Məhkəmə qərarları › İş №2-2(105)-126/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-126/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-126/2021 26.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X1, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin vəkili Vəkil iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-25/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-25/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" MTK-dan 800 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə texniki-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 200 manat məbləğin 98%-inin iddiaçıya, 2%-inin cavabdehə aid edilməsi, iddiaçıdan196 (yüz doxsan altı) manat, cavabdehdən isə 4 (dörd) manat məbləğində pulun tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 98%-inin iddiaçıya, 2%-inin cavabdehə aid edilməsi, cavabdehdən 60 (altmış) qəpik dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Xəqani Tağıyev) Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Sultan MTK”-nın istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 39.690 (otuz doqquz min altı yüz doxsan) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh “Sultan MTK”-dan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********7 olan "xxxx" MTK-nın elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 39.690 (otuz doqquz min altı yüz doxsan) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh “Sultan MTK”-ya dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 39.690 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşlarının hər ay "xxxx" MTK-nın ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş-xəbərdarlıq (hesabfaktura) təqdim etməsini tələbin irəli sürülməsi, cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-cı il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin “Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında” 25.03.2002-ci il tarixli, 893 saylı Sərəncamı ilə təsdiq edilmiş “Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi proqramı”nda elektrik enerjsinin təchizatı ilə məşğul olan şirkətlərə tapşırılmışdır ki, elektrik enerjisinə görə ödənişləri aparmayan təşkilatların şərtsiz olaraq şəbəkədən açılması üçün müvafiq tədbirləri həyata keçirsinlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, Sumqayıt Kommersiya Məhkəməsi nəzərə almamışdır ki, cavabdeh enerjitəchizatı müəssisəsi ilə müqavilə bağlamaqla və elektrik enerjisindən istifadə etməklə elektrik enerjisinin alğı-satqı münasibətində olmuşdur. Buna görə də, cavabdeh EEİQ-nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nın 9.1-ci maddəsinin tələbinə əsasən istehlakçı elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərinin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə görə məsuliyyət daşıyır. Həmin qaydaların 7.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Qeyd olunan tələblərə uyğun olaraqda "xxxx" MTK-nın müraciəti əsasında MTK-ya elektrik hesabat sayğacı quraşdırılaraq elektrik enerjisindən istifadə olunmasına şərait yaradılmışdır və elektrik enerjisindən istifadəyə görə də hesablaşma həmin sayğacın göstəricilərinə əsasən aparılır. Hansıki, həmin sayğac tam normal həddə işlək vəziyyətdədir və müvafiq möhürlərlə möhürlənmişdir. Buna baxmayaraq məhkəmə ekspertizanın rəyini əsas götürərək "xxxx" MTK-nın 2015-ci il tarixdən həmin göstəricilərlə fəaliyyət göstərdiyi qənaətinə gəlmişdir. Ekspertiza həmin göstəriciləri "xxxx" MTK tərəfindən quraşdırılmış, möhürlənməmiş sayğacların bir günlük göstəricilərinə əsasən təyin etmişdir. Aydındır ki, mənzillərdə və ya digər obyektlərdə hər gün və ya hər ay eyni məbləğdə elektrik enerjisindən istifadə olunması mümkün deyil. Lakin, məhkəmə bu halları nəzərə almamışdır. Təqdim edilmiş aylıq və orta aylıq sərfiyyatlar barədə məlumatdan da görsənir ki, bəzi vaxtlarda orada göstərilmiş rəqəmlər, hətta ekspertin rəyində göstərilmiş rəqəmdən belə aşağıdır. EEİQ-nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və elektrik enerjisindən istifadəyə görə hesablaşmalar həmin sayğacların göstəricilərinə əsasən aparılır. Həmçinin məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən edilir ki, "xxxx" MTK istifadə etdiyi elektrik enerjisinin dəyərindən 3-5 dəfə az ödənişlər etdiyi üçün bugünki gündə 39690 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək yaranmış borcu ödəməmişdir. Göründüyü kimi məhkəmə qətnamədə işin yuxarıda qeyd olunan həqiqi hallarına və məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X2 və cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli, 2-1(85)-1334/2014 nömrəli qərarından görünür ki, iddiaçı "xxxx" MTK-nın cavabdeh "xxxx" MMC-yə qarşı Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində iddiaçı tərəfindən inşa edilmiş 59A, 57B və 55B saylı binaların kommersiya xətlərində elektrik sayğaclarının quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli, 2-1(105)-88/2015 nömrəli qərarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarından "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində iddiaçı tərəfindən inşa edilmiş 59A,57B və 55B saylı binaların kommersiya xətlərində elektrik sayğaclarının dəyərinin və quraşdırılması xərclərinin "xxxx" MTK tərəfindən ödənilməsi şərti ilə həmin sayğacların quraşdırılması vəzifəsi "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. İş materiallarında olan 11 noyabr 2015-ci il tarixli 08 №-li məktubdan görünür ki, "xxxx" MTK tərəfindən "xxxx" MMC-yə müraciət edilərək sayğacların alınması və quraşdırılma haqqının ödənilməsinə zəmanət verildiyi bildirilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə "xxxx" MTK arasında bağlanmış 19.03.2020-ci il tarixli elektrik enerjisinin alğı-satqısı müqaviləsindən görünür ki, "xxxx" MTK elektrik enerjisi ilə təchiz edilmiş və MTK-ya **********7 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada sayğac quraşdırılmışdır. Abonentə illik buraxılacaq təxmini elektrik enerjisinin miqdarı 200.000 kvt/saat, dəyəri 18.000 manat nəzərdə tutulmuşdur. İş materiallarında olan SD-094 №-li, 08.07.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən 39.690 manat məbləğində borcun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" ASC-nin nümayəndəsi N.Əhmədov tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MTK-da 2015- 2020-ci illər üzrə aylıq və orta aylıq elektrik enerjisi sərfiyyatı barədə məlumatdan görünür ki, MTK-da orta aylıq elektrik enerjisi sərfiyyatı 2015-ci ildə 946,65 manat, 2016-cı ildə 621,76 manat, 2017-ci ildə 671,52 manat, 2018-ci ildə 809,94 manat, 2019-cu ildə 1016,25 manat, 2020-ci ildə 1077,52 manat məbləğində olmuşdur. İş materiallarında olan abunə haqqında çıxarışdan görünür ki, 13 oktyabr 2020-ci il tarixə "xxxx" MTK-nın elektrik enerjisindən istifadəyə görə ”Azərişıq” ASC-yə 40.424,22 manat məbləğində qalıq borcu vardır. Aktların surətindən görünür ki, "xxxx" MTK-ya məxsus yaşayış binalarında bir neçə sakinlərin mənzillərində quraşdırılmış elektrik sayğaclarının işləməməsinə görə aktlar tərtib edilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 05 may 2021-ci il tarixli, 10/436 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MTK-ya məxsus yaşayış binalarının liftlərin, zirzəmilərinin və birinci mərtəbələrinin işıqlanmanın, su nasosxananın, ofisin gündəlik elektrik sərfiyyatları ümumilikdə - 96 kvt (kW), “AL” marketin bir günlük (sutkalıq) istifadə olunmuş elektrik enerjisinin sərfiyyatı 140 kvt (kw) və “Zaza” şirniyyat mağazasının bir günlük (sutkalıq) istifadə olunmuş elektrik enerjisinin sərfiyyatı 64,8 kvt (kw) təşkil edir. Yuxarıda göstərilmiş elektrik enerji qəbuledicilərinin ümumilikdə günlük (sutkalıq) elektrik enerji sərfiyyatı 300.8 kvt (kw) (96 + 140 + 64,8 = 300,8) təşkil edir. Belə olan halda, "xxxx" MTK-ya məxsus yaşayış binalarının liftlərin, zirzəmilərinin və birinci mərtəbələrinin işıqlanmanın, su nasosxananın, ofisin və qeyri-yaşayış sahlərinə aid olan “AL” marketin və “Zaza” şirniyyat mağazasının nəzarət sayğaclarının göstəricilərinə əsasən bir aylıq ümumi elektrik enerji sərfiyyatı 9024 kvt (kw) (300,8 x 30 = 9024) təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.2, 427.3, 442, 448.1, 448.2 və 373.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerjitəchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni əsaslandıraraq qətnamədə göstərmişdir ki, iddiaçı "xxxx" ASC cavabdeh "xxxx" MTK-ya qarşı elektrik enerjisindən istifadə etməsi ilə bağlı cavabdehdən 39.690 manat borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmiş, cavabdeh isə iddanı qəbul etməyərək, bildirmişdir ki, MTK-nın balansında yalnız lift, su nasosu, girişin işıqlandırılması olub. Lakin iddiaçı tərəfindən binalarda kommersiya xətlərində elektrik sayğaclarının quraşdırılmaması nəticəsində "xxxx" MTK-dan sakinlərin elektrik enerjisi sərfiyyatına görə də pul alınır. Onların iddiaçıya borcları yoxdur. Məhkəmə araşdırması zamanı müəyən olunub ki, bununla bağlı "xxxx" MTK tərəfindən 2014-cü ildə məhkəməyə müraciət olunub. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 01 dekabr 2014-cü il tarixli qərarı ilə "xxxx" MTK-nın iddiası təmin olunaraq MTK-ya məxsus binaların kommersiya xətlərində elektrik sayğaclarının quraşdırılması vəzifəsi Sumqayıt Regional Elektrik Şəbəkəsi ASC-yə həvalə edilib. Sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilib və binaların kommersiya xətlərində elektrik sayğaclarının dəyərinin və quraşdırılma xərcinin "xxxx" MTK tərəfindən ödənilməsi şərti ilə həmin sayğacların quraşdırılması ”Azərişıq” ASC-yə həvalə olunub. Həmin vaxt sayğacların və onların quraşdırılma xərcinin "xxxx" MTK tərəfindən ödənilməsinə razılıq verilsə də, "xxxx" ASC üzərinə qoyulan öhdəliyi yerinə yetirməyib. "xxxx" ASC tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi hazırkı mübahisənin yaranmasına gətirib çıxarıb. Mübahisənin həlli ilə bağlı "xxxx" MTK-nın faktiki istifadə etdiyi elektrik enerjisinin həcmini müəyyən etmək üçün iş üzrə ekspertiza keçirilmiş, ekspertizanın rəyinə görə "xxxx" MTK-ya məxsus yaşayış binalarının zirzəmilərinin, birinci mərtəbələrinin işıqlandırılmasının və liftlərin, eləcə də nasosxanaların və ofisin gündəlik enerji sərfiyyatının ümumilikdə 96 kvt, aylıq isə 2928 kvt, "xxxx" MTK-ya məxsus yaşayış binalarının zirzəmilərinin, birinci mərtəbələrinin işıqlandırılmasının və liftlərin, eləcə də nasosxanaların və ofisin və qeyri-yaşayış sahələrinə aid olan “AL” marketin və “Zaza” şirniyyat mağazasının nəzarət sayğaclarının göstəricilərinə əsasən bir aylıq ümumi elektrik enerjisi sərfiyyatının 9024 kvt olduğu müəyyən edilmişdir. Həmçinin, müəyyən olunmuşdur ki, “Zaza” şirniyyat mağazası 2021-ci ildə cəmi 5 ay, “AL” market isə 2019-cu ilin fevral ayından fəaliyyət göstərib. Tərəflərin verdiyi məlumata əsasən o da müəyyən olunub ki, 2015-ci ildən 1 kvt elektrik enerjisinin dəyəri 06 qəpik, 2016-cı ilin ilk 7 ayında 06 qəpik, 5 ayında isə 07 qəpik, sonra isə 09 qəpik olub. Bu xüsusatlar nəzərə alınmaqla və ekspert rəyi əsas götürülməklə aparılmış hesablamalar nəticəsində müəyyən edilib ki, "xxxx" MTK tərəfindən faktiki olaraq, 2015-ci ilin ikinci yarısından, yəni "xxxx" ASC yaranandan 2020-ci ilin ikinci yarısınadək, yəni hazırkı iddia ərizəsi məhkəməyə təqdim olunana qədər "xxxx" MTK-nın faktiki elektrik enerjisi sərfiyyatı pulla ifadə olunduqda 21.275 manat təşkil edib. İddiaçının nümayəndəsi N.Əhmədov məhkəmədə bildirmişdir ki, həmin müddət ərzində elektrik enerjisindən istifadəyə görə "xxxx" MTK tərəfindən, o cümlədən icarəyə verilmiş sahələrdə fəaliyyət göstərən obyektlər üzrə ödənişlər də nəzərə alınmaqla, 20.475 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən faktiki istifadə edilmiş elektrik enerjisinə görə hesablanmalı olan 21.275 manat məbləğdən faktiki olaraq ödənilmiş məbləğ 20.475 manat çıxıldıqda 800 manat qalır. Məhkəmənin gəldiyi qənaətə görə hazırkı iddia tələbi üzrə cavabdehin iddiaçıya olan borcu 800 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 sentyabr 2015-ci il tarixli, 2-1(105)-88/2015 nömrəli qərarından görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində iddiaçı tərəfindən inşa edilmiş 59A, 57B və 55B saylı binaların kommersiya xətlərində elektrik sayğaclarının dəyərinin və quraşdırılması xərclərinin "xxxx" MTK tərəfindən ödənilməsi şərti ilə həmin sayğacların quraşdırılması vəzifəsi "xxxx" ASC-nin üzərinə qoyulmuşdur. Lakin, məhkəmə qərarı icra edilməmiş, 59A, 57B və 55B saylı binaların kommersiya xətlərində elektrik sayğacları "xxxx" ASC tərəfindən quraşdırılmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, həmin qeyri-yaşayış sahələrinin sərf etdiyi elektrik enerjisinin dəyərinin cavabdehdən tələb edilməsi əsaslı hesab edilə bilməz. İddiaçı "xxxx" ASC tərəfindən yalnız "xxxx" MTK-ya sayğac quraşdırılmışdır. Məhkəmə mühəndis-texniki ekspertizasının 05 may 2021-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MTK-ya məxsus yaşayış binalarının, liftlərin, zirzəmilərinin və birinci mərtəbələrinin işıqlanmasının, su nasosxanasının, ofisin gündəlik elektrik sərfiyyatları ümumilikdə - 96 kvt təşkil edir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı isə 2015-ci ildən iddia qaldırılanadək elektrik enerjisinin dəyəri nəzərə alınmaqla və ekspert rəyi əsas götürülməklə aparılmış hesablama nəticəsində müəyyən edilmişdir ki, 2015-ci ilin ikinci yarısından hazırkı iddia ərizəsi məhkəməyə təqdim olunana qədər "xxxx" MTK-nın faktiki elektrik enerjisi sərfiyyatı 21.275 manat təşkil edib. Elektrik enerjisindən istifadəyə görə "xxxx" MTK tərəfindən, o cümlədən icarəyə verilmiş sahələrdə fəaliyyət göstərən obyektlər üzrə ödənişlər də nəzərə alınmaqla 20.475 manat ödəniş edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MTK-dan 800 manat (21275-20475=800) borcun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasından baxıldıqda dəyişdirilmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-25/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar