Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-110/2021 17.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-42/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-42/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 69342,97 manat borc "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdehdən 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Xəqani Tağıyev) Qətnamədən cavabdeh "xxxx" MMC apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və tarif şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Abonent kodu **********8 olan "xxxx" MTK-nın elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 69.342,97 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi üçün cavabdeh "xxxx" MTK-ya dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 69.342,97 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay "xxxx" MTK-nın ünvanına gələrək, sayğacın göstəricisini götürməklə əməkdaşlarına borcu haqqında bildiriş (hesab-faktura) təqdim etmişlər. Cavabdeh tərəfindən müəyyən qədər ödənişlər olunmuş, lakin borc tam ödənilməmişdir. Vaxtaşırı ödənişlərin edilməsi cavabdehin öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, iddiaçı məhkəmədən cavabdeh "xxxx" MTK-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 69.342,97 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MTK-dan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə verərək iddia ərizəsində cavabdehin adının səhvən "xxxx" MTK kimi, tələb olunan məbləğin isə əslində 69.342,97 manat olmasına baxmayaraq, mötərizədə sözlərlə altmış üç min üç yüz qırx iki manat doxsan yeddi qəpik olaraq qeyd olunduğunu bildirmiş, bunları nəzərə alaraq, cavabdehin adının "xxxx" MTK deyil, "xxxx" MMC kimi oxunmasını, tələb olunan məbləğin isə 69.342,97 manat kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh "xxxx" MMC qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən-elektrik enerjisi üzrə yaranmış 69342,97 manat borc məbləği hissəsində dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, "xxxx" ASC tərəfindən qaldırılmış iddianı qismən qəbul edirlər. Belə ki, həqiqətən "xxxx" MMC tərəfindən elektrik enerjisi istifadə edilmişdir. Elektrik enerjisinin istifadəsi tərəflər arasında bağlanmış və qarşılıqlı şəkildə təsdiqlənmiş müqavilə ilə tənzimlənir. "xxxx" ASC məhkəməyə müraciət etdiyi zaman **********38 saylı abonent koduna istinad etmişdir. Həmin abonent kodu tərəflər arasında bağlanmış 13.06.2020-ci il tarixli müqaviləyə əsasən verilmişdir. "xxxx" ASC-nin qeyd edilən müqaviləni və ya abonent kodunu əsas gətirməklə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. 13.06.2020-ci il tarixindən ərizənin təqdim edildiyi ana qədər bu həcmdə borcun yığılması mümkün deyildir. İddiaçının nümayəndəsinin bildirdiyi kimi onlar elektrik enerjisinin satışını müqavilə üzərindən həyata keçirmələri səbəbindən faktiki münasibətlər dövlət rüsumunun ödənilməsi haqqında məlumat müqavilə üzərindən tənzimlənir. Bu səbəbdən iddia ərizəsi üzrə tələb olunan məbləğ qeyd edilən abonent kodu əsasında 13.06.2020-ci il tarixli müqaviləyə görə bu qədər elektrik borcunun yığılması mümkün deyildir. İddiaçı müfəssəl açıqlama təqdim etməliydi ki, hazırki, borc necə formalaşmışdır və faktiki olaraq hansı müqavilələr üzrə üzləşmə aktları mövcuddur? Lakin təqdim edilmiş bu suallara cavab əldə olunmamışdır. İddiaçı müəyyən hesablamaların həyata keçirilməsində təbii inhisarçı olaraq maraqları səbəbindən doğru olmayan hesablama apara bilər. Buna hər hansı bir təminat mövcud deyildir. Elektrik enerjisinin sərfiyyatı ardıcıllığı, ödəmə dövrülüyünə əsaslanan mütəxəssis rəyi lazımdır. Baxmayaraq ki, bununla bağlı etiraz ərizəsində bildirilmişdir, amma bu nüans sədrlik edən tərəfindən nəzərə alınmamışdır. Bununla bərabər 2015-ci ildən "xxxx" ASC müqavilələrin surətlərini təqdim etməmişdir. Çünki iddiaçı dəfələrlə qeyd etmişdir ki, "xxxx" MMC ilə münasibətlərin müqaviləyə uyğun bağlanmışdır. Həmin müqavilələr onlarda olmasa da "xxxx" ASC-yə müxtəlif zamanlarda təqdim edilmiş qəbzlərə əsasən ödənişlər edilmişdir. Birinci instansiya məhkəməsinin hüquqi faktlara bu şəkildə yanaşması məqbul deyildir. Belə ki, məhkəmə tərəflərin arasında yaranmış münasibətlərin mülki müqavilə münasibətləri olmasını prioritet tutmalıydı. Amma müqavilələrin təqdim olunmaması hesab edirlər ki, özlüyündə pozuntu olmaqla yanaşı məhkəməyə borc məbləğinin yenidən hesablanmaqla tətbiqinə imkan yaradırdı. Amma məhkəmənin etinasızlığı əlbəttə cavabdeh olaraq hüquqlarının pozulmasına və ciddi bir maddi zərərə uğramaqlarına səbəb olmuşdur. Məhkəmənin qətnaməsi qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 13.06.2020-ci il tarixli elektrik enerjisinin alğı-satqısı müqaviləsindən görünür ki, "xxxx" MMC elektrik enerjisi ilə təchiz edilmiş və MMC-yə **********8 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Abonentə illik buraxılacaq təxmini elektrik enerjisinin miqdarı ******* kVt/saat, dəyəri 143.640 manat nəzərdə tutulmuşdur. İş materiallarında olan 01-86/20 №-li, 25.08.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən 69.342,97 manat məbləğində borcunun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 01-87/20 №-li, 25.08.2020-ci il tarixli arayışdan görünür ki, həmin tarixə "xxxx" MMC-nin "xxxx" ASC-yə borcu 69.342,97 manat təşkil edir. İş materiallarında olan 2016-cı il tarixdən 2021-ci il tarixədək olan bildirişlərdən görünür ki, "xxxx" MMC-yə mütəmadi olaraq elektrik enerjisindən istifadəyə görə yaranmış borclar barədə xəbərdarlıq edilmişdir. Abunə haqqında arayışdan görünür ki, 10.02.2021-ci il tarixə cavabdeh "xxxx" MMCnin "xxxx" ASC-yə qalıq borcu 105.458,40 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.1, 427.3, 442, 448.1, 448.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni əsaslandıraraq hesab etmişdir ki, təqdim olunmuş müqavilə 2020-ci ilə aid olsa da, iş materiallarından göründüyü kimi, "xxxx" MMC-yə 2016-cı ildən abonent kodu verilərək elektrik enerjisi ilə təchiz olunmuş, "xxxx" ASC-nin abonenti kimi elektrik enerjisindən istifadə etmiş və buna görə aybaay "xxxx" ASC-yə ödənişlər olunmuşdur. "xxxx" MMC-nin elektrik enerjisindən istifadə etməsi və ödənişlər edilməsi iş materialları ilə yanaşı cavabdehin nümayəndəsinin izahatlarında da əksini tapır. Ona görə də, hazırda məhkəməyə əvvəlki illərə aid müqavilələrin təqdim olunmaması tərəflər arasında elektrik enerjisinin faktiki alğı-satqı münasibətlərinin olmasını istisna etmir. Bundan başqa, cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə verilməsi də borcun olduğunu inkar etmədiklərini göstərir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə versə də, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən 2016-cı ildən hazıradək mütəmadi ödənişlər olunmuş və cavabdeh tərəf məhkəmədə ödənişlərin olunmasını təsdiq etmiş, bununla belə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, qanunvericiliyin iddia müddəti ilə bağlı normaları hazırkı halda tətbiq edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, "xxxx" MMC-nin elektrik enerjisindən istifadə etməsi və ödənişlər etməsi iş materialları ilə əksini tapdığından, əvvəlki illərə aid müqavilələrin təqdim olunmaması tərəflər arasında elektrik enerjisinə dair alğı-satqı münasibətlərinin olmasını istisna etmir. Mövcud borc yalnız sayğacın göstəricilərinə əsasən hesablanmış elektrik enerjisinin dəyəridir. Cavabdeh tərəfin etirazının dəlillərindən biri də, 13.06.2020-ci il tarixli müqavilənin MMC-nin əməkdaşı olmayan səlahiyyətsiz şəxs tərəfindən bağlanmış olmasıdır. Bununla bağlı məhkəməyə sübut təqdim edilməsə də, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Cavabdeh "xxxx" MMC-nin elektrik enerjisindən hazıradək istifadə etməsi və ödənişlər etməsi isə işin mübahisəsiz halıdır. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, "xxxx" MMC-nin **********8 saylı abonent kodu üzrə mövcud borcu 21.07.2018-ci il tarixdən sonrakı dövrü əhatə edir. Müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il olduğundan, iddia müddətinin tətbiq edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də, məhkəmə kollegiyası əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanmış müqaviləyə əsasən cavabdeh elektrik enerjisindən fasiləsiz istifadə etmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqaviləyə uyğun olaraq sayğacın göstəricisinə əsasən hesablanmış elektrik enerjisinin dəyərini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə elektrik enerjisindən istifadə etməsinə dair hüququndan istifadə etmiş, lakin müqaviləyə uyğun olaraq sayğacın göstəricisinə əsasən hesablanmış elektrik enerjisinin dəyərini ödəməli olmasına dair vəzifələrini isə lazımınca yerinə yetirməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-42/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-110/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-110/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver