Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-105/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı "xxxx" ASC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-2(119)-22/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı "xxxx" ASC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC-nin X9 Təchizatı və Satışı İdarəsi (Sumqayıt şəhəri) arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli, 051974, 051975, 051980, 051983, 051987 və 051994 №-li “Elektrik enerjisinin alqısatqı müqavilələri”nə əsasən cavabdeh Qusar şəhərində yerləşən və iddiaçıya məxsus olan ofis, kommersiya və istehsal obyektlərini elektrik enerjisi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehin Qusar rayonu üzrə fəaliyyətini təmin edən X7 (QEŞ) tərəfindən, iddiaçıya xəbərdarlıq edilmədən, 30.03.2020-ci il tarixdə saat 19:00-da ünvan 1 ünvanında yerləşən ofis, 31.03.2020-ci il tarixində saat 17:00-da Qusar şəhəri, Heydər Əliyev (T.İsmayılov) prospekti 146, Heydər Əliyev (T.İsmayılov) prospekti 168, Mirzə Vəliyev küçəsi 7, Fəxrəddin Musayev küçəsi 69 ünvanlarında yerləşən əsasən ərzaq malları satışı mağazalarının elektrik enerjisi ilə təmin edilməsi dayandırılmışdır. Həmin tarixdə Qusar-Xudat yolunun sol tərəfində yerləşən iddiaçıya məxsus çörək istehsalı müəssisəsinə də elektrik enerjisinin verilməsi dayandırılmışdır. Çörək istehsalı müəssisəsinə 3 saat sonra, Ç.Qurbanov 22 ünvanındakı ofisə 40 saat sonra, digər obyektlərə elektrik enerjisinin verilməsi 20 saat sonra, yəni, 01.04.2020-ci il tarixində saat 13:00-da elektrik enerjisi haqqının ödənişindən sonra bərpa edilmişdir. Elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, ofislə bərabər 3 mağazada generatorlardan istifadə olunmuşdur. Obyektlərdə generatorlar yalnız qəza işıqlandırılması üçün nəzərdə tutulduğundan soyuducular üçün həmin generatorların gücü kifayət etməmiş, buna görə soyuducularda olan bəzi ərzaq malları (ərizəyə əlavə edilmiş aktlarda göstərilmiş) xarab olmuşdur. Əlavə olaraq generator olmayan ticarət obyektində satış sistemi elektrik enerjisiz işləyə bilmədiyinə görə iddiaçı həm birbaşa qazanc itirmiş, həm də işgüzar nüfuzuna ziyan dəymişdir. ünvan 3 ünvanında yerləşən mağazada 815 manat, H.Əliyev prospekti 146 ünvanında yerləşən mağazada 1473,65 manat, H.Əliyev prospekti 168 ünvanında yerləşən mağazada 2004,42 manat dəyərində ərzaq malları (əsasən yağ, toyuq əti, kolbasa, pendir, marqarin, yoqurt və digər süd məhsulları) xarab olmuşdur. Elektrik enerjisinin verilməsi dayandırılanda ofis, H.Əliyev prospekti 168, H.Əliyev prospekti 146, və F.Musayev küçəsi 69 ünvanında yerləşən mağazalarda müvafiq olaraq 80 kV gücündə “TEKSAN”, 7 kV gücündə “Ural zid”, 7,5 kV gücündə “SENSİ” və 3,5 kV gücündə “KEMAN” generatorlarından istifadə edilmişdir. Bununla da, ərzaq məhsullarının xarab olmasına görə iddiaçıya 4712,92 manat, generatorların işlətdiyi yanacağa görə 354 manat, itirilmiş qazanca görə 900 manat olmaqla cəmi 5.966,92 manat məbləğində zərər dəymişdir. Elektrik enerjisi kəsildiyi zaman çörək istehsalı müəssisəsində elektrik enerjisi olmadığından çörəkbişirmə prosesinə gec başlanılmış, nəticədə bütün rayon üzrə istehlakçılara çörək məhsullarını vaxtında çatdırmaq mümkün olmamış, həmçinin mağazalar normal rejimdə fəaliyyət göstərə bilməmişdir. Qusar rayonu ərazisində 30 ildən artıq müddətdə fəaliyyət göstərən çörək istehsalı müəssisəsi müştərilərin rəğbətini qazanmış, lakin elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində müştərilərin etimadı sarsılmış, nəticədə iddiaçının işgüzar nüfuzuna 5000 manat zərər vurulmuşdur. 2020-ci ilin fevral ayının ortalarından mart ayının ortalarına kimi istifadə edilmiş elektrik enerjisi üzrə ticarət və istehsal obyektlərinin sayğacları ilə müəyyən edilən hesablar (hesab ödəniş vərəqələri) iddiaçıya 12.03.2020-ci il tarixindən 16.03.2020-ci il tarixinə kimi verilmişdir. X7 tərəfindən xəbərdarlıq edilmədən, “Elektrik enerjisindən istifadə qaydaları”nin 9.13.2-ci bəndi və müqavilənin 11-ci bəndində nəzərdə tutulmuş müddət gözlənilmədən, yuxarıda göstərilən obyektlərə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Nəticədə, cavabdeh tərəfindən müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin ziddinə olaraq edilən hərəkətlər nəticəsində iddiaçıya 10.966,92 manat məbləğində zərər dəymişdir. Yuxarıda göstərilən obyektlərə elektrik enerjisinin verilməsinin dayandırılması cavabdeh tərəfindən inkar edilmir, cavabdeh elektrik enerjisinin verilməsinin yalnız qanuni əsaslarla dayandırıldığını iddia edir. Həmin hal cavabdehin 20.05.2020-ci il tarixli, 11/01/11/V-016/1/1606 nömrəli (iddia ərizəsinə əlavə edilmiş) məktubu ilə də təsdiq olunur. Göstərilənlərə əsasən, iddiaçı məhkəmədən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 5.966,92 manat miqdarında dəymiş zərərin və 5000 manat miqdarında işgüzar nüfuzuna vurulmuş zərərin əvəzinin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-2(119)-22/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən ərzaq mallarının xarab olması nəticəsində dəymiş maddi ziyana görə 1198 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 90%-nin iddiaçıya, 10%-nin cavabdehə aid edilməsi, cavabdehdən 3 (üç) manat dövlət rüsumunun əvəzinin tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim X.Tağıyev). Qətnamədən narazı qalan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin qismən-iddia tələbinin təmin edilmiş hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən qətnamə işin faktiki hallarına uyğun deyildir, həmçinin onun əsaslandırıcı hissəsində hüquq normalarına düzgün münasibət bildirilməmişdir. Məhkəmə iddiaçının heç bir sübutu olmadan ona 1198 manat məbləğində maddi ziyan dəydiyini hesab edərək həmin hissədə iddia tələbini təmin etmişdir. İddia tələbinə dair təqdim edilmiş etirazdan və etiraza əlavə edilmiş sübutlarda bir daha məhkəmənin nəzərinə çatdırılmışdır ki, iddiaçı obyektlərdə müəyyən miqdarda məhsulların xarab olduğunu və həmin məhsulları tulladığını qeyd etsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı yalnız malların xarab olmasını təsdiq edən aktı yalnız öz tabeçiliyində olan işçilərin iştirakı ilə tərtib etmiş və sübut kimi məhkəməyə təqdim etmişdir. Əgər mallar xarab olmuşdursa akt tərtib olunan zaman işə aidiyyəti olmayan hal şahidlərinin, müvafiq icra hakimiyyəti orqanının, QTA-nin əməkdaşının iştirakı təmin olunmalı idi. Eynilə xarab olmuş malların məhv edilməsi zamanı da həmin əməkdaşların iştirakı təmin edilməli idi. Bundan əlavə, məhkəmə prosesi zamanı dəfələrlə iddiaçının nümayəndəsinin gətirdiyi şifahi dəlillərə münasibət bildirilmiş və şəhər daxilində olan digər mağazadan fotoşəkillər təqdim edilərək izahat verilmişdir ki, istənilən süd və toyuq məhsullarını müəyyən vaxtda (20 saatdan çox olmaqla) müsbət temperaturda (+5C - +15C ) saxlanıla bilər. Həmçinin həmin məhsulların üzərində də saxlama şəraiti hissəsində qeyd edilmişdir ki, müsbət temperaturda neçə gün saxlanılsa istifadəyə yararlı ola bilər. Yəni 20 saat ərzində qış ayında, soyuq regionda həmin malların 20 saat ərzində xarab olması məntiqə uyğun deyildir. Həmin mallar həqiqətən xarab olubsa, hansı şəraitdə, harada, kimlərin iştirakı ilə məhv edilib? Göründüyü kimi, məhkəmə bu dəlillərə münasibət bildirməmiş, heç bir sübut olmadığı halda iddiaçının iddia tələbini qismən təmin etmiş və əsassız olaraq cavabdeh "xxxx" ASC-dən maddi ziyana görə 1198 manat məbləğində pul tutmuşdur. Qeyd olunanlara əsasən iddiaçının cavabdehə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbi əsassız hesab olunmalıdır. Çünki həmin zərərin hüquqi əsasları müəyyənləşdirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 542 nömrəli qərarı ilə təsdiq edilmiş yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi qaydalarının 5.1-ci bəndinə əsasən birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsız olduğu müəyyən edilmiş malların məhv edilməsi yoxlayıcı orqanın həmin malların satışının qadağan edilməsi və ya dövriyyədən çıxarılması barədə qərarı əsasında həyata keçirilir. İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin qaydaların 5.2-ci bəndinə əsasən malların məhv edilməsi onların yoxlayıcı orqan və ya onun qərarı ilə mal sahibi və yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə (yerlərdə) atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə təhvil verilməsi vasitəsilə həyata keçirilir. Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının qanununun 16-cı maddəsinə əsasən İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. İstifadəyə yararsız yeyinti məhsulunun götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə qərar məhsulun müvafiq ekspertizadan və laboratoriya müayinəsindən sonra verilə bilər. Zərərsizləşdirilməsi və ya məhv edilməsi, heyvanlara yemlənməsi barədə qərar qəbul edilmiş yeyinti məhsulları xüsusi uçota alınır və ayrıca saxlanılır. Bu yeyinti məhsullarının saxlanmasına və nəzərdə tutulmuş qaydada istifadəsinə məsuliyyəti məhsul sahibi daşıyır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, məhkəmənin maddi zərərə görə 1198 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iş üzrə qətnaməsi qanunsuz və əsassızdır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X4 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, işığın verilməsi iddiaçının borcu olmadan bir aylıq xəbərdarlıq müddəti gözlənilmədən qeyri-qanuni kəsilmişdir. Mağazalar ərzaq mağazası olduğundan onlara işıq verilməsinin fasiləsizliyi pozulmamalıdır. Akt tərtib olunmasa belə həmin mallar artıq satışa yararlı deyildi və satıla bilməzdi. Malların aktla yararsızlığı müzakirə predmeti ola bilməz. Çünki onlar o qədər enerji dayandırılmasından sonra artıq satışa yararlı ola bilməzdilər. Bunu Atena Şirkəti ilə olan yazışma da təsdiqləyir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, cavabdeh Azərişıq ASC-nin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 29.04.2021-ci il tarixli 2-2(119)-22/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında İddiaçı məxsus obyektlərlə bağlı Enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə, digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilələri bağlanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin “ASAN Xidmət”lə İş və Elektron İdarəetmə Departamentinin İddiaçı ünvanladığı 20.05.2020-ci il tarixli məktubla müəyyən olunur ki, İddiaçı ərizəsində qeyd olunan mağazalarda sayğacla sərf etdiyi enerjinin dəyəri müəyyən edilmiş müddətdə ödənilmədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 05 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci bəndinə uyğun olaraq obyektlərin enerji təchizatı dayandırılmışdır. 17.04.2020-ci il tarixində X2rkən İddiaçı sahibi olduğu mağazalarda borcların yaranma səbəbləri barədə ətraflı və əsaslandırılmış izahat verildikdən sonra o, borc məbləğinin böyük hissəsini ödəmiş və şəbəkədən açıq olan mağazaların enerji təchizatı bərpa edilmişdir. İş materiallarında olan Abunə haqqında arayışdan görünür ki, Qusar şəhəri H.Əliyev (T.İsmayılov) prospekti, 168 ünvanında yerləşən İddiaçı məxsus abunə kodu **********0 olan Kommersiya mağazası üzrə bildirişin təqdim edildiyi 12 mart 2020-ci il tarixə elektrik enerjisindən istifadəyə görə borc mövcud olmamışdır. İş materiallarında olan Abunə haqqında arayışdan görünür ki, abunə kodu **********1 olan, ünvan 5 ünvanında yerləşən İddiaçı məxsus ofis və M.Vəliyev küçəsi, 7 ünvanında yerləşən Kommersiya mağazası üzrə bildirişlərin təqdim edildiyi 13 mart 2020ci il tarixə elektrik enerjisindən istifadəyə görə 720 manat məbləğində borc mövcud olmuşdur. İş materiallarında olan Abunə haqqında arayışdan görünür ki, Qusar şəhəri N.Şərifov küçəsində yerləşən İddiaçı məxsus abunə kodu **********0 olan çörək sexi üzrə bildirişin təqdim edildiyi 14 mart 2020-ci il tarixə elektrik enerjisindən istifadəyə görə borc mövcud olmamışdır. İş materiallarında olan Abunə haqqında arayışdan görünür ki, Qusar şəhəri N.Şərifov küçəsində yerləşən İddiaçı məxsus abunə kodu **********3 olan Kommersiya mağazası üzrə bildirişin təqdim edildiyi 14 mart 2020-ci il tarixə elektrik enerjisindən istifadəyə görə 120 manat məbləğində borc mövcud olmuşdur. İş materiallarında olan Abunə haqqında arayışdan görünür ki, Qusar şəhəri H.Əliyev (T.İsmayılov) prospekti, 146 ünvanında yerləşən İddiaçı məxsus abunə kodu **********8 olan Kommersiya mağazası üzrə bildirişin təqdim edildiyi 16 mart 2020-ci il tarixə elektrik enerjisindən istifadəyə görə borc mövcud olmamışdır. İş materiallarında olan 02.06.2020-ci il tarixli, **********996 №-li aktdan görünür ki, iddiaçıya məxsus Qusar şəhəri, Heydər Əliyev prospekti, 168 ünvanında yerləşən ərzaq məhsulları mağazasında 2004,42 manat dəyərində ərzaq məhsullarının xarab olması həmin mağazanın satıcıları tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan 02.06.2020-ci il tarixli, **********994 №-li aktdan görünür ki, iddiaçıya məxsus ünvan 8 ünvanında yerləşən ərzaq məhsulları mağazasında 815 manat dəyərində ərzaq məhsullarının xarab olması həmin mağazanın satıcıları tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan 02.06.2020-ci il tarixli, **********992 №-li aktdan görünür ki, iddiaçıya məxsus Qusar şəhəri, Fəxrəddin Musayev küçəsii, 69 ünvanında yerləşən ərzaq məhsulları mağazasında 419,85 manat dəyərində ərzaq məhsullarının xarab olması həmin mağazanın satıcıları tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan 02.06.2020-ci il tarixli, **********998 №-li aktdan görünür ki, iddiaçıya məxsus Qusar şəhəri, Heydər Əliyev prospekti, 146 ünvanında yerləşən ərzaq məhsulları mağazasında 1473,65 manat dəyərində ərzaq məhsullarının xarab olması həmin mağazanın satıcıları tərəfindən təsdiq edilmişdir. Aktlarda qeyd olunan məhsulların həmin ərəfələrdə iddiaçıya məxsus mağazalara daxil olması iş materiallarında olan çoxsaylı qaimələrdə öz əksini tapmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə göndərdiyi 10/4036 №-li, 24 dekabr 2020-ci il tarixli məktubdan görünür ki, elektrik təchizatı dayandırıldığı halda soyuducularda saxlanılan ərzaq məhsullarının xarab ola bilməsinin və ərzaq məhsullarının soyuducusuz qaldıqdan sonra istehlakçının istifadəsinə yararlı olmasının müəyyən edilməsi Məhkəmə Ekspertizası Mərkəzi Mühəndistexniki ekspertizalar şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid olmadığına görə ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar məhkəməyə icrasız geri qaytarılmışdır. Eyni zamanda, tövsiyə olunmuşdur ki, ekspert qarşısında qoyulan sualların həlli ilə əlaqədar işə müvafiq qurumların (Azərbaycan Respublikasının Qıda Təhlükəsizliyi Agentliyi və s.) əməkdaşları cəlb edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin cavab məktubundan görünür ki, qeyd edilən məhsulların elektrik enerjisi təchizatının dayandırıldığı 20 saat müddətində xarab olub-olmaması və ya qeyd edilən müddətdən sonra istehlakçıların istifadəsinə yararlı olub-olmaması barədə mütəxəssis rəyinin bildirilməsi üçün bir sıra parametrlərin müəyyən edilməsi vacibdir. Belə ki, aktlarda qeyd edilən ərzaq mağazalarında elektrik enerjisi dayandırıldığı anda, eyni zamanda enerji təminatı bərpa edildikdən sonrakı anda soyuducularda və ətraf mühitdə olan temperaturdan, soyuducuların enerji təminatının bərpasından sonrakı hansı müddət ərzində optimal temperatur göstəricisinə çatmasından, həmçinin məhsulların həcmindən asılı olaraq saxlanma şəraitindən kənarlaşma və buna bağlı olaraq mikroorqanizmlərin inkişafının sürətlənməsi üçün əlverişli şərait yaranır. Qeyd olunan parametrlər müəyyən olunmadığına görə məhsulların enerji təminatı olmayan müddət ərzində xarab olma dərəcəsinə çatıb-çatmaması, eləcə də rəf ömrünə təsiri barədə fikir bildirilməsi mümkün deyil. Bundan əlavə, qida zəncirinin bütün mərhələlərində qida məhsullarının optimal temperatur şəraitində saxlanmasını və daşınmasını təmin edən fasiləsiz işləyən sistemsoyuq zəncir prinsipi təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli, 051974, 051975, 051980, 051983, 051987 və 051994 №-li “Elektrik enerjisinin alqı-satqı müqavilələri”nə əsasən cavabdeh Qusar şəhərində yerləşən və iddiaçıya məxsus olan ofis, kommersiya və istehsal obyektlərini elektrik enerjisi ilə təmin etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehin iddiaçıya 12.03.2020-ci il tarixindən 16.03.2020-ci il tarixinə kimi verilmiş bildirişlərdən sonra 1 ay müddət gözlənilmədən 30.03.2020-ci il tarixində iddiaçının Qusar şəhərində yerləşən əsasən ərzaq malları satışı mağazalarının elektrik enerjisi ilə təmin edilməsi dayandırılmışdır. Həmin tarixdə Qusar-Xudat yolunun sol tərəfində yerləşən iddiaçıya məxsus çörək istehsalı müəssisəsinə də elektrik enerjisinin verilməsi dayandırılmışdır. Çörək istehsalı müəssisəsinə 3 saat sonra, Ç.Qurbanov 22 ünvanındakı ofisə 40 saat sonra, digər obyektlərə elektrik enerjisinin verilməsi 20 saat sonra, yəni, 01.04.2020-ci il tarixində saat 13:00-da elektrik enerjisi haqqının ödənişindən sonra bərpa edilmişdir. Elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində mağazalarda olan bir sıra ərzaq məhsulları xarab olduğuna görə iddiaçıya maddi ziyan dəymişdir. İddiaçının bildirdiyinə görə, ofislə bərabər 3 mağazada generatorlardan istifadə olunmuşdur. Obyektlərdə generatorlar yalnız qəza işıqlandırılması üçün nəzərdə tutulduğundan soyuducular üçün həmin generatorların gücü kifayət etməmiş, buna görə soyuducularda olan bəzi ərzaq malları (ərizəyə əlavə edilmiş aktlarda göstərilmiş) xarab olmuşdur. Əlavə olaraq generator olmayan ticarət obyektində satış sistemi elektrik enerjisiz işləyə bilmədiyinə görə iddiaçı həm birbaşa qazanc itirmiş, həm də işgüzar nüfuzuna ziyan dəymişdir. Cavabdeh isə iddianı qəbul etməyərək bildirir ki, iddiaçının obyektlərinin əvvəlki illərdən və aylardan elekrtik enerjisindən istifadəyə görə yığılıb qalmış borcları mövcud olmuşdur. Bu səbəbdən elektrik enerjisinin verilməsini kəsərkən bütün həmin obyektlər üzrə 1 aylıq müddət artıq keçmişdir. Ona görə də, cavabdeh tərəfindən heç bir müddət və qanun pozuntusuna yol verilməmişdir. Digər tərəfdən, ərzaq məhsullarının xarab olmasına dair aktları mağazaların öz işçiləri təsdiq etmişlər, müvafiq icra hakimiyyəti orqanının nümayəndələri cəlb edilməmişlər. Buna görə həmin aktlarda göstərilən məhsulların xarab olması faktı təsdiq olunmuş kimi qəbul edilə bilməz. Cavabdehin nümayəndəsi həmçinin bildirmişdir ki, iddiaçı onun işgüzar nüfuzuna ziyan dəyməsinə dair sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, cavabdeh qeyd olunan obyektlərə elektrik enerjisinin verilməsini qanunsuz olaraq müəyyən müddətə dayandırmaqla iddiaçı qarşısında öz müqavilə öhdəliklərini təqsirli şəkildə pozduğu üçün vurduğu ziyana görə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işin şərh olunan halları ilə razılaşır. Belə ki, iş materiallarında olan abunə haqqında arayışlarla müəyyən olunur ki, 5 obyektdən 3-ü üzrə - Qusar şəhəri H.Əliyev (T.İsmayılov) prospekti, 168 ünvanında yerləşən İddiaçı məxsus abunə kodu **********0 olan Kommersiya mağazası üzrə bildirişin təqdim edildiyi 12 mart 2020-ci il tarixə, Qusar şəhəri H.Əliyev (T.İsmayılov) prospekti, 146 ünvanında yerləşən İddiaçı məxsus abunə kodu **********8 olan Kommersiya mağazası üzrə bildirişin təqdim edildiyi 16 mart 2020-ci il tarixə və Qusar şəhəri N.Şərifov küçəsində yerləşən İddiaçı məxsus abunə kodu **********0 olan çörək sexi üzrə bildirişin təqdim edildiyi 14 mart 2020-ci il tarixə elektrik enerjisindən istifadəyə görə borc mövcud olmamışdır. Bu səbəbdən həmin 3 obyekt üzrə əvvəlki illərdən və aylardan yığılıb qalmış borclar mövcud olmamış, yalnız cari borclar olmuşdur. Beləliklə həmin 3 obyektə verilən elektrik enerjisi bildirişlərin verildiyi 12-16 mart 2020-ci il tarixdən yalnız 1 ay sonra kəsilə bilərdi. Cavabdeh isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nin 9.13.2-ci bəndinin tələbinə zidd olaraq 1 ay müddət gözləmədən qeyd olunan obyektlərə elektrik enerjisinin verilməsini dayandırmış, yalnız iddiaçı tərəfindən cari borclar ödənlidikdən sonra elektrik enerjisinin verilməsini bərpa etmişdir. Həmin obyektlərdən çörək sexinə 3 saat ərzində, Qusar şəhəri H.Əliyev (T.İsmayılov) prospekti, 168 ünvanında yerləşən kommersiya mağazasına və Qusar şəhəri H.Əliyev (T.İsmayılov) prospekti, 146 ünvanında yerləşən kommersiya mağazasına 20 saat ərzində elektrik enerjisinin verilməsi cavabdehin təqsirli hərəkəti nəticəsində qanunsuz olaraq dayandırılmışdır. Bundan başqa qeyd olunmalıdır ki, iş materiallarından da göründüyü kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi konkret parametrlər müəyyən olunmadığına görə məhsulların enerji təminatı olmayan müddət ərzində xarab olma dərəcəsinə çatıb-çatmaması, eləcə də rəf ömrünə təsiri barədə fikir bildirilməsinin mümkün olmamasını bildirsə də, qida zəncirinin bütün mərhələlərində qida məhsullarının optimal temperatur şəraitində saxlanmasını və daşınmasını təmin edən fasiləsiz işləyən sistemsoyuq zəncir prinsipinin təmin edilməli olmasına əsaslanmışdır. İş materiallarına əlavə edilmiş iddiaçının vəkilinin Atena Şirkəti ilə yazışmasından görünür ki, həmin şirkətin istehsalı olan məhsulların 20 saat soyuducusuz qaldıqda xarab olub-olmaması, istehlakçı üçün yararlılığının müəyyən olunması üçün vəkil şirkətə yazılı müraciət etmiş, şirkətin nümayəndəsi müraciəti cavablandıraraq bildirmişdir ki, həmin məhsulların saxlanması və daşınması zamanı soyuq zəncir qaydalarının pozulmaması mütləq tələbdir. İddiaçı qeyd etmişdir ki, Qusar şəhəri, H.Əliyev prospekti 146 ünvanında yerləşən mağazada 1473,65 manat, H.Əliyev prospekti 168 ünvanında yerləşən mağazada 2004,42 manat dəyərində ərzaq malları (əsasən yağ, toyuq əti, kolbasa, pendir, marqarin, yoqurt və digər süd məhsulları) xarab olmuşdur. Bununla bağlı müvafiq aktlar tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Həmin aktlarda kərə yağları, pendir, süd, qatıq, xama, yoqurt, toyuq və toyuq məhsulları, kolbasalar qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi zərərin müəyyənləşdirilməsi istiqamətində düzgün dəyərləndirmə aparmışdır. Belə ki, kərə yağı və pendir kimi ərzaq məhsullarının otaq şəraitində 20 saat soyuducudan kənarda və ya işləməyən soyuducuda qalması onların keyfiyyətinə əsaslı mənfi təsir göstərə bilməz. Lakin eyni şəraitdə və müddətdə süd, qatıq, xama, yoqurt, toyuq və toyuq məhsulları, kolbasaların keyfiyyətini itirməsi və müxtəlif dərəcələrdə xarab olması mümkünlüyü realdır. Məhkəmə kollegiyası hesab edir ki, tərtib olunmuş 02.06.2020-ci il tarixli, **********998 nömrəli akta əsasən iddiaçıya məxsus Qusar şəhəri, H.Əliyev prospekti 146 ünvanında yerləşən mağazaya 31.03.2020-ci il saat 17:00-dan 01.04.2020-ci il saat 13:00dək 20 saat ərzində elektrik enerjisinin verilməsinin qanunsuz olaraq dayandırılması nəticəsində iddiaçıya 459,75 manat həcmində maddi ziyan dəymişdir. Tərtib olunmuş 02.06.2020-ci il tarixli, **********996 nömrəli akta əsasən iddiaçıya məxsus Qusar şəhəri, H.Əliyev prospekti 168 ünvanında yerləşən mağazaya 31.03.2020ci il saat 17:00-dan 01.04.2020-ci il saat 13:00-dək 20 saat ərzində elektrik enerjisinin verilməsinin qanunsuz olaraq dayandırılması nəticəsində iddiaçıya 738,62 manat həcmində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nin 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, elektrik enerjisinin verilməsi dayandırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərişıq ASC-nin apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 29.04.2021-ci il tarixli 2-2(119)-22/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh "xxxx" Açiq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29.04.2021-ci il tarixli e-2-2(119)- 22/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-105/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-105/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver