Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-131/2025 14.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili-nümayəndəsi Vəkil və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə , İddiaçı “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, e-2-2(119)-770/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. İş materiallarında olan “Elektrik enerjisindən istifadə qaydaları”na 2 nömrəli əlavə olan tərəflər arasında bağlanmış 25 yanvar 2022-ci il tarixli 111749 nömrəli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin 1-ci bəndinə əsasən, tərəflər elektrik enerjisinin alqı-satqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “Elektrik enerjisindən istifadə qaydaları”nı rəhbər tuturlar.
2. Həmin müqavilənin 2-ci bəndinə əsasən, abonentə illik buraxılacaq elektrik enerjisinin təxmini miqdarı 300000 kVts və dəyəri 25000 manat təşkil edir.
3. Həmin müqavilənin 3-cü bəndinə əsasən, istifadəsinə icazə verilmiş (qoşulmuş) transformatorların gücü 1000 kVA təşkil edir.
4. Həmin müqavilənin 16-cı bəndinə əsasən, abonent elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerjitəchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi abonentin müraciətinə 10 gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqısatqı müqaviləsində uyğun dəyişikliklər edilir.
5. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 01 mart 2024-cü il tarixli 74 nömrəli müraciətdə iddiaçı Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən "xxxx" MMC-yə məxsus ticarət mərkəzində əlavə tələb olunan 200kVt güc artımı ilə əlaqədar mövcud 891,84 kVt tələbat gücünün 10891,84 kVt-a qədər artırılması və obyektdə istismarda olan 1000/6 kvA tranformatorun 1600/6 kVa ilə əvəz olunması üçün yeni texniki şərtin verilməsini xahiş etmişdir.
6. İş materiallarında olan Sumqayıt şəhəri, 32-ci məhəllədə yerləşən "xxxx" MMC-yə məxsus ticarət mərkəzinin güc artımı ilə əlaqədar elektrik təchizatı haqqında texniki şərtin məzmunda “tələb olunan güc-891,84 kVt, mövcud-440 kVt/630 kVA, güc artımı-451,84 kVt, icazə verilən güc-891,84 kVt” olaraq qeyd edilmişdir.
7. İş materiallarında olan cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 17 may 2024-cü il tarixli arayışın məzmununda “X1 Şirkəti” MMC-yə məxsus Sumqayıt şəhəri, 32ci məhəllə ərazisində yerləşən ticarət mərkəzinin elektrik təchizatına "xxxx" ASC tərəfindən verilmiş 15 aprel 2024-cü il tarixli 13-13/2-5/04- 236/2024 nömrəli Texniki Şərtin tələbləri yerinə yetirildiyi üçün obyektin şəbəkəyə qoşulmasına etiraz etmirik” qeyd edilmişdir.
8. İş materiallarında olan yalnız "xxxx" ASC-nin sayğac quraşdırma və uçota nəzarət idarəsinin əməkdaşı (mühəndis) Şahid tərəfindən imzalanmış “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 19 may 2024-cü il tarixli 286817 nömrəli aktın məzmununda “texniki şərtin güc artımı və RMA xidmətinin əmsal protokolu əsasında 150/5A cərəyan tr-ru çıxarılaraq ləğv olundu, 200/5Acərəyan tr-ru quraşdırıldı. Sayğac yoxlanıldı və yuva qapısı, sayğac qutusu möhürləndi” qeyd edilmişdir.
9. İş materiallarında olan 13 yanvar 2025-ci il tarixli ********* nömrəli, 23 yanvar 2025-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqlərində borcun hesablanma əmsalının 1800; 17 fevral 2025-ci il tarixli ********* nömrəli, 08 mart 2025-ci il tarixli ********* nömrəli, 16 aprel 2025-ci il tarixli ********* nömrəli, 16 may 2025-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqlərində borcun hesablanma əmsalının 2400 olması qeyd edilmişdir.
10. İş materiallarında olan 10 mart 2025-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqində həmin sənədin tərtib edilmə əsası “xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün (**********6)” kimi göstərilmiş və cəmi 74593,2 manat məbləğində borc hesablanmışdır.
11. İş materiallarında olan 10 mart 2025-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqində həmin sənədin tərtib edilmə əsası “286817 sayğacın əmsalına görə tipli akta əsasən (**********6)” kimi göstərilmiş və cəmi 74593,2 manat məbləğində borc hesablanmışdır.
12. İş materiallarında olan cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı “X1 Şirkəti” MMCyə ünvanlanmış 10 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmununda iddiaçının 10 aprel 2025-ci il tarixinə 74593,23 manat məbləğində borcunun yarandığı qeyd edilərək 14 aprel 2025-ci il tarixinə qədər həmin borcun ödənilməsi təklif edilmiş, əks təqdirdə müəssisəyə elektrik enerjisinin verilməsinin 14 aprel 2025-ci il tarixində saat 11:00-dan etibarən dayandırılacağı qeyd edilmişdir.
13. Birinci instansiya məhkəməsinin 07 iyul 2025-ci il tarixli iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 19 may 2025ci il tarixində sayğaca baxış keçirilmişdir. Həmin gün baxışda iştirak etməsi üçün nümayəndə verilməsi ilə bağlı iddiaçı təşkilata getmişdir. Lakin ticarət mərkəzində hər hansı şəxs olmamışdır. O da enerji itkisinin qarşısını almaq məqsədilə ticarət mərkəzinin (iddiaçının) nümayəndəsinin iştirakı olmadan müvafiq dövriyyəni yoxlayaraq akt tərtib etmişdir. Cərəyan transformatorunun quraşdırılmasında iştirak etməmişdir. Transformator quraşdırıldıqdan sonra rəhbərlik tərəfindən sayğaca möhür vurulması barədə ona tapşırıq verilmişdir. Onun aktın tərtibi zamanı gördüyü iş nəticəsində iddiaçıya verilən elektrik enerjisi 1891 kVt-a dəyişdirilmişdir.
14. İş materiallarına həmçinin yalnız cavabdehin möhürü ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na 2 nömrəli əlavə olan 15 may 2024-cü il tarixli 416572 nömrəli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən iddiaçı “X1 Şirkəti” MMC-yə (abonent kodu: **********6) hesablanmış 63214,58 (altmış üç min iki yüz on dörd manat, əlli səkkiz qəpik) manat elektrik enerjisinin dəyəri və 11378,62 (on bir min üç yüz yetmiş səkkiz manat, altmış iki qəpik) manat ƏDV olmaqla, cəmi 74593,2 (yetmiş dörd min beş yüz doxsan üç manat, iyirmi qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. İddiaçı tərəfindən tələb onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi tərəfindən 11 mart 2025-ci il tarixində iddiaçıya ********* nömrəli hesab ödəniş vərəqi təqdim olunaraq 07 mart 2025-ci il tarixindən 10 mart 2025-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi üçün 63214,58 manat əsas və 11378,62 manat ƏDV olmaqla, cəmi 74593,2 manat sərfiyyata görə pul vəsaitini ödəməli olduğu, həmçinin məbləğ qısa müddət ərzində ödənilmədiyi təqdirdə elektrik enerjisinin verilişinin heç bir xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmişdir. Eyni zamanda 11 mart 2025-ci il tarixində “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 286817 nömrəli əsassız yazılmış akt təqdim edilmişdir. Həmin akta nəzər yetirdikdə texniki şərtin güc artımı və RMA xidmətinin əmsal protokolu əsasında 150/5A cərəyanın çıxarılaraq ləğv olunması, 200/5A-cərəyanın quraşdırılması, sayğacın yoxlanılması və yuva qapısı, sayğac qutusunun möhürləndiyi və bütün bu hərəkətlərin 19 may 2025-ci il tarixində edildiyi, aktın 2 nüsxədən ibarət olmaqla müştəri nümayəndəsinin iştirakı ilə tərtib edildiyi göstərilir. Lakin sözügedən 286817 saylı akta nəzər yetirdikdə, ümumilikdə həmin sənədin hansı tarixdə və şəraitdə real olaraq tərtib olunduğu müəyyən edilmir, aktı imzalayan yeganə şəxs cavabeh təşkilatın nümayəndəsidir və akt hər hansı möhürlə təsdiq edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən tərtib edilmiş “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 286817 nömrəli akt və sərfiyyata görə 10 mart 2025ci il tarixli hesab ödəniş vərəqəsi əsassız olaraq tərtib edilmiş və nəticədə iddiaçı 74593,2 manat borcla yüklü edilmişdir. Həmçinin iddiaçı bu günədək hər zaman elektrik enerjisindən istifadəyə görə yaranmış borcu vaxtlı-vaxtında ödəmişdir. Bundan əlavə, ********* nömrəli hesab ödəniş vərəqinə nəzər yetirdikdə nə sərfiyyatın, nə də fərqin nə qədər təşkil etdiyi göstərilməmiş, yaranmış borcun 07 mart 2025-ci il tarixindən 10 mart 2025-ci il tarixinədək əhatə olunduğu göstərilmiş, sayğacın göstəricisi isə, ümumilikdə əks olunmamışdır. Belə olan halda, əsassız yazılmış elektrik enerjisinə görə borc məbləği silinməlidir.
17. Cavabdeh iddia ərizəsinə etirazla birinci instansiya məhkəməsinə müraciət edərək qeyd etmişdir ki, iddiaçı 01 iyul 2001-ci il tarixində abonent qeydiyyatına alınmışdır. 02 may 2012-ci il tarixində iddiaçı təşkilata elektrik hesabat sayğacı quraşdırılmışdır. Həmin tarixdən 15 may 2025-ci il tarixinədək elektrik hesabat sayğacı əsasında 2709245,82 manat hesablanmışdır. Abonent həmin dövrdə 2635957,59 manat ödəniş etmiş və halhazırda sayğaca görə 73288,23 manat borcu qalmışdır. Abunə haqqında çıxarışdan görünür ki, 19 may 2024-cü il tarixli 286817 saylı akta əsasən texniki şərtin güc artımı və RMA-xidmətinin əmsal protokolu əsasında 150/5A cərəyan çıxarılaraq ləğv olunmuş və 200/5 A cərəyanı quraşdırılmışdır. 19 may 2024-cü il tarixdən 12 fevral 2025-ci il tarixinədək iddiaçıya məxsus sayğacın əmsalı 2400 olmalı olduğu halda, hesablaşma köhnə əmsalla, yəni 1800-lə aparılmışdır. İddiaçı faktiki olaraq sayğacın əmsalına görə 74593,2 manat məbləğində elektrik enerjisindən istifadə etsə də, istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməmişdir. İddiaçının iddia tələbini nə ilə əsaslandırdığı məlum deyildir. Həmçinin iddiaçı qeyd olunan obyekt üzrə elektrik enerjisindən istifadə etməklə cavabdehlə faktiki olaraq elektrik enerjisinin alqı-satqı münasibətində olmuşdur. Buna görə də iddiaçı elektrik enerjisindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbinə uyğun istifadə etməli idi. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. İddiaçının akta əsasən hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan suiistifadə etməsi qənaətinə gəlməyə əsas verir. Cavabdeh göstərilənlərin nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.İddiaçının nümayəndəsi 17 iyun 2025-ci il tarixində birinci instasniya məhkəməsinə vəsatətlə müraciət edərək qeyd etmişdir ki, cavabdeh müəssisədə işləyən Şahverdiyev N.M. adlı şəxs 19 may 2024-cü il tarixində 286817 saylı akt tərtib etmiş, həmin aktın müştərinin nümayəndəsinin iştirakı ilə tərtib olunduğunu qeyd etmiş, lakin aktı yalnız özü imzalamış və sənəd hər hansı formada təsdiq olunmamışdır. Ona görə də mövcud ziddiyyətlərə görə, eyni zamanda mübahisənin hərtərəfli və ədalətli həlli baxımından yuxarıda soyadı qeyd edilən şəxsin şahid qismində dindirilməsi zəruridir. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq məhkəmədən cavabdeh müəssisədə işləyən Şahverdiyev N.M. adlı şəxsin hazırkı kommersiya işi üzrə şahid qismində didirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmin vəsatət məhkəmənin 17 iyun 2025-ci il tarixli iclasında müzakirə edilmiş və təmin olunması qərara alınmışdır. 19.Sumqayıt Kommersiya Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, e-2-2(119)-770/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış obyektinin **********6 nömrəli abonent koduna hesablanmış 74593,2 (yetmiş dörd min beş yüz doxsan üç manat, iyirmi qəpik) manat məbləğində borcun silinməsi və 313,78 (üç yüz on üç manat, yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh "xxxx" X2 iddiaçı X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir (hakim Fərman Həmidli).
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı 01 mart 2024-cü il tarixli 74 nömrəli məktubla cavabdehə müraciət edərək Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən ona məxsus olan ticarət mərkəzində əlavə tələb olunan 200 kVt güc artımı ilə əlaqədar mövcud 891,84 kVt tələbat gücünün 10891,84 kVt-a qədər artırılması və istismarda olan 1000/6 kvA tranformatorun 1600/6 kVa ilə əvəz olunması üçün yeni texniki şərtin verilməsini xahiş etmiş, cavabdeh tərəfindən tərtib edilmiş 17 may 2024-cü il tarixli arayışın məzmununa əsasən, iddiaçıya məxsus ticarət mərkəzinin elektrik təchizatına dair verilmiş 15 aprel 2024-cü il tarixli 13-13/2-5/04-236/2024 nömrəli texniki şərtin tələbləri yerinə yetirildiyi üçün obyektin şəbəkəyə qoşulmasına etiraz edilməmişdir. Bundan sonra, cavabdeh "xxxx" ASC-nin Sayğac quraşdırma və uçota nəzarət idarəsinin əməkdaşı Şahid iddiaçıya məxsus elektrik təchizatı avadanlıqlarının quraşdırıldığı yerə gəlmiş, texniki şərtin güc artımı və RMA xidmətinin əmsal protokolu əsasında 150/5A cərəyan transformatoru çıxarılaraq ləğv olunmuş, 200/5A-cərəyan transformatoru quraşdırılmış və bu barədə “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 19 may 2024-cü il tarixli 286817 nömrəli akt tərtib edilmişdir. Prosesdə iddiaçının nümayəndəsinin iştirakı təmin edilməmiş, akt yalnız cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. Həmin akt tərtib edildiyi tarixdən 17 fevral 2025-ci il tarixinə qədər olan dövr ərzində iddiaçıya təqdim edilən hesab ödəniş vərəqlərində borcun hesablanma əmsalı 1800 olaraq qeyd edilmiş və iddiaçı təqdim edilən hesab ödəniş vərəqlərində göstərilən elektrik sərfiyyatına görə borcunu tam ödəmişdir. Bundan sonra, iddiaçıya təqdim edilən 17 fevral 2025-ci il tarixli, 08 mart 2025-ci il tarixli, 16 aprel 2025-ci il tarixli və 16 may 2025-ci il tarixli hesab ödəniş vərəqlərində isə borcun hesablanma əmsalı 2400 olaraq qeyd edilmişdir. Başqa sözlə, iddiaçının güc artımı ilə əlaqədar müraciəti əsasında “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 19 may 2024-cü il tarixli aktın tərtibindən, yəni 150/5A cərəyan transformatorun əvəzinə 200/5A-cərəyan transformatoru quraşdırıldıqdan sonra elektrik sərfiyyatına görə borc 2400 əmsalla hesablanmalı olmasına baxmayaraq cavabdehin təqsiri ucbatından 1800 əmsalla hesablanmağa davam etmiş, yalnız cari ilin fevral ayında bu halın fərqinə varılmış, məhz bundan sonra 2024-cü ilin may ayından 2025-ci ilin fevral ayına qədər olan dövr ərzində əmsal fərqi (2400 - 1800 = 600) üzrə hesablanmış 74593,2 manat məbləğində pul vəsaitinin ödənilməsi 2025-ci ilin fevral ayından etibarən iddiaçıdan tələb edilmişdir. Hətta bununla əlaqədar cavabdeh sənədlərin tərtibində də ziddiyyətə yol vermiş, 74593,2 manat məbləğində borcun qeyd edildiyi 10 mart 2025-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqində sənədin tərtib edilmə əsası “xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün (**********6)”, həmin məbləğdə borcun qeyd edildiyi eyni tarixli ********* nömrəli hesab ödəniş vərəqində isə sənədin tərtib edilmə əsası “286817 sayğacın əmsalına görə tipli akta əsasən (**********6)” kimi göstərilmişdir.
21. Birinci instansiya məhkəməsi 74593,2 manat məbləğində borcun iddiaçıdan tələb edilməsinin qanuni olmadığı və həmin borcun silinməli olması qənaətinə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq bəndlərini, o cümlədən tərəflər arasında həmin Qaydaların 2 nömrəli Əlavəsinə uyğun bağlanılmış “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə”nin müvafiq şərtlərini rəhbər tutmuşdur. Belə ki, həmin Qaydaların 8.2-ci bəndində göstərilir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşin faktiki hallarından göründüyü kimi, 2024-cü ilin may ayından 2025-ci ilin fevral ayına qədər dövr ərzində iddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyərini tam ödəmişdir (bu hal məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir). Enerji təchizatı müəssisəsi qismində çıxış edən cavabdehin hazırda iddiaçıdan tələb etdiyi borc özü tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış borcdur, belə ki, əgər həqiqətən yeni transformatorun quraşdırılması ilə əlaqədar əmsalın artması baş vermişdisə, bu vaxtında qeydə alınmalı, elektrik sərfiyyatına görə borc hesablanarkən vaxtında nəzərə alınmalı və hesablaşma dövrü üzrə iddiaçıya aylıq olaraq təqdim edilən hesab ödəniş vərəqlərində öz əksini tapmalıydı. Lakin hazırkı halda, Qaydalarda qeyd edildiyi kimi, istehlakçı qismində çıxış edən iddiaçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi qismində çıxış edən cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyəri iddiaçıdan tələb edə bilməz. Digər tərəfdən, tərəflər arasında “Elektrik enerjisindən istifadə Qaydaları”nın 2 nömrəli Əlavəsinə uyğun 25 yanvar 2022-ci il tarixli “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə”si bağlanılmışdır. Həmin müqavilənin 16-cı bəndində göstərilir ki, abonent elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerjitəchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi abonentin müraciətinə 10 gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqısatqı müqaviləsində uyğun dəyişikliklər edilir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı enerji göstəricilərinin artırılması məqsədilə enerjitəchizatı müəssisəsinə, yəni cavabdehə müraciət etmiş, cavabdeh müraciətə müsbət yanaşaraq təmin edilməsi istiqamətində müvafiq işlər görmüş və iş materiallarındakı Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 19 may 2024-cü il tarixli 286817 nömrəli akta əsasən, enerji göstəriciləri dəyişdirilmişdir. Lakin bağlanmış müqavilənin 16-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi abonentin enerji göstəricilərinin artırılması barədə müraciətinə razılıq verməsinə baxmayaraq elektrik enerjisinin alqı-satqı müqaviləsinə uyğun dəyişikliklər etməmişdir. Bununla əlaqədar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə 15 may 2024-cü il tarixli 416572 nömrəli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi təqdim edilsə də, həmin müqavilənin enerji göstəricilərini nəzərdə tutan müvafiq qrafaları doldurulmamış, iddiaçı tərəfindən imzalanmamış, möhürlənməmişdir (məhkəmə iclasında iddiaçının nümayəndəsi həmin müqavilədən xəbərsiz olduqlarını bildirmişdir). Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh iddiaçı ilə aralarında “Elektrik enerjisindən istifadə Qaydaları”nın 2 nömrəli Əlavəsinə uyğun bağlanmış müqavilənin şərtlərinə də riayət etməmişdir.
22. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 389.1, 567-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3, 8.2, 2 nömrəli əlavəsi olan “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilə”nin 16-cı bəndlərinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
23. Sumqayıt Kommersiya Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, e-2-2(119)- 770/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" X3 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
24. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə EEİQnin 8.2-ci bəndə istinad edərkən nəzərdən qaçırmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixində "xxxx" ASC-yə muraciət edərək Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən, ona məxsus olan ticarət mərkəzində əlavə tələb olunan 200 kVt güc artımı ilə əlaqədar mövcud 891,84 kVt tələbat gücünün 10891,84 kVt-a qədər artırılması və istismarda olan 1000/6 kvA tranformatorun 1600/6 kVa ilə əvəz olunması üçün yeni texniki şərtin verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş 17 may 2024-cü il tarixli arayışın məzmununa əsasən, iddiaçıya məxsus ticarət mərkəzinin elektrik təchizatına dair verilmiş 15 aprel 2024-cü il tarixli 13-13/2-5/04-236/2024 nömrəli texniki şərtin tələbləri yerinə yetirildiyi üçün obyektin şəbəkəyə qoşulmasına etiraz edilməmişdir. Bundan sonra, "xxxx" ASC-nin Sayğac quraşdırma və uçota nəzarət idarəsinin əməkdaşı Şahid iddiaçıya məxsus elektrik təchizatı avadanlıqlarının quraşdırıldığı yerə gəlmiş, texniki şərtin güc artımı və RMA xidmətinin əmsal protokolu əsasında 150/5A cərəyan transformatoru çıxarılaraq ləğv olunmuş, 200/5A-cərəyan transformatoru quraşdırılmış və bu barədə “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” 19 may 2024-cü il tarixli 286817 nömrəli akt tərtib edilmişdir. Həmin aktda sayğacın əmsalı 2400 olması qeyd edilmişdir. Lakin Karvan MMC-də 1800 əmsalla hesablaşma getmişdir. Faktiki olaraq “X1 Şirkəti MMC sayğacın əmsalına görə 74593,20 manat elektrik enerjisindən istifadə etmişdir.
25. Həmçinin EEİQ-nin 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır.
26. Apellyasiya şikayətində müvafiq müqaviənin bağlanmamasının səbəblərindən biri kimi iddiaçının sabiq icraçı direktoru kimi 2016-cı ildə dünyasını dəyişmiş Ağamirzə Əhədovun adının qeyd olunmasıdır.
Apellyasiya şikayətinə etiraz
27. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, apellyasiya şikayətindən görünür ki, "xxxx" ASC birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "elektrik enerjisindən istifadə qaydaları”nın 8.2-ci maddəsinə düzgün istinad etmədiyini və qaydaların 8.15-ci bəndinin nəzərə almadığını iddia edir. Bu isə tamamilə əsassızdır və qanunvericiliyin yanlış təfsirindən irəli gəlir. Məhkəmə tərəfindən Qaydaların 8.2-ci bəndinə istinad olunması tamamilə qanuni və əsaslıdır. Belə ki, həmin bənddə qeyd edilmişdir ki, istehlakçının elektrik enerjisinə görə hesablaşmaları uçot cihazının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İstehlakçı tərərfindən elektrik enerjisinin dəyəri tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Sözügedən iş üzrə iddiaçı tərəfindən 1 mart 2024-cü il tarixində güc artımı ilə bağlı cavabdehə ərizə ünvanlanmışdır. Nəticədə iddiaçı təşkilat əvvəl 150 kvt-lıq transformatordan istifadə etdiyi halda, müraciət əsasında 200 kvtlıq transformatordan istifadəyə keçmişdir. Bu zaman tarifdə yox, əmsalda dəyişiklik baş verir, yəni 150 kvtlıq enerjidən istifadə zamanı sərfiyyat 1800 əmsalla hesablanırdısa, 200 kvt-lıq enerjidən istifadə zamanı sərfiyyat 2400 əmsalla hesablanır. Gücün artırılması 19 may 2024-cü ıl tarixindən həyata keçirilsə də, 2400 əmsall üzrə hesablanma 12 fevral 2025- ci il tarixindən başlanılmışdır. Çünki əmsalın 1800 deyil, 2400 olaraq hesablanmalı olduğu 12 fevral 2025-ci il tarixində və sistemə həmin tarixdə daxil edilmişdir. Hətta bununla əlaqədar cavabdeh sənədlərin tərtibində də ziddiyyətə yol vermiş, 74593,2 manat məbləğində borcun qeyd edildiyi 10 mart 2025-ci il tarixli ********* nömrəli hesab ödəniş vərəqində sənədin tərtib edilmə əsası "xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün (**********6) həmin məbləğdə borcun qeyd edildiyi eyni tarixli ********* nömrəli hesab ödəniş vərəqində isə sənədin tərtib edilmə əsası “286817 sayğacın əmsalına görə tipli akta əsasən (**********6)” kimi göstərilmişdir. Bu sənədlərlə cavabdeh bir növ öz səhvinə görə yaranmış borcu müxtəlif yollarla tələb emişdir. Hesablanmanın isə düzgün aparılmaması bir başa cavabdehin təqsiri və səhlənkarlığına görə baş vermiş, onun təqsiıı ucbatından iddiaçının sonradan əlavə borcla yüklənilməsi əsassız olmuşdur. Ən əsası isə iddiaçı bu dövr ərzində ona təqdim olunmuş bütün hesab ödəniş vərəqələrini tam həcmdə ödəmiş, növbəti aya borcu keçməmişdir. Eyni zamanda xx.xx.2025 tarixində "sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsinə üzrə” 286817 nömrəli akt verilmişdir. Lakin sözü gedən akta baxdıqda həmin sənədin hansı tarixdə və şəraitdə real olaraq tərtib olunduğu müəyyən edilmir, ümumilikdə cavabdeh müəssisədə işləyən şahidin ifadəsinə görə də həmin akt təkbaşına heç kəsin iştirakı olmadan tərtib olunmuşdur. Bu isə bir daha tərtib olunmuş aktın etibarlılığını sübhə altına salır. Çünki həmin aktın real olaraq nə vaxt və hansı şəraitdə tərtib edilməsi qəti şəkildə məlum deyil. Bundan əlavə cavabdeh müqavilə üzrədə öhdəliklərini düzgün icra etməmiş, yeni müqavilə tərtib olunmamış, tərtib olunmuşsa belə mərhum MMC-nin rəhbərinin adına tərtib olunmuş, müqavilə üzrə xanalar doldurulmamış və müqavilə onlara vaxtında təqdim olunmamışdır. Halbuki, cavabdeh müəssisə ölkə üzrə yeganə elektrik enerjisinin satışı iiə məşğul olan ixtisaslaşmış qurumdur. Hazırda onun etdiyi səhvlər cavabdehin ziyanına şərh olunmamalıdır
İşdə iştirak edən şəxslərin izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “X1 Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 2 nömrəli əlavəsi olan “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqısatqısının birtipli müqavilə”nin 16-cı bəndinə əsasən, abonent elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerjitəchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi abonentin müraciətinə on gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqısatqı müqaviləsində uyğun dəyişikliklər edilir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, qətnamənin 29-cu bəndində qeyd edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndindən də göründüyü kimi istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
35. İşin hallarına əsasən də müəyyən edilir ki, iddiaçının müraciəti əsasında cavabdeh tərəf transformator quraşdırsa da, müqavilənin tələblərinə əsasən yeni transformatorun quraşdırılması ilə əlaqədar elektrik sərfiyyatına görə borcun yeni əmsalla hesablanması nəzərə alınmalı və hesablaşma dövrü üzrə iddiaçıya aylıq olaraq təqdim edilən hesab ödəniş vərəqlərində öz əksini tapmalıydı.Lakin elektrik enerjisinin satışı ilə məşğul olan ixtisaslaşmış qurum kimi cavabdeh bu tələblərə əməl etməmiş və özü tərəfindən yol verilmiş səhvə görə iddiaçıdan pul tələb edilir. Cavabdehin nümayəndəsi ödəniş bildirişlərində borcun düzgün göstərilməməsini həmin bildirişləri təqdim edən şəxslərin “elektrik” üzrə mütəxəssis olmaması ilə izah edir. Bu isə yuxarıda qeyd edilmiş qaydaların tələblərinə ziddir.
36. Tərəflər arasında yeni müqavilənin bağlanmamasının səbəblərindən biri kimi iddiaçının sabiq icraçı direktorunun 2016-cı ildə dünyasını dəyişməsinə dair apellyasiya şikayətinin dəlilini isə məhkəmə kollegiyası yalnız formal mülahizə kimi qiymətləndirərək əsassız hesab edir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, e-2-2(119)-770/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.