Məhkəmə qərarları › İş №2-2(105)-133/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-133/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-133/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X1 və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-676/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-676/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (VÖEN **********) məxsus Quba rayonu Qaraçay qəsəbəsində yerləşən soyuducu anbarına (abonent kodu: **********9) əlavə sərfiyyat olaraq hesablanmış 8192,61 (səkkiz min yüz doxsan iki manat 61 qəpik) manat məbləğində borcun silinməsi, məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı 25 noyabr 2019-cu ildə cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal RETSİ-nin Quba Elektrik Şəbəkəsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, 10842 manat 71 qəpik əsassız hesablanmış borcun İddiaçı **********9 saylı abonent kodundan silinməsi və 05 noyabr 2019-cu il tarixdə tərtib olunmuş AKT R № 028077 saylı aktın və onun hüquqi nəticələrinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə qəbul olunmuş Quba Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(027)-375/2020 nömrəli qətnaməsi ilə "xxxx" ASC tərəfindən İddiaçı abunə koduna (**********9) hesablanmış 8192,61 manat məbləğində borc silinmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti Quba Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(027)-375/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(105)-552/2021 nömrəli qərardadı ilə məhkəmə aidiyyəti pozulduğu üçün Quba Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(027)-375/2020 nömrəli qətnaməsi ləğv edilmiş və həmin iddia tələbi üzrə kommersiya işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Həmin kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olduqdan sonra İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi və cavabdeh ola bilməyən cavabdehlərin əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdehlər qismində göstərilmiş "xxxx" ASC-nin Şimal RETSİ-nin Quba Elektrik Şəbəkəsinin və "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əsl cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilməsini və iddia tələbinin təmin edilib, 8192 manat 61 qəpik məbləğində əsassız hesablanmış borcun İddiaçı **********9 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonunun Qaraçay qəsəbəsi ərazisində Sumqayıt Elektrik Şəbəkə ilə bağlanmış abonent kodu **********9 olan müqaviləyə əsasən ona məxsus soyuducu anbarına quraşdırılmış 10 KV gərginlikli sayğacın “C” fazasının gərginlik qoruyucusunun yoxluğu səbəbindən sayğacın “C” fazasından keçən yükü qeyd etməməsi barədə "xxxx" ASC-nin əməkdaşları tərəfindən 05 noyabr 2019-cu ildə № 028077 saylı akt tərtib edilmiş və bundan sonra 21 noyabr 2019-cu ildə US 022809EİQ pozulması barədə birtipli akta əsasən ona 6942 manat 89 qəpik sərfiyyat və 1249 manat 72 qəpik ƏDV ilə birlikdə cəmi 8192 manat 61 qəpik məbləğində enerji sərfiyyatı borcunun olması və eyni zamanda 21 noyabr 2019-cu il tarixə qalıq borcunun isə 10842 manat 71 qəpik olması və ödənilmə müddətinin 26 noyabr 2019-cu il tarixinin müəyyən edilməsi barədə № ********* saylı hesab ödəniş vərəqi göndərilmişdir. Halbuki, "xxxx" ASC-nin № ********* saylı hesab ödəniş vərəqində 21 oktyabr 2019-cu il tarixdən 20 noyabr 2019-cu il tarixinədək olan müddət üçün 2245 manat 85 qəpik sərfiyyat və 404 manat 25 qəpik ƏDV olmaqla, qalıq borcunun cəmi 2650 manat 10 qəpik məbləğində olduğu göstərilmiş və ödənilmə müddəti 26 noyabr 2019-cu il tarixi müəyyən edilmişdir. 05 noyabr 2019-cu ildə tərtib edilmiş AKT R № 028077 saylı aktda sayğacın plombunun qırılması və sayğaca kənar müdaxilənin olması barədə pozuntunun mövcudluğu ilə bağlı heç bir qeydiyyat göstərilməmişdir. Ona görə də, onun soyuducu anbarında elektrik enerjisi sərfiyyatına dair ümumilikdə 10842 manat 71 qəpik qalıq borcunun olması barədə hesabat əsassızdır və faktiki olaraq sərf olunmamış enerji sərfiyyatıdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, birinci instansiya məhkəməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, "xxxx" ASC-yə məxsus elektrik hesabat sayğaclarına, nasaz elektrik hesabat sayğaclarına qarşı münasibətdə onları təmir etmək məqsədi ilə sökmək və ya onun göstəricilərinin götürülməsi tədbirləri həmçinin sayğacın bütövlüyünə, sayğaca hər-hansı kənar müdaxilənin olunubolunmamasına nəzarət etmək yoxlama hesab olunmamalıdır. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. "xxxx" ASC isə yoxlayıcı orqan hesab olunmadığına görə məhkəmənin həmin qanuna, həmin maddəyə əsaslanaraq tərtib olunmuş akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış 8192,61 manat məbləğində borcun silinməsi barədə qətnaməsi ləğv olunmalıdır. Göründüyü kimi məhkəmə yalnış hüquq normalarına istinad edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət etmişdir ki, bu halda da enerji haqlarının yığımının 100 %-ə çatdırılması barədə "xxxx" ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaratmışdır. Həmçinin birinci instansiya məhkəməsi EEİQ-nın 9.1 və 9.10-cu bəndlərinə istinad edərək istehlakçının sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına, düzgün istismarına və s. məsuliyyət daşıdığnı, elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməli olduğunu qeyd etsə də özü həmin bəndlərin tələblərinə riaət etməmiş, itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə "xxxx" ASC tərəfindən haqlı olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarmışdır. Həmçinin həmin sayğaca elektrik enerji sərfiyyatının azaldılması məqsədi ilə olunacaq hər-hansı kənar müdaxilə iddiaçıdan başqa heç kəsin marağında ola bilməz. Məhkəmə qətnamə çıxararkən isə qeyd olunanları nəzərə almamışdır. Həmçinin, birinci instansiya məhkəməsində iddia tələbi üzrə məhkəməyə təqdim edilmiş etiraza əlavə olunmuş aktdan, abunə haqqında çıxarışdan və digər sübutlardan müəyyən edilir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən 14.11.2019-cu il tarixdə iddiaçıya məxsus uçot komplektinə baxış keçirilən zaman məlum oldu ki, sayğaca gərginlik transformatorunun “B” fazasından gərginlik gəlmir. Bu isə sayğacın axan yükü 100% qeydə almamasına şərait yaradır. Qeyd olunan faktlarla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın (bundan sonra EEİQ) tələblərinin pozulması haqqında 14.11.2019-ci il tarixli, UŞ 191731 saylı akt tərtib edilmişdir. Akt iddiaçının iştirakı ilə tərtib edilmiş lakin, o aktı imzlamaqdan imtina etmişdir ki, bu barədə də akta müvafiq qeyd aparılmışdır. Məhkəmə isə təqdim edilmiş sübutları nəzərə almamışdır. İddiaçının ona məxsus quşçuluq sexində quraşdırılmış uçot dəstinə müdaxilə etməsi faktı aylar üzrə qeydə alınmış elektrik enerji sərfiyyatları arasında kəskin fərqlə təsdiq olunur. Belə fərqin olması tərtib olunmuş aktın əsaslı olmasının sübutu kimi qiymətləndirilməlidir. Belə ki, obyektdə uçot dəstinə müdaxilə faktı aşkar olunduqdan sonra yaranmış qüsur aradan qaldırılmışdır. Bundan sonra yəni, 21.07.2020-ci il tarixdən, 21.09.2020-ci il tarixədək 95 gün müddətində 9720 manat dəyərində elektrik enerjisi sərfıyyatı qeydə alınmışdır. Bu obyektdə həmin dövrdə gün ərzində orta hesabla ən azı 102,31 manat dəyərində elektrik enerjisi istehlak edilməsi deməkdir. Lakin sayğacın müdaxiləli olduğu dövrdə, keçən ilin eyni aylarında yəni, 21.07.2019-cu il tarixdən, 20.09.2019-cu il tarixədək isə 92 gün ərzində cəmi 4806 manat dəyərində elektrik sərfiyyatı qeydə alınmışdır ki, bu da həmin dövrdəki orta gündəlik elektrik sərfiyyatının 52,24 manat olduğunu bildirir. Göründüyü kimi yeni sayğacla qeydə alınmış orta hesabla gündəlik enerji sərfıyyatı 102,31 manat ilə sayğacın müdaxiləli dövrdə qeydə aldığı orta gündəlik 52,24 manat müqayisə edildikdə həmin ünvanda uçot dəstinə müdaxilə yolu ilə 2 dəfə elektrik enerjisi sərfıyyatının azaldıldığı bir daha öz təsdiqini tapır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə istinad edərək əsaslandırmışdır. İş materiallarında olan və “Təsdiq edirəm” qrafasında “05 noyabr 2019-cu il” tarixi göstərilmiş R № 028077 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Quba rayon Qaraçay qəsəbəsində yerləşən soyuducu anbarının (abonent kodu: **********9) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına saat 16:10-da (baxışın keçirilmə tarixi, yəni “günü, ayı və ili” aktın müvafiq qrafasında göstərilməmişdir) baxış keçirilmiş və baxış zamanı “Sayğacın “C” fazasının gərginlik qoruyucusu yoxdur. Sayğac ”C” fazasından keçən yükü qeyd etmir” qüsurunun aşkar edildiyi göstərilmişdir. Eyni zamanda, həmin aktda “Sxem E.E.İ.Q-na uyğun bərpa edildi” qeydi aparılmışdır. İş materiallarında olan 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Quba rayon Qaraçay qəsəbəsində yerləşən soyuducu anbarının elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına 14 noyabr 2019-cu ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bir nəfər əməkdaşı (Çələbiyev soyadlı) tərəfindən təkbaşına baxış keçirilmiş və baxış zamanı “sayğac ”C” fazasından keçən yükü qeyd etmir” qüsurunun aşkar edildiyi göstərilmişdir (həmin aktda məlum yoxlama zamanı, yəni sayğaca baxış keçirilməsi zamanı İstehlakçının iştirak edib-etməməsi müəyyən olunmur). İş materiallarında olan istehlakçı İddiaçı məxsus soyuducu anbara aid abunə haqqında hesabatlara və "xxxx" ASC tərəfindən tərtib edilmiş digər sənədlərə əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus qeyri-yaşayış sahəsinin (soyuducu anbarın) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına keçirilmiş baxış zamanı tərtib edilmiş 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli aktda qeyd olunan qüsura görə, yəni “sayğac ”C” fazasından keçən yükü qeyd etmir” qüsuruna görə itirilmiş elektrik enerjisi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin tələblərinə uyğun olaraq yenidən hesablama aparılmış və həmin hesabatla 8192,61 (səkkiz min yüz doxsan iki manat 61 qəpik) manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanaraq, ödənilməli borc kimi istehlakçı İddiaçı hesabına daxil edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus soyuducu anbarın (abonent kodu: **********9) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacının göstəriciləri mütəmadi olaraq hər ay "xxxx" ASC-nin müvafiq səlahiyyətli əməkdaşı tərəfindən oxunaraq aylıq sərfiyyat borcları müəyyən edilməklə, istehlakçıya müvafiq qaydada tərtib edilmiş hesab ödəniş vərəqləri təqdim olunmuş və sonuncu tərəfindən də həmin hesab ödəniş vərəqləri əsasında müvafiq qaydada ödənişlər aparılmışdır (14 noyabr 2019-cu il tarixli 191731 nömrəli akt tərtib edilməmişdən əvvəl sonuncu dəfə 21 oktyabr 2019-cu il tarixində məlum elektrik sayğacının göstəriciləri oxunmuşdur). Yəni, soyuducu anbarın elektrik sərfiyyatı aylar üzrə müvafiq qaydada elektrik hesabat sayğacı tərəfindən hesablanmış və həmin hesabatlar əsasında da mütəmadi olaraq aylar üzrə elektrik sərfiyyatına görə ödənişlər aparılmışdır. Lakin, hər ay elektrik hesabat sayğacının göstəriciləri oxunarkən sayğacın “C” fazasının gərginlik qoruyucusunun olmaması və yaxud, “sayğacın ”C” fazasından keçən yükü qeyd etmməməsi barədə hər hansı bir məlumat verilməmiş və yaxud, akt tərtib edilməmişdir. İş materiallarında olan, 13 iyul 2021-ci ildə çap edilmiş istehlakçı İddiaçı məxsus soyuducu anbara aid abunə haqqında hesabatla (abonent kodu **********9) müəyyən olunur ki, 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli akta əsasən istehlakçı İddiaçı məxsus Quba rayonu Qaraçay qəsəbəsində yerləşən soyuducu anbarının hesabına 21 noyabr 2019-cu ildə birdəfəlik 8192,61 (səkkiz min yüz doxsan iki manat 61 qəpik) manat məbləğində borc hesablanmışdır. Birinci instansiya məhkəməsinin araşdrıması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan istehlakçı İddiaçı məxsus Quba rayonu Qaraçay qəsəbəsi ərazisində yerləşən soyuducu anbara quraşdırılmış elektrik hesabat sayğacına 14 noyabr 2019-cu ildə baxış keçirilən zaman “sayğac ”C” fazasından keçən yükü qeyd etmir” qüsuru aşkar edilmiş və bu qüsurla əlaqədar tərtib edilmiş 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli akta əsasən istehlakçıya 8192,61 manat məbləğində əlavə sərfiyyat qismində borc hesablanmışdır. Lakin, həmin sayğac kənar şəxslərin müdaxilə etməsini aradan qaldıran müvafiq qaydada quraşdırılmış və onun mütəmadi olaraq yoxlanılması və nəzarət edilməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mütəxəssislərinin səlahiyyətində olmuşdur. Eyni zamanda, məlum yoxlama zamanı həmin sayğaca hər hansı bir kənar müdaxilənin olması halı müəyyən olunmamışdır. Həmin soyuducu anbarın qoşulmuş olduğu elektrik hesabat sayğacı işlək vəziyyətdə olmuş və soyuducu anbarda istehlak edilən elektrik sərfiyyatının qeydiyyatını aparmışdır. Lakin, araşdırma zamanı ayrı-ayrı aylar üzrə sərfiyyatda olan fərqlərin məlum aktda qeyd olunan məhz həmin qüsura görə və yaxud soyuducu anbarların fasilələrlə təyinatı üzrə istifadə olunmaması və ya mövsümdən asılı olaraq istifadənin xüsusiyyətlərinə görə yaranması müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 14 noyabr 2019-cu il tarixli 191731 nömrəli aktın tərtib edilməsi və həmin akt əsasında məlum 8192,61 manat məbləğində əlavə sərfiyyatın hesablanması ilə nəticələnmiş 14 noyabr 2019-cu ildə istehlakçı İddiaçı məxsus sahibkarlıq obyektində quraşdırılmış elektrik sayğacına keçirilən baxış, yəni yoxlama tədbiri yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılaraq, aktlaşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.17-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçının abonent hesabına itirilmiş elektrik enerjisinin dəyəri olaraq 8192,61 manat hesablanması əsaslı olmamışdır. Həmçinin, cavabdeh "xxxx" ASC iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “Azəriqaz” İB tərəfindən reyestrdə qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi olmadığından, 8192,61 manat məbləğində borcun silinməsi barədə iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-676/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar