Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-145/2020 30.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X1 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı "İddiaçı" İB-nin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya işi ilə bağlı qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin iddianı təmin etmə tədbiri barədə ərizəsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-766/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" İB cavabdeh “xxxx” MMC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 237.227,30 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iş üzrə cavabdeh “xxxx” MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı" İB tərəfindən “xxxx” MMC-yə artıq hesablanmış 241.236,90 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC iddianı təmin etmə tədbiri barədə ərizə verərək, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən **********00086 nömrəli abonent kodu olan istixanaya təbii qazın verilməsinin bərpa edilməsi və qaz təchizatının dayandırılmasının "İddiaçı" İB-nə qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-766/2020 saylı xx xxxxxx 2020ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, onun təmin edilməməsinə səbəb kimi ərizənin əsaslandırılmaması qeyd olunmuşdur. (hakim X.Tağıyev) Qərardaddan narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-766/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində **********00086 saylı abonent kodu olan istixana fəaliyyət göstərir. Həmin istixana İddiaçı İB tərəfindən təbii qazla təmin edilmişdir. Belə ki, 2019-cu il tarixdə həmin istixananın sayğacı tənzimləyicinin texniki istismar qaydalarına zidd olaraq yeri dəyişdirilərək sayğacdan sonraya keçirilmişdir. Halbuki həmin tarixə kimi tənzimləyici sayğacdan öndə yerləşirdi. Belə olan halda tənzimləyicinin yeri dəyişdiyindən, təbii qaz tənzimlənmədən birbaşa sayğaca daxil olduğundan və təzyiq çox olduğu üçün qaz sərfiyyatı artmışdır. Buna görə istixanaya hesablanmış ümumi 241.236,90 manat borc əsassızdır və xüsusi bilik tələb edən şəxslərin (ekspertlərin) iştirakı ilə yenidən hesablanmalıdır. Bununla bağlı toplu halında Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərinin tənzimləmə Agentliyi Bakı Şəhər Regional Bölməsinə müraciət olunmuşdur və qeyd edilən müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.3.6-cı yarımbəndinə istinad edilməklə, “5 iş günü müddətində sayğacdan əvvəl quraşdırılmış qaz tənzimləyicinin sayğacdan sonra quraşdırılması məqsədilə LSS-də dəyişiklik edilməsi üçün “İddiaçı Layihə İnşaat” QSC-yə müraciət olunması, əks təqdirdə müəssisənin qaz təchizatının əlavə xəbərdarlıq edilmədən dayandırıılacağı barədə İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinin tələbi (bildirişi) tamamilə qanunsuz və əsassız olduğuna görə istehlakçılar üçün heç bir hüquqi nəticə yarada bilməz və qeyd olunan əsaslarla müəssisələrə qazın verilməsi dayandırıla bilməz. Texniki şərtdə nəzərdə tutulmuş istixanaya çəkilmiş qaz xəttində qaz sayğacının tənzimləyicidən əvvələ quraşdırılması nəticəsində sayğac qaz sərfiyyatını artıq hesablamışdır. Təzyiqin yüksək olması elektron korrektorun qazın həcmini faktiki istifadə olunmuş qaz həcmindən qat-qat artıq hesablamasına bilavasitə təsir göstərir. Buna etiraz etdikdə qaz idarəsinin işçiləri tənzimləyicinin yerinin dəyişdirilməsinin məcburi olduğunu, əks təqdirdə qaz təchizatının dayandırılacağını bildirmişlər. Tənzimləyici qanunsuz olaraq sayğacdan sonraya keçirildikdən sonra qaz sərfiyyatı süni olaraq dəfələrlə artmağa başlamışdır. Cavabdeh təşkilat bu qanunsuz hərəkətləri ilə sahibkarların hesabına əsassız borclar hesablayaraq qaz itkilərini ört-basdır etməyə çalışır. Bundan əlavə, hüquqi şəxs olaraq “xxxx” MMC-nin sərmayə şəkilində qoyduğu vəsait İddiaçı İB-nin qanunsuz hərəkətləri nəticəsində məhv olmaq mərhələsindədir. Göstərilənlərə əsasən, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-766/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi, iddianın təmin etmə tədbiri barədə ərizənin təmin olunaraq “xxxx” MMC-yə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən **********00086 saylı abonent kodu olan istixanaya təbii qazın verilməsinin dayandırılmasının İddiaçı İB-nə qadağan edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-766/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim X.Tağıyev) Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, iddianın təmin tədbiri haqqında ərizəni və şikayəti arapşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-766/2020 saylı 02.11 2020-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 06.11 2020-ci il tarixli qərardadı ləğv edilməli və iddianın təmin tədbiri barədə ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC qarşılıqlı iddia ərizəsi ilə cavabdeh İddiaçı tərəfindən hesablanmış 241.236,90 manat məbləğində borcu mübahisələndirmişdir. Kollegiya qeyd edir ki, mübahisələndirilən borc məbləğinə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-yə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən **********00086 nömrəli abonent kodu olan istixanaya təbii qazın verilməsinin dayandırılması - sonuncunun sahibkarlıq fəaliyyətini həyata keçirməsinə maneələr yarada və həmin sahibkara və digər şəxslərə zərər vura bilər. Məhkəmə kollegiyası hesab edir ki, mövcud mübahisə üzrə 241.236,90 manat məbləğində hesablanmış borc məhkəmə qaydasında mübahisələndirildiyindən, məhkəmənin mövcud mübahisə üzrə aktı olmadan hesablanmış borc ilə əlaqədar hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) həyata keçirilməsi qarşılıqlı iddia üzrə iddiaçının normal fəaliyyət göstərməsinə maneçilik törətdiyindən, o cümlədən məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılıb yekun qərar çıxarılanadək qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən istifadə ediləcək təbii qazın dəyəri ödənilməli olduğuna görə və bunun nəticəsində qarşı tərəfə (cavabdehə) zərər dəymədiyindən, əksinə o, sərf edilmiş qazın dəyərinə görə qazanc əldə etdiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinin tələblərinə görə, məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan edə bilər. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 02.11 2020-ci il tarixli, e-2-2(119)- 766/2020 saylı qərardadı və şikayət təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 06.11 2020-ci il tarixli, e-2-2(119)- 766/2020 saylı qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. İddianın təmin tədbiri kimi mülki işə mahiyyəti üzrə baxılanadək Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus istixanaya (abonent kodu **********00086) təbii qazın verilməsinin dayandırılması cavabdeh İddiaçınə qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrasının təmin edilməsi Bakı şəhər Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2-2(105)-145/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-145/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver