Məhkəmə qərarları › İş №2-2(104)-72/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-72/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-72/2024 06.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1652/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1652/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 21228,50 (iyirmi bir min iki yüz iyirmi səkkiz manat əlli qəpik) manat borc və 200 manat mediasiya xərcinin tutularaq “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 153,68 (bir yüz əlli üç manat altmış səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)1652/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin tamamilə rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" ASC-yə qarşı borcun tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 21228,5 manat borcun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 2005-ci il tarixdən əhaliyə xidmət göstərir. Fəaliyyətləri müddətində hər hansı dövlət orqanı, müəssisəsi və fiziki şəxslərlə problemləri olmamışdır. Bu gün müəssisələrinin fəaliyyətinə cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qanunsuz və əsassız akt əsasında mənfi təsir göstərmək istəyirlər. Belə ki, xx.xx.2023-cü il tarixli, 016905 saylı aktda göstərilir ki, sayğac dövriyyədən keçən yükü düzgün qeyd etmir. Bunu onunla əsaslandırırlar ki, komputer məlumat bazasında X2000 olduğu halda, cərəyan transformatoru 100/5 olmasına baxmayraq, sayğac dövriyyəsində “A” fazasında quraşdırılmış cərəyan transformatoru 300/5 kvt-dır. Qeyd olunan aktı əsas götürərək 21228.5 manat əsassız borc hesablamışlar. Qeyd olunan akt əsasında hesablanmış borc əsassızdır. Belə ki, cavabdeh orqanın nümayəndələri tərəfindən elektrik sayğacına baxış keçirilərkən onlara hər hansı bir qərarın, baxış aktının surəti verilməmişdir. Həmçinin, yoxlama qeydiyyatdan keçməmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi səbəbindən ləğv olunmalıdır. Belə ki, xx.xx.2023-cüil tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları C.Quliyev və A.Cəfərov tərəfindən Goranboy EŞ-nin Naftalan sahəsinin nəzarətçi mühəndisi R.Həsənovun, Naftalan y/s-nın növbətçi montyoru R.Qarayevin və iddiaçı "xxxx"MMC-nin nümayəndəsi (təsərrüfat işçisi) Ehtiram Bədəlovun iştirakları ilə “EEİQ”nın tələblərinə uyğun olaraq iddiaçını elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacına baxış keçirilmişdir. Baxış keçirilən zaman “Elektrik sayğacının dövrədən keçən yükü düzgün qeyd etmədiyi müəyyən edilmişdir. Belə ki, komputer məlumat bazasında K=2000 olduğu halda, yəni cərəyan transformatoru 100/5 olmasına baxmayaraq sayğac dövrəsinin “A” fazasında quraşdırılmış cərəyan transfotmatoru 300/5 kimi olması aşkar edilmişdir. Yoxlamanı aparan enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən elektrik hesblama sayğacının quraşdırıldığı “Naftalan110/35/10 y/s-na Rele mühafizə və laboratoriya əməkdaşları mütəxəssis kimi dəvət edilərək pozuntu faktı müvafiq texniki vasitələrlə onlar tərəfindən təkrar yoxlanılmışdır. Yoxlama nəticəsində elektrik hesablama sayğacının “A” fazasında quraşdırılmış cərəyan transormatorunda yaranmış qüsurla əlaqədar c/t-nun transformasiya əmsalının 100/5 olmasına baxmayaraq sayğac dövrəsindən axan yükü 300/5 əmsalı kimi qeyd etməsi öz təsdiqini tapmışdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar “EEİQ”-nın tələblərinə uyğun olaraq iddiaçı "xxxx" MMC-yə AKT NDQ № 016905 saylı akt tərtib edilmişdir. Aktda yoxlama zamanı aşkar edilmiş pozuntu faktı barədə müfəssəl qeydiyyat aparılmşdır. Aktda həmçinin xətdən axan yükün xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” ilə ölçüldükdə faktiki axan yükün =176 kvt, sayğacın qeyd etdiyi yükün isə =121 kvt olması və sayğacın keçən enerjinin =31,25% xəta i lə qeyd etməsi barədə qeydiyyat aparılmışdır. Aktın tələb hissəsində “EEİQ”-nıntələblərinə uyğun olaraq uçot komplekti bərpa edilsin” qeydiyyatı aparılmışdır. Akt yoxlamada iştirak edən şəxslər tərəfindən, həmçinin iddiaçının nümayəndəsi Ehtiram Bədəlov tərəfindən imzalanmışdır. Aşkar edilmiş enerji pozuntusu ilə bağlı aparılmış yoxlamanın mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. İddiaçı "xxxx" MMC-nin Elektrik enerjisi ilə təchizatına baxış keçirilməsində iştirak etmiş X2 X1 və Avtomatikası Şöbəsinin əməkdaşları O.Həsənov və F.Hacıyev tərəfindən 06 sentyabr 2023-cü il tarixli “Cərəyan Transformatorlarının CT 001023 nömrəli Protokol tərtib edilməklə pozuntu faktının, yəni “sayğacın “A” fazasının c/tda qüsurun” mövcud olması faktı sənədləşdirilmişdir. "xxxx" ASC-də fəaliyyət göstərən “Aktlar üzrə komissiya” tərəfindən iddiaçı barəsində tərtib edilmiş NDQ Akt № 016905 saylı akta əsasən elektrik hesablama sayğacının keçən enerjinin xəta ilə qeyd etdiyi dövr üçün yenidən hesablama aparılaraq dəyəri 22.223 manat təşkil edən 202120 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Məhkəmə baxış iclası zamanı cavabdeh "xxxx" ASC-nin iddiaçı "xxxx" MMC barəsində mübahisələndirilən aktı tərtib etmiş əməkdaşlarının iş üzrə obyektiv qərar qəbul edilməsi məqsədi ilə onların şahid qismində nəhkəmədə dindirilmələri zərurəti yarandığından məhkəməyə müvafiq vəsatətlə müraciət edilmişdir. Lakin məhkəmə işin faktiki hallarının kifayət qədər araşdırıldığını, iddiaçını elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacında baxış keçirilməsində iddiaçının nümayəndəsi Ehtiram Bədəlovun iştirak etdiyini və sayğacda yaranmış nasazlığın (sayğacın keçən enerjinin miqdarını xəta ilə qeyd etməsi) mövcud olmasını onun tərəfindən Akta imza edilməklə təsdiq olunduğunu əsas gətirərək vəsatətin təmin edilmədiyini elan etsə də, bu fakt məhkəmə qətnaməsində öz əksini tapmamışdır. (MPM-nin 184-cü maddəsinin tələblərinə uyğun olaraq vəsatətin rədd edilməsi barədə müvafiq qaydada qərardad qəbul etməmişdir). İddiaçı "xxxx" MMC barəsində cavabdeh tərəfinfən “EEİQ”-nın tələblərinə uyğun olaraq Akt tərtib edilərkən “Qaydalar”ın hansı bəndinin tələblərinin pozulması göstərilmədiyi halda məhkəmə Akta əsasən hesabatın 8.17-ci bəndinin tələblərinə uyğun aparıldığını istinad edərək baş vermiş pozuntu nəticəsində enerji təchizatı müəssisəsinin enerji itkisinə məruz qalmış olsa belə, əgər burada istehlakçının təqsiri yoxdursa zərərin əvəzinin iistehlakçıdan tələb olunması və yaranmış çatışmazlığın onun hesabına tamamlanmasını qanuni sayılmadığını və görülmüş tədbirin mövcud qaydaların pozulması yolu ilə həyata keçirildiyindən onun nəticələrinin etibarsiz olması qənaətinə gəlmişdir. Halbuki məhkəməyə təqdim edilmiş etirazda iddiaçı barəsində tərtib edilmiş akta əsasən hesabatın “Qaydalar”ın 8.15-ci bəndinin tələblərinə uyğun aparıldığı, məhkəmə baxış iclası zamanı isə çıxışında da hesabat apraılarkən yanlışlığa yol verilərək hesabatın 3(üç) ay müddətinədək deyil, 6(altı) ay müddətinə aparıldığı bildirilsə də məhkəmə qətnamədə “Qaydalar”ın 8.15 və 8.16-cı bəndlərinin tələblərini sadalamaqla kifayətlənmiş və bu maddı hüquq normalarının mahiyyətinə varmamışdır. Göründüyü kimi istehlakçının təqsiri olmadığı hallarda (sayğacda yaranmış nasazlıq, yəni sayğacdan keçən enerjinin xəta ilə qeyd etməsi) hesabatın müvafiq olaraq 3(üç) və 1(bir) aydan artıq olmamaqla aparılması nəzərdə tutulmuşdur. Hesab edirlər ki, məhkəmə işin faktiki hallarını, yəni sayğacın yaranmış nasazlıq səbəbindən keçən enerjinin xəta ilə az qeyd etməsinin iddiaçı tərəfindən akta imza edilməklə təsdiq olunmasını və məhkəmə baxış iclası zamanı pozuntunun mövcudluğunun müəyyən olunduğunu əsas gətirərək hesabatı qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun apararaq iş üzrə obyektiv və ədalətli qərar qəbul etməli olduğu halda iddianın təmin edilməsi barədə səhv qərar qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən heç bır sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, işin faktiki halları aydınlaşdırılmamışdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Buna baxmayaraq məhkəmə əsassız olaraq iş üzrə "xxxx" ASC-yə qarşı qərəzli qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, şikayətlə eyni məzmunlu izahat verdi və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(115)-1652/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1652/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiyab şikayətinin dəlilləri ilə bağlı cavabdeh və iddiaçı tərəfin nümayəndələrini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 016905 nömrəli aktdan görünür ki, EEİQ-nin tələblərinə uyğun olaraq baxış keçirilmiş və baxış zaman məlum olmuşdur ki, elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir. Xətdən axan yükün xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” ilə ölçüldükdə faktiki axan yükün Pfak=176 kvt, sayğacın qeyd etdiyi yükün isə Psay=121 kvt olması və sayğacın keçən enerjinin APxəta=31.25 % xəta ilə qeyd etməsi barədə qeydiyyat aparılmışdır. Aktın tələb hissəsində EEİQ-nin tələblərinə uyğun olaraq “uçot komplekti bərpa edilsin qeydiyyatı” aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Naftalan şəhərində yerləşən Müalicə Sağlamlıq Mərkəzində baxış zamanı məlum olmuşdur ki, elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir. Belə ki, komputer məlumat bazasında K=2000 olduğu halda cərəyan trasformatoru 100/5 olmasına baxmayaraq sayğac dövrəsində A fazasında quraşdırılmış cərəyan transformatoru 300/5 kimidir.(289,99 göst-188,93 göstr) x 2000 əmsal=202120 kvts. Tarif(0.11 man)=202120 kvtsx0.11=22223 manat). İş materiallarında olan 282633 nömrəli “Sayğac sxemlərinin yoxlanışı, qurşadırılması və dəyişdirilməsi üzrə” aktdan görünür ki, 016905 nömrəli akta əsasən sayğacın sxemi yoxlanılmış, dəyişdirilərək möhürlənmişdir. İş materiallarında olan Abunə haqqında məlumatdan görünür ki, NDQ 016905 nömrəli akt üzrə xx.xx.2023-cü il tarixə olan borc 22233.20 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EBDP 149140 nömrəli elektron qaimədən görünür ki, "xxxx" ASC "xxxx" MMC-yə 22233.20 manat borcun ödənilməsi ilə bağlı elektron qaimə göndərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 1220,34 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 6779,66 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 2171,17 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 12062,03 manat "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞG/MT/032/2023-01430 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə, mübahisəsiz haldır ki, baş vermiş nasazlıq istehlakçının təqsiri olmadan yaranmışdır. Buna baxmayaraq enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara görə akt tərtib etmiş və vurulmuş zərər kimi borc hesablamışdır. Yuxarıda qeyd olunduğu kimi, akt tərtib edilməklə borc o halda hesablanır ki, istehlakçının təqsiri mövcud olsun. Baş vermiş pozuntu nəticəsində enerji təchizat müəssisəsi enerji itkisinə məruz qalmış olsa da belə, əgər burada istehlakçının təqsiri yoxdursa itkinin əvəzinin istehlakçıdan tələb olunması və yaranmış çatışmazlığın onun hesabına tamamlanması qanuni sayılmır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, enerji itkisinin əvəzinin ödənilməsi ilə bağlı məsələlərdə ilk öncə itkinin mövcudluğu və həmin itkinin onun yaranmasına səbəb olan şəxsə aid edilməsi araşdırma predmeti olmalıdır. Enerji itkisinə görə əlavə hesablama, öz qanunazidd davranışı ilə itkinin yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Çünki baş vermiş zədələnmənin əsasında istehlakçının təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, o, itirilmiş enerjinin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfin təqdim etdiyi sənədlərə görə elektrik sayğacı dövriyyədən keçən yükü düzgün qeyd etmir. Bu hadisənin abonentin təqsiri üzündən və ya başqa səbəblərdən baş verməsi halı aşkar olunmamış, ümumiyyətlə bu istiqamətdə araşdırma aparılmamışdır. Halbuki, iddiaçı müvafiq qurumunun mütəxəssisləri ilə iddiaçının istifadə etdiyi elektrik enerjisi ilə qidalanan qurğuların gücünü, istifadə olunmuş sayğacın istifadə olunan elektrik qurğularının gücünə uyğun olub-olmamasını aydınlaşdırılmalı və araşdırmanın nəticəsi olaraq cavabdehin təqsiri müəyyən olunmalı idi. Lakin iddiaçı güman və ehtimallara əsaslanaraq abonentə yuxarıdsa göstərilən məbləğdə əsassız borc hesablanmışdır. Halbuki abonentin saldosundan göründüyü kimi cavabdeh iddiaçıya məxsus elektrik sayğacındakı “nasazlıq” aradan qaldırıldıqdan sonra iddiaçının sərfiyyatında əhəmiyyətli artım olmalı olduğu halda bu kimi hal müşahidə edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur İddiaçıya məxsus elektrik sayğacında dövrədən keçən yükü düzgün qeyd etməməsi iddiaçının təqsiri səbəbindən baş verməməsi iş materialları ilə müəyyən olunduğundan cavabdeh tərəfindən iddiaçıya hesablanmış 21228,5 manat məbləğ istehlakçının hesabından silinməlidir Göründüyü kimi cavabdeh iddiaçının təqsirli olması qənaətinə gəldikdə yalnız güman və ehtimallara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsiniin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində iddianın qalan hissədə təmin edilməməsini göstərsə də, qətnamənin məzmunundan və məhkəmənin gəldiyi nəticədən görünür ki, həmin hissə texniki səhv olaraq qətnamədə qeyd edilmişdir. Odur ki, məhkəmə kollegiyası həmin hissəni texniki səhv kimi qəbul edir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1652/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar