Məhkəmə qərarları › İş №2-2(105)-11/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-11/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-11/2021 25.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 2(119)-434/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı xx xxxxxxx 2019-cu ildə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli inventar Akta əsasən hesablanmış 2196 manat cərimənin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)-427/2020 nömrəli qərardadı ilə həmin iddia ərizəsinə dair iş baxılması üçün ərazi aidiyyətı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(012)-979/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən “Ət kəsimi” mağazasında su təchizatı üçün xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh ASC ilə “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair” müqavilə bağlamışdır. İddiaçı həmin ünvanda yerləşən “Ət kəsimi” mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cavabdehin əməkdaşları tərəfindən iştirakı olmadan xx xxxx 2018ci ildə obyektin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və yoxlama zamanı tərtib edilmiş akta əsasən “su sayğacının klapanının bağlı olduğu, arxa tərəfdə yerləşən yaşayış evindən d=15 mm-lik boru vasitəsilə qeyri-qanuni olaraq birləşmə verərək ət kəsimində və kafedə istifadə edildiyi” müəyyən edilmişdir. Yəni, ona məxsus obyektdə iştirakı olmadan qanunsuz olaraq yoxlama aparılmışdır və nəticədə xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Akt tərtib olunaraq, 2196 manat məbləğində cərimə hesablanmışdır. Aktda guya onun həmin aktı imzalamaqdan imtina etdiyi bildirilmişdir. Halbuki yoxlama onun iştirakı olmadan, qanunsuz olaraq keçirilmiş və aktlaşdırılmışdır. Həmin cərimənin silinməsi və mübahisənin barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət edilsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh tərəfindən iddiaçıdan tələb olunan borc tamamilə qanunsuz olduğu üçün silinməlidir. (iddia “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri ilə əsaslandırılmışdır). Cavabdeh iddia ərizəsinə etirazı onunla əsaslandırmışdır ki, qeyri-əhali kateqoriyasına aid ünvan 1 ünvanında yerləşən “Ət kəsimi” və “Kafe” kimi fəaliyyət göstərən obyektlərin sahibi İddiaçı ilə Cavabdeh ASC-nin “Abşeron Sukanal” İdarəsi arasında sonuncu dəfə xx xxxxxx 2015-ci ildə bağlanmış müqaviləyə əsasən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 49 və 50-ci maddələrinə əsasən təchizatçı müəssisənin səlahiyyətli nümayəndələri su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektə baxış keçirmək hüququna malikdirlər. Cavabdeh ASC-nin Müştəri Xidmətləri Departamentinin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən “Ət kəsimi” və “Kafe” kimi fəaliyyət göstərən obyektlərə xx xxxx 2018-ci ildə baxış keçirilən zaman aşkar olunmuşdur ki, sayğacdan kənar qeyri-qanuni sudan istifadə olunur. Buna görə də, obyektlərin su təchizatı dayandırılmış və müvafiq olaraq MXD-09499 saylı xx xxxx 2018-ci il tarixli akt tərtib edilmişdir. Sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə maddi ziyan dəymiş və qanunvericiliyin tələblərinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləği tərtib edilmiş MXD-10711 saylı İnventar Aktına əsasən 2196 (iki min yüz doxsan altı) manat məbləğində müəyyən edilmişdir (0,61 m3 x 5 saat x 30 gün (ayda) x 12 ay = su 1098 manat və çirkab 1098 manat). Bununla da, sudan qanunsuz istifadə etdiyi üçün iddiaçı tərəfindən bir il ərzində Cavabdeh ASC-yə cəmi 2196 manat məbləğində maddi ziyan dəymişdir. Lakin iddiaçı dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Cavabdeh ASC su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq Cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdan kənar istifadəsi Cəmiyyətə ziyan vurur və belə istifadə halları Cəmiyyətlə sayğacdankənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülkihüquqi münasibətlər yaratmış olur. Buna görə də, həmin 2196 manat miqdarında borc mülki hüquq pozuntusundan irəli gələn borcdur. Qeyri-əhali kateqoriyasına aid ünvan 1 ünvanında yerləşən “Ət kəsimi” və “Kafe” kimi fəaliyyət göstərən obyektlərin sahibi İddiaçı su təchizatı sistemindən suyun buraxılması xidmətlərinə görə az bir məbləğ ödəsə də, xx xxxxxxxx 2020-ci il tarixinə Cavabdeh ASC-nin “Abşeron Sukanal” İdarəsinə işlətdikləri su təchizatı xidmətlərinə görə 2160 manat borcu qalmışdır. Ötən illər ərzində “Abşeron Sukanal” İdarəsi tərəfindən borcun könüllü ödənilməsi tələbi ilə “Ət kəsimi” və “Kafe” kimi fəaliyyət göstərən obyektlərin sahibi İddiaçı müraciətlər edilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(119)- 434/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: 132254) xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Aktı əsasında hesablanmış 2196 (iki min yüz doxsan altı) manat məbləğində borcun 1098 (min doxsan səkkiz) manat hissəsi saxlanılmaqla, qalan hissəsinin silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Z.Sadiqov). Qətnamədən narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: məlum Aktın tərtibi ilə nəticələnmiş hərəkətləri həyata keçirərkən cavabdeh “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun məqsədləri üzrə yoxlayıcı orqan hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, “Sudan istifadə Qaydaları’’nın 1.6-cı bəndinin tələblərinə uyğun olaraq su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchzatı və tullantı sularının axıdılması xidmətləri istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Məlum müqavilə üzrə alqı-satqını həyata keçirən hər iki tərəf sahibkarlıq fəaliyyətinin subyektidir və bu subyektlərdən biri müqavilə tərəfi olaraq digər tərəfin müqavilə şərtlərini yerinə yetirməsi hallarını müəyyən etmək üçün istehlakçıların istismarında olan su qurğularına mütəmadi olaraq texniki baxış keçirilməsini təmin etmək barədə qanunda nəzərdə tutlmuş vəzifəsini həyata keçirməli və həmin müqavilə üzrə hesabatı aparan ölçü cihazının mövcud vəziyyətini yoxlamalıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Bundan başqa qətnamədə qeyd olunur ki, iş materiallarında olan xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Aktının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, təchizatçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx xxxx 2018-ci ildə Abşeron rayonu Saray qəsəbəsində yerləşən istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektinin “su təchizatı və kanalizasiya sisteminə” baxış keçirilmiş və həmin baxışla əlaqədar tərtib edilmiş Aktda “su sayğacının klapanı bağlıdır. Arxa tərəfdə yerləşən yaşayış evindən d=15 mm-lik boru vasitəsi iiə qeyri-qanuni olaraq birləşmə verilərək “ət kəsimi"ndə və “kafe”də istifadə edilir” qeydi yazılmışdır (həmin Aktda baxış zamanı video çəkiliş aparıldığı qeyd olunmuş və məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən həmin baxış zamanı çəkilmiş video görüntülərlə əlaqədar elektron daşıyıcı (Disk) məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında həmin elektron daşıyıcıda olan video çəkilişlər nümayiş etdirilmişdir). Qeyd edir ki, video nümayiş etdirilsə də, həmin videoda qanunsuz xətt olması öz əksini tapmamışdır, həmin videoda əl yumaq üçün yer və bir tək sayğac çəkilmişdir. İddiaçının qanunsuz nəsə etdiyini göstərən başqa nəsə əks olunmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(119)-434/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Aktının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, təchizatçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx xxxx 2018-ci ildə Abşeron rayonu Saray qəsəbəsində yerləşən istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektinin “su təchizatı və kanalizasiya sisteminə” baxış keçirilmiş və həmin baxışla əlaqədar tərtib edilmiş Aktda “su sayğacının klapanı bağlıdır. Arxa tərəfdə yerləşən yaşayış evindən d=15 mm-lik boru vasitəsi ilə qeyri-qanuni olaraq birləşmə verilərək “ət kəsimi”ndə və “kafe”də istifadə edilir” qeydi yazılmışdır İş materiallarında olan xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Aktına əsasən tərtib edilmiş qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı ilə müəyyən olunur ki, xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli Aktda qeyd olunmuş nöqsanlara görə “Sudan istifadə Qaydaları”nın 8.7-ci bəndinə əsasən 12 ay müddətinə əlavə sərfiyyatın hesabatı aparılaraq, sayğacdan kənar qeyri-qanuni qoşulmaya görə cəmi 2196 (iki min yüz doxsan altı) manat məbləğində dəymiş zərər müəyyən edilmişdir (0,61 m3 x 5 saat x 30 gün (ayda) x 12 ay = 1098 manat su üçün +1098 manat çirkab üçün). Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx xxxx 2018-ci ildə Abşeron rayonu Saray qəsəbəsində yerləşən istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektinin “su təchizatı və kanalizasiya sisteminə” baxış keçirilmiş və həmin baxışla əlaqədar tərtib edilmiş akta əsasən istehlakçıya 12 ay müddətinə əlavə sərfiyyatın hesabatı aparılaraq, sayğacdan kənar qeyri-qanuni qoşulmaya görə cəmi 2196 (iki min yüz doxsan altı) manat məbləğində borc hesablanmışdır. Kollegiya qeyd edir ki, aktda qeyd olunan qüsurun məhz iddiaçının təqsirli hərəkəti nəticəsində yaranması iş materialları ilə təsdiqlənmir. Bundan başqa, «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli Fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.1-ci bəndində qeyd edilir ki, bu Əsasnamə «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin: - 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. - 1.6-cı bəndinə əsasən, yalnız sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar və dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. - 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. -7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Kollegiya qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda da qanunverici eyni məqsəd güdmüş, yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borclu olduqları öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 1.1.1-ci maddəsində qeyd edilir ki, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra-yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Qeyd edilən Qanunun 3.1 və 3.2-ci maddələrində də həmçinin təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Yuxarıda sadalanan normativ aktların təhlili göstərir ki, yoxlayıcı orqanlar (hazırkı halda Cavabdeh ASC tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, «Cavabdeh” ASC tərəfindən iddiaçıya məxsus sahibkarlıq obyektinin “su təchizatı və kanalizasiya sisteminə” baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Cavabdehin nümayəndəsi Həsənov Ə.Ş. məhkəmə kollegiyasının iclasında cavabdehin əməkdaşları tərəfindən iddiaçının sahibkarlıq obyektinin “su təchizatı və kanalizasiya sisteminə” keçirilən baxışın yoxlama olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1- 7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Qanunun 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ASC tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticəsi olaraq hesablanmış borc silinməlidir. Həmçinin, oxşar mübahisələr üzrə Ali Məhkəmə tərəfindən qəbul edilmiş məhkəmə aktları üzrə reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsinin tanınmaması ilə bağlı məhkəmə təcrübəsi formalaşmışdır. “Bağçasaray” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilir ki, “... Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir (Mülki Prosessual Məcəllənin 418.1 və 418.2-ci maddələri).” Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020ci il tarixli, 2-2(119)-434/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: 132254) xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Aktı əsasında hesablanmış 2196 (iki min yüz doxsan altı) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işə apelyasiya qaydasında baxılması üçün İddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməsi səbəbindən cavabdeh «Cavabdeh” ASC-dən alınıb iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385, 392, 404-1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-2(119)-434/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən sahibkarlıq obyektinə (abonent kodu: 132254) xx xxxx 2018-ci il tarixli MXD-09499 nömrəli İnventar Aktı əsasında hesablanmış 2196 (iki min yüz doxsan altı) manat məbləğində borc silinsin. İddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu cavabdeh «Cavabdeh” ASC-dən alınıb iddiaçıya ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar