Məhkəmə qərarları › İş №2-2(105)-10/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-10/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-10/2023 16.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 867/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ******* saylı Aktının etibarsız hesab edilməsi və həmin Akt əsasında 3024 manat məbləğində qaz borcunun iddiaçının üzərinə qoyulması hərəkətinin qanunsuz hesab edilərək, həmin borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu, Qaraçay, 2-ci Nügədi kəndi ərazisində yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasına Cavabdeh əməkdaşları tərəfindən naməlum səbəbdən əvvəlki qaz sayğacının düzgün işləməməsi əsas gətirilərək, ******* saylı akt tərtib edilmiş və yeni qaz sayğacı quraşdırılmışdır. Yeni sayğac quraşdırıldıqdan sonra iddiaçının cavabdehə hər hansı borcu qalmamışdır. Lakin iddiaçının son ayların bildirişlərində 3024 manat qalıq borcunun olduğu göstərilmişdir. İlk öncə həmin qalıq borcun nəyə əsasən hesablanması iddiaçıya məlum olmamış, cavabdehə göndərdiyi sorğu isə cavabsız qalmışdır. İddiaçı sonradan cavabdeh qurumun əməkdaşlarından çıxarılmış qaz sayğacına guya müdaxilə edildiyinə görə akt tərtib edilərək ona müvafiq cərimə hesablandığını öyrənmişdir. Halbuki, obyektdən çöldə yerləşən qaz sayğacına cavabdeh qurumun əməkdaşlarından başqa heç kəs yaxınlaşmamış, ona müdaxilə olunub-olunmamasından isə iddiaçının məlumatı olmamışdır. Həmçinin, plombun üzərində kənar izlərin aşkar olunub-olunmamasının iddiaçı ilə hər hansı bir əlaqəsinin mövcudluğu ona aydın olmamışdır. Onun istifadəsində olan obyektdən kənarda, yəni küçədə quraşdırılmış qaz sayğacına gecə-gündüz nəzarət etmək və qorumaq iddiaçının vəzifəsi deyil. Aktla tanış olduqda iddiaçıya məlum olub ki, həmin qeyri-yaşayış binası onun özünə məxsus olmasına baxmayaraq, abonent kodu kənar bir fiziki şəxsin (N.Talıbov) adına qeyd olunmuş və akt həmin kod sahibinin adına yazılmışdır. Lakin cavabdeh təşkilatın hazırda iddiaçının təqsiri olmadığı halda istehlak etmədiyi təbii qaza görə 3024 manat ziyan tələb etməsi qanunsuz və əsassızdır. Eyni zamanda, təbii qaz təchizatı haqqında müqavilədə səhvən N.Xalıqov yazılmışdır. Lakin həmin müqavilədəki imza və möhür İddiaçı məxsusdur. Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, e-2-2(119)- 867/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) istifadəsində olan Quba rayonunda yerləşən qum-çınqıl karxanasına (abonent kodu: **********00000) “itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq” hesablanmış 3024 (üç min iyirmi dörd) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Quba rayonu, Qaraçay ll Nügədi kəndində yerləşən qum-çınqıl karxanasının mülkiyyətçisi İddiaçı deyil N.Talıbovdur. Abonentin ad dəyişməsi və ya obyektin yeni mülkiyyətçi ilə yeni Müqavilə bağlanması üçün Cavabdeh İB-yə müraciət olunmamışdır. Abonent N.Talıbov barədə tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt İddiaçı üçün heç bir öhdəlik yaratmır. Əgər bu obyekt İddiaçı məxsusdursa mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq abonentliyin dəyişdirilməsi üçün yeni müqavilə imzalanmalıdır. İddiaçı burada tərəf ola bilməz. Akt sayğaca müdaxilə olunduğu üçün deyil, qaz işlədici cihazların qaz sərfiyyatının, sayğacın keçən qazı qeydə alma qabiliyyətindən artıq olmasına görə tərtib edilmişdir. İş materiallarında yer alan sübutlardan iddiaçının qanunazidd hərəkətləri, yəni sayğaca müdaxilə etməsi faktı öz təsdiqini tapsa da, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və isə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının uydurmasına inanaraq işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, apellyasiya şikayətində iddiaçının sayğaca müdaxilə faktı qeyd olunsa da, həmin hal mexaniki səhv olaraq göstərilmişdir. İddiaçı tərəfindən sayğaca müdaxilə olunmamışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunaraq, 28 fevral 2019-cu il tarixində təsdiq edilmiş və “İstehlakçı: “Qum-çınqıl karxanası, N.Talıbov”, ünvan: “Quba, Qaraçay kəndi”, Fəaliyyət növü: “restoran”, “abonent kodu: **********00000”” qeydləri yazılmış “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktdan görünür ki, 07 fevral 2019-cu ildə saat 16:00-da abonent kodu **********00000 olan obyektdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və həmin yoxlamanın nəticəsi olaraq Aktda “istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatı 17,2 m3, sərfiyyatı 7,2 m3 keçir” qeydi aparılmışdır. Eyni zamanda, Aktda qeyd olunmuş məlumatlarla müəyyən olunur ki, həmin Akt - yoxlamanı keçirən Cavabdeh əməkdaşları olan mühəndislər və çilingər tərəfindən imzalansa da, “İstehlakçının nümayəndəsi” qismində qeyd olunan Nazir Qasımov tərəfindən imzalanmamışdır (onun adının qarşısında “imtina etdi” qeydi aparılmışdır). İş materiallarında olan Cavabdeh İtirilmiş təbii qazın dəyərinin hesablanması Komissiyası tərəfindən tərtib və təsdiq edilmiş 28 fevral 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədə “istehlakçı: “Qum-çınqıl karxanası, N.Talıbov”, fəaliyyət növü: “qeyri əhali”, “abonent kodu: **********00000” qeyd edilməklə göstərilir ki, 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli Akta əsasən “G-6” markalı 28256836 nömrəli qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, istismar edilən işlədicilərinin ümumi saatlıq qaz sərfi 17 m3/saat olduğu aşkar edilmişdir və mövcud sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun deyil. 28 fevral 2019cu ildə təsdiq edilmiş ******* nömrəli Aktla müəyyən edilən “Mövcud sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun deyil” qüsuruna görə qaz işlədicilərinin saatlıq qaz sərfi 17 m3/saat, mövcud sayğacın maksimal ölçmə həddi 10 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə (17- 10=7 x 12 x 180 = 15120 m3) -itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda əlavə sərfiyyat qismində ödənilməsi tələb olunan itirilmiş qazın cəmi miqdarı 15120 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan “İstehlakçı: “Qum-çınqıl karxanası, N.Talıbov” və “ünvan: “Quba, Qaraçay kəndi” qeydləri yazılmış **********00000 №-li abonent koduna aid Abonentin Saldosunda olan məlumatlarla müəyyən olunur ki, 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli Akta əsasən **********00000 №-li abonent kodun hesabına 2019-cu ilin fevral ayında bir dəfəyə hesablanmış 3024 (üç min iyirmi dörd) manat məbləğində borcun daxil edilməsi barədə məlumat mövcuddur. İş materiallarında olan “paylayıcı” Cavabdeh ilə bağlanmış 01 noyabr 2007-ci il tarixli 243 nömrəli “Təbii qaz təchizatı” haqqında Müqavilədən görünür ki, həmin Müqavilənin birinci səhifəsində müqavilənin “İstehlakçı” qismində Qum-çınqıl karxanasının rəhbəri “N.Xalıqov”la bağlandığı qeyd olunsa da, Müqavilə “İstehlakçı” qismində fərdi sahibkar olaraq İddiaçı “VÖEN **********” möhürü ilə təsdiq olunaraq imzalanmışdır. İş materiallarında olan "2021-ci ilin may ayında istifadə olunmuş təbii qaz" qeydi aparılmış 21 iyun 2021-ci il tarixli EBBD seriyalı 589739 nömrəli Elektron Qaimədən görünür ki, “alıcı” İddiaçı “təqdim edən” X3 ƏDV daxil cəmi 81,80 (səksən bir manat 80 qəpik) manat (69,33 manat + 12,47 manat ƏDV) məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Quba rayonu İcra Hakimiyyətinin 10 fevral 2003-cü il tarixli 32 nömrəli Sərəncamından görünür ki, Bakı şəhər sakini İddiaçı Hümbət oğlunun qumçınqıl karxanasının açılmasına icazə verilməsi barədəki ərizəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin 07 fevral 2003-cü il tarixli 109 saylı rəyi, Rayon Torpaq Komissiyasının 01 fevral 2003-cü il tarixli akt-rəyi nəzərə alınaraq, Quba rayonu İİ Nügədi bələdiyyəsinin 30 yanvar 2003-cü il tarixli 03 saylı qərarı ilə İddiaçı ayrılmış 1,0 hektar sahədə karxana üçün avadanlıqların quraşdılmasına icazə verilmiş və qum-çınqıl karxanasından ötrü Qara çayın yatağından 1,5 hektar sahə ayrılması qərara alınmışdır. İş materiallarında olan Quba rayonu İcra Hakimiyyətinin 30 dekabr 2012-ci il tarixli 341 nömrəli Sərəncamından görünür ki, İddiaçı Quba rayonunun İİ Nügədi kəndində yerləşən və mülkiyyətində olan 2,23 ha torpaq sahəsinin 300 kv.metr hissəsində qeyriyaşayış binasının tikintisinə razılıq verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “iddia tələbinə qarşı “Etiraz” və 10 oktyabr 2022-ci il tarixli 01-AA/05-HŞ-1024 nömrəli Arayışla Quba rayonunun Qaraçay-2-ci Nügədi kəndində yerləşən qum-çınqıl karxanasının mülkiyyətçisi kimi məhkəmədə iddia qaldırmış İddiaçı X6 İstismarı İdarəsində qeyri-əhali üzrə abonent kimi mövcud olmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli Aktın tərtib edilməsi və həmin Akt əsasında məlum 3024 (üç min iyirmi dörd) manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 07 fevral 2019-cu ildə istehlakçı İddiaçı istifadəsində olan sahibkarlıq obyektində (abonent kodu: **********00000) quraşdırılmış qaz sayğacına və sahibkarlıq obyektinə keçirilən baxış, yəni yoxlama tədbiri X5 Reyestrində qeydə alınmadan aparılaraq aktlaşdırılmışdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “0197620 saylı aktın etibarsız hesab edilməsi” hissəsində əsaslı olmadığına görə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Quba rayonunun Qaraçay (2-ci Nügədi) kəndi ərzisində yerləşən qum-çınqıl karxanası “Paylayıcı” Cavabdeh ilə bağlanmış 01 noyabr 2007-ci il tarixli 243 nömrəli “Təbii qaz təchizatı” haqqında Müqaviləyə (həmin Müqavilənin birinci səhifəsində müqavilənin “N.Xalıqov”la bağlandığı qeyd olunsa da, Müqavilə “İstehlakçı” qismində fərdi sahibkar olaraq İddiaçı “VÖEN **********” möhürü ilə təsdiq olunaraq imzalanmışdır) əsasən Quba rayonu ərazisində yerləşən həmin qumçınqıl karxanası təbii qazla təchiz edilərək, həmin ünvana **********00000 nömrəli Abonent Kodu (həmin Abonent Kodunda “istehlakçı” qismində “Qum-çınqıl karxanası–N.Talıbov” qeyd olunmuşdur) verilməklə, müvafiq qaydada G-6 markalı “smart-kart” tipli sayğac quraşdırılmışdır. Cavabdeh isə təbii qazla təchiz olunan və 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli Aktın tərtib edildiyi sahibkarlıq obyektinin İddiaçı aidiyyətinin olmadığını bildirsə də, iş materiallarında olan sənədlərlə və işin konkret halları ilə müəyyən olunur ki, həmin sahibkarlıq obyekti hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) istifadəsində və sahibliyində olmaqla, məlum Aktla yazılmış borc onun maraq və mənafeyinə toxunur. Bundan başqa, cavabdehin istinad etdiyi **********00000 nömrəli Abonent Kodu və Aktda “istehlakçı” (abonent) kimi qeyd olunan “N.Talıbov” adlı şəxsin şəxsiyyyətinin müəyyən edilməsi üçün hər hansı bir sənəd (şəxsiyyət vəsiqəsi və s.), eləcə də onun tam adı, ata adı və digər məlumatlar məhkəməyə təqdim olunmamış və həmin şəxsin “kim olmasının” (“kimliyi”) qaz təchizatçısı Cavabdeh özünə də məlum olması müəyyən edilməmişdir. Bu halda isə həmin qeyd olunan sənədlərdə “istehlakçının” (abonentin) adının texniki qüsur olaraq səhv göstərilməsi qənaətinə gəlməyə əsas verir ki, sahibkarlıq obyektini qazla təchiz edən müqavilə tərəfi olaraq Cavabdeh həmin qüsuru aradan qaldırmaq hüquq və səlahiyyətlərinə malik olmasına baxmayaraq, bu səhvin aradan qaldırılması üçün onun hər hansı bir təşəbbüs göstərməsi müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, 28 fevral 2019-cu ildə təsdiq edilmiş ******* nömrəli Aktın tərtib edilməsi və Akt əsasında 3024 manat məbləğində əlavə sərfiyyat olaraq dəymiş ziyanın hesablanması ilə nəticələnmiş 07 fevral 2019-cu ildə istehlakçı İddiaçı istifadəsində olan sahibkarlıq obyektində (abonent kodu: **********00000) quraşdırılmış qaz sayğacına və sahibkarlıq obyektinə keçirilən baxış, yəni yoxlama tədbiri X5 Reyestrində qeydə alınmadan aparılaraq aktlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X5 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında X5 reyestrindən verilən kod qeyd edilir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X5 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X5 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-867/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar