Məhkəmə qərarları › İş №2-2(105)-127/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-127/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-127/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə2, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1299/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən hesablanmış 2700 (iki min yeddi yüz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Qusar şəhərinin T.İsmayılov küçəsində yerləşən mağazada qaz sayğacına cavabdeh tərəfindən baxış keçirilmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş həmin akta əsasən 30 aprel 2023-cü il tarixli tələbnamə tərtib olunaraq 10800 m³ həcmində, yəni 2700 manat məbləğində ziyan hesablanmışdır. Mağaza binasına aid abonentin saldosundan görünür ki, qaz sayğacı quraşdırıldığı vaxtdan indiyədək qaz sərfiyyatında ciddi fərqlər olmamış, hətta yeni qaz sayğacı quraşdırıldıqdan sonra mağaza binasında may ayı ərzində 37 manat qaz sərfiyyatı olmuşdur. 2022-ci ilin yaz-yay ayları ilə 2023-cü ilin yaz-yay aylarını müqayisə edildikdə də köhnə sayğacın sərfiyyatı ilə yeni sayğacın sərfiyyatı arasında fərq müəyyən edilmir. Həmçinin iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi hər hansı şəkildə sübuta yetirilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 1299/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı məxsus Qusar şəhərinin T.İsmayılov küçəsində yerləşən mağaza binasının **********00200 nömrəli abonent koduna hesablanmış 2700 (iki min yeddi yüz) manat məbləğində borcun silinməsi qət edilmişdir (hakim Fərman Həmidli). Sumqayıt Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 1299/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1299/2024 nömrəli qətnaməsinin ləğv edilib, iddiaçı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə monitorinq, müşahidə, təftiş, nəzarət, xrometraj, reyd, baxış və digər bu cür tədbirlərin) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.Məhkəmənin istinad etdiyi bu qanun norması qətnamənin hüquqi əsası kimi qeyd edilmişdir. Məhkəmə cavabdehin yoxlama haqqında məlumatın reyestrə daxil etməməsinə əsaslanaraq iddia tələbini təmin etmişdir.Halbuki, iddiaçının qaz sayğacı mağazanın ərazisindən kənarda yerləşdiyinə görə Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb onu başqa sayğac ilə əvəz edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə, yəni zavodun ərazisinə getməmiş, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlama aparmamışlar. Mübahisə edilən məbləğ sayğacın çıxarılması,quraşdırılması və istismara qəbulu haqqında akta əsasən hesablanmamışdır. Sayğacın texniki şərtlərə cavab verməməsi isə laboratoriyada müəyyən edilmişdir. Bu rəyə əsasən iddiaçı üçün uçotu pozulmuş qaz sərfinin miqdarı onun hesabına işlənilmişdir ki, akt tərtib edilən zaman da yoxlamanın vahid reyestrə salınması barədə çıxarış alınmışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İşdə olan laboratoriya rəyi, tərtib edilmiş aktlar, iddiaçıya verilən cavab məktubu, iddia ərizəsinə etiraz qiymətləndirilməmişdir. Məhkəmə qanunsuz yoxlamaya əsaslanaraq iddianı təmin etmişdir. Halbuki, qanunsuz yoxlama o halda hesab edilir ki, yoxlayıcı sahibkarlıq fəaliyyətinin hayata keçirildiyi yerə getsin və sahibkarlıq fəaliyyəti subyektlərində yoxlama aparsın və bu yoxlama barədə məlumatı vahid reyestrə daxil etməsin. İşdə olan sübutlardan müəyyən olunur ki, Cavabdeh İB-nin işçiləri sayğacı xətdən açıb əvəz edərkən zavodun ərazisinə getməmiş və heç bir yoxlama aparmamışlar. KY ********* saylı çıxarış sayğacın yoxlanılması barədə rəy daxil olduqdan sonra alınmışdır. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bildiririk ki, iş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qətnaməni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərinin pozulmasına əsasən qəbul etmişdir. Halbuki, sayğacın çıxarılması qanunsuz yoxlama kimi qiymətləndirilə bilməz. Çünki, sayğac obyektdən kənar yerdə quraşdırılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli AMX-4508/22 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 1-ci hissəsinə əsasən, paylayıcı - Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını - İddiaçı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.1 və 2.1.8-ci yarımbəndlərinə əsasən, istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək və verilən qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək paylayıcının vəzifələrinə aiddir. Həmin Müqavilənin 3.5-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, iddiaçıya məxsus olan qeyri-yaşayış obyektində quraşdırılmış “Elster” tipli G-6T markalı 28258400 nömrəli sayğacı çıxarılmış, çıxarılmanın səbəbi “Növbəti D/yoxlanılması” kimi qeyd edilmişdir. Aktdan görünür ki, çıxarılmış sayğacın əvəzinə müvəqqəti olaraq həmin obyektdə “Elster” tipli G-6T markalı 28261947 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli 14-2-2/3-5-2700-70 nömrəli Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi və Cavabdeh İB-nin Metrologya Departamentinin baş mühəndisi tərəfindən təsdiq edilmiş qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktda qeyd edilmişdir ki, Cavabdeh İB-nin 14-2-2/3-5-2700 saylı 09 mart 2023-cü il tarixli məktubuna əsasən 09 mart 2023-cü il tarixində Xaçmaz RQİİ-dən dövlət yoxlamasına gətirilmiş G6 markalı mexanika tipli qaz sayğacına 06 aprel 2023-cü il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirildi və aşağıdakılar müəyyən edildi: sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib. Xətalar normaya uyğun deyil. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş, “Təsdiq edirəm” hissəsinin tarix qrafasında 28 aprel 2023-cü il tarixi qeyd olunmuş “İstehlakçı: “İddiaçı, “Ünvan: Qusar şəhəri, H.Əliyev prospekti”; “abonent kodu: **********00200”, “Fəaliyyət növü: mağaza” qeydləri yazılmış Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın “Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında göstərilmişdir ki, Azəriqaz İB-nin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-2700- 70 saylı aktına əsasən G-6 tipli 28258400 nömrəli sayğaca baxış keçirilmiş, çıxış plastmas boruya kənar müdaxilə nəticəsində deşilmişdir. Aktın “Tələb” qrafasında isə qeyd edilmişdir: Dəymiş ziyan hesablansın və dəyəri ödənilsin. Aktın məzmunundakı qeyddən görünür ki, iddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 30 aprel 2024-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin “Dəymiş ziyanın həcminin hesablanması” bölməsində qeyd edilmişdir ki, G6 markalı qaz sayğacının maksimal qaz sərfi 10 m³ /saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin: 10 x 12 x 90 = 10800 m³ İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş abonentin saldosu (abonent kodu: **********00200) ilə müəyyən edilir ki, istehlakçıya məxsus sahibkarlıq obyektinə 2023-cü ilin aprel ayı üzrə qalıq və aktlar üzrə iddia tələbində qeyd olunan birdəfəlik 2700 manat məbləğində borc hesablanmışdır. Həmçinin, həmin saldoda olan məlumatlarla müəyyən olunur ki, məlum sahibkarlıq obyekti təbii qazla təchiz edildiyi dövrlərdə quraşdırılmış sayğac vasitəsi ilə istifadə edilən qazın hesabatı aparılmış və istehlakçı tərəfindən aylar üzrə müəyyən məbləğlərdə ödənişlər edilmişdir. Yəni, qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər həyata keçirilmişdir Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus Qusar şəhərinin T.İsmayılov küçəsində yerləşən mağaza binasında (abonent kodu: **********00200) quraşdırılmış “Elster” tipli G-6T markalı 28258400 nömrəli qaz sayğacı 23 yanvar 2023-cü il tarixində cavabdehin nümayəndələri tərəfindən yerindən çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, həmin qaz sayğacına 06 aprel 2023-cü il tarixdə Cavabdeh İB-nin Metrologiya Departamentində baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi aşkar edilmişdir. Bununla əlaqədar “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və həmin aktda sayğaca dair yoxlamanın nəticəsi (çıxış plastmas borunun kənar müdaxilə nəticəsində deşilməsi) qeyd edilərək dəymiş ziyanın hesablanması və dəyərinin ödənilməsi qeyd edilmişdir. 30 aprel 2023-cü il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə ilə isə qaz sayğacının maksimal qaz sərfi, orta günlük iş rejimi və hesabat müddəti nəzərə alınmaqla itirilmiş qazın 10800 m³ həcmində olması hesablanmışdır.İddiaçıya məxsus qaz sayğacına 23 yanvar 2023-cü il tarixində cavabdehin nümayəndələri tərəfindən baxış keçirilərək onun yerindən çıxarılması və dövlət yoxlamasına göndərilməsi, həmin qaz sayğacına 06 aprel 2023-cü il tarixdə Cavabdeh İB-nin Metrologiya Departamentində baxış keçirilməsi, yəni yoxlama tədbirləri - "X3 Reyestri"ndə qeydə alınmadan aparılmışdır. Qeyd etmək lazımdır ki, yoxlamanın qanunvericiliyin müəyyən etdiyi qaydada aparılmasını və qeyd edilən tarixlərdə aparılmış yoxlama tədbirlərinin həmin Reyestrdə qeydə alınmış olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, məhz bu hərəkətlərin - 23 yanvar 2023-cü il tarixində iddiaçıya məxsus qaz sayğacına baxış keçirilərək onun yerindən çıxarılmasının və həmin sayğaca 06 aprel 2023-cü il tarixdə Cavabdeh İB-nin Metrologiya Departamentində baxış keçirilməsinin nəticəsi olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 aprel 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və onun əsasında 2700 manat məbləğində ziyan məbləği hesablanmışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən aparılmış yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə “X3 Reyestri”ndə qeydə alınmadan aparılmasına, bunun nəticəsində də qanunvericiliyin tələblərinə əsasən həmin yoxlamanın hüquqi nəticəsinin olmamasına, yoxlama nəticəsində müəyyən olunmuş faktlardan çıxış etməklə iddiaçının barəsində məsuliyyət tədbirlərinin tətbiq edilə bilməməsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək şikayətini iddiaçının qaz sayğacı mağazanın ərazisindən kənarda yerləşdiyinə görə Cavabdeh İB-nin işçilərinin sayğacı xətdən açıb onu başqa sayğac ilə əvəz edən zaman sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə, yəni zavodun ərazisinə getməməsi, sahibkarlıq fəaliyyəti subyektlərində heç bir yoxlamanın aparılmamasına, mübahisə edilən məbləğin sayğacın çıxarılması,quraşdırılması və istismara qəbulu haqqında akta əsasən hesablanmamasına, sayğacın texniki şərtlərə cavab verməməsinin isə laboratoriyada müəyyən edilməsi və bu rəyə əsasən iddiaçı üçün uçotu pozulmuş qaz sərfinin miqdarının onun hesabına işlənilməsinə və akt tərtib edilən zaman da yoxlamanın vahid reyestrə salınması barədə çıxarış alınması ilə əsaslandırmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1-ci və 3.2-ci maddələrində isə təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən X3 reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinin tələblərinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən X3 reyestri aparılır (maddə 13.1), sahibkarlıq sahəsində aparılan X3 reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (maddə 13.2), yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (maddə 13.3) və yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan X3 reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər (maddə 13.4). Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın X3 reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli Fərmanının tələblərinə görə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama “X3 reyestrində” qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan X3 reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. Hazırkı işin hallarından görünür ki, Cavabdeh İB tərəfindən fərdi sahibkar kimi fəaliyyət göstərən iddiaçıya məxsus obyektdə qaz sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan X3 reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan X3 reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz.Apellyasiya şikayətinin dəlillərində yoxlamanın reyestrə daxil edildiyi qeyd edilsə də, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən aydın olur ki, aparılan yoxlamalar vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra keçirilə bilər.Hazırki halda isə apellyasiya şikayətinin dəlili kimi vahid məlumat reyestrində qeydiyyatın aparılan yoxlamalardan sonra keçirildiyi müəyyyən edilir. Bundan başqa, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi müəyyən edilməmiş, həmçinin, qaz sayğacı laboratoriyada yoxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan işin faktiki halları və istinad olunan maddi hüquq normaları ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 1299/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar