ilə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən obyektdə (ictimai iaşə) sayğac göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğaca kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi” əsası ilə plandankənar (növbədənkənar) yoxlama təyin olunmuşdur. Sözügedən çıxarışa əsasən X8 (Tərtər RQİ-nin İSQ NS-nin rəisi) yoxlayıcı kimi müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə C.E.Cəmali və digərlərinin iştirakı ilə istehlakçı kimi barəsində ******* nömrəli “Təbii X3 pozulması haqqında” akt tərtib olunmuş və həmin aktın oxunmaz vəziyyətdə olan fotosurəti Cavabdeh İB-nin Tərtər RQİİ Bərdə Xidmət sahəsi tərəfindən əsli ilə düzgünlüyü ştampla təsdiq edilməklə sonradan ona təqdim olunmuşdur. Həmçinin 15 may 2024-cü il tarixdə X13 İstismarı İdarəsinin rəisi Azər Muxtarov tərəfindən imza və müvafiq möhürlə təsdiq olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin də yuxarıda göstərilən qaydada “əsli ilə düzgünülüyü” təsdiq olunmuş surəti də sonradan ona təqdim olunmuşdur. Sözügedən tələbnamənin məzmununda göstərilmişdir ki, fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən “Fərdi evdə” (müəssisədə, istixanada) “X7”nın tələblərinə zidd olaraq qaz xəttinə abonentə məxsus qaz cihazları qaz sayğacının saatlıq qaz sərfini aşaraq istifadə olunduğu aşkar olunmuşdur. Qeyri-müəyyən ifadələrdən ibarət olan bu cümlədən sonra sözügedən tələbnamənin “icra olunacaq tədbirlər” qrafasında aşağıdakılar göstərilmişdir. 1) Qeydiyyatda olan sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yerinə quraşdırılsın. 2) İtirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunsun. Yuxarıda sözügedən tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X7”nın 6 5-2 istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldlqda baxış şüşəsi sındırıldıqda gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda) qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3 1-10-cu yarımbəndində uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixində sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6 5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. İstinad olunan tələbnamədə “Dəymiş ziyanın həcminin hesablanması” başlığı altında isə qeyd olunmuşdur ki, müəssisədə quraşdırılan qaz işlədicilərindən qəbul edilməklə maksimal saatlıq qaz sərfi 60 m3 təşkil etdiyindən, itirilmiş qazın bərpası üçün (20m3 ) hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Bununla da “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2024-cü il tarixli tələbnamə ilə ondan 21.600 m3 üçün hesablanmış əlavə məbləğin (5400 manat) ödənilməsi tələb olunmuşdur. Cavabdeh İB ilə bağlanmış müqaviləyə əsasən mülkiyyətində olan Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən təndir sexində istifadə edilmiş qaz sərfiyyatına uyğun olaraq qaz pulunu hər ay vaxtı-vaxtında ödəmişdir. Cari ilin may ayının ortalarında X13 İstismarı İdarəsinin əməkdaşları təndir sexinə gələrək yoxlama keçirmiş, hər şeyin qaydasında olduğunu bildirdikdən sonra ondan təmiz akt kağızına imza etməyini xahiş etdilər. O onlara etibar etdiyindən, eləcə də onlara inandığından, doldurulmamış akta imza etdi. Sonradan ünvanına gələn aktla tanış olanda ona məlum oldu ki, o, qaz sayğacının saatlıq qaz sərfini aşaraq istifadə etmişdir və bununla da 5.400 manat cərimə olunmuşdur. Hansı ki, sərf olunmuş qazdan istifadəyə görə hər ay 1000-1500 manat ödəniş etmişdir və heç vaxt qaz sərfiyyatının ödənişlərini gecikdirməmişdir. Tərtib edilmiş aktda adi rəqəmləri topladıqda belə sərf edilmiş qazdan istifadəyə görə hesablanmış yekun məbləğin artıq hesablanması müəyyən olunur. Həmin hesablamadakı rəqəm 30 gün dayanmadan bütün cihazların sərfiyyat göstəricisi olsa belə, yenə də 5.400 manat etmir. X13 İstismarı İdarəsinin əsassız hərəkətləri nəticəsində, “Təndir sexi”nin fəaliyyəti dayandırıla bilər. Bu hal da sahibkar kimi fəaliyyətinə mənfi təsir edir. Müvafiq pretenziya ilə Cavabdehnə rəsmi müraciət də olunmuşdur. İşin faktiki hallarından görünür ki, heç bir hüquqi əsas olmadan ona əlavə olaraq 21.600 m3 qaz sərfiyyatı hesablablanmışdır. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən İddiaçı Bərdə rayonu, Koroğlu küçəsindəki qeyri-yaşayış sahəsinə baxış keçirilməsi ilə bağlı Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarları maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 2.3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq faəliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə barədə çıxarış təqdim etməklə yoxlamalar aparılmışdır. Yoxlamalar zamanı qaz sayğacının istehhakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilsə də, istehlakçı işlətdiyi sənaye qaz qurğularının qazın alğı-satqı müqaviləsində gösətilrən həcmindən artıq olduğu aşkar olundu. Yəni iddiaçının müəssisəsinə qurşadırılmış qaz sayğacı G-25 m3 olduğu halda müəssisənin istifadəsində olan cihazları qaz sərfi 60 m3 olduğu müəyyən olunmuşdur. Müəssisəə müəyyən olunmuş standartlarından 20 m3 artıq qaz sərfi ilə qazdan istifadə etmişdir. 20 m3 x12(saat) x90(gün)=21600 m3 . Tarif Şurasının qərarına uyğun olaraq 21600 m3 x 0.25 manat=5400 manat məbləğində hesablanmışdır. İddiaçının cavabdeh olduğu qaz sayğacın saxlanılmasına və nəzarət düzgün aparılmaması səbəbindən sayğacın işləməsində xətaya gətirib çıxarmışdır. İstehlakçı təbii qazdan istifadə etmiş, lakin sayğac keçən qazı tam qeyd etməmişdir. Həmin qeyd olunan məbləğ Cavabdeh İB-nə 5400 manat qazdan istifadə edib ödəmədiyi borcdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, təxminən may ayında qaz idarəsinin işçiləri gələrək yeməkxanaya baxış keçirmək istədiklərini bildirdilər. O da icazə vermiş və ona deyilmişdir ki, hər şey qaydasındadır. Heç bir nöqsan yoxdur. O də inanıb ağ kağıza imza atmışdır. Obyekt Bərdə şəhərində yerləşir. İşçilər Tərtər regional idarənin işçiləri idi. O, idarənin direktorunun yanına getdi. Onlar aktı da müavinə imzaladıblar. Qeyd ediblər ki, guya istilik sistemini də yayda işlətmişdir. Heç bir nöqsan aşkar etməyiblər. Guya ki qaz sayğacı yazmalı olduğundan daha az sərfiyyat yazıb. Qazın alğı-satqısı ilə bağlı aralarında müqavilə də var. Obyekti onlardan əvvəl işlədən şəxsdən 10000 min manat borc qaldığına görə dedilər ki, guya o qədər pul 1 aya yazılıb. O borcu ayda 1000 manat artıq ödəyə-ödəyə bağlayır. Ona indiyə qədər nə qədər borc yazılıbsa hamsını ödəmişdir. Sənədlər də ondadır. Yoxlama aparan zaman yoxlama aparan işçilər onu aldatmışlar. Reyestrdən keçdiklərini bildirsələr də reyestrdən keçməmişdirlər. Onun sayğacı 2800 manata kimi yazsa qanunidir. Aylıq 3000 manat yazsa idi onda sayğaca əlavə qoşulma kimi deyə bilərdilər. Ancaq təqdim etdiyi saldolardan da görünür ki, onun aylıq borcu 2000 manatdan yuxarı olmayıb. Özünü günahkar bilmədiyinə görə bu tam əsassızdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə qarşı etirazın məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçının hərəkətləri faktiki olaraq qanunsuz qoşulmadır. Belə ki, müqavilədə göstərilən qaz cihazlarından əlavə qaz cihazlarının istifadə edilməsi qanunsuz qoşulma ona görə sayılır ki, sayğaz sərfiyyatı qeydə ala bilmir. 5400 manat sərfiyyat müəyyən edilmişdir. Şəxsin təqsirli olması ilə bağlı qanuni qüvvəyə minmiş hökm yoxdur. X2 Agentliyinə sorğu vermişlər. Onlara verilən cavab məktubunda qeyd edilir ki, yoxlanışla bağlı heç bir qanun pozuntusu yoxdur. Ancaq reysterdə qeydiyyatdan keçirilmədiyini bildirir. Ancaq bununla razı deyillər. Fakt olaraq qanun pozuntusu var. Qanunsuz qoşulma yalnız kənar müdaxilə deyil, həm də normadan artıq qoşulma da qanunsuz qoşulma sayılır. Sayğacın tutumundan artıq yükləmə olub. 18 sentyabrda onlar şəxsin təqsirli bilinib bilinməməsi ilə bağlı müraciət ediblər, onlar da məktubla cavab veriblər. İddiaçının qanunsuz qoşulma barədə təqsirli sayılmasına dair qanunda göstərilən qərar almamışlar. Məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən hazırlıq iclasında mütəxəssis X5 izahatında bildirmişdir ki, iddiaçı təqsirli bilinməyib. xx.xx.2024-cü il tarixli çıxarış əsasında yoxlamalar aparılmışdır. Sahibkarlıq sahəsində yoxlamalar 2025-ci ilin yanvar ayına qədər dayandırılmışdır. Yoxlama yalınız sayğaca müdaxilə və ya sayğacdan kənar xətlə çəkilmə hallarında yoxlama aparıla bilər. Çıxarışı o adla alsalar da başqa yoxlamalar aparılmışdır. Faktiki olaraq 80 nömrəli qərara əsasən qeyri-yaşayış sahəsində yoxlamalar aparılarkən çıxarışa əsasən yoxlama düzgün aparılmamışdır. İnzibati xətanın tərkibi yoxdur. X9 X11 məlumat vermişlər. Qərar formasında deyil, məktubla cavab vermişlər. 5000 manatdan yuxarı olduğu üçün inzibati deyil, cinayət məsuliyyəti yaratdığı üçün qərar qəbul etməmişlər. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli e-2-2(115)-1500/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək “İddiaçı (abonent kodu: **********00070) hesablamış 5400 manat məbləğində borcun Cavabdeh tərəfindən silinməsi” qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma ilə bağlı təqsirinin qanunla müəyyən edilmiş qaydada təsdiq edilmədiyi halda qaz paylayıcısı tərəfindən istehlakçı fiziki şəxsə borcun hesablaması qanuni sayıla bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı (abonent kodu: **********00070) hesablamış 5400 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Birinci instansiyası məhəməsi öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X7”nın 4.8, 5.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3, 1096.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1500/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən iddiaçıya məxsus Bərdə rayonu Koroğlu küçəsindəki qeyri-yaşayış (obyektinə) sahəsinə baxış keçirilməsi ilə bağlı Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarları maraqlarının müdafiəsi haqqında Qanunun 2.3-cü bəndinə əsasən 15 may 2024cü il tarixli, KY242109349 nömrəli qərarına əsasən müqavilə şərtlərinə əməl olunmasının yoxlanılması məqsədi ilə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi çıxarışı təqdim etməklə yoxlamalar aparılmışdır. Yoxlamalar zamanı qaz sayğacının İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilsədə, istehlakçı işlətdiyi Sənaye qaz qurğularının qazın alğı-satqı müqaviləsində göstərilən həcmindən artıq olduğu aşkar olunmuşdur. Yəni iddiaçının müəsissəsinə quraşdırılmış qaz sayğacı G-25 m3 maksimal qaz sərf 40 m3 olduğu halda müəssənin istifadəsində olan cihazları qaz sərfi 60 m3 olduğu müəyyən olnmuşdur. Müəssisə müəyyən olunmuş standartlarından 20 m3 artıq qaz sərfi ilə qazdan istifadə etmişdir. X2 Agentliyinin mütəxəssis X5 izahatında bildirdi ki, iddiaçı təqsirli bilinməyib. xx.xx.2024cü il tarixli KY242109349 nömrəli çıxarış əsasında yoxlamalar aparılıb. Sahibkarlıq sahəsində yoxlamalar 2025-ci ilin yanvar ayına qədər dayandırılıb. Yoxlama yalınız sayğaca müdaxilə və ya sayğacdan kənar xətlə çəkilmə hallarında yoxlama aparıla bilər. Çıxarışı o adla alsalar da başqa yoxlamalar aparılıb.Faktiki olaraq 80 nömrəli qərara əsasən qeyri-yaşayış sahəsində yoxlamalar aparılarkən çıxarışa əsasən yoxlama düzgün aparılmayıb. İnzibati xətanın tərkibi yoxdur. X9 X11 məlumat vermişlər. Qərar formasında deyil, məktubla cavab vermişlər. 5000 manatdan yuxarı olduğu üçün inzibati deyil, cinayət məsuliyyəti yaratdığı üçün qərar qəbul etməmişdirlər. Qeyd olunan sayğaca müdaxilə və ya sayğacdan kənar xəttlə çəkilmə halları bağlı yoxlamalar aparıla bilər düzgün qənatə gəlinməmiş çünki Qaz təchizatı haqqında AZərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 5-2.-ci bəndinə əsasən Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Göründüyü kimi qanunda subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) halları kimi qeyd olunub qanundan göstərilən tələbləri çıxarışa qeyd olunmuşdur. Qaz İdarəsinin qanundan kənar hər hansı qeyd aparılması nə dərəcədə düzgündür və digər məsələ qanunsuz qoşulma qanunda qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma göstərilib və sayğaca və ya qaz şəbəkəsinə paylayıcının razılğı və xəbəri olmadan qoşulma, qanunsuz qoşulma hesab edilir. Gələk digər məsləyə xətanın 5000 manatdan yuxarı olması inzibatı deyil cinayət məsuliyyəti yaradır, 5000 manatdan yuxarı olduqda cinayət məsuliyyətin yaranmasıla bağlı hər hansı qanunvericilikdə və qərarda göstərilməsi barədə istisna qeyd olunmamışdır. Məhkəmənin qəbul etdiyi qətnamənin ləğv olunmalı və yeni qərar qəbul edərək İddiaçının iddiasının təmin olunmamsı barədə qətnamə çıxarılaraq Cavabdeh İB-nin tələbi təmin olunmalıdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, onlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış almışlar. Lakin məhkəmə onların yoxlama səbəblərini qanunsuz saymışdır. Onlara qanunvericilikdə göstərilən əsaslar olduqda yoxlamanın keçirilməsinə icazə verilmişdir. Həmin icazə əsasında aparılmış yoxlama zamanı itki müəyyən olunmuşdur. Yoxlama zamanı əlavə avadanlığın sayğaca qoşulmanı nəticəsində qazın talanması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişlər. Apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu Maddə 1.1.4. yoxlayıcı - yoxlayıcı orqanın məsuliyyət daşıdığı nəzarət sahəsi üzrə yoxlama aparmaq səlahiyyəti verilmiş vəzifəli şəxsidir. Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılır. Maddə 2.1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısına dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı Bənd 1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər: 1.1. dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması; 1.2. fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması; 1.3. təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması; 1.4. sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanılması; 1.5. kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yoxlanılması; 1.6. radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması aparıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X7 Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Maddə 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunu Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X7 ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(115)-1500/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, mübahisə predmeti olan 5400 manat borc sayğac göstəricisinə əsasən istehlak edilmiş təbii qazın dəyəri olmamaqla akt əsasında iddiaçıya hesablanmış borc məbləğidir ki, bu işin mübahisələndirilməyən halıdır. İddianın hüquqi əsasına qiymət verən məhkəmə ilk növbədə onu qeyd edir ki, Cavabdeh İB tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacına keçirilmiş baxış və aparılmış yoxlama qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Cavabdeh İB-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi yoxlamanın sayğacın göstəricisinin oxunması zamanı sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1dək dayandırılmışdır. Yuxarıda qeyd edilən qanun və fərmanının tələblərinə əsasən, xx.xx.2025-ci il tarixədək sahibkarlıq subyektlərində enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı və Fərmanda qeyd olunan hallarda yoxlama aparıla bilər. Məhkəmə araşdırması zamanı müyyən edilmişdir ki, cavabdeh tərəfindən yoxlamanın əsası kimi təqdim edilmiş çıxarışda plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir ki, cavabdeh tərəfindən sayğaca müdaxilənin təsdiq olunması və ya qanunsuz qoşulma hallarının mövcud olmasına dair sübutlar məhkəməyə təqim edilməmiş və aparılmış yoxlamaya dair sənədlərdə bu hallar aşkar edilməmişdir. Cavabdeh plandankənar yoxlamanın keçirilməsinin əsası kimi istinad etdiyi sayğacın göstəricisinin oxunması zamanı sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və keçirilməsi iddia olunan yoxlama zamanı qeyd edilən hallar aşkar edilməmişdir. Halbuki, cavabdeh sayğac oxunması zamanı müdaxilənin aşkarlanmasına və digər istinad edərək yoxlama keçirmək qərarına gəldiyini sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrinə müraciət etdiyi zaman əsaslandırmağa çalışmışdır. Cavabdeh ona qanunla verilən səlahiyyətləri aşaraq heç bir qanuni əsas olmadan, həqiqətə uyğun olmayan əsaslarla yoxlamanın keçirilməsi üçün çıxarış almağa nail olsa da, buna baxmayaraq pozuntu olduğu iddia edilən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdə qeyd olunan halları aşkar etməmişdir. Bundan başqa yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə onu da qeyd edir ki, akt tərtib edilərkən “X7”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (obyektin qaz xətti üzərində quraşdırılmış G-25 markalı qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən sayğacın maksimal gücündən əlavə sərfiyyat aşma) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 6.5-2-ci bəndinə istinad edilərək göstərilmişdir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Cavabdehin istinad etdiyi bəndin tələbindən göründüyü kimi, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalıdır ki, məhkəmə araşdırması zamanı iddiaçının təqsirli hərəkətləri nəticəsində plombun qoparılmasına, baxış şüşəsi sındırılmasına, gövdəsinin zədələnməsinə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarla bağlı məhkəmə sübut təqdim edilməmişdir. Cavabdehin tələbnamədə istinad etdiyi qanunvericilik norması istehlakçının təqdsirli hərəkətlərindən bəhs edir ki, həmin bəndin baş tutmuş əsassız yoxlamanın həllinə təsiri yoxdur. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X3” 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. “X3” 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Bunlardan başqa “X3 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, dəymiş zərərin bərpasına dair tələbnamədə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edilməsi ilə bağlı hallara istinad olunsa da məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi təbii qazın talanması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilmədiyini bildirmişdir. Qazın talanması halında isə cavabdeh Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinin tələblərinə əməl etməyə borclu olduğu halda bunu etməmiş və həmin maddənin tələblərini yerinə yetirmədən bir başa iddiaçıya borc hesablamışdır ki, bunda da haqlı olmamışdır. Cavabdehin iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən sayğacdan kənar qoşulma hallarına yol verilmişdir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, sayğacdan kənar qoşulma dedikdən sayğaca qədər olan qaz xəttinə qoşulma başa düşülür. Məhkəmə araşdırması isə sayğaca qədər olan xəttə sayğacdan kənar qoşulma halı ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1500/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-36/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-36/2025
27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver