Məhkəmə qərarları › İş №2-2(105)-102/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-102/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-102/2021 29.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-591/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-591/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İB tərəfindən “Qızıldaş” ailəvi istirahət mərkəzində təbii qazdan istifadə qaydalarının pozulması haqqında fiziki şəxs İddiaçı barəsində tərtib edilmiş 30.04.2019-cu il tarixli, ******* №-li akt əsasında hesablanmış 5734 manat məbləğində borcun silinməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdehdən 30 manat dövlət rüsumunun əvəzinin tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Xəqani Tağıyev) Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən Şamaxı rayonu Avaxıl kəndində olan “Qızıldaş” ailəvi istirahət mərkəzində təbii qazdan istifadə qaydalarının pozulması haqqında fiziki şəxs İddiaçı (VÖEN **********) barəsində tərtib edilmiş 30.04.2019-cu il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, akt əsasında hesablanmış 5734 (beş min yeddi yüz otuz dörd manat) borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində qazdan istifadə olunur və hər ay təbii qazın dəyəri ödənilir. Təbii qazla bağlı ödənişlərdə heç bir problem olmamışdır. 30 aprel 2019-cu il tarixiə obyektdə təmir işləri gedən zaman Cavabdeh İB-nin işçiləri “Qızıldaş” ailəvi istirahət mərkəzinə gələrək obyektdə istifadə olunan cihazları yoxlamışlar. İddiaçı aparılan yoxlamanın səbəbini soruşduqda, onlar heç bir problem olmadığını demişlər. X5 İdarəsindən gəlib sözügedən obyektin qaz təchizatını dayandırdıqda iddiaçıya aldadıldığı məlum olub. Hər ay Şamaxı Qaz İdarəsinin əməkdaşı obyektə gələrək bildiriş verdiyindən iddiaçı bu dəfə də Cavabdeh İB-nin əməkdaşlarının eyni məqsədlə gəldiyini güman etmiş, obyektin qaz təchizatı barədə yoxlama aparıldığını başa düşməmişdir. İddiaçı Şamaxı Qaz İdarəsinə müraciət etdikdən sonra aparılmış yoxlama nəticəsində tərtib olunmuş aktı əldə etmiş, bundan sonra ona məlum olmuşdur ki, ******* nömrəli, 30.04.2019-cu il tarixli akta əsasən iddiaçıya 5734 manat cərimə hesablanıb. İddiaçı hesab edir ki, obyektdə qeyri-qanuni qoşulmaya aid heç bir fakt aşkar olunmadığından həmin akt əsassız tərtib olunmuşdur. Obyektdə quraşdırılmış sayğac 12 aprel 2019-cu il tarixdə açılıb yerinə yeni qaz sayğacı qoyulub. ”Azəriqaz” İB-nin nümayəndələri ******* nömrəli 30 aprel 2019-cu il tarixli aktla guya Şamaxı rayonu, Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi İstirahət mərkəzinin 28256576 nömrəli sayğacını yoxlayıblar. Halbuki, həmin sayğac 12 aprel 2019-cu il tarixdə açılıb. Yerində olmayan sayğaca baxış keçirilə bilməzdi. Həmçinin, sayğaca heç bir əlavə cihaz quraşdırılmamışdır. Cavabdeh təşkilat Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqıqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması hallarının qarşısının alınması məqsədi ilə müvafiq tədbirlərin görülməsi haqqında qanunun tələblərini kobud şəkildə pozmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilin yanvar ayının 1-dək dayandırılmışdır. Həmin qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, X2 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Eyni zamanda, iddiaçı ilə Cavabdeh İB-nin X6 İstismar İdarəsi arasında bağlanan müqavilənin də şərtləri pozulmuşdur. Belə ki, iddiaçı Şamaxı Qaz İdarəsinə şifahi olaraq müraciət etdikdə ona bildirilmişdir ki, iddiaçıya məxsus olan obyektə yoxlama apararkən müqavilənin 2.1.15-ci bəndinə əsasən qazlaşdırılmış ərazidə və ya yaşayış sahəsində olan qaz qurğusuna yoxlama keçiriləcəyi barədə istehlakçıya 3 gün əvvəl xəbərdarlıq edilməli idi. Lakin yoxlama aparılmazdan əvvəl iddiaçıya heç bir bildiriş göndərilməmişdir. Cavabeh tərəfindən yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmiş və yoxlama aktının tərkib hissəsi olan yoxlama suallarının siyahısından istifadə edilməmişdir. Yoxlama aparan işçilər obyektə ehtimal xarakterli fikirlərə əsaslanmışdırlar. Sözügedən aktda qeyd olunmuşdur ki, guya obyektdə əlavə cihazlar vardır. Lakin əlavə cihazlardan istifadə olunmamışdır. Bundan başqa, akt üzrə hesabat 3 ay müddətində aparılıb. Halbuki, cavabdehin nümayəndələri tərəfindən obyektin qaz sayğacına və cihazlarına hər ay ərzində 2 dəfə baxış keçirilmiş və bununla bağlı verilən bildiriş əsasında hesablanan məbləğ ödənilmişdir. Əgər obyektdə artıq cihaz olsaydı nümayəndə bunu mütləq şəkildə görməli idi. Ona görə də, 3 ay hesabat aparılması düzgün hesab edilə bilməz. Cavabdeh İB-nin işçiləri tərəfindən 12 aprel 2019-cu il tarixdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanmış, lakin iddiaçı tərəfindən X2 reyesterində qeydə alınmamışdır. “Sahibkarıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən, bu qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə o, cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə görə, bu Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X2 reyesterində qeydə alınmadan aparılan yoxlamaların gedişatında aşkar edilmiş sahibkarlıq fəliyyəyinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respubliksının qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sadalanan müddəalardan bəlli olur ki, xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan qurum tərəfindən müəyyən edilmiş qaydada X2 reyeterində qeydiyyata alınmamaqla apardığı yoxlamalar nəticəsində hətta belə qanun pozuntusu müəyyən edilsə də, onların hüquqi nəticəsi, o cümlədən məsuliyyət tədbirləri tətbiq oluna bilməz. Cavabdeh İB qanunun müddəalarının tələblərini pozmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli,2-2(102)-448/19 nömrəli qərarında daha geniş açıqlama verilmişdir. Əgər Cavabdeh İB-nin əməkdaşları tərəfindən yuxarıda adı çəkilən obyektdə hər hansı bir kənarlaşma aşkar edilmişdirsə, aşkar edilmiş nöqsan və və digər qanun pozuntuları ilə bağlı müraciət müvafiq qaydada baxılması üçün aidiyyəti dövlət orqanlara göndərilməlidir. Lakin, yazılmış aktlarla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilməmişdir. Lakin, belə bir hal baş verməmişdir. Hesablanmış cərimə məbləğinin hansı normativ akta istinad edilməsi aktda qeyd olunmamışdır. “Sahibkarlıq sahəsində aparılan X2 Reyesteri”ndəki “Qızıldaş” ailəvi İstirahət mərkəzinin səhifəsindən çıxarışa baxılarsa, müəyyən olunur ki, yoxlama Ədliyyə Nazirliyində müvafiq qeydiyyata alınmamışdır. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmədən aparılan yoxlamalar əsassızdır. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, "Azəriqaz" İB tərəfindən “Qızıldaş” ailəvi istirahət mərkəzi barəsində tərtib edilmiş 30.04.2019-cu il tarixli, ******* №-li akt əsasında hesablanmış 5734 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, İddiaçı məxsus olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət Mərkəzinin qaz təchizatı 12.04.2019-cu il tarixdə birliyin əməkdaşları tərəfindən yoxlanılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan “Qızıldaş” ailəvi istirahət mərkəzində təbii qazdan istifadə qaydalarında pozulma halı müəyyən edilmişdir. Belə ki, obyektdə quraşdırılmış qaz sayğacının gücündən əlavə qaz işlədicilərindən istifadə halı aşkar edilmişdir. Obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı sayğacın qaz keçirilmə qabiliyyətindən artıq qaz sərfindən qazdan istifadə olunur. Obyektdə 1 ədəd qeyri-standart su qızıdırıcısı, 1 ədəd qeyri-standart su qızıdırcısı 32-litrli, 1 ədəd kombi 40 kv, 1 ədəd kombi 32 kv və bir ədəd kombi 24 kv istifadə edilir. Ümumi qaz işlədicilərinin saatlıq qaz sərfi 28670 m3 dəyəri 5734 manat hesablanaraq iddiaçının abonent hesabına işlənilmişdir. Məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əsaslandırmışdır. Belə ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, Cavabdeh İB-yi tərəfindən iddiaçının obyektdə aparılan yoxlama X2 reyestrində qeydə alınmamışdır. Bu səbəbdən də məhkəmə Cavabdeh İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 12.04.2019-cu il tarixli aktı əsasında hesablanmış 5734 manat borcun silinməsi qənaətinə gəlmişdir. Məhkəmə edilməsini “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin Cavabdeh İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmişdir. Belə ki, Cavabdeh İB tərəfindən “Qızıldaş” ailəvi istirahət mərkəzində heç bir yoxlama keçirilməmişdir. Məhkəmə əsassız olaraq qaz sayğacının çıxarılmasını yoxlama kimi qiymətləndirmiş, Cavabdeh İB-nin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin Cavabdeh İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmiş və borcun silinməsi barədə qərar qəbul etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş"Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinin tələblərinə əsasən istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar." Qeyd olunan normativ aktlarının tələblərindən müəyyən olunur ki, Qızıldaş ailəvi istirahət mərkəzinin qaz xətti üzərində istismarda olan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” haqqında müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.04.2019-cu il tarixli, ******* №-li aktdan görünür ki, həmin obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı qaz sayğacının sərfiyyatı keçir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X2 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X2 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İşdən görünür ki, iddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 13.10.2016-cı il tarixli qazın alğı-satqısı müqaviləsinə əsasən Şamaxı rayonu Avaxıl kəndində yerləşən “Qızıldaş” ailəvi istirahət mərkəzində sayğac quraşdırılmış, cavabdeh tərəfindən obyektə baxış keçirilən zaman sayğacın sərfiyyatı keçdiyi, sayğacın çıxış plastmas borusunun deşik olması aşkar edilərək bununla bağlı 30.04.2019-cu il tarixli ******* №-li akt tərtib olunmuşdur. Həmin akta əsasən itirilmiş qazın həcmi 5734 manat müəyyən edilərək iddiaçının hesabına daxil edilmişdir. Lakin Cavabdeh İB iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Cavabdeh tərəfindən aparılan yoxlama X2 reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB tərəfindən reyestrdə qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi olmadığından, 5734 manat məbləğində borcun silinməsi barədə iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxıldıqda dəyişdirilmədən, apelyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-591/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar