Məhkəmə qərarları › İş №2-2(105)-128/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-128/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-128/2024 26.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2-2(119)-997/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ:

1. “Paylayıcı” Cavabdeh ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “istehlakçı” İddiaçı arasında bağlanmış 12 dekabr 2023-cü il tarixli AMX- 5477/23 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” müqaviləsinə əsasən cavabdeh İddiaçı məxsus Quba rayonu, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi təbii qazla təchiz edilmiş və müvafiq qaydada G 6 tipli qaz sayğacı quraşdırılmışdır.

2. 04 mart 2024-cü il tarixli, KY242088060 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”dan görünür ki, Cavabdeh tərəfindən İddiaçı məxsus sahibkarlıq obyektində aparılan yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmış, yoxlamanın predmeti müqavilənin şərtlərinə əməl olunması və yoxlamanın müddəti xx.xx.2024-xx.xx.2024-cü il göstərilmişdir.

3. 04 mart 2024-cü il tarixdə Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus sahibkarlıq obyektinə baxış keçirilmiş, qaz sayğacına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazların qoşulduğu və G 6 tipli sayğacın saatlıq sərfiyyatının aşdığı müəyyən olunaraq olunaraq ******* nömrəli “Təbii X4nın pozulması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən iddiaçıya 2079 (iki min yetmiş doqquz) manat borc hesablanmışdır. Həmin akt iddiaçı tərəfindən imzalanmışdır.

4. İş materiallarında olan 04 mart 2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnamədən görünür ki, “X4”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3 /saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 17,7 m3 /saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat (17.7-10=7.7x12x90=8316m3) aparılmış və həmin hesabatda itirilmiş qazın miqdarı 8316 m3 həcmində müəyyən edilmişdir. Tələbnamədə həmçinin sayğacın maksimal sərfiyyatından artıq olan və özbaşına quraşdırılmış qaz qurğularının ləğv edilməli olması da göstərulmişdir.

5. Abonent saldosundan görünür ki, 2024-cü ilin fevral ayında akt əsasında İddiaçı məxsus **********00000 nömrəli abonent koduna 2079 (iki min yetmiş doqquz) manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 04 mart 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2079 (iki min yetmiş doqquz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatla bağladığı müqaviləyə əsasən Quba rayonu, H.Əliyev prospekti 33 ünvanında yerləşən “Gülüstan” adlı ictimai-iaşə obyektində təbii qazdan istifadə edərək istifadə etdiyi qazın dəyərini vaxtlıvaxtında ödəmişdir. 04 mart 2024-cü il tarixdə cavabdeh təşkilatın Xaçmaz X6 İdarəsinin Quba Xidmət Sahəsinin əməkdaşları iddiaçıya məxsus obyektə gələrək G6-zenner tipli sayğaca baxış keçirərkən sayğacın saatlıq sərfiyyatının aşdığını qeyd edərək, itirilmiş təbii qazın hesablanması və dəyərinin ödənilməsi və təbii X4nın pozulması haqqında № ******* akt tərtib etmişdir. Həmin akta əsasən iddiaçıya məxsus obyektin abonent hesabına 2079 (iki min yetmiş doqquz) manat məbləğində borc hesablanmışdır. İddiaçıya məxsus obyektdə heç vaxt qanunsuz istifadə halı olmamış, istehlak etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş, ona görə yazılmış borc əsassız və qanunsuz olduğu üçün iddiaçı həmin aktla razılaşmır. Cavabdeh əməkaşları tərəfindən iddiaçının istifadə etdiyi qaz sayğacının göstəricisi şübhə altına alınsa da, heç bir sübut olmadan iddiaçıya əsassız olaraq borc hesablamaqla onun hüquqlarını kobudcasına pozmuşdur. İddiaçı sahibkardır və sahibkar kimi ona məxsus obyekt Cavabdeh əməkdaşları tərəfindən yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 5 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əməl edilməmişdir. 23 aprel 2024-cü il tarixində iddiaçının cavabdeh təşkilata göndərdiyi məktubda əsassız tərtib edilmiş akt əsasında borcun onun abonent hesabından silinməsi barədə müraciət olunsa da, hələ cavabdeh təşkilatdan heç bir cavab məktubu gəlməmişdir.

8. Cavabdeh iddiaya etiraz təqdim edilərək bildirilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, “Azəriqaz" X3 X6 İdarəsinin Quba Xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan “Gülüstan” ictimai-iaşə obyektinin sahibi İddiaçı Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsini işlədir. Həmin obyektdə əhaliyə ictimai-iaşə xidməti göstərmək üçün müqavilə əsasında təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə İddiaçı üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə “Azəriqaz" istehsalat Birliyinin işçiləri tərəfindən həmin obyektdə təbii qazın uçotu və TQİQ-ya riayət olunmasına baxış keçirilən zaman iddiaçının istifadəsində olan restoranda quraşdırılmış Zenner tipli G-6 markalı, **********7 №-li qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, həmin obyektdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 17,7 m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacı hər saatda sayğacdan keçən 7,7 m3 qaz sərfini qeydə almamışdır. Bu barədə xx.xx.2024-cü il tarixli ******* nömrəli “Təbii X4nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında 8316 m3 və ya 2079 manat hesablanmışdır. “X4”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 1.3-cü bəndinə uyğun bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən qazpaylayıcı istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilənin 2.3.3-cü bəndinə əsasən istehlakçı qaz qurğularına dair layihə və istismar sənədlərinin tələblərinə əməl etməlidir. İddiaçı “Gülüstan” restoranının qaz xəttinin üstündə quraşdırılmış qaz sayğacına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazları qoşaraq istrismar etməklə X4nı təqsirli hərəkətləri ilə qəsdən pozmuşdur. Belə ki, layihə sənədlərində və müqavilədə 1 ədəd qaz piltəsi PQ-4,1 ədəd kombi 1/1, bir ədəd düz axımlı su qızdırıcı nəzərdə tutulduğu halda, faktiki olaraq həmin restoranda layihədən əlavə saatda 7,7 m3 artıq qaz sərf edən digər qaz işlədici cihazlar quraşdırılmışdır. Həmin Qərarın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı iddiasının əsasını ona məxsus obyekt yoxlanılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 5 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə Cavabdeh Xaçmaz RQİİ-nin və Quba xidmət sahəsinin işçiləri tərəfindən əməl edilməməsi təşkil edir. Lakin onun bu dəlilləri tamamilə əsassızdır. Belə ki, həmin yoxlama xx.xx.2024- cü il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə salınıb və KY242088060 saylı çıxarış alınmışdır. Bu barədə abonentin tam məlumatı vardır. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir.

9. 31 iyul 2024-cü il tarixdə iddiaçı məhkəməyə ərizə verərək Cavabdeh tərəfindən ona “Təbii X4nın pozulması haqqında” 04 mart 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2079 (iki min yetmiş doqquz) manat məbləğində borcun silinməsi və ona dəymiş maddi və mənəvi ziyan olaraq 2000 (iki min) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, 01 avqust 2024-cü il tarixdə məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə verərək məhkəmədən Cavabdeh tərəfindən ona “Təbii X4nın pozulması haqqında” 04 mart 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2079 (iki min yetmiş doqquz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Sumqayıt Kommersiya Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2-2(119)- 997/2024 nömrəli qətnaməsi ilə iddiann təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00000) “Təbii X4nın pozulması haqqında” 04 mart 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2079 (iki min yetmiş doqquz) manat məbləğində borcun silinməsi qət edilmişdir.

11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2-2(119)-997/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh Xaçmaz RQİİ-nin Quba xidmət sahəsinin işçiləri iddiaçıya məxsus obyektə 04 mart 2024cü il tarixli ******* nömrəli akt tərtib etmişlər. Akta əsasən G-6 tipli **********7 nömrəli sayğac üzərində olan qaz avadanlıqları sayğacın maksimal sərf ölçmə qabiliyyətinə uyğun deyil 7,7 m sərfiyyatı aşır. İddiaçı hesab edir ki, barəsində tərtib olunmuş akt düzgün deyil, heç bir təqsiri yoxdur, əsassız hesablanmış 2079 manat borc onun hesabından silinməlidir. Bu iş üzrə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, qeyrı-əhali abonentidir. Onunla “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” imzalanmışdır(3 №-li əlavə). AR NK-nin 80 saylı Qərarı ilə təsdiq edilmiş “X4”na görə bu qəbildən olan abonentlər sayğacın işlək vəziyyətdə saxlanmasına özləri məsuliyyət daşıyırlar. Qətnamədə iddianın təmin edilməsi iddia ərizəsində qeyd edilmiş əsaslara görə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərinin pozulması ilə deyil, hakimin subyektiv mühakiməsinə uyğun olaraq sayğacın maksimal qaz sərfiyyatının qeydə alındığı sutka ərzindəki sərfiyyatın abonent saldosundakı sərfiyyatı aşmaması, iddiaçının istifadə etdiyi layihədən kənar qaz işlədici cihazların müəyyən edildiyi vaxt bu halların aradan qaldırılması üçün tədbir görülməməsi ilə əsaslandırılmışdır. İddianın təmin edilməsinin birinci əsası onunla təkzib edilir ki, restoranda qaz işlədici cihazlar sutka ərzində 24 saat işləmir. Cavabdehın işçiləri dəymiş ziyanı hesablayarkən qaz işlədici cihazların 12 saat ərzində sayğacın texniki pasportunda nəzərdə tutulmuş maksimal səfiyyatı qeydə alma səviyyəsini aşan hissənin sərfiyyatını hesablamışlar. Qətnamədə iddianın təmin edilməsi üçün ikinci əsas neqativ halların aşkar edildiyi vaxt bu halların aradan qaldırılması üçün hər hansı tədbirin görülməməsidir. Lakin dəymiş ziyanın bərpasına dair tələbnamədə “İcra olunacaq tədbirlər” qrafasında Sayğacın maksimal saatlıq sərfiyyatından artıq olan və özbaşına quraşdırılmış qaz qurğuları ləğv edilsin qeyd edilmişdir. Abonent İddiaçı obyektivində aşkar edilmiş qanunsuz hallarla bağlı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii X4nın pozulması haqqında” aktı İddiaçı heç bir irad bildirmədən öz əli ilə imzalamışdır. Əgər bu aktda mövcud vəziyyəti əks etdirməyən hər hansı hal var idisə abonent buna öz münasibətini bildirməli idi. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz şərtinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istıdikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. İstehlakçılara aşağıdakılar qadağandır: özbaşına qaz qurğularının quraşdırılması. İddiaçı qaz paylayıcısına müraciət etmədən obyektində xəttindəki sayğacın saatlıq qaz sərfini 7,7 m3 aşan qaz qurğuları quraşdırmışdır. Bununla da qazpaylayıcıya 8316 m3 və ya 2079 manat ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İddiaçı barəsində tərtib edilmiş, iddiaçının heç bir irad bildirmədən imzaladığı “təbii X4nın pozulması haqqında” akta düzgün hüquqi qiymət verilməmişdir. Faktiki iddiaçı həmin aktı imzalamaqla cavabdehə vurduğu ziyanı etiraf etmişdir. Bildirilmişdir ki, iş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. İddiaçı iddiasının əsası kimi barəsində tərtib edilmiş aktın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbayçan Respublikası Qanununun tələblərinin pozulmasına ilə yerinə yetirildiyini, yəni onun obyektində yoxlama aparılarkən Qanunun tələbinə uyğun olaraq yoxlamanın reyestrə salınmadığı ilə əsaslandırmışdır. Faktiki olaraq cavabdeh KY ********* saylı çıxarışı yoxlama günü restoranın sahibinə təqdim etmişdir. Lakin məhkəmə bu hala lazımı qiymət verməmişdir.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

15. 16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. ... 5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Maddə 6. ... 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X4”: Ümumi müddəalar 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Sənaye qaz qurğusu olan istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o, bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. ...”

5. Qazın dəyərinin ödəmə şərtləri ...5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. ...5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli, iddia rədd edilməlidir.

20. İddianı təmin edən birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat akt tərtib edərkən haqlı olmamışdır. Belə ki, Cavabdeh tərəfindən tərtib olunmuş “dəymiş ziyanın bərpasına dair” tələbnamədə mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 17,7 m3/saat olduğu göstərilmişdir. Məhkəmə qeyd etmişdir ki, həmin qaz sayğacının saatlıq maksimal ölçmə həddinin 10 m3/saat olduğu nəzərə alınsa, iddiaçıya məxsus sahibkarlıq obyektində təbii qazdan istifadə üzrə aylıq sərfiyyat 7200 m3dən az olmamalı idi (10 m3 x 24 saat x 30 gün =7200 m3). Lakin məhkəməyə təqdim edilmiş abonent saldosuna nəzər saldıqda görünür ki, tərəflər arasında 12 dekabr 2023-cü il tarixli AMX5477/23 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi bağlandıqdan sonra İddiaçı məxsus sahibkarlıq obyektində təbii qazdan istifadə üzrə sərfiyyat 2023-cü ilin dekabr ayında 3501 m3, 2024-cü ilin yanvar ayında 3822 m3, 2024-cü ilin fevral ayında 3097 m3, 2024-cü ilin mart ayında 2476 m3 təşkil etmişdir. Göründüyü kimi, təbii qazdan istifadə üzrə aylıq sərfiyyat 7200 m3-dən dəfələrlə aşağı olmuşdur. Cavabdeh ona vurulmuş maddi zərərin (qaz itkisi) əvəzi olaraq iddiaçıya borc hesablasa da, lakin məhkəməyə məhz maddi zərərin vurulmasına dair heç bir sübut təqdim etməmişdir. Bundan başqa qətnamədə qeyd edilmişdir ki, İddiaçı tərəfindən artıq qaz işlədici cihazların şəbəkəyə qoşulması Cavabdeh maddi zərərə uğramasına səbəb olsa idi, bu hal aşkar edildiyi gün cavabdeh tərəfindən müvafiq tədbirlər (qazın verilməsinin dayandırılması, qaz sayğacının işlədicilərə uyğun sayğacla əvəz edilməsi tələbi və s.) həyata keçirilərdi. Əksinə abonent saldosundan görünür ki, İddiaçı 04 mart 2024-cü il tarixdən sonra da G6 tipli qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etməyi davam etmişdir. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, müayinə zamanı aşkar edilmiş nöqsan və pozuntularla bağlı (qanunsuz qoşulma və sayğaca müdaxilə halları istisna olmaqla) qanun yalnız texniki xidmətin həyata keçirilərək nöqsan və pozuntuların aradan qaldırılmasını nəzərdə tutmuşdur.

21. Cavabdehin apellyasiya şikayətinin dəlilləri məhkəmə tərəfindən iş materiallarının səthi araşdırılaraq, işdə olan sübutlara səhv hüquqi qiymət verilməsindən, iddiaçı barəsində tərtib edilmiş iddiaçının heç bir irad bildirmədən imzaladığı “təbii X4nın pozulması haqqında” akta düzgün hüquqi qiymət verilməməsindən ibarətdir.

22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən normativ hüquqi aktların tələblərinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. “X4”nın 2.11- 1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

23. İş materialları ilə müəyyən olunur ki, 04 mart 2024-cü il tarixdə Cavabdeh əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə iddiaçıya məxsus sahibkarlıq obyektinə baxış keçirilmiş, qaz sayğacına layihə sənədlərində nəzərdə tutulan qaz işlədici cihazlardan artıq qaz işlədici cihazların qoşulduğu və G6 tipli sayğacın saatlıq sərfiyyatının aşdığı qeyd olunaraq 04 mart 2024-cü il tarixli ******* nömrəli “Təbii X4nın pozulması haqqında” akt tərtib edilmiş və həmin akta əsasən iddiaçıya 2079 (iki min yetmiş doqquz) manat borc hesablanmış, iddiaçı həmin aktı imzalamışdır.

24. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin və “X4”nın tələblərini pozaraq qaz paylayıcısına müraciət etmədən obyektində xəttindəki sayğacın saatlıq qaz sərfini 7,7m3 aşan qaz qurğuları quraşdırmışdır. Halbuki, istehlakçı qazın alqı-satqı müqaviləsində göstərilən həcmi artırmaq və ya azaltmaq istədikdə o bu barədə qaz paylayıcısına yazılı müraciət etməlidir.

25. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında verilmiş suallara cavab olaraq iddiaçı 2023-cü ilin sonları, təxminən dekabr ayında obyektə əlavə olaraq 1ədəd qaz plitəsi pq-6 (altı gözlü), 1 ədəd su qızdırıcısı və 1 ədəd 50-lik kombi istilik sistemini quraşdırdığını, həmin əlavə avadanlıqları quraşdırmamışdan öncə Azəriqaz İByə müraciət etdiyini, kombini hava soyuq olanda işlətdiyini, restroranın səhər saat 9-dan axşam saat 10-12-ə qədər işlədiyini, müştərilər çox olanda restoranın uzun müddət açıq olduğunu, əlavə avadanlıq quraşdırmaqla təbii qazdan artıq istifadə etdiyini, düzdür yanlışlığa yol verdiyini, amma bir sahibkar olaraq ona güzəşt edilmədiyini bildirmişdir.

26. İddiaçı əlavə quraşdırılmış qaz avadanlıqları ilə bağlı onların quraşdırılmasından sonra qaz paylayıcıya müraciət etdiyini bildirdiyindən məhkəmə iclası təxirə salınaraq həmin müraciətin məhkəmə kollegiyasına təqdim edilməsinə şərait yaradılsa da, iddiaçı bu barədə hər-hansı bir sübut təqdim etməmişdir.

27. Beləliklə işin yuxarıda qeyd edilən halları ilə müəyyən olunur ki, iddiaçı qaz paylayıcı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək obyektə quraşdırılmış qaz sayğacının maksimal sərf ölçmə qabiliyyətinə uyğun olmayan əlavə qaz avadınlıqları quraşdırmışdır. Belə olan halda cavabdeh tərəfindən iddiaçıya akt əsasında 2079 (iki min yetmiş doqquz) manat borc hesablanması yuxarıda istinad olunan “X4”nın tələblərinə uyğun olmuşdur. Eyni zamanda borcun hesablanması zamanı birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən gündəlik 24 saatlıq sərfiyyat müddət deyil, 12 saatlıq müddət nəzərə alınmışdır. Halbuki, iddiaçı özü izahatında bəzən restoranın həmin müddətdən də artıq işlədiyini bildirmişdir.

28. Beləliklə də iddiaçının təqsiri nəticəsində cavabdehə ziyan dəymiş və hazırda iddiaçının mübahisələndirdiyi akt əsasında hesablanmış məbləğ cavabdeh tərəfindən hesablanmış sərfiyyatın miqdarıdır.

29. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2-2(119)-997/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir.

30. Şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 26 avqust 2024-cü il tarixli, e-2-2(119)- 997/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar