Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-10/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı “xxxx” Firmasının nümayəndəsi X1 və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı “xxxx” Firmasının cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-332/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-332/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” Firması xx xxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” Firmasına elektrik enerjisinin istehlakı ilə bağlı əsassız hesablanmış 7245,95 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Firması Sumqayıt şəhərinin 39-cu məhəlləsində müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərir və istehlak etdiyi elektrik enerjisinin dəyərini daima ödəyir. “xxxx” Firmasına aid abunə haqqında arayışdan görünür ki, onun borcu xx xxxx 2015-ci ildən yaranmış borcdur. Mövcud qanunvericiliyə görə bu borc üzrə tələbetmə müddəti 3 ildir. Tələb müddəti keçmiş 5831,03 manat məbləğində borc silinməlidir. Bundan başqa xx xxxx 2015-ci ildə “xxxx” Firmasına akt tərtib edilmiş və həmin akta əsasən də 1042,60 manat məbləğində pul hesablanmışdır. İddia müddətinin təbiqi ilə bağlı göstərilən məbləğ də silinməlidir. Bundan başqa xx xxxxxxxx 2017-ci ildə də akt tərtib edilmiş və həmin akta əsasən də 1023,84 manat pul tələb edilir. Həmin akt isə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən ləğv olunmalıdır. Bütövlükdə, cavabdeh “xxxx” ASC tərəfindən iddiaçı “xxxx” Firmasından 8658.81 manat pul tələb edilir. Həmin məbləğin 5831,03 manatı vaxtı keçmiş borcdur, 2066,44 manatı isə aktlara görə tələb olunur. Bu məbləğin 893,52 manatı 2(060)-8910/2015 saylı məhkəmə qətnaməsinə əsasən silinmişdir. Ümumilikdə, 7245,95 manat məbləğ hal-hazırki iddia üzrə silinməli, yerdə qalan 1412,86 manat məbləği isə müəssisə ödəməyi öz öhdəsinə götürür. Mülki Məcəllənin 373.2-ci maddəsi müəyyən edir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsi müəyyən edir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisinin istifadə qaydalarının” 10.17-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə təhlükəsizlik texniki qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət X4” səlahiyyətli nümayəndələrinin tələblərinə vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Həmin Qaydaların 7.7-ci bəndinə əsasən, hesablaşma, elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarının (ölçü transormatorları vasitəsilə) qoşulduqda qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə cavabdehlik onların quraşdırdığı elektrik qurğusunun mülkiyyətçisinin üzərinə düşür. Təqdim olunmuş sənədlərdən görünür ki, elektrik sayğacı yüksək gərginlikli yarımstansiyada yerləşir. Həmin yarımstansiyaya xidməti cavabdeh təşkilatın nümayəndələri həyata keçirir. Qaydaların 8.4cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq, istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Nümayəndə qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iş materiallarından görünür ki, yaranmış borcun əvvəli 2015-ci ilin iyul ayından başlayır. Kommersiya işinin araşdırılmasından görünür ki, 2017-ci ilin avqust ayının 15-nə qədər sıradan çıxmış sayğac üzrə sərfiyyat aparılmış, 2017-ci ilin avqust ayından sərfiyyat yeni sayğac vasitəsilə həyata keçirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yaranmış 8843.19 manat borcun 7245.95 manatı vaxtı keçmiş borcdur. Bunun bir hissəsi 2015-ci və 2017-ci illərdə bağlanmış aktlar əsasında hesablanmış, qalan hissəsi isə istifadə olunmuş elektrik enerjisinə görə hesablanmışdır. Qanunvericiliyin tələbinə əsasən hesablanmış 7245.95 manat pul silinməlidir. Cavabdeh tərəfi hesab edir ki, hər dəfə müəyyən pul məbləğinin ödənilməsi borcun etiraf olunması deməkdir. 2020-ci ildə 2015-ci ilin borcunu ödəməmişdirlər, 2020-ci ildə həmin ilin borcunu ödəmişdirlər. Deməli, əvvəlki borclar üzrə hər-hansı bir ödəniş aparılmayıb. Bu baxımdan da, həmin borc etiraf edilməyib. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” Firmasının nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırması zaman müəyyən edilmişdir ki, enerjitəchizatı müəssisəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehlakçı “xxxx” Firmasına (abonent kodu: **********3) məxsus qeyri-yaşayış sahəsi elektrik enerjisi ilə təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə sayğac quraşdırılmışdır. İstehlakçı “xxxx” Firmasına istehlak etdiyi elektrik enerjisinin dəyərinə sayğacın göstəricilərinə əsasən hesablanmış borcla yanaşı, xx xxxx 2015-ci il tarixə kimi yaranmış 1042,61 manat məbləğində sərfiyyat və EEİQ-nın pozulması ilə əlaqədar tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli 008760 nömrəli akta əsasən hesablanmış 1023,84 manat məbləğində sərfiyyat da daxil edilmişdir. Lakin, xx xxxx 2015-ci il tarixə kimi yaranmış 1042,61 manat məbləğində sərfiyyatın 893,52 manat hissəsi 2(060)-8910/2015 nömrəli məhkəmə qətnaməsinə əsasən silinmiş və buna görə də, həmin dövrdən borc kimi ümumi sərfiyyata daxil olan məbləğ cəmi 149,09 manat miqdarında olmuşdur. Qeyd etmək lazımdır ki, xx xxxxxx 2017-ci ildə saat 10:38–də istehlakçı “xxxx” Firmasına aid elektrik sayğacı Enerjitəchizatı Müəssisəsinin əməkdaşları tərəfindən istehlakçının nümayəndəsinin iştirakı ilə yoxlanılarkən, məlum sayğacın “hesabat göstəricisi olan ekran hissəsinin yandırıldığı və elektrik sərfiyyatının hesabatının oxunmadığı” müəyyən edilərək, bununla əlaqədar xx xxxxxx 2017-ci il tarixli 008760 nömrəli akt tərtib edilmiş və həmin aktın “Tələb” hissəsində qeyd edilmişdir ki, “EEİQ-na uyğun olaraq elektrik sayğacı yenisi ilə əvəz edilsin və sayğacın göstəricisi laboratoriya şəraitində dəqiqləşdirilsin”. xx xxxxxx 2017-ci il tarixli 008760 nömrəli akt əsasında götürülmüş sayğacın laboratoriyada yoxlanması ilə əlaqədar tərtib edilmiş xx xxxxxxxx 2017-ci il tarixli “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” Protokolunda yoxlama zamanı “sayğacın displeyi termiki təsir nəticəsində yandırılaraq sıradan çıxarılıb, göstərici xüsusi cihaz vasitəsi ilə proqram əlavəsindən oxundu, sayğac istismara yararsızdır” qüsurlarının aşkar olunduğu qeyd edilmişdir. “xxxx” Firmasına aid Abunə haqqında Məlumata əsasən müəyyən olunur ki, xx xxxxxx 2017-ci il tarixli 008760 nömrəli akt əsasında 1023,84 manat məbləğində sərfiyyat hesablanaraq, borc kimi istehlakçının hesabına daxil edilmişdir. Lakin, həmin vaxt istehlakçı “xxxx” Firması hər hansı bir etiraz etməmiş və istehlak etdiyi elektrik enerjisinə görə mütəmadi olaraq müəyyən məbləğlərdə ödənişlərini davam etdirmişdir. Bununla belə, ödənişlər sayğac göstəricilərinə uyğun aparılmadığı üçün “xxxx” Firmasının borcu getdikcə artmış və xx xxxxxx 2020-ci il tarixə elektrik enerjisindən istifadəyə görə mövcud borcu 8843,19 manat məbləğində olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na, Mülki Məcəllənin 21.1, 1097.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən, məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.17-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. İş materiallarından müəyyən edilir ki, “xxxx” Frimasına 8658,81 manat borc hesablanmışdır. İddiaçı həmin borcun 1412,86 manatını ödəməyi öhdəsinə götürsə də, 7245,95 manat borcun silinməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, “xxxx” Frimasına hesablanmış 7245,95 manat borcun 149,09 manat hissəsi xx.xx.2015-ci il tarixədək yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh “xxxx” ASC hesablanmış borcun 149,09 manat hissəsinin tələb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə kollegiyası hesab edir ki, 7245,95 manat borcun 149,09 manat hissəsi müddətin ötürülməsi ilə əlaqədar silinməlidir. Aktlara görə tələb olunan 1023,84 manat borcun silinməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan görünür ki, cavabdeh “xxxx” ASC iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, “xxxx” ASC tərəfindən reyestrdə qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi olmadığından “xxxx” Firmasına hesablanmış 1023,84 manat məbləğində borc silinməlidir. Borc məbləğinin qalan hissəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğac istismara yararsızdır, sayğacın göstəriciləri oxunmur. Ümumiyyətlə, iş materiallarında olan abonent haqqında məlumatdan görünür ki, abonentə məxsus sayğaclar ardıcıl olaraq bir neçə dəfə (xx.xx.2011-ci, xx.xx.2017-ci, xx.xx.2017-ci, xx.xx.2019-cu illərdə) dəyişdirilmişdir. Sayğaclarda qüsurların olmasında isə istehlakçının təqsiri müəyyən olunmur. Belə olan halda, qüsurlu sayğacın göstəricilərinə əsasən iddiaçı “xxxx” Firmasına əsassız olaraq hesablanmış borc məbləği silinməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-332/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “xxxx” Firmasına (abonent kodu **********3) hesablanmış 7245,95 (yeddi min iki yüz qırx beş manat doxsan beş qəpik) manat məbləğində borcun silinməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0.2, 392, 393 və 404-1-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-332/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “xxxx” Firmasına (abonent kodu **********3) hesablanmış 7245,95 (yeddi min iki yüz qırx beş manat doxsan beş qəpik) manat məbləğində borc silinsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-10/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-10/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver