Məhkəmə qərarları › İş №2-2(105)-112/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-112/2023

18.09.2023 · Torpaq mübahisələri - Digər - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-112/2023 18.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2, cavabdeh "xxxx" X1i təmsilçisi Nümayəndə3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" X4rşı verilmiş “torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması və zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-28/2023 saylı, 12 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" X6 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən əmlak kompleksinə xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən texniki pasport verilmişdir.

2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2-1(118)- 141/2020 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə 05 iyun 2016-cı il tarixli 377 saylı qərar əsasında əlavə edilmiş 61 bəndinin müddəalarını tətbiq etmədən "xxxx" X5 istifadəsində olan 16,5 sot torpaq sahəsinin Əsasnamənin 6-cı bəndinin tələblərinə uyğun normativ qiymətinin müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli 2-1(105)-204/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 21(118)-141/2020 nömrəli qərarı dəyişdirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 377 saylı qərarı əsasında əlavə edilmiş 6-1 bəndin müddəaları tətbiq edilmədən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında "xxxx" X8 tərəfindən özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi 1650.0 kv.m torpaq sahəsinin normativ qiymətə əsasən iddiaçının adına özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2- 1(102)1651/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2021-ci il tarixli 2-1(105)-204/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

5. 13 mart 2023-cü il tarixli 10/7735 nömrəli ekspert rəyinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən "xxxx" X5 istifadəsinə verilmiş 1650 kv.m torpaq sahəsinə bitişik, təxminən 40 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsinin "xxxx" X8 tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir. "xxxx" X5 istifadəsində olan torpaq sahəsində texniki pasportda qeyd olunmayan təxminən 89,7 kv.m ölçüdə yarımçıq tikilinin, ikinci mərtəbə səviyyəsində taxta konstruksiyalardan yığılmış 30,0 kv.m ölçüdə quraşdırmanın (müvəqqəti tikili) mövcud olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, “GoogleEarth” internet xəritə proqramında mövcud olan illər üzrə görüntülərə əsasən texniki pasportda qeyd olunmayan həmin yarımçıq tikililər texniki pasport tərtib olunan tarixdə və həmin tarixdən əvvəl təxminən 2004-cü il tarixindən həmin ərazidə mövcud olmuşdur. (2004-cü il tarixindən əvvəlki görüntülər “GoogleEarth” internet xəritə proqramında mövcud deyil.)

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" X4rşı “torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması və zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" X6 məxsus əmlak kompleksinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən dövlət mülkiyyətində olan 1650 kv.m torpaq sahəsinin əmlak kompleksinin xx.xx.2013-cü il tarixli texniki pasportunda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi, həmçinin zəbt edilmiş 40 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, habelə mediasiya sessiyası ilə bağlı mediasiya təşkilatına ödənilmiş 20 manatın Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən, "xxxx" X6 məxsus əmlak kompleksinin yerləşdiyi, dövlət mülkiyyətində olan 1650 kv.m torpaq sahəsində cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq razılıq alınmadan təqribən 89.7 kv.m tikilinin inşa edildiyi və 30 kv.m quraşdırma işlərinin aparıldığı, həmçinin müəssisənin istifadəsində olan 1650 kv.m torpaq sahəsinə bitişik olan, dövlət mülkiyyətində olan 40 kv.m torpaq sahəsinin hüquqmüəyyənedici sənədlər olmadan zəbt edildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Cavabdeh tərəfindən qeyd edilən qanunsuz tikinti işləri qeyri-yaşayış binasının texniki pasportunda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Beləliklə, cavabdeh dövlətin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozaraq, orada qeyri-qanuni olaraq tikinti işləri aparmışdır, eyni zamanda özünə aid olmayan 40 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. Cavabdehlə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediasiya təşkilatına müraciət olunmuş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir.

8. Cavabdeh "xxxx" X8 iddiaya etirazını onunla əsaslandırmışdır ki, Xırdalan şəhərində fəaliyyət göstərən "xxxx" X6 Abşeron rayon İK-nın 31 mart 1989-cu il tarixli N- 066 saylı qərarı ilə 16,5 sot torpaq sahəsi verilmişdir. Torpaq sahəsində müəssisə öz vəsaiti hesabına 1989-1990-cı illərdə inzibati otaq, çardaq və istehsal yönümlü bir neçə otaq tikmişdir. Tikililər və torpaq sahəsi 28 fevral 2001-ci il tarixində Abşeron rayon texniki inventarlaşma tərəfindən qeydiyyata alınaraq mülkiyyət hüquqları əsasında 283 saylı qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Tikintilər özəlləşdirilmiş, lakin tikinti altında olan torpaq sahəsinin özəlləşdirilməsi mümkün olmamışdır. Həmin torpaq sahəsini özəlləşdirmək məqsədi ilə "xxxx" X8 tərəfindən 2001-ci il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsinə, daha sonra pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə prosesləri 12 il çəkmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə proseslərini uzatmaq məqsədi ilə müəssisənin tikintilərini qanunsuz inşa etdiyini bildirərək verilmiş hüquqi sənədlərin etibarsız sayılması haqda dəfələrlə məhkəmədə iddia qaldırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli 2-2(105)-57/2013 nömrəli qərarı ilə komitənin iddası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyun 2013-cü il tarixli 2-2(102)- 682/2013 nömrəli qərarı ilə komitənin kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə qərarından sonra müəssisə 283 saylı qeydiyyat vəsiqəsini və texniki pasportunu dəyişdirərək xx.xx.2013-cü il tarixində inşa edilmiş tikintilərə yeni texniki pasport və çıxarış almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2- 1(105)204/2021 nömrəli qərarı ilə "xxxx" X5 tikinti altında olan 16,5 sot torpaq sahəsinin normativ qiymətlə özəlləşdirilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)- 1651/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayətini təmin etməmişdir və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Qərarların icraya yönəldilməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti müxtəlif bəhanərlə məhkəmə qərarının icrasından imtina edir. Bundan başqa qeyd olunur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron rayon ərazi şöbəsinin əməkdaşları tərəfindən müəssisənin ərazisinə baxış keçirilən zaman "xxxx" X5 iştirakı təmin edilməmiş və saxta arayış tərtib edilərək Xidmətə təqdim olunmuşdur. Arayışda guya müəssisənin 40 kv.metr əlavə torpaq sahəsi zəbt etdiyi, Xidmətdən icazə alınmadan 89,7 kv.m tikinti inşa eddiyi və 30 kv.m quraşdırma işləri aparıldığı göstərilmişdir. Tikintilər 1989-1990-cı illərdə inşa olunduğundan bu dövrlərdə sadə inşalar üçün icazə tələb olunmurdu. 1995-ci il tarixindən müəssisənin fəaliyyəti dayanmış və tikililərin istismar müddəti bitdiyindən əsaslı təmirə ehtiyacı yaranmışdır. Müəssisənin texniki pasportunda qeyd edilən 16,5 sot torpaq sahəsinin məhkəmə qərarı ilə özəlləşdirilməsi mübahisə predmeti olmamalıdır. Əmlak Məsələləri Dövlət Xidməti qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmasıdan yayınaraq müxtəlif bəhanələrlə hərəkətsizliyini göstərir. Etirazda göstərilənlərə əsasən iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" X4rşı qərəzli mövqe tutduğundan, işin mahiyyəti üzrə heç bir sübut təqdim etmədiyindən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Nümayəndə3 etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

11. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-28/2023 saylı, 12 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın rədd edilməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq X2 ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslılığı öz təsdiqini tapmamışdır.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 146.1, 152.1, 157.8, 158.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.3, 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçının apellyasiya şikayəti onunla əsaslandrılmışdır ki,: - Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”nin 3.0.46-cı yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin, özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına, onların təyinatının dəyişdirilməsinə razılıq vermək, dövlətə məxsus olan hüquqi şəxslərin və özəlləşdirilən hüquqi şəxslərin və obyektlərin yerləşdiyi torpaq sahələrinin təyinatı üzrə istifadəsi vəziyyətinin araşdırılması məqsədilə monitorinq aparmaq və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması üçün tədbirlər görmək; 3.0.36-cı yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərə və özəlləşdirilən hüquqi şəxslərə məxsus obyektlərin (əmlakın) və torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Xidmətin vəzifələridir. - cavabdeh tərəfindən qeyd edilən qanunsuz tikinti işləri qeyri-yaşayış binasının texniki pasportunda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Məhkəmə araşdırması zamanı Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən 1650 kv.m. torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparılması müəyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən araşdırılmış iş materialları ilə müəyyən olunur ki, iddia tələbində qeyd olunan sökülməsi tələb olunan tikililərə dair cavabdehə məxsus hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Belə olan halda qeyd olunan qanunsuz tikililər dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edildiyindən Mülki Məcəllənin 180.4-cü maddəsinin tələbləri baxımından Xidmətin həmin tikililərin sökülməsi barədə iddiası tam əsaslıdır. Belə ki, mübahisə predmeti olan qeyd olunan tikililər daşınmaz əmlak obyekti olmaqla qeyd olunan tikililərin üzərində hüquqların qeydə alınması üçün əsaslar Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 8-ci maddəsində göstərilmişdir. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsinin iddianı rədd edərkən cavabdehin mübahisəli tikililər üzərində hüquqlarının müəyyən edilməsi ilə bağlı hər hansı əhəmiyyətə malik olmayan ekspert rəyinə əsaslanması tamamilə yanlışdır. Belə ki, ekspert rəyində qanunsuz tikililərin texniki pasportda əks olunduğu bildirilmişdir. Halbuki, həmin tikililərin texniki pasportda əks olunması qeyd olunan tikililərin qanuni əsaslarla inşa olunması demək deyil. Bu baxımdan, məhkəmə tərəfindən araşdırılaraq qiymət verilməli olan məsələ iddia tələbində göstərilən tikililərin qanuni əsaslarla inşa olunub-olunmaması ilə bağlı olmalı idi. Belə olan halda məhkəmənin cavabdehin qeyd olunan tikililər üzərində hüququnun yaranması üçün hər hansı əhəmiyyət kəsb etməyən ekspert rəyinə iş üzrə möhtəbər sübut kimi yanaşması tamamilə əsassızdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, cavabdeh iddia tələbində qeyd olunan tikililərə dair hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığından eyni zamanda lazımi icazələr alınmadan inşa edildiyindən həmin tikililər Mülki Məcəllənin 180-cı maddəsinin tələbləri baxımından qanunsuz hesab edilməli və iddia tələbi təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz təqdim etmişdir. Etiraz iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" X6 məxsus əmlak kompleksinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən dövlət mülkiyyətində olan 1650 kv.m torpaq sahəsinin əmlak kompleksinin xx.xx.2013-cü il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi və zəbt edilmiş 40 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində "xxxx" X5 istifadəsinə verilmiş 1650 kv.m torpaq sahəsinə bitişik, təxminən 40 kv.m dövlət torpaq sahəsinin "xxxx" X8 tərəfindən istifadə olunmadığı və xx.xx.2013-cü il tarixli texniki pasport tərtib olunan tarixdə və həmin tarixdən əvvəl göstərilən ərazidə təxminən 89,7 kv.m ölçüdə yarımçıq tikilinin, ikinci mərtəbə səviyyəsində taxta konstruksiyalardan yığılmış 30,0 kv.m ölçüdə quraşdırmanın (müvəqqəti tikili) mövcud olduğu qeyd olunmuşdur.

24. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisələri olmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2-1(102)1651/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2021-ci il tarixli 2-1(105)-204/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli nömrəli həmin qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 21(118)-141/2020 nömrəli qərarı dəyişdirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 377 saylı qərarı əsasında əlavə edilmiş 6-1 bəndin müddəaları tətbiq edilmədən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında "xxxx" X8 tərəfindən özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi 1650.0 kv.m torpaq sahəsinin normativ qiymətə əsasən iddiaçının adına özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində əmlak kompleksinin xx.xx.2013-cü il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi xahiş olunsa da, 89,7 kv.m ölçüdə yarımçıq tikilinin və ikinci mərtəbə səviyyəsində taxta konstruksiyalardan yığılmış 30,0 kv.m ölçüdə quraşdırmanın (müvəqqəti tikili) həmin texniki pasport verilərkən, hətta ondan uzun müddət əvvəl mövcud olduğu müəyyən edilmişdir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-28/2023 saylı, 12 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar