Məhkəmə qərarları › İş №2-2(105)-134/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-134/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-134/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-15/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-15/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana” sahəsinə (abonent kodu: **********00041) artıq sərfiyyat olaraq hesablanmış 235192,20 (iki yüz otuz beş min yüz doxsan iki manat 20 qəpik) manat məbləğində borcun silinməsi, məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq, İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı 24 aprel 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən İddiaçı məxsus “İstixana” sahəsinə (abonent kodu: **********00041) təbii qazdan istifadəyə görə əsassız hesablanmış 208878 (iki yüz səkkiz min səkkiz yüz yetmiş səkkiz) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə 03 avqust 2020-ci il tarixli ərizə təqdim edərək, Cavabdeh tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən İddiaçı məxsus “İstixana” sahəsinə (abonent kodu: **********00041) təbii qazdan istifadəyə görə əsassız hesablanmış 235192,20 (iki yüz otuz beş min yüz doxsan iki manat 20 qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, o, vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə (VÖEN **********) əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur və hal-hazırda Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən özünə məxsus “İstixana” sahəsini işlədir. Onunla Cavabdeh arasında razılaşdırılmış formada “İstixana”nın qazlaşdırılmasına dair qazın alğı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilə imzalanarkən cavabdeh təşkilatın nümayəndələri obyektə baxış keçirmiş, işlədicilərin sayı, vəziyyəti və s. halları nəzərə aldıqdan sonra müqavilə imzalanmışdır. “İstixana”da “Elster” tipli “G-650” markalı sayğac quraşdırılmışdır. Qaz sərfiyyatı ilə bağlı ödəmələrdə fəaliyyət göstərdiyi müddətdə onun tərəfindən heç vaxt bir problem meydana çıxmamışdır. Belə ki, sərf olunan qazın pulu onun tərəfindən hər zaman vaxtında ödənilmişdir. Lakin, ona 2020ci ilin mart ayında məlum olmuşdur ki, Cavabdeh tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən işlətdiyi “İstixana” sahəsinə 208878,00 (iki yüz səkkiz min səkkiz yüz yetmiş səkkiz) manat borc məbləği hesablanmışdır. Həmin borc məbləğinin heç bir hüquqi əsası yoxdur. Bu borc məbləğinin yazılma səbəbini başa düşə bilməmiş və hansı məqsədlə yazıldığı ona aydın olmamışdır. Ona yazılan borc məbləği ilə razılaşmamasının ilk səbəbi odur ki, mövsümi aylarda işlətdiyi “İstixana”nın normal sərfiyyatı təxminən 20-35 min manat civarında olduğu halda, ona təqdim olunan abonent saldosunda 2016-2017- 2018-2019-cu illərə dair aylar üzrə ona faktiki sərfiyyat məbləğini bir neçə dəfə üstələyən əsassız borc məbləği yazılmışdır. Həmçinin, mövsüm ayları olmayan yay aylarında faktiki istifadə etmədiyi “İstixana”ya borc məbləği hesablanmışdır. Ona yazılan borc məbləğinin əsassız olmasının digər səbəbi kimi “İstixana”ya quraşdırılmış sayğacın problemli, yəni istehsal qüsurlu olmasıdır. Sayğac bir neçə dəfə Cavabdeh İB-nin Metrologiya Departamenti tərəfindən həm özü, həmçinin göstərici qeyd olunan hissəsi (“beyni”) yazılıb götürülərək, yoxlanılmış və sayğacın qüsurlu olması səbəbindən təxminən 2019-cu ilin aprel ayında 12505 (on iki min beş yüz beş) kubmetr artıq sərfiyat qeydə alındığı müəyyən edilmişdir. İşlətdiyi “İstixana”da sayğacdankənar qaz xətti də aşkar edilməyib və o, haqqını ödədiyi qazdan da səmərəli istifadə edir. Bu faktı bu illər ərzində ödədiyi məbləğlər də təsdiq edir. Hesab edir ki, bu borc məbləğinin heç bir hüquqi əsası yoxdur və həmin borc məbləğinin əsassız olaraq yazılması onun sahibkarlıq fəaliyyətinə müdaxilə etməkdən başqa heç bir şey deyil. Ona hesablanmış borc məbləğinin silinməsi üçün cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də, o, 2020-ci ilin mart ayında olan 208878 manat məbləğində borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir. Lakin, həmin işə məhkəmədə baxılarkən ona məlum olmuşdur Cavabdeh İB tərəfindən ona məxsus “İstixana”ya yazılmış borc məbləği artırılmış və “İstixana”ya 31 iyul 2020-ci il tarixinə 235192,20 (iki yüz otuz beş min yüz doxsan iki manat 20 qəpik) manat məbləğində borc hesablanmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən İddiaçı məxsus “İstixana” sahəsində qazın alğı-satqısı barədə müqavilə əsasında təbii qazdan istifadə edilmişdir. Həmin “İstixana” sahəsində istifadə olunan təbii qazın hesabatı “Elster” tipli G-650” markalı sayğac vasitəsilə aparılmış və sayğacın hesabatı müvafiq qaydada istehlakçıya aid abonentin saldosuna daxil edilmişdir. Yəni, iddiaçıya məxsus “İstixana” sahəsində istifadə olunan təbii qazın sərfiyyatı müvafiq qaydada quraşdırılmış sayğac əsasında aparılan hesabat əsasında müəyyən edilərək abonentin saldosuna daxil edilmiş və abonentin saldosunda olan məlumatlar əsasında da istifadə edilən qazın dəyəri tarix qiymətlərinə uyğun olaraq abonentdən tələb olunmuşdur. İddiaçıya aid “İstixana” sahəsində istifadə edilən təbii qazın hesabatı sayğac tərəfindən düzgün aparıldığı üçün istehlak edilən təbii qaza görə sayğac əsasında hesablanmış sərfiyyat məbləğlərinin ödənilməsi də ondan tələb olunur. Qeyd olunan hallara məhkəmə düzgün hüquqi qiymət verməmiş, düzgün maddi hüquq normalarını tətbiq etməmiş və bununla da hüququn tətbiq edilməsində səhv buraxmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 25 mart 2012-cü il tarixli 3№-li qərarının 22-ci bəndində bildirilir ki, məhkəmələr dövlət müəssisələrinin hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərin təmin edilməsi ilə bağlı tələbin dövlət əmlakı hesabına ödənilməsi barədə qərar qəbul edərək dövlət əmlakının süni sürətdə müflisləşdirməklə əsassız olaraq özgəninkiləşdirilməsinə yol verməsinlər. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdehnə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) məxsus Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “İstixana” sahəsi Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə Müqaviləyə əsasən təbii qazla təchiz edilmiş və həmin qeyri-yaşayış sahəsinə verilən təbii qazın hesabatının aparılması məqsədi ilə istehlakçı İddiaçı **********00041 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada “Elster” tipli “G-650” markalı sayğac quraşdırılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Qeyriəhali qaz sayğacının yoxlanması haqqında” 25 dekabr 2019-cu il tarixli SS 29/1640-02397 nömrəli aktda göstərilir ki, 23 oktyabr 2019-cu il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Abşeron rayon Xidmət sahəsinin ərazisində fiziki şəxs İddiaçı məxsus İstixananın (abonent kodu: **********00041) qaz xətti üzərində quraşdırılmış “G-650” markalı 83049101 nömrəli turbin tipli “Elster” qaz sayğacı 25 oktyabr 2019-cu il tarixində xətdən çıxarılmış (Forma-2 № 9016003), 17 dekabr 2019-cu il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, “1) Sayğacın daxili çirklidir. Göstəricilər arasında fərq var. Ekranda “A” işarəsi yanır. Pərlər kiplənib. 2) 08 oktyabr 2019 - 22 oktyabr 2019-cu il tarixə əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=4,97 bar, korreksiya olunmuş “mor” maksimal qaz həcmi 399 m3, korreksiya olunmamış qaz həcmi 83 m3 qeydə alınmışdır. Təzyiq həddinin aşılması nəticəsində sayğac “Alarm” rejimində işləmiş, Vbd=22672 m3 , Vd=4221 m3 qeydə alınmışdır. “Alarm” zamanı sərfiyyat P=5,25 bar ilə aparılmışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vd mexaniki göstəricidən 14143 m3 çoxdur. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı 100 impuls verildi və 100 impuls qeydə alındı. İmpuls ötürücüsü işləyir”. Yoxlamanın nəticəsi: “Xətalar normaya uyğun deyil. Batareya tələb olunur”. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosu (abonent kodu **********00041) ilə müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana”da istifadə edilən təbii qaz sərfiyyatları aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. İşdə olan kompleks məhkəmə texniki mühasibatlıq ekspertizasının 28 dekabr 2020-ci il tarixli 9/4172-10/3189 №-li ekspert rəyi ilə müəyyən edilir ki, “1) Mübahisəli “Elster” G- 650 markalı 83049101 nömrəli turbin tipli qaz sayğacının müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (İaboratoriyada, stenddə və s.) sınaq və yoxlamalardan keçirilməsi təşkil edilmədiyinə görə, 25 dekabr 2019-cu il tarixdə təsdiq edilmiş SS 29/1640-02397 №-li “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt”da yoxlamanın nəticəsi kimi qeyd olunan “Xətaların normaya uyğun olmaması” qüsuru həmin qaz sayğacının sərfiyyat üzrə düzgün hesabat aparılmasına təsir edib-etməməsini müəyyən etmək mümkün deyildir. Lakin, həmin aktda göstərilən qüsurlara görə (sayğacın daxili çirkli olması, göstəricilər arasında fərqin olması, pərlərin kiplənməsi, təzyiq həddinin aşılması nəticəsində sayğacın “Alarm” rejimdə işləməsi) mübahisəli sayğacla qazın sərfiyyatının hesablanmasının düzgün aparılmaması qənaətinə gəlmək olar. Belə olan halda, ekspertizaya təqdim edilmiş iş materiallarında göstərilmiş məlumatlarda, texniki sənədlərdə və avadanlıqların gövdələrinə bərkidilmiş lövhəciklərdə (birkalarda) əks etdirilmiş texniki göstəricilərini nəzərə aldıqda, iddiaçı - fiziki şəxs İddiaçı məxsus “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3-dur. Ekspertizaya materiallarla təqdim edilmiş abonent fiziki şəxs İddiaçı (abonent kodu: **********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə, istehlakçı üçün 2016-cı ilin noyabr ayında 217976 m3, 2017-ci ilin fevral ayında 158345 m3, mart ayında 696108 m3, noyabr ayında 113249 m3, dekabr ayında 202137 m3, 2018-ci ilin yanvar ayında 141083 m3, fevral ayında 260911 m3, mart ayında 150648 m3, aprel ayında 124507 m3, noyabr ayında 154104 m3, dekabr ayında 208553 m3, 2019-cu ilin yanvar ayında 209419 m3, fevral ayında 241864 m3, mart ayında 239278 m3, noyabr ayında 234131 m3 qaz sərfiyyatı hesablanmış və bu da “istixana”da quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51324 m3) artıqdır. 2). Rəyin tədqiqi hissəsində göstərildiyi fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3 olduğunu nəzərə aldıqda, bir aylıq qaz sərfiyyatının məbləği 10264,80 manat (51324 x 0,2=10264,80 manat) təşkil edir. Yəni, fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixanada quraşdırılmış suqızdırıcı qazanların aylıq qaz sərfiyyatı maksimum 10264,80 manat təşkil edir. Belə olduğu halda “Abonent saldosu”na əsasən abonent İddiaçı (abonent kodu: **********00041) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana”nın təbii qazdan istifadəyə görə 2016-cı ilin noyabr ayında 217976 m3, 2017-ci ilin fevral ayında 158345 m3, mart ayında 696108 m3, noyabr ayında 113249 m3, dekabr ayında 202137 m3, 2018-ci ilin yanvar ayında 141083 m3, fevral ayında 260911 m3, mart ayında 150648 m3, aprel ayında 124507 m3, noyabr ayında 154104 m3, dekabr ayında 208553 m3, 2019-cu ilin yanvar ayında 209419 m3, fevral ayında 241864 m3, mart ayında 239278 m3, noyabr ayında 234131 m3 qaz sərfiyyatı hesablanaraq 208878 manat borcun yaranması “istixana”da quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51324 m3 -dan) artıqdır”. Əlavə kompleks məhkəmə texniki-mühasibatlıq ekspertizasının 01 iyun 2021-ci il tarixli 9/1704-10/1030 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, “1). Birinci sual üzrə: - Mübahisəli qaz sayğacının nasazlığı, yaxud xətalarla işlədiyi hallarda istifadə edilmiş faktiki təbii qazın sərfiyyatı hər hansı bir istixananın sahəsinə görə yox, qaz cihazların güclərinə (enerji göstricilərinə), sayına və onların işləmə rejimdən asılı olaraq hesablanır. Mübahisəli qaz sayğacının müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada, stenddə və s.) sınaq və yoxlamalardan keçirilməklə onun nasaz olması, yaxud xətalarla işləməsini müəyyən etmək olar. Əgər belə sınaq və yoxlamaların keçirilməsi təşkil edilməyibsə, yaxud qaz sayğacı təmir olunubsa, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ekspertin təqdim edilmiş iş materiallarında olan məlumatlardan istifadə edilməklə rəyin verilməsi hüququ vardır. 2). İkinci sual üzrə: - Mübahisəli “G-650” markalı 83049101 nömrəli turbin tipli “Elster” qaz sayğacın müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (İaboratoriyada, stendde və s.) sınaq və yoxlamalardan keçirilməsi təşkil edilmədiyinə görə 25 dekabr 2019-cu il tarixdə təsdiq edilmiş SS 29/1640-02397 №-li “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt”da yoxlamanın nəticəsi kimi qeyd olunan “Xətaların normaya uyğun olmaması” qüsuru həmin qaz sayğacının sərfiyyat üzrə düzgün hesabat aparılmasına təsir edib-etməməsini müəyyən etmək mümkün deyildir. Lakin, həmin aktda göstərilən qüsurlara görə (sayğacın daxili çirkli olması, göstəricilər arasında fərqin olması, pərlərin kiplənməsi, təzyiq həddinin aşılması nəticəsində sayğacın “Alarm” rejimdə işləməsi) mübahisəli sayğacla qazın sərfiyyatının hesablanmasının düzgün aparılmaması qənaətinə gəlmək olar. Belə olan halda, ekspertizaya təqdim edilmiş iş materiallarında göstərilmiş məlumatlarda, texniki sənədlərdə və avadanlıqların gövdələrinə bərkidilmiş lövhəciklərdə (birkalarda) əks etdirilmiş texniki göstəricilərini nəzərə aldıqda, iddiaçı - fiziki şəxs İddiaçı məxsus “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3-dur. 3). Üçüncü sual üzrə: - Ekspertizaya materiallarla təqdim edilmiş abonent fiziki şəxs İddiaçı (abonent kodu: **********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə, istehlakçı üçün 2016-cı ilin noyabr ayında 217976 m3, dekabr ayında 59275 m3, 2017-ci ilin fevral ayında 158345 m3, mart ayında 696108 m3, noyabr ayında 113249 m3, dekabr ayında 202137 m3, 2018-ci ilin yanvar ayında 141083 m3, fevral ayında 260911 m3, mart ayında 150649 m3, aprel ayında 124507 m3, noyabr ayında 154104 m3, dekabr ayında 208553 m3, 2019-cu ilin yanvar ayında 209419 m3, fevral ayında 241864 m3, mart ayında 239278 m3, noyabr ayında 234131 m3 qaz sərfiyyatı hesablanmış, bu da “İstixana”da quraşdırılmış suqızdırıcı qazanların texniki göstəricilərinə və işləmə rejiminə uyğun hesablanmış qaz sərfiyyatından (51324 m3-dən) artıqdır. 3) Rəyin tədqiqi hissəsində göstərildiyi fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “istixana”da quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatı bir qazan üçün 25662 m3, iki qazan üçün isə bu sərfiyyat 51324 m3 olduğunu nəzərə aldıqda, bir aylıq qaz sərfiyyatının məbləği 10264,80 manat (51324*0,2=10264,80 manat) təşkil edir. Yəni, fiziki şəxs İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixanada quraşdırılmış suqızdırıcı qazanların aylıq qaz sərfiyyatı maksimum 10264,80 manat məbləği təşkil edir. Belə olduğu halda “Abonent saldosu”na əsasən abonent İddiaçı (abonent kodu: **********00041) məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “İstixana”nın təbii qazdan istifadəyə görə 2016-cı ilin noyabr ayında 166,652 m3 yəni 33330,40 manat məbləği artıq hesablanmışdır, dekabr ayında 7951 m3 yəni 1590,20 manat məbləği artıq hesablanmışdır, 2017-ci ilin yanvar ayında 12821 m3 yəni 2564,20 manat məbləği artıq hesablanmışdır, fevral ayında 107021 m3 yəni 21404,20 manat məbləği artıq hesablanmışdır, mart ayında 554784 m3 yəni 110956,80 manat məbləği artıq hesablanmışdır, aprel ayında 25427 m3 yəni 5085,40 manat məbləği artıq hesablanmışdır, noyabr ayında 61925 m3 yəni 12385 manat məbləği artıq hesablanmışdır, dekabr ayında 150813 m3 yəni 30162,60 manat məbləği artıq hesablanmışdır, 2018-ci ilin yanvar ayında 89759 m3 yəni 17951,80 manat məbləği artıq hesablanmışdır, fevral ayında 209587 m3 yəni 41917,40 manat məbləği artıq hesablanmışdır, mart ayında 99324 m3 yəni 19864,80 manat məbləği artıq hesablanmışdır, aprel ayında 73183 m3 yəni 14636,60 manat məbləği artığ hesablanmışdır, noyabr ayında 102780 m3 yəni 20556 manat məbləği artığ hesablanmışdır, dekabr ayında 157229 m3 yəni 31445,80 manat məbləği artığ hesablanmışdır, 2019-cu ilin yanvar ayında 158095 m3 yəni 31619 manat məbləği artığ hesablanmışdır, fevral ayında 190540 m3 yəni 38108 manat məbləği artığ hesablanmışdır, mart ayında 187954 m3 yəni 37590,80 manat məbləği artıq hesablanmışdır, may ayında 76783 m3 yəni 15356,60 manat məbləği artıq hesablanmışdır oktyabr ayında 16242 m3 yəni 3248,40 manat məbləği artıq hesablanmışdır, noyabr ayında 182807 m3 yəni 36561,40 manat məbləği artıq hesablanmışdır, dekabr ayında 245973 m3 yəni 49194,60 manat məbləği artıq hesablanmışdır. Fiziki şəxs İddiaçı (abonent kodu: **********00041) məxsus istixana üçün verilmiş “Abonent saldosu”na görə mübahisəli dövr üçün ******* m3 qaz sərfiyyatı artıq hesablanmış və həmin artıq qaz sərfiyyatının dəyəri 575530 (beş yüz yetmiş beş min beş yüz otuz) manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəni “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsaən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya məxsus istixananın qaz xətti üzərində quraşdırılmış “G-650” markalı 83049101 nömrəli turbin tipli “Elster” qaz sayğacına texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir, göstəricilər arasında fərq var və pərlər kiplənib. Sayğacdakı bu qüsurlar sərfiyyatın düzgün hesablanmamasına səbəb olmuşdur. İddiaçıya məxsus abonent saldosundan görünür ki, sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında kəskin fərq var. 01 iyun 2021-ci il tarixli ekspert rəyindən isə həmçinin görünür ki, iddiaçıya məxsus istixana üçün verilmiş abonent saldosuna görə mübahisəli dövr üçün ******* m3 qaz sərfiyyatı artıq hesablanmış və həmin artıq qaz sərfiyyatının dəyəri 575530 manat təşkil edir. Məhkəmə kollegiyası ekspert rəyinin artıq hesablanmış qaz sərfiyyatı ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin sərfiyyat ekspert tərəfindən istixanada quraşdırılmış 2 qazanın sərfiyyatına görə hesablanmışdır. Lakin həmin rəyin tədqiqat hissəsində göstərilmişdir ki, 28 aprel 2021-ci il tarixdə ekspertin iştirakı ilə İddiaçı məxsus istixanaya baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin istixanada 3 ədəd suqızdırıcı qazan quraşdırılmışdır. Həmin suqızdırıcı qazanlardan birinin odluq hissəsi yoxdur və qazan işlək vəziyyətdə deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, işlək vəziyyətdə olmayan həmin 1 ədəd suqızdırıcı qazanın hansı vaxtdan işləməməsi barədə dəqiq məlumat olmadığından, qaz sərfiyyatı 3 suqızdırıcı qazana görə hesablansa, ekspert rəyinə əsasən iddiaçıya məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən istixanada quraşdırılmış suqızdırıcı qazanların qış mövsümündə bir ayda orta hesabla qaz sərfiyyatının bir qazan üçün 25662 m3 olduğunu da nəzərə alsaq, 3 qazan üçün aylıq qaz sərfi 76986 m3, sərfiyyatın məbləği isə 15397,2 (25662 x 3 x 0.2=15397,2) manat təşkil edəcəkdir. Bu zaman, mövsümi olaraq çalışan istixanaya mübahisəli dövr (21 ay) üçün hesablanmış artıq qaz sərfiyyatının dəyəri 252188,8 (575530-(15397,2 x 21)=252188,8) manat olacaqdır ki, hətta bu məbləğ də iddiaçının artıq hesablandığını iddia etdiyi 235192,20 manat məbləğdən artıqdır. Göründüyü kimi iddiaçıya məxsus istixanaya qaz sərfinin artıq hesablandığı iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia tələbi üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-15/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar