Məhkəmə qərarları › İş №2-2(105)-136/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-136/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-136/2020 30.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(119)-24/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxxxx 2019-cu ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılmış yoxlamanın qanunsuz hesab edilməsi və iddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 115277 (yüz on beş min iki yüz yetmiş yeddi) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra -“Cavabdeh”) X9 xx xxxx 2019-cu ildə “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - “İddiaçı”) ərazisində quraşdırılmış “Abşeron CTB-100” markalı ******* nömrəli suölçən cihazını (bundan sonra - “Sayğac”) çıxararaq yoxlanılması üçün Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən X1 (bundan sonra - “Laboratoriya”) göndərmişdir. xx xxxx 2019-cu ildə Laboratoriya 00416/0045344 nömrəli Rəy vermişdir ki, “Sayğacın hesablayıcı mexanizmində müdaxilə aşkar olundu və Sayğac təmirə və istismara yararsızdır”. xx xxxx 2019-cu ildə iddiaçının ünvanına ödəniş üçün cavabdehin xx xxxx 2019-cu il tarixli ********* nömrəli hesab-fakturası daxil olmuşdur. Həmin hesab-fakturanın məbləği 115277 manat təşkil etmişdir. xx xxxx 2019-cu ildə iddiaçı cavabdehə 01/163 nömrəli cavab məktubu göndərmiş və həmin cavab məktubunda xahiş edilmişdir ki, iddiaçının sərfiyyatına yenidən baxılsın və düzəldilmiş hesab-faktura göndərilsin. Lakin cavabdeh iddiaçıya xx xxxx 2019-cu il tarixli Hİ/01-53 nömrəli “Borcun ödənilməsi haqqında” xəbərdarlıq göndərmiş və həmin xəbərdarlıqla bu dəfə 104392,91 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi tələb edilmişdir. İddiaçı cavabdehə xx xxxx 2019-cu il tarixli 001//0414/2019 nömrəli cavab məktubu göndərərək, xx xxxx 2019-cu il tarixli ********* nömrəli hesab-fakturada və xx xxxx 2019-cu il tarixli Hİ/01-53 nömrəli xəbərdarlıqda qeyd olunan rəqəmlər arasında ziddiyət olduğunu və bu rəqəmlərin əsasının təqdim edilməsini xahiş etmişdir. Bütün bunlara baxmayaraq, xx xxxx 2019-cu ildə cavabdehin işçiləri iddiaçının su təchizatını dayandırmış və pulun ödənilməsini tələb etmişlər. İddiaçı tərəfindən cavabdehə xx xxxxxx 2019-cu il tarixli 001//0430/2019 nömrəli məktub göndərilmiş və həmin məktubda qüvvədə olan qanunvericiliyin müddəalarına istinad edilərək, müdaxilənin müəyyən olunması zamanı yol verilmiş qüsurlar, habelə hesablanmanın səhv aparılmasına dair ətraflı şərh verilsə də, cavabdeh tərəfindən müvafiq tədbirlər görülməmiş və təchizat bərpa edilməmişdir. Sonradan, yəni 2019-cu ilin 19-23 avqust dövründə iddiaçıya məxsus əraziyə yeni suölçən cihazı quraşdırılmışdır. Bu zaman tərəflər arasında şifahi razılıq əldə edilmiş və məsələ məhkəmədənkənar qaydada həll olunanadək sayğaca yüklənən məbləğin bir hissəsinin hesab-fakturada qeyd olunan məbləğin silinməsinə yönəldilməsi qərara alınaraq, xx xxxxxx 2019-cu ildə su təchizatı bərpa edilmişdir. Lakin su təchizatı bərpa edildiyi tarixdən bir gün sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə iddiaçıya yeni xəbərdarlıq göndərilmiş və xx xxxxxxxx 2019-cu il tarixdə təchizat növbəti dəfə dayandırılmışdır. Cavabdehin məsələnin məhkəmədənkənar qaydada həll olunması istiqamətində heç bir niyyəti olmadığından, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçı “X5” MMC-yə məxsus müqavilə nömrəsi 152181 olan “xxxx” metal emalı müəssisəsində sayğac Cavabdeh ASC-nin nümayəndələri tərəfindən xx xxxx 2019-cu il tarixli iş əmri ilə çıxarılaraq dövrü yoxlama üçün Nəzarət Ölçü Cihazları İdarəsinin Suölçən X1 göndərilmişdir. xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli laboratoriya rəyindən görünür ki, iddiaçıya məxsus suölçən cihazın zavod möhürünün olmadığı, hesablama mexanizmini kipləşdirən halqanın vintləri tam sıxılmadığına, zavod plombu bağlanan vintdə vintaçanın izləri olduğuna görə sayğacın hesablayıcı mexanizmində müdaxilə aşkar olunmuşdur. Həmin rəylə sayğacın təmirə və istismara yararsız olduğu müəyyən edilmişdir. Həmin rəy əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4 nömrəli cədvəlinə uyğun olaraq dəymiş ziyan hesablanmışdır. Tərəf bu məbləği ödəməkdən imtina etmişdir. “Sudan istifadə Qaydaları”nın 6.6-cı bəndinin tələbinə görə Suölçən cihazlar SMPDK-nın müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən dövlət yoxlamasından keçirilir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx xxxxx 2015-ci il tarixli **********30 nömrəli əmri ilə təsdiq edilmiş “Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı və onların yoxlama dövriliyi” haqqında qaydaların tələbinə görə SMART CTB-100 su sayğacı bir ildə bir dəfə dövrü yoxlamadan keçirilməlidir. “Sudan istifadə Qaydaları’’nın 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmi istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli Əlavəsinə uyğun olaraq hesablanır. Azərbaycan Respublikası “Su təchizatı və tullantı suları haqqında” Qanunun 49-cu və 50-ci maddələrinə əsasən təchizatçı müəssisənin səlahiyyətli nümayəndələri su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektə baxış keçirmək hüququna malikdirlər. “Sudan istifadə Qaydalan”nın 6.16-cı bəndinə əsasən su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Qaydaların 6.17-ci bəndinə əsasən tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Suölçən cihazın zavod möhürünün olmaması, hesablama mexanizmini kipləşdirən halqanın vintlərinin tam sıxılmaması və zavod plombu bağlanan vintdə vintaçanın izlərinin olması artıq sayğaca müdaxilə olunması faktını təsdiq edir. Qeyd olunanlardan və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş rəydən də göründüyü kimi, iddiaçı tərəfindən sayğaca müdaxilə edilmiş və bunun nəticəsində Cavabdeh ASC-nə ziyan dəymişdir. Odur ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən suyun dəyərindən formalaşır. Müvafiq olaraq, Cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdankənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi münasibətlər yaratmış olur. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-111/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə (abonent kodu: 152181) xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli rəyə əsasən hesablanmış 115257 (yüz on beş min iki yüz əlli yeddi) manat məbləğində borcun 9604,75 (doqquz min altı yüz dörd manat 75 qəpik) manat hissəsi saxlanılmaqla, qalan hissəsinin silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim Z.Sadiqov). Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: xx.xx.2019-cu il tarixdə “Cavabdeh" ASC-nin struktur tərkibinə daxil olan “Sumqayıt Sukanal” İdarəsinin əməkdaşları tərəfindən iş əmri əsasında qeyri-əhali qrupuna aid olan isteklakçının "xxxx" MMC-nin metal emalı müəssisəsinə məxsus obyektdə quraşdırılmış suölçən sayğac çıxardılaraq dövrü yoxlama üçün Nəzarət Ölçü Cihazları İdarəsi “Suölçən X3”na göndərilmişdir. Nəzarət Ölçü Cihazları İdarəsinin “Suölçən X2”nın 00416/0045344№-li Rəyinə əsasən aparılmış laborator yoxlamanın nəticəsi olaraq sayğacın zavod möhürünün olmadığı, hesablama mexanizmini kipləşdirən halqanın vintləri tam sıxılmadığına, zavod plombu bağlanan vintdə vintaçanın izləri olduğuna görə sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunmuş və sayğacın təmirə və istismara yararsız olduğu müəyyən edilmişdir. Nəticə olaraq Cavabdeh ASC-yə dəymiş zərərinin 115257 (yüz on beş min iki yüz əlli yeddi) manat məbləgində olması müəyyən edilərək istehlakçının hesabına yazılmışdır. Cavabdeh ASC su təchizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsi ilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə sayğacdankənar gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülkihüquqi münasibətlər yaratmış olur. İstehlakçı ilə su təchizatı və kanalizasiya müəssisə arasındakı qarşılıqlı münasibətləri və bununla əlaqədar yaranan digər məsələləri - “Su təchizatı və tullantı suları haqqında” AR Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 №-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları” ilə tənzim olunur. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 31.5-ci maddəsinə əsasən su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. Həmin qanunun 32.2-ci maddəsinə əsasən istehlakçı suölçən cihazların mühafizəsi tələblərinə əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri yerinə yetirə bilər. Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları"nın 6.13-cü bəndinə əsasən, Hüquqi şəxs olan istehlakçılar tərəfindən suölçən cihazın təmiz saxlanılmasına, avadanlığın qorunmasına, donvurmanın qarşısının alınmasına, su sayğacı və su xəttindəki siyirtmə, süzgəc üzərindəki plombların toxunulmazlığına cavabdeh olan şəxs müəyyən edilir. Həmin Qaydaların 6.15-ci bəndinə əsasən Suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: Həmin Qaydaların 6.15.1-ci bəndinə əsasən istehlakçının müdaxiləsi halında Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; Həmin Qaydaların 6.15.2-ci bəndinə əsasən pozuntu (suölçən cihazın göstəricilərinin xətasının AİBNDA-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Həmin Qaydaların 6.16-ci bəndində su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Beləliklə su sayğacına müdaxilə işin mübahisələndirilməyən halıdır. İddiaçı sayğaca müdaxilə faktı ilə razılaşmır və qüsurun onun tərəfindən edilmədiyini bəyan edir. Qaydalarda sayğacla bağlı baş verəcək hər hansı bir məsuliyyətin bütövlüklə müəssisənin üzərinə düşdüyü qeyd edilir. Beləliklə, sonda laborator yoxlamanın rəyinə əsasən sayğaca müdaxilə faktı müəyyən edilmiş, dəymiş zərər məbləği hesablanaraq abonentə təqdim edilmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli “Mexaniki su sayğaclarının laborator yoxlamadan keçirilməsi” haqqında Aktın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx xxxx 2019-cu ildə istehlakçı “X5” MMC-yə məxsus obyektdə quraşdırılmış su sayğacı birbaşa birləşmə yerində dövlət möhürü olmadığına görə dövrü yoxlama üçün laboratoriyaya göndərilməsi üçün istehlakçının nümayəndəsinin iştirakı ilə sökülmüşdür (Akt abonentin nümayəndəsi kimi Bahadur Ramazanov tərəfindən imzalanmışdır). İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Nəzarət-Ölçü Cihazları İdarəsinin Suölçən X3 tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəyi ilə müəyyən edilmişdir ki, xx xxxx 2019-cu il tarixli Akt əsasında çıxarılaraq Laboratoriyada yoxlanmaya təqdim edilmiş sayğacın zavod möhürü yoxdur. Həmin sayğacın hesablama mexanizmini kipləşdirən halqanın vintləri tam sıxılmayıb və zavod plombu bağlanan vintdə vintaçanın izləri var. Həmin sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunur. Sayğac təmirə və istismara yararsızdır. İş materiallarında olan istehlakçı “X5” MMC və təchizatçı Cavabdeh ASC arasında aparılan yazışmaların mətni və digər sənədlərdən görünür ki, xx xxxx 2019-cu il tarixli Akt əsasında çıxarılmış sayğacda xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəylə aşkar edilən qüsurlara görə həmin tarixdən əvvəlki 12 (on iki) aylıq (bir illik) dövrü əhatə edən müddətə 115257 m3 əlavə sərfiyyat müəyyən edilərək, həmin sərfiyyat üzrə Cavabdeh ASC tərəfindən istehlakçıya 115257 (yüz on beş min iki yüz əlli yeddi) manat məbləğində dəymiş ziyan olaraq borc hesablanmışdır. İş materiallarında olan istehlakçı “X5” MMC tərəfindən “Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin X7 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli 001//0430/2019 nömrəli məktubun məzmunundan görünür ki, istehlakçı “X5” MMC xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəyə əsasən müəyyən olunmuş qüsurlara görə əlavə sərfiyyatın 12 aylıq müddətə hesablanmasına etiraz edir və həmin Məktubda əlavə sərfiyyat qismində su həcminin müəyyən olunması üçün ən çoxu 1 (bir) aylıq hesabat aparılmalı olmasını qeyd edərək, 1 (bir) aylıq hesabat üzrə bu miqdarın 7155 kub.m. təşkil etdiyini bildirir. İş materiallarından görünür ki, xx xxxx 2019-cu il tarixli Akt əsasında çıxarılmış sayğacın əvəzində Cavabdeh ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi ilə “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanan xx xxxx 2019-cu il tarixli S-3227/19 nömrəli müqaviləyə və müvafiq sənədlərə əsasən istehlakçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus obyektə xx xxxxxx 2019-cu ildə “CTB-100” markalı 00200385 nömrəli yeni su sayğacı quraşdırılmışdır (xx xxxxxx 2019-cu il tarixli 02/05023 nömrəli “Quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair” Akt və xx xxxxxx 2019-cu il tarixli İnventarizasiya Aktı abonentin nümayəndəsi kimi Bahadur Ramazanov tərəfindən imzalanmışdır). İş materiallarında olan “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin su təchizatı ilə əlaqədar tərtib edilmiş Abonent haqqında Məlumatda əks olunmuş məlumatlardan görünür ki, qüsurlu olduğu üçün xx xxxx 2019-cu ildə çıxarılmış sayğac tərəfindən və eləcə də, xx xxxxxx 2019-cu ildə quraşdırılmış yeni sayğac tərəfindən istifadə olunan suyun hesabatı aparılmışdır ( köhnə sayğacın dövründə - 2019-cu ilin yanvar ayı üçün 7689 m3, fevral ayı üçün 8046 m3, mart ayı üçün 7542 m3, aprel ayı üçün 8956 m3 və iyun ayı üçün 7513 m3və s.). Abonent haqqında Məlumatda əks olunmuş məlumatlardan görünür ki, xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli rəylə aşkar edilən qüsurlara görə 12 (on iki) aylıq dövrü əhatə edən müddətə hesablanmış 115257 manat məbləğində (115257 m3 həcmində) əlavə sərfiyyat müəyyən edilərək, 2019-cu ilin iyul ayında borc kimi həmin Məlumata daxil edilmişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda müəyyən məbləğlərdə ödənişlər aparıldığından, ümumi qalıq borcun məbləği azalmışdır. İş materiallarında olan, Cavabdeh ASC tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəylə aşkarlanan müdaxiləyə əsasən hesablanmış hesabat “Sudan istifadə Qaydaları”nın 4 saylı Əlavəsinə uyğun olaraq 1 (bir) il müddətinə aparılaraq, 115257 m3 həcmində (115257 manat dəyərində) əlavə sərfiyyat müəyyən edilmişdir. Eyni zamanda, xx xxxx 2019-cu il tarixli Akt əsasında çıxarılmış sayğac tərəfindən 2019-cu ilin yanvar ayı üçün 7689 manat, 2019-cu ilin fevral ayı üçün 8046 manat, 2019-cu ilin mart ayı üçün 7542 manat, 2019-cu ilin aprel ayı üçün 8956 manat, 2019-cu ilin may ayı üçün 9003 manat və 2019-cu ilin iyun ayı üçün 7513 manat məbləğlərində hesabatlar aparılmışdır. Beləliklə iş materialları ilə müəyyən olunur ki, iddiaçı “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsinin su təchizatı ilə əlaqədar quraşdırılmış su sayğacı xx xxxx 2019-cu ildə qüsurlu olması səbəbindən çıxarılaraq, laboratoriya yoxlamasından keçirilmiş və həmin yoxlama nəticəsində tərtib edilmiş xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəylə müəyyən edilən nöqsanlara görə Cavabdeh ASC tərəfindən əvvəlki 12 aylıq müddəti əhatə edən 115257 manat məbləğində dəymiş ziyan kimi borc hesablanmışdır. Lakin iddiaçı “X5” MMC Cavabdeh ASC tərəfindən hesablamış həmin borc məbləği ilə razılaşmamış və sonuncuya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli 001//0430/2019 nömrəli məktubunda xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəyə əsasən müəyyən olunmuş qüsurlara görə əlavə sərfiyyatın 12 aylıq müddətə hesablanmasına etiraz edərək, əlavə sərfiyyat qismində su həcminin müəyyən olunması üçün ən çoxu 1 (bir) aylıq hesabat aparılmalı olduğunu bildirmişdir. (Qüsurlu su sayğacının çıxarılması və yenisinin quraşdırılması ilə əlaqədar tərtib olunmuş Aktların hamısında İstehlakçının nümayəndəsi kimi Bahadur Ramazanov göstərilmiş və sonuncu tərəfindən həmin Aktlar imzalanmışdır). «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 4cü maddəsinin 1-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçıdan tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1.3-cü və 2.1.5-ci bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin (bundan sonra - STKM) vəzifəsidir. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən, su təchizatı və tullantı sularının axıdılması sistemlərinə (bundan sonra – STTSAS) qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM-in hüququ var ki, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etsin. Həmin Qaydaların 6.15-ci bəndinə əsasən, suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmi istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq hesablanır. Həmin Qaydaların 6.16-cı bəndinə əsasən, su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKMin nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. Həmin Qaydaların 6.17-ci bəndinə əsasən, tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçı tərəfindən «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun və “Sudan istifadə Qaydaları”nın tələblərinin pozulması məlum xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəylə öz təsdiqini tapmış və həmin Rəylə müəyyən edilən nöqsanlara görə Cavabdeh ASC tərəfindən xx xxxx 2019-cu il tarixindən əvvəlki 12 aylıq müddəti əhatə edən dövr üçün 115257 manat məbləğində dəymiş ziyan (əlavə sərfiyyat) kimi borc hesablanmışdır. Rəyə əsasən “sayğacın zavod möhürü yoxdur, sayğacın hesablama mexanizmini kipləşdirən halqanın vintləri tam sıxılmayıb və zavod plombu bağlanan vintdə vintaçanın izləri var. Həmin sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunur. Sayğac təmirə və istismara yararsızdır” qüsurları aşkar edilmişdir. Birinci instansiya məhkəməsi işin müvafiq hallarına və iş materiallarında olan rəyə, akta, iddiaçı və cavabdeh arasında olan yazışmalara qiymət verərək həmin pozuntulara görə “Sudan istifadə Qaydaları”na əsasən itirilmiş suyun həcmi müəyyən edilərək istehlakçıdan tutulmalı olmasını qeyd etmiş, lakin itirilmiş suyun həcmi üzrə əlavə sərfiyyat müəyyən edilərkən istehlakçı (iddiaçı) “X5” MMC-yə aid Abonent haqqında Məlumatda qeyd olunan göstəricilərin nəzərə alınmalı olmasına və itirilmiş suyun həcminin 12 (on iki) ay (bir il) müddətinə deyil, 1 (bir) ay müddətinə hesablanmalı olmasına, bu halda isə, xx xxxx 2019-cu il tarixli 00416/0045344 nömrəli Rəydə qeyd olunan nöqsanlara görə 1 (bir) ay müddətinə hesablanan əlavə sərfiyyatın miqdarının 9604,75 (doqquz min altı yüz dörd manat 75 qəpik) manat məbləğində müəyyən olunmasına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 59cu maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq hüquqları vardır. Həmin Qanunun 72-ci maddəsinə əsasən, qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(119)-24/2020 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxılması üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 24/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 3 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 4 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Hökümə Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar