Məhkəmə qərarları › İş №2-2(105)-108/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-108/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-108/2023 17.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Nümayəndə1 Cavabdehnə qarşı “borcun silinməsi" tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-369/2023 nömrəli, 01 may 2023cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 yanvar 2019-cu il tarixli ******* saylı akta əsasən, Nümayəndə1 məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən restorana baxış keçirilən zamanı “istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatının 16,3 m sərfiyyatı 6,3 m keçdiyi” kimi nöqsan aşkar olunmuşdur.

2. 31 yanvar 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 16 m3/saat, mövcud sayğacın maksimal ölçmə həddi 10 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 12960 m3 həcmində müəyyən edilmişdir.

3. Abonent saldosuna əsasən, 2019-cu ilin yanvar ayında Nümayəndə1 məxsus sayğaca qaz sərfiyyatına görə akt üzrə 2592 manat məbləğində borc hesablanmışdır.

4. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 aprel 2022-ci il tarixli ******* saylı akta əsasən, Nümayəndə1 məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən restorana baxış keçirilən zaman Cavabdeh İBnin qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında MS-29/1640-00589-58 nömrəli rəyinə əsasən 28256815 nömrəli mexaniki qaz sayağacının plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarda əzik-cızıq izləri var” kimi nöqsan aşkar olunmuşdur.

5. “Qeyri-əhali qaz sayağacının yoxlanılması haqqında” MS29/1640-000589-58 nömrəli akta əsasən, Xaçmaz Rayon Qaz İstismar İdarəsindən dövlət yoxlamasına gətirilmiş G6 markalı mexanika tipli qaz sayğacına 10 aprel 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsi “plastmas qapağın yan tərəfində və daxili qulaqcıqlarda əzik-cızıq izləri var” kimi qeyd olunmuşdur.

6. 29 aprel 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən, G- 6 markalı qaz sayğacının nominal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 6480 m3 həcmində müəyyən edilmişdir.

7. Abonent saldosuna əsasən, 2022-ci ilin aprel ayında Nümayəndə1 məxsus sayğaca qaz sərfiyyatına görə həmin akt üzrə 1620 manat məbləğində borc hesablanmışdır.

8. Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 avqust 2022-ci il tarixli ******* saylı akta əsasən, Nümayəndə1 məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən restorana baxış keçirilən zaman “GT tipli 28254128 saylı qaz sayğacının üzərində olan qaz avadanlıqlarının sayğacın maksimal sərf ölçmə qabiliyyətinə uyğun gəlmədiyi, 8,3 m sərfiyyatın keçməsi” kimi nöqsan aşkar olunmuşdur.

9. 27 avqust 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən, qaz sayğacının maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 19,1 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 9828 m3 həcmində müəyyən edilmişdir.

10. Abonent saldosuna əsasən, 2022-ci ilin avqust ayında Nümayəndə1 məxsus sayğaca qaz sərfiyyatına görə akt üzrə 2457 manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən sahibkarlıq obyektinin (abonent kodu:**********00061) hesabına yazılmış 17 yanvar 2019-cu il tarixli ******* nömrəli akta əsasən 2592 manat, 29 aprel 2022-ci il tarixli ******* nömrəli akta əsasən 1620 manat, 26 avqust 2022-ci il tarixli ******* nömrəli akta əsasən 2457 manat məbləğində olmaqla, cəmi 6669 manat məbləğində borcun silinməsi və mediasiya ilə əlaqədar ödənilmiş 100 manat məbləğində mediasiya xərcinin Cavabdehndən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları Quba rayonu, Qəçrəş kəndində yerləşən iddiaçıya məxsus **********00061 abonent hesablı ictimai-iaşə obyektinə (restoran) gələrək müxtəlif tarixlərdə aktlar tərtib etmiş və əsassız borclar yazmışlar. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 17 yanvar 2019-cu il tarixli ******* saylı aktla, guya istifadə olunan qaz cihazlarının saatlıq sərfiyyatının 16,3 m3 sərfiyyatı 6,3 m3 keçdiyi əsası ilə iddiaçıya məxsus ictimai-iaşə obyektinə 2592 manat məbləğində borc hesablanmışdır. Daha sonra Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli, ******* saylı aktla, guya Cavabdeh qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında rəyə əsasən ******* nömrəli mexaniki qaz sayğacının plastmas qapağının yan tərəfində və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması əsası ilə iddiaçıya məxsus ictimai-iaşə obyektinə 1620 manat məbləğində borc hesablanmışdır. 26 avqust 2022-ci il tarixində isə Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı aktla GT tipli 28254128 saylı qaz sayağacının üzərində olan qaz avadanlıqlarının sayğacın maksimal sərf ölçmə qabiliyyətinə uyğun gəlmədiyi, 8,3 m3 sərfiyyatın keçməsi əsası ilə 2457 manat məbləğində borc hesablanmışdır. Hal-hazırda həmin aktlar üzrə iddiaçıya cəmi 6669 manat məbləğində borc hesablanmışdır. Yazılmış borclar əsassız və qanunsuz olduğu üçün iddiaçı bu borcları ödəməmişdir. Cavabdeh tərəfindən iddiaçıya borc ödənilmədiyi halda ictimai-iaşə obyektinə verilmiş təbii qazın kəsiləcəyi bildirilmişdir. Sahibkar kimi iddiaçıya məxsus obyekt Cavabdeh əməkdaşları tərəfindən yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmişdir. Belə ki, həmin Əsasnamənin 1.4cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli idi. Lakin nə yoxlama aparılarkən, nə də ondan əvvəlki dövrdə iddiaçıya yoxlamanın aparılması haqqında qərar təqdim edilməmiş, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. İddiaçı məhkəməyə müraciət edənə qədər qanunvericiliyin tələbindən çıxış edərək ilkin mediasiya sessiyasında iştirak etmiş və iş üzrə cavabdehin nümayəndəsinin iştirak etməməsi səbəbindən mediator tərəfindən 15 fevral 2023-cü il tarixli, MŞQ-MT- 0272023-00081 nömrəli arayış verilmişdir. Bundan əlavə iddiaçı həm elektron qaydada, həm də poçt vasitəsilə Cavabdehnə borcun silinməsi ilə bağlı pretenziya məktubu ilə müraciət etmiş, lakin Cavabdeh tərəfindən müraciətinə heç bir cavab verilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

13. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 1.3 bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. Qeyd olunan “Qazdan istifadə Qaydaları”nın 6.5 bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Abonent Nümayəndə1 obyektində hər hansı yoxlama aparılmamış, obyektdən kənarda yerləşən sayğac əvəz edilərək növbəti oxunuş zamanı xətdən açılaraq laboratoriyaya göndərilmiş, sayğac laboratoriyada yoxlanıldıqdan sonra rəyə əsasən iddiaçı barəsində “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında akt tərtib edilmişdir. Bu aktın tərtib edilməsi üçün sahibkarlıq fəaliyyəti ilə bağlı hər hansı yoxlama aparılmamışdır. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir. Göstərilənlərə əsasən, cavabdeh iddianın əsassız hesab edilərək rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-369/2023 nömrəli, 01 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən iddiaçı Nümayəndə1 (VÖEN **********) məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən sahibkarlıq obyektinə (abonent kodu:**********00061) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 yanvar 2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat məbləğində, 29 aprel 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1620 (min altı yüz iyirmi) manat məbləğində və 26 avqust 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2457 (iki min dörd yüz əlli yeddi) manat məbləğində borcun silinməsi, hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 250 (iki yüz əlli) manat məbləğində və mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçı Nümayəndə1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət nəfinə 86,69 (səksən altı manat 69 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aktlardan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan, onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, aktlar əsasında hesablanmış borclar silinməlidir. Hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının” tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 250 (iki yüz əlli) manat məbləğində pul tutulmalıdır.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 5.2, 31.2, 31.2.3, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1, 9.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 119.2, 121.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

17. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin yoxlama haqqında məlumatın reyestrə daxil etməməsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Halbuki, abonentin qaz sayğacının maksimal qeydiyyat qabiliyyətinin obyektdəki qaz işlədicicihazların sərfiyyatından artıq olduğunu müəyyən edərkən və iddiaçının qaz sayğacı restoranın ərazisindən kənarda yerləşdiyinə görə Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb onu başqa sayğac ilə əvəz edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə, yəni istixananın ərazisinə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Mübahisə edilən məbləğ inventar aktında qeyd olunmuş qazişlədici cihazların qaz sərfi miqdarının qaz sayğacının maksimal qaz sərfini qeydə alması ilə və sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən hesablanmamışdır. Sayğacın texniki şərtlərə cavab verməməsi isə laboratoriyada müəyyən edilmişdir. Bu rəyə əsasən iddiaçının hesabına itirilmiş qazın bərpası üçün qaz sərfinin miqdarı işlənilmişdir. Məhkəmə qanunsuz yoxlamaya əsaslanaraq iddianı təmin etmişdir. Halbuki, qanunsuz yoxlama o halda hesab edilir ki, yoxlayıcı sahibkarlıq fəaliyyətinin hayata keçirildiyi yerə getsin və sahibkarlıq fəaliyyəti subyektlərində yoxlama aparsın və bu yoxlama barədə məlumatı vahid reyestrə daxil etməsin. İşdə olan sübutlardan müəyyən olunur ki, Cavabdeh İB-nin işçiləri sərfiyyatın sayğaca uyğun olmaması barədə aktları tərtib edərkən və sayğacı xətdən açıb əvəz edərkən balans mənsubiyyətində hərəkət etmiş, restoranın ərazisinə getməmiş və heç bir yoxlama aparmamışlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

21. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə kollegiyasına ərizə ilə müraciət etmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

22. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 11.6. qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

1.3. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. 2.11-2. qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

24. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:

2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2. həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.3. yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod.

25. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.1. Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının 23 iyun 2023cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, iddiaçıya məxsus Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən sahibkarlıq obyektinə (restorana) itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 yanvar 2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2592 manat məbləğində, 29 aprel 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1620 manat məbləğində və 26 avqust 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2457 manat məbləğində borc silinməlidir.

30. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin apardığı yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Cavabdeh ona istinad edir ki, əməkdaşlar restoran ərazisinə getməmiş və bununla da sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Halbuki yuxarıda isitnad olunan qanunvericilik normalarının tələbindən görünür ki, sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən bütün növ yoxlamalar (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalıdır.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-369/2023 nömrəli, 01 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar