Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-11/2023 16.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-962/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt Qaz İstismarı Sahəsi tərəfindən 31 may 2021-ci il tarixdə tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktın ləğv edilməsi və Bakı-Quba yolunun 27-ci kilometrliyində yerləşən İddiaçınə (abonet kodu: **********00000) itirilmiş 6480 m3 qaza görə hesablanmış 1498,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2- 2(119)962/2022 saylı qərardadı ilə iddia tələbinə Cavabdeh Sumqayıt Qaz İstismarı Sahəsinin 31 may 2021-ci il tarixdə tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktın ləğv olunması hissəsində xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qaz təchizatı ilə bağlı ödənişləri daimi olaraq quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən ödəmiş və ödəməkdə davam edir. Müəssisəyə təbii qaz gəlmədiyi üçün Cavabdeh Sumqayıt Qaz İstismarı Sahəsinə edilmiş zəng əsasında nəzarətçilər gəlib yoxlama aparmış və sayğacın qaz buraxmadığını bildirmişlər. Onlar 01 dekabr 2020-ci il tarixdə firmadan kənarda olan həmin məişət qaz sayğacını çıxarıb “Qaz sayğacının çıxarılması, quraşdırılması və istimara qəbulu haqqında” ******* nömrəli akt tərtib etmişlər. G-6 markalı 1805A**********824 nömrəli, 05533004 nömrə ilə plomblu sayğacın yerində müvəqqəti olaraq nəzarətçilər tərəfindən sayğac dəyişməsi aparılaraq köhnə sayğac yeni G-6 markalı ******* nömrəli müvəqqəti sayğacla əvəzlənmişdir. Sonradan 31 may 2021-ci il tarixdə məlum olmuşdur ki, G-6 markalı 805A**********824 nömrəli sayğac dəymiş ziyanın hesablanması məqsədi ilə dövlət yoxlamasına göndərilmişdir. Cavabdeh 31 may 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsində sənaye və məişət qaz sayğaclarının kalibrləşmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə 21 may 2021-ci il tarixli akt ilə qeyd olunur ki, G-6 markalı 05A**********824 nömrəli sayğacın klapanı bağlıdır. Hesablayıcı mexanizmi işləmir. Buna görə də Sumqayıt Qaz İstismarı Sahəsinin nümayəndələri tərəfindən 31 may 2021-ci il tarixdə Məhdud Məsuliyyətli Cəmiyyət barəsində “təbii qazdan istifadə qaydalarının pozulması barədə” ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən 6480 m3 qazın itirildiyi göstərilmişdir. Akt Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsinə göndərilmiş və sayğaca hesablama yolu ilə itirilmiş qazın bərpasının təmin edilməsi məqsədi ilə 6480 m3 sərfiyyat hesablanmışdır. Cavabdeh təşkilatın fərziyyəsinə görə guya sayğaca müdaxilə olunmuş və sayğac qazı buraxmır. Hətta hesablama aparılarkən itirilmiş qazın həcmi şişirildilmiş, həmçinin müdaxilənin necə yarandığı, necə baş verdiyi, həqiqətən müdaxilənin olub olmaması aydınlaşdırılmamışdır. Sayğacın pulu ödənildikdən sonra müvəqqəti sayğac çıxarılmış, 30 iyun 2021-ci il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istimara qəbulu haqqında akt tərtib edilərək həmişəlik yeni sayğac quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib olunmuş akta iddiaçının qanuni təmsilçisi imza etməmişdir. Çünki sayğaca heç bir müdaxilə etməmiş, heç bir xəta törətməmişdir. Sayğac normal işləmiş, qaz itkisinin yaranmasının səbəblərini bilməmişdir. Əgər sayğaca müdaxilə edilsəydi, aradabir gəlib sayğaca baxan nəzarətçilər də bunu aşkar edə bilərdilər. Ölkə ərazisində karantin qaydaları tətbiq olunduğundan müəssisə demək olar ki, 2020-ci il ərzində fəaliyyət göstərməmiş və bu səbəbdən qazdan istifadə edilməmişdir. Cavabdeh təşkilata sayğaca heç bir müdaxilə olunmadığı, borcun əsassız olaraq yazıldığı və silinməsi bildirilsə də, cavabdeh tərəfindən bu təklifə əhəmiyyət verilməmişdir. İddiaçı qaz itkisinin səbəbini bilmir, itirilmiş qaza görə heç bir təqsiri yoxdur. Sumqayıt Kommersiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, e-2-2(119)- 962/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 31 may 2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçınə (abonent kodu:**********00000) hesablanmış 1296 (min iki yüz doxsan altı) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Həlimə Alıyeva) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: abonentin qaz sayğacının nominal qaz sərfinin hesabatı aparılmış və xx.xx.2021-ci il tarixli Metrologiya Departamentinin rəyinə, ******* №li, xx.xx.2021-ci il tarixli Akta və Dəymiş ziyanın bərpasına dair Tələbnaməyə əsasən, Qaz sayğacının nominal qaz sərfi 6 m /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 6m x 12 saat x 90 gün=6480 m3 x 0.20 qəpik=1296 (bir min iki yüz doxsan altı) manat itirilmiş qazın bərpası hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri ödəməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bu da onu göstərir ki, İddiaçı MMC qaz sayğacını öz vəsaiti hesabına almışdır və həmin sayğacın qorunub saxlanılmasına iddiaçı özü cavabdehlik daşımalıdır. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Təlimata uyğun olaraq təbii qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmiş və dövlət yoxlamasının rəyinə əsasən sayğaca müdaxilə halı baş verdiyi üçün sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Qeyd olunan qaydalara əsasən təbii qaz sayğacına müdaxilə səbəbindən qeyd olunan obyektin təbii qaz cihazlarının hesabatı aparılmış və itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında” MSK29/1640-00203-12 nömrəli 21 may 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh 27 yanvar 2021-ci il tarixli məktubuna əsasən 08 fevral 2021-ci il tarixində Sumqayıt Qaz İstismar Sahəsindən dövlət yoxlamasına aparılmış G-6 markalı smart-kart tipli qaz sayğacına 21 may 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmişdir. Aktda yoxlamanın nəticəsi: “Sayğacın klapanı bağlıdır. Ekranda bağlı işarəsi var. OFF rejimindən çıxarıldı klapan, açıldı. Sayğacın gövdəsi təzyiq nəticəsində şişib. Plastmas qapağın alt hissəsi gövdədən aralanıb. Hesablama mexanizmi işləmir. Hava keçir. Sayğacın arxiv yaddaş proqramı oxundu. xx.xx.2020-ci il tarixində “Alarm 1 rejimi qeydə alınıb”, qeyd: “yararsız”, qüsura görə nəticə: “müdaxilə” kimi göstərilmişdir. İş materiallarında olan Cavabdeh Sumqayıt Qaz İstismar Sahəsinin nümayəndlərinin tərtib etdiyi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2021-ci il tarixli ******* saylı aktında qeyd olunur ki, baxış zamanı “xx.xx.2021-ci il tarixli Metrologiya Departamentinin rəyinə görə G-6 markalı 1805AZ**********24 nömrəli sayğacın klapanı bağlıdır, gövdə təzyiq nəticəsində şişib, plastmas qapağın alt hissəsi aralanıb, hesablama mexanizmi işləmir, Alarm-1 rejimi qeydə alınıb” kimi nöqsanlar aşkar olunmuşdur (Akt istehlakçının nümayəndəsi tərəfindən imzalanmamışdır). İş materiallarında olan 31 may 2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 6480 m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 6480 m3 qaz sərfiyyatına görə mübahisələndirilən akta əsasən 1296 manat məbləğində borc hesablanmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, sayğaca baxış keçirilərkən, akt tərtib olunarkən iddiaçının nümayəndəsi iştirak etməmiş və aktda onun imzası mövcud deyildir. Eləcə də, cavabdeh etirazında istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir mötəbər və əsaslı şübhədənkəndar sübutu təqdim edə bilməmişdir. Həmçinin cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İşin hallarından görünür ki, cavabdeh təşkilatın əməkdaşları İddiaçı ərazisinə gedib G-6 markalı 1805A**********824 nömrəli sayğacı çıxararaq Sumqayıt Qaz İstismar Sahəsinə aparmışlar, həmin sayğac 08 fevral 2021-ci il tarixdə Sumqayıt Qaz İstismar Sahəsindən dövlət yoxlamasına göndərilmiş, sayğaca 21 may 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, Metrologiya Departamentinin rəyinə əsasən baxış keçirilən zaman aşkar edilmiş nöqsanlara görə Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən 31 may 2021-ci il tarixdə akt tərtib olunmuşdur. Lakin baxış keçirilərkən, akt tərtib olunarkən iddiaçının nümayəndəsi iştirak etməmiş və aktda onun imzası mövcud deyildir. Eləcə də, cavabdeh etirazında istinad etdiyi hallarla bağlı məhkəməyə heç bir mötəbər və əsaslı şübhədənkəndar sübutu təqdim edə bilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-962/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-11/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-11/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq po
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver