Məhkəmə qərarları › İş №2-2(106)-77/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-77/2024

07.05.2024 · Vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın açıq hərracda satılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-77/2024 07.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin (hakim Elşən Abdullayev) 16 yanvar 2024-cü il tarixli, 17/2-2002 saylı qərardadından Cavabdeh verdiyi şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: 3 saylı Yerli İqtisad Məhkəməsinin 05 fevral 2002-ci il tarixli, 17/2-2002 saylı qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Beyləqan rayon “Aqrokoop” Tədarük Sənaye Ticarəti Birliyinə məxsus 23.000 manat dəyərində siyahıya alınmış əmlakın vergi öhdəliyinin icrası üçün ixtisaslaşdırılmış açıq hərrac vasitəsi ilə satılması, əldə edilmiş vəsaitdən 21.342 manat pulun dövlət gəlirlərinə tutulması və cavabdehdən 100.000 manat dövlət rüsumunun dövlət gəlirlərinə tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, 3 saylı Yerli İqtisad Məhkəməsinin 05 fevral 2002-ci il tarixli, 17/2-2002 saylı qiyabi qətnaməsinin ləğv edilməsini və iddianın cavabdehə məxsus 23.000 manat dəyərində siyahıya alınmış əmlakın vergi öhdəliyinin icrası üçün ixtisaslaşdırılmış açıq hərrac vasitəsi ilə satılması hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 17/2-2002 saylı qərardadı ilə 3 saylı Yerli İqtisad Məhkəməsinin 05 fevral 2002-ci il tarixli, 17/2-2002 saylı qiyabi qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Hazırda cavabdeh X3 şikayətlə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 17/2-2002 saylı qərardadının ləğv edilməsi və Azərbaycan Respublikası 3 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 17/2- 2002 saylı qiyabi qətnaməsindən verdiyi şikayətin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 3 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2002-ci il tarixli, 17/2-2002 saylı qiyabi-qətnaməsi ilə iddiaçı Beyləqan rayonu üzrə Vergilər İdarəsinin, cavabdeh Beyləqan rayon "Aqrokoop” Tədarük Sənaye Ticarət Birliyinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə iddiası təmin edilərək ötürülmüş iddia müddəti bərpa edilmiş, cavabdehə məxsus 23000000 (iyirmi üç milyon) AZM dəyərində siyahıya alınmış əmlakın vergi öhdəliklərinin icrası üçün ixtisaslaşdırılmış açıq hərracda satılması, əldə edilmiş vəsaitdən 21342000 (iyirmi bir milyon üç yüz qırx iki min) AZM pulun dövlət gəlirlərinə tutulması, cavabdehdən əlavə olaraq 100000 (yüz min) AZM dövlət rüsumunun dövlət gəlirlərinə tutulması qət edilmişdir. Həmin qətnamədən verdiyi apelyasiya şikayəti Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qərardad MPM-nin 363.1.3-cü maddəsinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, 17/2-2002 saylı iş məhkəmənin və X4 arxivində aşkar edilməmişdir. Əgər Kommersiya işi arxivdə yoxdursa və ya qətnamənin ona daha əvvəl çatması, müddəti ötürməyi barədə sübut yoxdursa necə demək olar ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilib və geri qaytarılmalıdır. O apellyasiya şikayətində qətnamənin mövcudluğu ilə bağlı məlumatı hansı tarixdə və hansı qaydada əldə etməyini dəqiq göstərmişdir. Bu əsasla apellyasiya şikayətinin qaytarılması yol verilməzdir. Şikayətə baxılmış, Şirvan Kommersiya Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadı ilə cavabdeh X2 şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 17/2-2002 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və həmin qərardaddan cavabdeh X3 tərəfindən verilmiş şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən olunur ki, məhkəmə apellyasiya şikayətini işin məhkəmənin arxivində və dövlət arxivində müəyyən edilməməsi səbəbindən, müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Şirvan Kommersiya Məhkəməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, 17/2-2002 saylı iş məhkəmənin arxivində axtarılmış və araşdırma zamanı 17/2-2002 saylı iş məhkəmənin arxivində aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası X5 filialının 15 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, 17/2-2002 saylı iqtisadi iş X5 filialına təhvil verilməmişdir. İşin hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi işin aşkar edilməməsi səbəbindən apellyasiya şikayətini geri qaytarmış və müddətin ötürülməsi qənaətinə gəlmişdir. Cavabdeh tərəfin şikayətinin əsas dəlili ondan ibarətdir ki, əgər kommersiya işi arxivdə yoxdursa və ya qətnamənin ona daha əvvəl çatması, müddəti ötürməsi barədə sübut yoxdursa necə demək olar ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilib və geri qaytarılmalıdır. Axı o, apellyasiya şikayətində qətnamənin mövcudluğu ilə bağlı məlumatı hansı tarixdə və hansı qaydada əldə etməsini dəqiq göstərmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı deyil və buna görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, cavabdeh özü apellyasiya şikayətində qətnaməni 15 dekabr 2023-cü il tarixdə əldə etdiyini qeyd etmişdir. Lakin rəsmi qaydada qətnaməni əldə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. (Rəsmi qaydada məhkəməyə müraciət edərək qətnamənin surətini alması barədə hər hansı sənəd). Belə olan halda da, şikayəti əsaslı hesab etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 17/2-2002 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar