Məhkəmə qərarları › İş №e-2-2(119)-249/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-249/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-249/2025 30.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 sentyabr 2022-ci il tarixli AL/ML/2045 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 87342,78 (səksən yeddi min üç yüz qırx iki manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 1200 (min iki yüz) manat məbləğində xidmət haqqının, 352,5 (üç yüz əlli iki manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli AL/ML/2045 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən, iddiaçı tərəfindən kənd təsərrüfatı məhsullarının suvarılması üçün istifadə edilən 1 ədəd “Rivulis” markalı damlama suvarma sistemi cavabdehə məxsus Qusar rayonu, Qalacıq kəndində quraşdırılmış və lizinq şərtləri əsasında ona lizinqə verilmişdir. Müqavilə bağlandıqdan və əmlak rəsmi şəkildə cavabdehə təhvil verildikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar kredit və İnkişaf Agentliyi tərəfindən lizinq obyektinə tətbiq edilən subsidiya məbləği olan 87342,78 manat məbləğində pul vəsaitinin iddiaçıya ödənilməsindən imtina edilmişdir və bu, suvarma sistemi dəstinin quraşdırıldığı sahə ilə gömrük sənədlərində qeyd edilən sahə arasında uyğunsuzluğun olması ilə əsaslandırılmışdır. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 3.4-cü bəndinə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiya məbləğinin ödənilməsindən imtina ediləcəyi halda subsidiya məbləğinin lizinq alan tərəfindən 10 gün müddətində iddiaçıya ödəniləcəyi razılaşdırılmışdır. Bununla bağlı cavabdehə məlumat verilərək məsələnin araşdırılması və həmin məbləğin iddiaçıya ödənilməsi təklif edilsə də, cavabdeh bunu icra etməmişdir. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək və iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 22 oktyabr 2024-cü il tarixli məktubunda cavabdehə məxsus suvarma sistemi dəstinin quraşdırıldığı sahə ilə gömrük sənədlərində qeyd edilən sahə arasında uyğunsuzluğun mövcud olması qeyd edilmiş və bu səbəbdən lizinq obyektinə tətbiq edilən subsidiya məbləği olan 87342,78 manat məbləğində pulun cavabdehə ödənilməsi məqbul hesab edilməmişdir. İddiaçı tərəfindən gömrük orqanına yalnız alınmış suvarma sistemi dəsti ilə bağlı sənədlər təqdim edilir ki, bu sənədlərdə həmin sistemin haradan alınaraq gətirildiyi qeyd edilir. Torpaq sahəsinə dair sənədlər isə cavabdeh tərəfindən iddiaçıya təqdim edilir. Suvarma sisteminin quraşdırılacağı ərazi də quraşdırmanı həyata keçirən şirkətə cavabdeh tərəfindən göstərilir. Lizinq verən olaraq iddiaçı torpaq sahəsinin harada yerləşməsindən və Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiya məbləğinin ayrılıb-ayrılmamasında hər hansı maraq güdmür. İddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsindən əlavə, xidmət və ya konsaltinq xarakterli hər hansı müqavilə bağlanılmamışdır. İddiaçı tərəfimizdən torpaq sahəsinin yerləşdiyi yerin yoxlanılması həyata keçirilmədiyindən cavabdeh lizinq obyektinə tətbiq edilən subsidiya məbləğinin ödənilməməsinə görə Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət etməli idi. Aqrar Kredit və İnkişaf Agentliyinin 22 oktyabr 2024-cü il tarixli məktubunda lizinq obyektinə tətbiq edilən subsidiya məbləğinin ödənilməməsinin digər səbəbi kimi suvarma sisteminin üç müxtəlif ərazidə quraşdırılması qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə yalnız bir suvarma sistemi satılmışdır. Yəni suvarma sisteminin bir və ya bir neçə ərazidə quraşdırılması lizinq verən olaraq iddiaçının həll etdiyi məsələ deyildir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 28 yanvar 2025-ci il və 19 fevral 2025-ci il tarixlərində keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi izahatlarında bildirmişdir ki, lizinq obyektinin yerləşdiyi bağ sahəsi iddiaçının və başqa podrat şirkətinin iştirakı ilə 2022-ci ildə salınmışdır. Əvvəl layihə hazırlanmış, sonra bağın suvarma sistemi ilə təmin edilməsi üçün iddiaçı ilə müqavilə bağlanılmışdır. Lizinq müqaviləsi üzrə avans məbləği əvvəlcədən ödənilmiş, qalan hissəsi isə gecikməyə yol verilmədən ödənilməkdədir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi sənədlərdə uyğunsuzluq olduğunu bildirmiş və lizinq obyektinə tətbiq edilən subsidiya məbləği olan 87342,78 manat məbləğində pul vəsaitini cavabdehə ödəməkdən imtina etmişdir İddiaçı həmin pul vəsaitinin ödənilməsi üçün Aqrar Kredit və İnkişaf Agentliyi ilə mütəmadi əlaqə saxlamışdır. Hesab edir ki, əgər sənədlərdə uyğunsuzluq var idisə, iddiaçı onlara əvvəldən məlumat verə bilərdi. Çünki sənədləşmə işini iddiaçı və podratçı təşkilat icra edirdi. Suvarma sistemi ərazidədir, faktiki olaraq mövcuddur və hazırda işlək vəziyyətdə olmaqla istifadə olunur. Suvarma sistemi Qusar rayonunun Qalacıq, Aşağı Atuc və Atlıxan kəndlərini əhatə etməklə üç ərazidədir və Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri suvarma sistemi qurulduqdan sonra bir neçə dəfə həmin əraziyə baxış keçirmişlər. Həmin suvarma sisteminin quraşdırılacağı yeri quraşdırmanı həyata keçirən şirkətə özləri göstərmişlər. Cari tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirdi ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə sorğu ünvanlanmış və cavab olaraq iddiaçının nümayəndəsinin təqdim etdiyi 22 oktyabr 2024-cü il tarixli imtina cavabı göndərilmişdir. Lakin Aqrar Kredit və İnkişaf Agentliyindən verilən məlumata əsasən, razılıq əldə olunması ilə bağlı müvafiq işlər görülməkdədir. Belə ki, ilkin olaraq 36 ha torpaq sahəsinin 26,47 ha sahəni əhatə edən hissəsinə yenidən baxılacaq və həlli istiqamətində konkret tədbirlər həyata keçiriləcəkdir. Bu proses xeyli müddəti əhatə etdiyindən yerdə qalan təxminən 10 ha sahəni əhatə edən hissəyə isə növbəti mərhələdə baxılacaqdır. Aqrar Kredit və İnkişaf Agentliyinin müvafiq elektron sistemində torpaqların təyinatı dəyişdirilmişdir. Belə ki, sənədlər təqdim edilərkən həmin torpaqlar subsidiyaya düşən torpaqlar idisə, hazırkı vaxtda bu torpaqların təyinatı otlaq sahəsidir. Yəni 2022-ci ilədək müvafiq torpaq sahələrinə subsidiya verilməsi ilə bağlı hər hansı problem yaranmasa da, təxminən 2022ci ilin mart ayından həmin torpaq sahələrinin təyinatı otlaq sahələri olaraq müəyyən edilmişdir. İddiaçı ilə bağlanılmış 01 sentyabr 2022-ci il tarixli lizinq müqaviləsinin 3.4-cü bəndinə münasibətdə bildirir ki, müqavilənin həmin bəndi üzrə öhdəlik ona aydındır, lakin hazırda baş verən hal onlardan asılı olmadan yaranmışdır. Cavabdehin nümayəndəsi iddia tələbində nəzərdə tutulan məbləğin Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilməli olduğunu və bu istiqamətdə müsbət irəliləyişlərin olduğunu nəzərə alaraq bir qədər vaxt verilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 sentyabr 2021-ci il tarixli AL/ML/2045 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən lizinq verən (İddiaçı MMC) lizinq alan (Cavabdeh) tərəfindən seçilmiş, Qusar rayonu, Qalacığ kəndində, qarışıq meyvə bağına 1 dəst Rivulis markalı (intensiv bağ suvarma sistemi) komplekt damlama suvarma sistemi materiallarını (lizinq obyektini) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, lizinq obyektinin qiyməti 218357 manat, 1.5-ci bəndinə əsasən, lizinq obyektinə tətbiq edilən subsidiya məbləği 87342,78 manat və 2.3.2-ci yarımbəndinə əsasən, lizinq məbləği 87342,78 manat təşkil edir. Həmin müqavilənin 3.2-ci və 3.3-cü bəndlərinə əsasən, lizinq müddəti 48 ay təşkil edir. Lizinq alanın lizinq obyektinə sahiblik və istifadə müddəti lizinq müddəti hesab edilir. Lizinq müqaviləsinin 3.2-ci bəndində nəzərdə tutulan lizinq müddəti lizinq müqaviləsinin lizinq verən və lizinq alan tərəfindən imzalandığı tarixdən hesablanır və AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən lizinq obyektinə ayrılan subsidiya (güzəşt) məbləği Lizinq verənin hesabına köçürüldüyü gün lizinq obyekti lizinq alana təhvil verilir. Lizinq verənin təşəbbüsü ilə lizinq obyekti lizinq alana daha tez təhvil təslim edilə bilər. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən, tərəflər razılaşırlar ki, subsidiya (güzəşt) məbləğinin (tam və ya hər hansı bir hissəsi) verilməsinə AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən imtina olarsa, həmin imtina olunan subsidiya (güzəşt) məbləği lizinq alan tərəfindən tam olaraq 10 iş günü ərzində ödəniləcəkdir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, lizinq verən lizinq alan tərəfindən seçilmiş və lizinq müqaviləsinin 1.1-ci bəndində göstərilən lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik va istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 8.2.1-ci yarımbəndinə əsasən, lizinq obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, lizinq verən tərəfindən hesab təqdim edilmədən lizinq ödənişlərini qrafik ilə müəyyən edilmiş vaxtda və həcmdə həyata keçirmək lizinq alanın vəzifəsidir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən, lizinq obyektinin sahiblik və istifadəyə verilməsinə görə, lizinq alan lizinq müqaviləsi və lizinq ödənişlərinin qrafiki ilə müəyyən edilmiş qaydada və müddətlərdə lizinq verənə lizinq və digər ödənişləri ödəməlidir. İş materiallarında olan maliyyə lizinqi müqaviləsinə 02 nömrəli Əlavə olan ödəniş cədvəlinə əsasən, Cavabdeh müqavilə üzrə sonuncu ödəniş tarixi 26 iyul 2025-ci il tarixidir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 22 oktyabr 2024-cü il tarixli 3-22-2/2-2092/2024 nömrəli məktubun məzmununda “Sizin suvarma sistemi dəstinin güzəştli şərtlərlə alınması barədə Kənd Təsərı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (Agentlik) ünvanladığınız müraciətə müvafiq qaydada baxılmış, uyğunsuzluqlar aşkar edilmiş və müraciət Agentliyin 2024-cü il 26 avqust tarixli 3-22-2/2-1684/2024 nömrəli cavab məktubu ilə Sizə göndərilmişdir. Məlumat üçün bildiririk ki, suvarma sistemi dəstinin güzəştli şərtlərlə alışı, krediti və lizinqinin maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq həyata keçirilir. Qaydaya əsasən Agentlikdə vəsaitin ayrılması ilə bağlı müvəkkil kredit təşkilatlarından daxil olan müraciətlərin tam və hərtərəfli ekspertizası həyata keçirilir. Bu əsasda təhlil olunmuş müraciətlərin maliyyələşdirilməsinə dair təyin edilmiş kollegial Komissiya tərəfindən yekun qərarlar qəbul edilir. Komissiya əsasnaməsinə uyğun olaraq, müvəkkil kredit təşkilatlarından daxil olan müraciətlərə baxır və baxılma praktikasına əsaslanmaqla müvafiq təhlillər aparır. Bildiririk ki, Agentlik tərəfindən aparılmış əlavə araşdırma nəticəsində müraciətdə qeyd olunan fiziki şəxs Cavabdeh məxsus suvarma sistemi dəstinin quraşdırıldığı sahə ilə gömrük sənədlərində qeyd edilən sahə arasında uyğunsuzluq mövcud olduğu müəyyən edilmişdir. Həmçinin müraciətdə sözügedən suvarma sisteminin daha əvvəl təqdim edilən sənədlərdə 1 ərazidə quraşdırıldığı göstərilmiş sonradan dəqiqləşmə zamanı 3 müxtəlif ərazidə quraşdırıldığına dair məlumatlar təqdim edilmişdir. Həmin məlumatlar X1 İnformasiya Sistemində (EKTİS) edilmiş bəyanlarla uyğunluq təşkil etməmişdir. Qeyd olunanlar nəzərə alınaraq dövlət büdcəsinin effektiv və səmərəli istifadəsi məqsədilə Komissiyanın müvafiq qərarına uyğun olaraq müraciətin maliyyələşdirilməsi məqbul hesab edilməmişdir” qeyd edilmişdir. İş materiallarına lizinq obyektinin alqı-satqısına dair “X2 Sanayi ve Ticaret Anonim Şirketi” ilə İddiaçı MMC arasında bağlanmış 26 aprel 2022-ci il tarixli 26/04-AZMSH-AO- ED nömrəli alqı-satqı müqaviləsi, suvarma sisteminin detallarının əks edildiyi “Packing list”, 01 sentyabr 2022-ci il tarixli AL/ML/2045 nömrəli ipoteka müqavilələri əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 328.1-ci maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 1.2-ci bəndinə əsasən, Agentliyin vəsaiti bu Qaydanın 2-ci hissəsində müəyyən edilən aqrar bölmənin inkişafı layihələrinin və kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsinə yönəldilir. Kənd təsərrüfatı istehsal vasitələrinə kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, suvarma sistemləri dəsti və avadanlığı, damazlıq heyvanlar daxil edilir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən, kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının güzəştli şərtlərlə satışı, krediti və lizinqinin maliyyələşdirilməsi bu qaydada həyata keçirilir: texnika üçün alıcıların ödəməsi tələb olunan ilkin ödəniş texnikanın qiymətləndirmə nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi həcmində müəyyən edilir (6.1.1); idxal edilən texnikanın gömrük dəyərinin, yerli istehsal məhsulu olan texnikanın isə qiymətləndirmə nəticəsində müəyyən edilən dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir və bu güzəşt məbləği Azərbaycan Respublikasının dövlət büdcəsindən bunun üçün Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ödənilir (6.1.1). Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 1.2.9-cu yarımbəndinə əsasən, əkin subsidiyası - fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 01 sentyabr 2022-ci il tarixli AL/ML/2045 nömrəli daxili maliyyə lizinqi müqaviləsi bağlanılmış, müqaviləyə əsasən lizinq verən qismində çıxış edən iddiaçı qarışıq meyvə bağının suvarılmasında istifadə edilməsi üçün nəzərdə tutulmuş “Rivulis” markalı suvarma sistemini cavabdehə lizinqə (müvəqqəti sahibliyə və istifadəyə) verməyi, cavabdeh isə bunun müqabilində həmin əmlakı lizinqə götürərək müqavilə üzrə nəzərdə tutulmuş lizinq ödənişlərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyekti olan suvarma sistemləri dəsti və avadanlığı qətnamənin “İş materialları” hissəsində istinad edilən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın və “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın müvafiq bəndlərinə əsasən, əkin subsidiyası kateqoriyasına daxil olan kənd təsərrüfatı istehsal vasitəsi olduğundan onun dəyərinin 40 faizi həcmində (hazırkı lizinq müqaviləsinin obyektinə münasibətdə bu məbləğ 87342,78 manat təşkil etmişdir) güzəşt tətbiq edilməsi və bu vəsaitin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulsa da, adıçəkilən Agentliyin iş materiallarında olan 22 oktyabr 2024-cü il tarixli 3-22-2/2-2092/2024 nömrəli məktubunun məzmununa əsasən, “cavabdehə məxsus suvarma sistemi dəstinin quraşdırıldığı sahə ilə gömrük sənədlərində qeyd edilən sahə arasında uyğunsuzluq mövcud olması, suvarma sisteminin daha əvvəl təqdim edilən sənədlərdə 1 ərazidə quraşdırıldığının göstərilməsi, sonradan dəqiqləşmə zamanı 3 müxtəlif ərazidə quraşdırıldığına dair məlumatların təqdim edilməsi və həmin məlumatların X1 İnformasiya Sistemində (EKTİS) edilmiş bəyanlarla uyğunluq təşkil etməməsi” əsası həmin vəsaitin ödənilməsindən imtina edilmişdir. İddiaçı və cavabdeh arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli AL/ML/2045 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 3.4-cü bəndinə əsasən, tərəflər razılaşmışlar ki, subsidiya (güzəşt) məbləğinin tam və ya hər hansı bir hissəsinin verilməsindən Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən imtina edildiyi halda, həmin imtina olunan subsidiya (güzəşt) məbləği lizinq alan (cavabdeh) tərəfindən tam olaraq 10 iş günü ərzində ödəniləcəkdir. Göründüyü kimi, tərəflərin hər ikisinin iradə ifadəsi olan və şərtlə bağlanmış əqdə əsasən, cavabdeh Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş lizinq obyektinin dəyərinin 40 faizini təşkil edən 87342,78 manat məbləğində pul vəsaitinin Agentlik tərəfindən ödənilmədiyi halda, özü tərəfindən ödəniləcəyini öz öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin 01 sentyabr 2021-ci il tarixli AL/ML/2045 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən, cavabdehdən 87342,78 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması hissəsi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, iddia tələbinin hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 1200 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarına əlavə edilmiş 02 sentyabr 2024-cü il tarixli OD7 nömrəli ödəniş qəbzi ilə 1200 manat məbləğində pulun iddiaçı tərəfindən göstərilən hüquqi yardıma görə Bakı şəhəri 18 saylı Vəkil bürosuna ödənildiyi müəyyən edilir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərin sırasına aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci i ltarixli qərarında göstərilir ki, “ərizəçi xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun”. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi halda” tutulmasına yol verilir. Məhkəmənin hazırkı iş üzrə gəldiyi qənaət budur ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan hüquqi yardımın göstərilməsinə görə 1200 manat məbləğində pulun əvəzinin tutulması hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Beləliklə, hüquqi xidmətlərə görə cavabdehdən tələb olunan 1200 manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 750 manat məbləğində pul tutulmalıdır. Bundan əlavə, iddia tələbinin 352,5 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 28 oktyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 352,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 352,03 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 87342,78 manat məbləğində borc, hüquqi yardımla bağlı ödənilmiş 750 manat məbləğində xidmət haqqının və 352,03 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 88444,81 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 87342,78 (səksən yeddi min üç yüz qırx iki manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş 750 (yeddi yüz əlli) manat məbləğində xidmət haqqının və 352,03 (üç yüz əlli iki manat, üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 88444,81 (səksən səkkiz min dörd yüz qırx dörd manat, səksən bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar