Məhkəmə qərarları › İş №2-2(105)-139/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-139/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-139/2023 23.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə , İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-714/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 11 yanvar 2023-cü il tarixli inventarizasiya aktından görünür ki, obyektin su təchizatı və su sayğacı qovşağının istismar vəziyyəti yoxlanılaraq "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus 50123610 nömrəli Alfasu markalı su sayğacı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən su xəttindən ayrılaraq digər sayğacla əvəz olunmuşdur. Həmin akta əsasən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus 50123610 nömrəli Alfasu markalı su sayğacı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X4 İdarəsinə təqdim edilmişdir.

2. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti X4 İdarəsi X2 labaratoriyasının 13 yanvar 2023-cü il tarixli 23610/0232951 nömrəli rəyindən görünür ki, laborator yoxlama nəticəsində "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus 50123610 nömrəli Alfasu markalı smart tipli su sayğacının elektron və mexaniki göstəriciləri arasında fərq olduğu müəyyən edilmiş, litr göstəricilərinin maqnit pəri yerindən çıxdığından nisbi xətasının yoxlanılması mümkün olmamış, sayğacın təmirə və istismara yararsız olduğu qeyd edilmişdir.

3. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş arayışa əsasən, laboratoriya rəyində litr göstəricilərinin maqnitli pəri yerindən çıxdığından nisbi xətanın yoxlanılmasının qeyri-mümkün olduğu qeyd edilmişdir. Yəni, pər yerindən çıxdığından sayğacdan keçən su qeydə alınmır. xx.xx.2021-ci il tarixində sayğac göstəricisi 11627 m3, sayğac xx.xx.2023-cü ildə sökülərkən 11639m3 olmuşdur, işləyən bir obyektdə 382 günə sayğac sadəcə 12 m3 nəzərə almışdır. Sayğac normal işləsə idi, əvvəlki sərfiyyata uyğun olaraq sayğacdan keçən suyun miqdarı orta hesabla 2262 m3 olmalı idi. Lakin sayğacın ölçdüyü 12 m3 olmuşdur. 2262 (işləməyən dövr üçün hesablanan)-419 (karta yüklənməli)=1843 m3. Karta qaytarılmalı su nəzərə alınmaqla abonentin sayğacının ölçmədiyi dövrə hesablanan orta su sərfinin həcmi 1843 m3-dir.

4. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Sukanal İdarəsi tərəfindən təsdiqlənmiş 07 fevral 2023-cü il tarixli 151098 nömrəli üzləşmə aktına görə "xxxx" Mənzil Tikinti Kooperativinin 01 fevral 2023-cü il tarixə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə 3682,08 manat məbləğində qalıq borcu vardır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsində 07 fevral 2023-cü il tarixdə tərtib edilmiş 151098 nömrəli üzləşmə aktına əsasən hesablanmış 3628,08 (üç min altı yüz iyirmi səkkiz manat 08 qəpik) manat məbləğində borcun silinməsi və ödənilmiş 63 manat mediasiya xərcinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə müqavilə bağlanmış və "xxxx" Mənzil Tikinti Kooperativi müqavilə üzrə vaxtlı-vaxtında öhdəliyini yerinə yetirmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin 2022-ci il üzrə qalıq borcu 0,92 manat olduğu halda, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Sukanal İdarəsinin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş, bilinməyən səbəbdən "xxxx" Mənzil Tikinti Kooperativinə 3628,08 manat əsassız borc hesablanmışdır. Belə ki, 2022-ci il üzrə müqavilədən yaranmış öhdəliyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə cavabdeh təşkilata ümumilikdə 3014 manat məbləğində pul ödənilmiş, 2023-cü ilə qalıq borc 0,92 qəpik təşkil etmişdir. Lakin 07 fevral 2023-cü il tarixdə Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsində tərtib edilmiş 151098 nömrəli üzləşmə aktına əsasən sudan istifadə və kanalizasiya (tullantı sularının axıdılması) xidmətlərinə görə tərəflər arasında qarşılıqlı hesablaşmalar araşdırılmış və müəyyən olunmuşdur ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə qədər olan dövrdə "xxxx" Mənzil Tikinti Kooperativinə ümumilikdə 3628,08 (üç min altı yüz iyirmi səkkiz manat 08 qəpik) manat məbləğində borc hesablamışdır. Belə ki, həmin akt təktərəfli şəkildə tərtib edilərək "xxxx" Mənzil Tikinti Kooperativinə xəbərdarlıq edilməmiş, nəticədə əsassız olaraq hesablanmış borcdan tutulmalar həyata keçirilərək hüquqi şəxsin istehlak hüquqları pozulmuşdur. ünvan 1 ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə suölçən cihaz quraşdırılmış və əvvəlki dövrlər üçün hesablanmış qalıq borcu 0,92 qəpik məbləğində olmuş, aktda nəzərdə tutulmuş hesablaşmanın və məbləğin hansı qaydalara uyğun hesablandığı və hansı dövrü əks etdirdiyi isə göstərilməmişdir. Buna görə də 07 fevral 2023-cü il tarixdə Cavabdeh ASC-nin Sumqayıt Sukanal İdarəsində tərtib edilmiş 151098 nömrəli üzləşmə aktına əsasən hesablanmış 3628,08 (üç min altı yüz iyirmi səkkiz manat 08 qəpik) manat məbləğində borc əsassızdır və həmin borc məbləği silinməlidir. Hazırkı mübahisə ilə bağlı iddiaçı tərəfindən mediatora müraciət olunmuş, cavabdeh təşkilat ilkin mediasiya sessiyasında iştirak etmədiyindən proses baş tutmamış və Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-00512 saylı arayış verilmişdir.

7. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən 3628,08 (üç min altı yüz iyirmi səkkiz manat 08 qəpik) manat məbləğində borcun silinməsi və ödənilmiş 63 manat mediasiya xərcinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda o, üzləşmə aktında borcun məbləği 3682,08 manat göstərilsə də, iddia ərizəsində texniki səhv nəticəsində 3628,08 manat məbləğində borcun silinməsinin xahiş olunduğunu qeyd etmişdir.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus su sayğacı çıxarılaraq laboratoriyaya göndərilmiş, sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq olduğu müəyyən edilmiş və müavfiq rəydə litr göstəricilərinin maqnit pəri yerindən çıxdığından nisbi xətasının yoxlanılmasının mümkün olmadığı, sayğacın təmirə və istismara yararsız olduğu qeyd edilmişdir. Bundan sonra karta qaytarılmalı su nəzərə alınmaqla abonentin sayğacının ölçmədiyi dövrə orta sərfinin həcmi 1843 m3 hesablanmışdır. O, yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığını bildirmişdir.

9. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-714/2023 nömrəli, 09 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə (VÖEN: **********) hesablanmış 3628,08 (üç min altı yüz iyirmi səkkiz manat 08 qəpik) manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, mediasiya ilə əlaqədar ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 (altmış) manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-dən tutularaq iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə ödənilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 56,28 (əlli altı manat 28 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

11. Məhkəmə gəldiyi nəticəni “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2, 31.2, 31.2.3, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1, 9.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.3, 119.1, 119.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nümayəndələr tərəfindən sayğaca baxış keçirilən zaman iddiaçıya məxsus sayğacın zədələnməsini müəyyən etmək mümkün olmadığından sayğac CavabdehSC X4 İdarəsi“ X2 Laboratoriyası”na göndərilmişdir. Laboratoriyanın 13 yanvar 2023-cü il tarixli 23610/0232951 saylı rəyinə əsasən, cihazın elektron və mexaniki göstəriciləri arasında fərq var, sayğacın litr göstəricilərinin maqnitli pəri yerindən çıxdığından nisbi xətasının yoxlanmasının mümkün olmaması barədə rəy verilmişdir. Belə ki, yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən arayış, laboratoriya rəyi sübut qismində məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddiaçının yaranmış borcun laboratoriya rəyinə əsasən sayğacın təmirə və istismara yararsız olması nəticəsində hesablanması və hal-hazırda yaranmış borcun tam ödənilməli olduğunu araşdırmalı idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:

2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2. həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Maddə 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 31.2. Yoxlama aktında aşağıdakılar göstərilir: 31.2.3. yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod.

17. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamə: 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.1. Yoxlamanın qeydiyyata alınması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal), eləcə də yoxlamanın dayandırılması və vergi yoxlamalarının müddətinin artırılması barədə yoxlayıcı orqanlara qeydiyyat aparıldığı gün, habelə yoxlanılan sahibkarlıq fəaliyyəti subyektlərinə sorğu əsasında sorğunun daxil olduğu gündən 1 iş günü müddətində gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş Reyestrdən çıxarış onlayn rejimdə təqdim olunur. 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

22. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdehin apardığı yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Cavabdeh ona istinad edir ki, sayğac təmirə və istismara yararsız olduğundan borc hesablanmışdır. Hal-hazırda yaranmış borc məbləği araşdırılmalı idi.

23. Halbuki yuxarıda isitnad olunan qanunvericilik normalarının tələbindən görünür ki, sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən bütün növ yoxlamalar (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmalıdır.

24. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-714/2023 nömrəli, 09 avqust 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar