Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-107/2025 18.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-249/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina haqqında həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 249/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə iş materialları ilə birlikdə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-249/2025 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması tələbinə dair” iddia qismən təmin edilərək, cavabdehdən 87342,78 manat borc, hüquqi yardımla bağlı ödənilmiş 750 manat xidmət haqqının və 352,03 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 88444,81 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Fərman Həmidli). Cavabdeh 18 iyun 2025-ci il tarixdə məhkəməyə həmin qətnamədən apellyasiya şikayəti ilə müraciət etmişdir . Apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-249/2025 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh 2 iyul 2025-ci il tarixdə yenidən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-249/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti, eyni zamanda buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edib, həmin qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş prosessual müddəti buraxması səbəbinin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə qətnamə 17 may 2025-ci il tarixində elektron kabinetə yerləşdirilmişdir. Həmin qətnamədən apellyasiya şikayətini xəstəliyi ilə əlaqədar şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməklə vermişdir. Buna səbəb bel fəqərələrinin xəstəliyi ilə əlaqədar 14 iyun 2025-ci il tarixdən 19 iyun 2025-ci il tarixədək "İntermed Plyus" diaqnostik mərkəzində müayinə və müalicə olunmağı ilə əlaqədar işə çıxa bilməməsi olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-249/2025 nömrəli qərardadı ilə Cavabdeh həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-2(119)- 249/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsi təmin edilməmişdir. Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)- 249/2025 nömrəli qərardadından həmin Məhkəməyə şikayət verərək qərardadın ləğv edilməsini, Məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-2(119)-249/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi səbəbinin üzürlü hesab edilərək buraxılmış müddətin bərpa edilməsini və verilmiş apelyasiya şikayətinin apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-249/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və həmin şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)- 249/2025 nömrəli qərardadından şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılmağa təyin edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-249/2025 nömrəli qərardadı ləğv edilərək həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli e-2-2(119)-249/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilməli və qətnamədən verilmiş apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpasından imtina barədə qənaətini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı irəli sürülmüş “borcun tutulması tələbi barədə” iddia ərizəsinə dair e-2-2(119)-249/2025 nömrəli kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-249/2025 nömrəli qətnaməsinin əsas mətni cavabdehin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, həmin qətnamədən apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2025-ci il tarixdə, yəni qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş müddət keçdikdən sonra təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinin tələblərinə görə, MPM-in 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. MPM-in 135.5 və 135.8-ci maddələrinə müvafiq olaraq, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə bu formada göndərildikdə həmin sənədlər rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, hazırkı iş üzrə məhkəmə qətnaməsi cavabdehin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, bununla da Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə müvafiq olaraq məhkəmə sənədi rəsmi qaydada təqdim edilmiş, Məcəllənin 360-cı maddəsinə əsasən həmin qətnamədən cavabdehin apellyasiya şikayəti vermək üçün prosessual müddəti (1 ay) xx.xx.2025-ci il tarixdə saat 24:00-da bitmiş, cavabdeh növbəti gün, yəni müddəti ötürəndən sonra apellyasiya şikayəti vermişdir. Bunu cavabdeh özü də qəbul edərək müddətin üzürlü səbəbdən ötürüldüyü üçün bərpa olunmasını xahiş etmiş, üzürlü səbəbi təsdiqləyən sənəd kimi təqdim etdiyi 30 iyun 2025-ci il tarixli tibbi arayışda isə Cavabdeh “İntermed Plyus” diaqnostik mərkəzində müayinələrdən keçdiyi və ona xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər ambulator müalicə təyin olunduğu qeyd edilmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti müddətinin üzürlü səbəbdən buraxılmasını 30 iyun 2025-ci il tarixli tibbi arayışa istinad etməklə, cavabdehin müalicə alması, elektron imzanın bilavasitə cavabdehin istifadəsində olması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edilən dəlilləri buraxılmış müddətin bərpası üçün üzürlü hesab etməmişdir. Belə ki, təqdim edilən arayışla, cavabdehin 14 iyun 2025-ci il tarixdə, yəni apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bitməsinə 3 gün qalmış ambulator müalicə alması təsdiq edilsə də, cavabdehin həmin tarixə qədər apellyasiya şikayəti ilə müraciət etmək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Digər tərəfdən, arayışın məzmununda da qeyd edildiyi kimi, cavabdehə stasionar deyil, ambulator, yəni ev şəraitində müalicə təyin edilmiş, bu isə onu bilavasitə və ya nümayəndəsi vasitəsilə apellyasiya şikayəti vermək imkanından məhrum etməmişdir... Bundan başqa, iş materiallarında olan Cavabdeh tərəfindən qardaşı Qanuni nümayəndə verilmiş 28 yanvar 2025-ci il tarixli etibarnamənin məzmununda sonuncuya “apellyasiya və kassasiya şikayətlərinin imzalanması” səlahiyyətləri də daxil olmaqla bir sıra səlahiyyətlər etibar edilmişdir. Habelə, iddia ərizəsinə mahiyyəti üzrə baxılması ilə əlaqədar keçirilən bütün məhkəmə iclaslarında cavabdehi nümayəndə qismində məhz Qanuni nümayəndə təmsil etdiyini nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehi təmsil edən şəxsin də qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti vermək üçün real imkanı olduğu halda bu imkandan istifadə edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri ümumiləşdirərək, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması tələbi barədə” iddia ərizəsinə dair e-2-2(119)-249/2025 nömrəli kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-249/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən prosessual müddətin buraxılma səbəbi üzürlü hesab edilə bilməz və buna görə də buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməlidir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək “bel-oma fəqərələrinin osteoxondrozu” diaqnozu ilə xəstə olması və bu xəstəlikdən ambulator müalicə alması onun tərəfindən apellyasiya şikayəti müddətinin həmin dövrə təsadüf edən 1 gün ötürülməsi ilə nəticələnmiş üzürlü səbəb kimi qəbul oluna bilər. Belə ki, qeyd edilən xəstəlik bir qayda olaraq kəskin ağrılarla müşayiət olunmaqla ayaqlarda hərəkət (yerimə) məhdudiyyəti də yarada bilir və müalicə ev şəraitində aparılsa belə, evdən kənara çıxmaq imkanı məhdudlaşa bilər. Ona görə də cavabdehin xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan günlərdə iş yerinə gedə və apellyasiya şikayətinin hazırlanması ilə məşğul ola bilməməsi barədə dəlilləri inandırıcı görünür. Belə olduğu halda buraxılmış 1 gün prosessual müddətin ötürülmə səbəbinin üzürlü hesab edilməsi və həmin müddətin bərpa edilməsi məqsədəuyğun sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayəti ilə əlaqədar” xx.xx.2008-ci il tarixli Qərarında qeyd olunur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin irədəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzlilik baxımından şübhə altına alınmasın. Digər tərəfdən isə, işdən görünür ki, cavabdeh kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ondan iddiaçının xeyrinə 87.000 manatdan artıq məbləğdə pul vəsaitinin tutulması qət edilmişdir. Cavabdeh 36 ha ərazidə meyvə ağacları əkdiyi bağ sahəsinin səmərəli suvarılmasını təmin etmək məqsədilə iddiaçıdan lizinqə suvarma sistemi alıb sahədə quraşdırmış və bu zaman həmin suvarma sisteminin satınalma dəyərinin 40%-ni təşkil edən qeyd olunan pul vəsaitinin iddiaçıya dövlət yardımı (subsidiya) hesabına Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnkişaf və Kredit Agentliyi tərəfindən ödəniləcəyinə ümid etmiş, lakin Agentlik həmin vəsaiti ayırmaqdan imtina etmişdir. Cavabdeh sözügedən suvarma sisteminə görə iddiaçıya 44.000 manata yaxın məbləğdə avans ödənişi etmiş və tərəflər arasında bağlanmış maliyyə lizinqi müqaviləsi üzrə 2022-ci ilin avqust ayından başlayaraq hər ay iddiaçıya 1820 manat lizinq haqqı ödəməkdədir (2026-cı ilin iyul ayınadək cəmi 85.522 manat lizinq haqqı ödənilməlidir). Cavabdeh müqavilə öhdəliklərini indiyədək lazımi qaydada yerinə yetirmişdir. X6 və Kredit Agentliyi tərəfindən subsidiya verilməsindən imtina edildiyinə görə cavabdeh çətin və əlverişsiz vəziyyətə düşmüşdür. Halbuki, kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafına əlverişli şərait yaradılması və sahibkarlara zəruri maliyyə dəstəyi göstərilməsi (investisiya və subsidiyalar ayrılması yolu ilə) dövlətin daxili iqtisadi siyasətinin prioritet istiqamətini təşkil edir... Birinci instansiya məhkəməsi işə baxarkən Aqrar İnkişaf və Kredit Agentliyini iş üzrə üçüncü şəxs qismində cəlb etməmiş, subsidiya verilməsindən imtinanın, yaxud cavabdehin subsidiya gözləntisinin əsaslı olub-olmamasını araşdırmamışdır. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin icraata qəbul edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya qaydasında yoxlanılmasını məqsədəuyğun hesab edir. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2-2(119)-249/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən olduğunu nəzərə alaraq həmin apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə lüzum görmür. MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək barədə qərardad qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilərək iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-249/2025 nömrəli qərardadı ləğv edilməli, həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-249/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsinin buraxılmış müddəti bərpa edilməli və qətnamədən verilmiş apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməlidir. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin bərpası və ya bundan imtina barədə qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10- 1, 130, 133, 135, 268, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin olunsun. Sumqayıt Kommersiya Məhkəməsinin buraxılmış prosessual müddətin bərpasından imtina haqqında xx.xx.2025-ci il tarixli, e-2-2(119)-249/2025 nömrəli qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-249/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsinin Cavabdeh tərəfindən üzürlü səbəbdən buraxılmış müddəti bərpa edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-249/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilərək baxılması üçün müvafiq kommersiya işi ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına təhvil verilsin. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-107/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-107/2025
18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver