Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-13/2022 22.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Tağızadə Gülnarə Fikrət qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh "xxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-510/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi "xxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 05.08.2019–cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 199.823,45 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 200.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" ASC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədilə cavabdehə VM-nin 65-ci maddəsinə əsasən bildiriş göndərilmiş, lakin cavabdeh yaranmış borc məbləğini büdcəyə ödəməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 05.08.2019 tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 05.08.2019 tarixə yaranan 304.832,18 manat borcuna görə 200.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 17.09.2019-cu il tarixli **********5 №-li protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 20.09.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 05.08.2019-cu il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 199.823,45 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia ərizəsində göstərilən 199.823,45 manat məbləğində öhdəliyin məcburi dövlət sosial sığorta borcu olduğunu bildirmişdir. Sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 49.657,53 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi üçün cavabdehin 200.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, əmlakın siyahıya alınması zamanı vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş ardıcıllıq pozulmuşdur. Belə ki, müəssisənin istehsal alətləri yalnız başqa əmlak olmadıqda və yalnız inventarizasiya aparılmaqla siyahıya alına bilərdi. Lakin daşınmaz əmlakın olmasına baxmayaraq və inventarizasiya aparılmadan onun istehsal alətlərinə tələb yönəldilmişdir. Həmçinin, əmlak cavabdehin icazəsi və iştirakı olmadan siyahıya alınmışdır. Bu səbəbdən, tərtib olunmuş protokol və aktlarda müəssisənin səlahiyyətli nümayəndələrinin imzası mövcud olmamışdır. İddiaçı həmçinin siyahıya alınmış əmlaka vergi borclarının da yönəldilməsi barədə ayrıca iddia qaldırmışdır. Cavabdeh hesab etmişdir ki, iddiaçı vergi orqanının vergi ödəyicisinin sosial sığorta borcunun məcburi tutulması üçün onun əmlakını siyahıya almaq, bu əmlakın açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-510/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh "xxxx" ASC-nin 49.657,53 manat məbləğində sosial sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi üçün “vergi ödəyicisinin əmlakının siyahıya alınması” haqqında 05.08.2020-ci il tarixli protokola əlavədə göstərilmiş 200.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir (hakim Xəqani Tağıyev.) Qətnamədən cavabdeh "xxxx" ASC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 3 mart 2021-ci il tarixli, 2-2(105)-23/2021 saylı qətnaməsi ilə (sədrlik edən Fuad Məmmədov, hakimlər Zaur Məmmədov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-2(102)-259/ 2021 saylı, 12 oktyabr 2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 mart tarixli 2-2(105)-23/2021 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim X3, hakimlər X2 və X1). Apellyasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, vergi orqanının məcburi sosial sığorta borcuna görə vergi ödəyicisinin əmlakını siyahıya almaq və bu əmlakın hərracdan satılması haqqında iddia qaldırmaq hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi ilk iddia ərizəsində cavabdehin 199.823.,45 manat məbləğində ödənilməmiş vergi borcuna görə 200.000 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracda satılması xahiş edilmişdir. Lakin iddiaçı 21.08.2020-ci tarixli ərizəsi ilə iddiasına dəqiqləşdirmə apararaq həmin öhdəliyin məcburi sosial sığorta borcu olduğunu iddia etmişdir. Halbuki, Azərbaycan Respublikasının heç bir qanununda, o cümlədən Vergi Məcəlləsində iddiaçı vergi orqanına vergi ödəyicisinin sosial sığorta borcunun məcburi tutulması üçün onun əmlakını siyahıya almaq, bu əmlakın açıq hərracda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Bir inzibati orqan kimi isə, vergi orqanının qanunda nəzərdə tutulmayan hərəkətlər etməsi Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Məhkəmə iddiaçının bu hüquqlarını Vergi Məcəlləsinin 89-cu və 90-cı maddələri ilə əsaslandırmışdır. Lakin məhkəmə cavabdehin həmin maddələrin yalnız vergi borclarına münasibətdə tətbiq oluna biləcəyi, məcburi sosial sığorta ödəmələrinə münasibətdə isə sosial sığorta haqqında qanunun müddəalarının tətbiq edilməli olduğu barədə dəlilini qəbul etməməsini heç nə ilə əsaslandırmamışdır. İddia ərizələrindən və işə əlavə olunmuş protokollardan göründüyü kimi, cavabdehin əmlakı sosial sığorta borcunun məcburi alınması üçün deyil, vergi borcunun alınması üçün siyahıya alınmışdır. Vergi orqanının siyahıya alınmış bu əmlakı qeyri-vergi borclarının ödənilməsi üçün tələb etmək hüququ da qanunvericilikdə nəzərdə tutulmamışdır. Qətnamədə iddiaçının tələb etdiyi məcburi sosial sığorta borcunun tədiyyə növü, yarandığı müddət, hansı hissəsinin əsas, hansının penya və faiz olduğu açıqlanmamış, bu borcun hansı əsaslarla hesablandığı və yarandığı göstərilməmiş və sübutlarla əsaslandırılmamışdır. Halbuki, cavabdeh belə borcunun olduğunu inkar edir. İddia ərizəsinə əlavə olunmuş protokolda siyahıya alınmış əmlakın istehsalat sexindən ibarət olduğu göstərilib. Halbuki, cavabdehin belə növ əmlakı yoxdur. Bu əmlakı fərdiləşdirən əlamətlər də iddia ərizəsində göstərilmədiyi üçün, iddia predmetinin məhz hansı əşyadan ibarət olduğunu müəyyən etmək mümkün deyil. Belə çıxır ki, tələb cavabdehin bütün istehsal alətlərinə yönəldilə bilər. Cavabdehin əmlakı onun icazəsi və iştirakı olmadan siyahıya alınmışdır. Bu səbəbdən tərtib olunmuş protokol və aktlarda cavabdehin səlahiyyətli nümayəndələrinin imzası yoxdur. Siyahıya alınmış əmlakın dəyəri ilə borcun məbləği arasında uyğunlsuzluq var. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ilk iddia ərizəsində 199.823.,45 manat məbləğində borca görə 200.000 manat məbləğində əmlak siyahıya alınmışdır. Sonradan iddiaçı məhkəməyə təqdim etdiyi ərizədə dəqiqləşdirdi ki, borc məbləği əslində 49.657,53 manat təşkil edir. Lakin borcun məbləğinin 3 dəfə azaldılmasına baxmayaraq, siyahıya alınmış əmlakın tərkibi azaldılmamışdır. Məhkəmə buna əhəmiyyət verməmiş, borcla əmlak arasında adekvatlığı müəyyən etmək, cavabdehin mülkiyyət hüququnu qorumaq üçün heç bir hüquqi qərar qəbul etməmişdir. Cavabdehin iddiaçıya qarşı vergi borclarının uçotunun düzgün aparılmaması, ümidsiz borcları vaxtında silməməsi nəticəsində vurduğu maddi ziyanla bağlı inzibati icraat qaydasında iddiası vardır. Bu iddia tələbində həmçinin cavabdehin bank hesablarına əsassız sərəncamların qoyulması üzündən məcburi sosial sığorta haqlarının ödənilməsinin mümkün olmamağı, buna görə haqsız peniya və faiz hesablandığı, bu faizin vergi orqanının hesabına ödənilməli olduğu mübahisələndirilib. Əgər bu iddia təmin olunarsa, cavabdehin bank hesabları açıla, vergi borcu qalmaya və faizlər şilinə bilər. Bu da cavabdehə məcburi sosial sığorta borcunu könüllü ödəməyə imkan yaradar. Lakin hazırda, cavabdeh istəsə də bu borcu ödəyə bilməz. Çünki iddiaçı onun bank hesablarına daxil olan bütün vəsaitləri vergi borcu adı ilə məlum olmayan təyinatlara silir. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 cavabdehin hal-hazırda borcunun 3696,34 manat olduğunu bildirərək apellyasiya şikayətinə məhkəmə kollegiyyasının mülahizəsi əsasında qiymət verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-510/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh "xxxx" ASCnin 49.657,53 manat məbləğində sosial sığorta haqqı borcunun ödənilməsini təmin edilməsi üçün “vergi ödəyicisinin əmlakının siyahıya alınması” haqqında 05.08.2020-ci il tarixli protokola əlavədə göstərilmiş 200.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir (hakim Xəqani Tağıyev.) İş yenidən aapellyasiya qaydasında baxılarkən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək bildirmişdir ki, iş üzrə cavabdehin hal-hazırda 3696,34 manat borcu qalmışdır.Buna görə apellyasiya şikayətinə məhkəmə kollegiyasının mülahizəsi əsasında qiymət verilməsini xahiş etdi. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddia tələbində qeyd olunan 200.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi hazırda cavabdehin borclu olduğu 3696,34 manata münasibətdə mütənasib deyildir. Buna görə iddiaçının iddası Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci madəsinə əsasən təmin olunmamalıdır. Belə ki, həmin maddəyə əsasən Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-510/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunmasın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-13/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-13/2022
22.04.2022 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver