Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-118/2020 08.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı “X1” ASC-nin vəkili və nümayəndəsi X2 iştirakı ilə İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)- 85/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-85/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli 006761 saylı və 193058 saylı aktların ləğv edilməsi və xəta faizinə əsasən hesablanmış 12409 (on iki min dörd yüz doqquz) manat borcun silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” ASC iddiaçı “X1” ASC-nin ünvan 1 ünvanında yerləşən əmlak kompleksini elektrik enerjisi ilə təmin edir. Enerji sərfiyyatı iddiaçının ərazisindən 300 metr aralıda yerləşən 35/10 kv-luq Ceyranbatan yarımstansiyasında quraşdırılan sayğac vasitəsilə uçota alınır. Hazırda “X1” ASC-nin həmin əmlak kompleksi (müəssisə) işləmir və bu səbəbdən çox enerji sərf etmir. Yalnız bir gözətçi otağının işıqlandırılması və qızdırılması üçün enerji sərf edilir. Bu isə hər ay üçün təxminən 250-270 manat arasında elektrik enerjisi borcu yaradır. İddiaçı təşkilat həmin enerji borcunu hər ay vaxtında ödəyir. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları xx xxxxxx 2020-ci ildə həmin ünvana gələrək sayğaca baxış keçirmiş və 006761 saylı akt tərtib etmişlər. Aktda qeyd olunmuşdur ki, sayğacın şəbəkəyə qoşulma sxemi səhvdir və sayğac sərf olunan elektrik enerjisini düzgün qeyd etmir. Buna uyğun olaraq aktda qeyd olunmuşdur ki, sayğacın xəta faizi 67,3%-dir və bu xəta faizi əsas götürülərək iddiaçı təşkilata ƏDV daxil olmaqla 12409 manat əlavə borc yazılmışdır. Cavabdehin əməkdaşları eyni tarixdə 193058 saylı a kt tərtib edərək cərəyan naqillərinin başlanğıc və son uclarının sxeminin bərpa edildiyini aktda göstərmişlər. Sayğaca baxış keçirilərkən həmin əməkdaşlara bildirilmişdir ki, sayğacın şəbəkəyə qoşulmasını iddiaçı deyil, cavabdeh təşkilat həyata keçirmişdir və əgər qoşulma zamanı səhvə yol verilibsə, buna görə cavabdeh təşkilat məsuliyyət daşıyır. Lakin, buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları həmin aktı tərtib etmişlər. Cavabdeh təşkilatın tərtib etdiyi xx xxxxxx 2020-ci il tarixli 006761 saylı akt ləğv edilməli və xəta faizinə əsasən hesablanmış 12409 manat borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Cavabdeh tərəf sayğacın xəta ilə işlədiyini iddia edir və xətanın 67,3 faiz olduğunu bildirərək son 5 il üçün cərimə tətbiq olunduğunu bəyan edir. Həmin Qaydaların 7.4-cü bəndinə əasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanısı onun vəsaiti hesabına yerinə yetirilir. Qaydaların bu bəndinə istinad edərək bildirilir ki, sayğacın qoşulma sxeminin pozulması cavabdeh təşkilatın əməkdaşlarının təqsiri üzündən baş vermişdir. Odur ki, buna görə məsuliyyət də cavabdehə aid edilir. Bundan əlavə, Qaydaların 8.15-ci bəndinə əsasən elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Halbuki cavabdeh təşkilat son 5 il üçün xəta faizi hesablamışdır. Bundan əlavə, Qaydaların 8.15-ci bəndinə əsasən əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikası Antiinhisar və X4 Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Bununla bağlı olaraq bildirilir ki, aktda xəta faizi cavabdehin əməkdaşları tərəfindən qərəzli olaraq 67,3 faiz göstərilmişdir. Bu isə iddiaçıdan qanunsuz və əsassız olaraq əlavə vəsait tələb edilməsi məqsədi daşıyır. Odur ki, həmin akt ləğv edilməlidir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, hazırda “X1” ASC-nin həmin əmlak kompleksi işləmir və bu səbəbdən çox enerji sərf etmir. Yalnız bir gözətçi otağının işıqlandırılması və qızdırılması üçün enerji sərf edilir. Bu isə hər ay üçün təxminən 250- 270 manat arasında elektrik enerjisi borcu yaradır. İddiaçı təşkilat həmin enerji borcunu hər ay vaxtında ödəyir. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları (A.Babayev, B.Hacıyev, R.Əhmədov) xx xxxxxx 2020-ci ildə həmin ünvana gələrək sayğaca baxış keçirmiş və akt tərtib etmişlər. Aktda qeyd olunmuşdur ki, baxış zamanı müəyyən olundu ki, sayğacın şəbəkəyə qoşulma sxemi səhvdir və sayğac sərf olunan elektrik enerjisini düzgün qeyd etmir. Buna uyğun olaraq aktda qeyd olunmuşdur ki, sayğacın xəta faizi 67,3%-dir və bu xəta faizi əsas götürülərək iddiaçı təşkilata ƏDV daxil olmaqla 12000 manat əlavə borc yazılmışdır. “X1” ASC-nin aktın tərtib edilməsində iştirak etdiyi bildirilən Balakişi Hüseynov adlı işçisi yoxdur. Əgər, cavabdeh aktda onun adını qeyd edirsə bunu sübut etməlidir. Sübutetmə yükü onun üzərinə düşür. Akt qanunun tələblərinə uyğun tərtib edilməyib. Aktda imza etmək səlahiyyəti olmayan şəxsin şəxsiyyəti məlum deyil. Cavabdehin əməkdaşları eyni tarixdə 193058 saylı akt tərtib edərək cərəyan naqillərinin başlanğıc və son uclarının sxeminin bərpa edildiyini aktda göstərmişlər. Sayğaca baxış keçirilərkən həmin əməkdaşlara bildirilmişdir ki, sayğacın şəbəkəyə qoşulmasını iddiaçı deyil, cavabdeh təşkilat həyata keçirmişdir və əgər qoşulma zamanı səhvə yol verilibsə, buna görə cavabdeh təşkilat məsuliyyət daşıyır. Lakin buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları akt tərtib etmişlər. Həmin akt qanunsuz olmaqla bərabər, həm də əsassızdır, ləğv edilməli və xəta faizinə əsasən hesablanmış 12409 manat borc silinməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “X1” ASC-nin vəkili və nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi və apelyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Həmçinin bildirdi ki, cavabdeh tərəfindən aparılmış yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələbinə uyğun olaraq reyestrdə qeydə alınması təmin edilməmişdir. Odur ki, həmin yoxlamanın ümumiyyətlə hüquqi nəticəsi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırması zaman müəyyən edilmişdir ki, enerjitəchizatı müəssisəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehlakçı “X1” Açıq Səhmdar Cəmiyyətinə (abonent kodu: **********5) məxsus qeyri-yaşayış sahəsi elektrik enerjisi ilə təchiz edilmiş və xx xxxxxxx 2014-cü ildə həmin qeyri-yaşayış sahəsinə sayğac quraşdırılmışdır. xx xxxxxx 2020-ci ildə isə həmin sayğacın texniki göstəriciləri istehlakçının nümayəndəsinin iştirakı ilə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən “ampermaşa” vasitəsi ilə yoxlanılarkən məlum sayğac tərəfindən elektrik sərfiyyatının düzgün hesabatı aparılmadığı müəyyən edilmiş və bununla əlaqədar xx xxxxxx 2020-ci il tarixli 006761 nömrəli akt tərtib edilərək, həmin sayğacda aşkar edilmiş qüsur (sayğacın şəbəkəyə qoşulma sxeminin səhv olması və sayğacın sərf olunan elektrik enerjisini düzgün qeyd etməməsi müəyyən edilmişdir. Çünki, sayğacın qeydə aldığı yük Psayğac=16 kvt olduğu halda, axan yük Pfaktiki=49 kvt olmuşdur) aradan qaldırılaraq, həmin tarixdə sayğac tərəfindən elektrik təchizatının sərfiyyatın düzgün hesabatının aparılması bərpa edilmişdir. Enerjitəchizatı müəssisəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin tələbləri tətbiq edilməklə orta günlük sərfiyyat müəyyən edilərək, xx xxxxxx 2020-ci il tarixli akt əsasında hesabatı qüsurlu apardığı müəyyən edilmiş sayğacın düzgün hesabat aparmadığı təxminən bir illik müddət üçün istifadə olunan elektrik enerjisinin miqdarı hesablanmışdır. Yəni, həmin müddətdə sayğac tərəfindən hesablanmamış sərfiyyatın yekun dəyərinin cəmi 12052,62 manatməbləğində müəyyən edilərək, həmin məbləğ borc kimi istehlakçının hesabına daxil edilmişdir. Lakin, istehlakçı (iddiaçı) “X1” ASC həmin hesabatla razılaşmamış və məlum sayğacın düzgün hesabat aparmamasında istehlakçının (iddiaçının) təqsiri olmadığına və buna məsuliyyəti enerjitəchizatı müəssisəsi (cavabdeh) daşıdığı üçün sayğac tərəfindən hesablanmamış sərfiyyata görə istehlakçıdan pul tələb edilməsini mübahisələndirmişdir. İş materiallarında olan istehlakçı “X1” ASC-yə (abonent kodu: **********5) aid Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, xx xxxxxxx 2014-cü ildə quraşdırılmış və xx xxxxxx 2020-ci ildə qüsurlu hesabat apardığı müəyyən edilmiş sayğac tərəfindən abonentin elektrik enerji sərfiyyatları xx xxxxxx 2019-cu ildə 540 manat (31 gün üçün), xx xxxxxx 2019-cu ildə 360 manat (28 gün üçün), xx xxxx 2019-cu ildə 360 manat (30 gün üçün), xx xxxxx 2019-cu ildə 360 manat (32 gün üçün), xx xxx 2019-cu ildə 360 manat (31 gün üçün), xx xxxx 2019-cu ildə 360 manat (31 gün üçün), xx xxxx 2019-cu ildə 360 manat (30 gün üçün), xx xxxxxx 2019-cu ildə 180 manat (32 gün üçün), xx xxxxxxxx 2019-cu ildə 360 manat (28 gün üçün), xx xxxxxxx 2019-cu ildə 360 manat (32 gün üçün), xx xxxxxx 2019-cu ildə 360 manat (30 gün üçün) və xx xxxxxx 2019-cu ildə 360 manat (30 gün üçün) məbləğlərində hesabat aparılmışdır. xx xxxxxx 2020-ci ildə isə həmin qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacda mövcud qüsur aradan qaldırıldıqdan sonra həmin sayğacla aparılan hesabatla müəyyən olunur ki, xx xxxxxx 2020-ci ildə 464,40 manat məbləğində (13 gün üçün), xx xxxxxx 2020-ci ildə 795,60 manat məbləğində (18 gün üçün), xx xxxxxx 2020-ci ildə 1800 manat məbləğində (30 gün üçün) və xx xxxx 2020ci ildə 1440 manat məbləğində (30 gün üçün) elektrik enerjisi sərfiyyatı olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin əsaslılığının sübuta yetirilmədiyini qeyd edərək, iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na, Mülki Məcəllənin 21.1, 1097.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacdakı qüsur xx.xx.2020-ci il tarixdə aradan qaldırılmışdır. xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında qeyri-yaşayış sahəsinin 3888 kv.m “F” literalı hazır məhsul anbarı və 2000 kv.m həyətyanı sahəsi icarəyə verilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.17-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda mübahisələndirilən aktdan görünür ki, cavabdeh “xxxx” ASC iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 12409 manat məbləğində borcun silinməsini xahiş etsə də, iş materiallarında olan abunə haqqında çıxarışın surətindən görünür ki, iddiaçıya elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 12052,62 manat məbləğində borc hesablanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “xxxx” ASC tərəfindən reyestrdə qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi olmadığından, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə (abonent kodu **********8) hesablanmış 12052,62 manat məbləğində borc silinməlidir. Apelyasiya şikayətinin aktların ləğv edilməsilə bağlı dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, xx xxxxxx 2020-ci il tarixli 006761 saylı və 193058 saylı aktlar yoxlama zamanı sayğacda aşkar edilmiş qüsurları və s. halları özündə əks etdirən sübut növüdür. Həmin aktlarda göstərilənlərin düzgün olmaması iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən iddia tələbi aktların ləğv edilməsi hissəsində təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-85/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə (abonent kodu **********8) hesablanmış 12052,62 (on iki min əlli iki manat altmış iki qəpik) manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-85/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə (abonent kodu **********8) hesablanmış 12052,62 (on iki min əlli iki manat altmış iki qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Hökümə Babayeva
Məhkəmə qərarları › İş №2-2(105)-118/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-118/2020
08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver