Məhkəmə qərarları › İş №2-2(105)-15/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-15/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-15/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh X7 qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-447/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-447/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Xəqani Tağıyev) Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh X7 qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 2.138,40 (iki min bir yüz otuz səkkiz manat, qırx qəpik) manat məbləğində maddi zərərin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AKX-2/26 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilə üzrə R.Məmmədovun rəhbərlik etdiyi obyekt İddiaçı İB tərəfindən təbii qazla təchiz olunmuşdur (abonent kodu: **********00000). İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik qoyulmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş xx.xx.2019-cu il tarixli, ******* saylı aktda sayğacda qeyd olunan nöqsan “M1:4.00m3, M2:6300.00 m3, obyekdə sayğacdan kənar qaz xəttindən istifadə olunur, sayğaca vizual baxış keçirildi, klapan bağlıdır, sərfiyyat 4,6 m3”, yazılmışdır. Sumqayıt QİS-nin işçiləri tərəfindən təbii qaz sayğacına baxış keçirilmiş, yerində xx.xx.2019-cu il tarixli, ******* saylı akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan “Obyekydə sayğacdan kənar qaz xətti qoşulub, istifadə olunur” yazılmışdır. İddiaçı İB-nin nümayəndələri tərəfindən həmin obyektə baxış keçirilmiş, istifadə olunan avadanlıqların siyahısı tutularaq akt tərtib edilmişdir. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2019-cu il tarixli aktla qaz işlədicilərinin PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, restoran tipli QSQ-nın maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, iran sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 10692m3 x 0,20=2138,40 (iki min yüz otuz səkkiz manat qırx qəpik) manat cərimə hesablanmışdır. X8 müqavilə öhdəliklərinə əməl etməmiş, təbii qazın dəyərini tam ödəməmiş və nəticədə xx.xx.2019-cu il tarixə İddiaçı İB-nin X13 Sahəsinə 2138,40 manat borcu yaranmışdır. X8 tərəfindən, ümumilikdə, xx.xx.2019-cu il tarixə İddiaçı İB-nin X13 Sahəsinə 2138,40 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmuş və sonuncu dəfə xx.xx.2020-ci il tarixli, 01/EH-05-519 saylı məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, İddiaçı ilə X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AKX-2/26 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğuşundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilə üzrə obyekt İddiaçı tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş və istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik qoyulmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı xx.xx.2019-cu il tarixli aktda sayğacda qeyd olunan nöqsan “M-1:4.00m, obyektdə sayğacdan kənar qaz xəttindən istifadə olunur, sayğaca vizual baxış keçirildi, klapan bağlıdır, sərfiyyat 4,6m yazılmışdır. Əməkdaşları tərəfindən obyektin istifadə etdiyi təbii qaz sayğacına baxış keçirilmiş və yerində ******* saylı xx.xx.2019-cu il tarixli akt tərtib edilmiş və aktda qeyd olunan nöqsan “obyektdə sayğacdan kənar qaz xətti qoşulub istifadə olunur”, yazılmışdı. İddiaçı İB-nin nümayəndələri tərəfindən həmin obyektə baxış keçirilərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdir. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2019-cu il tarixli aktla qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, restoran tipli QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 180 gün, iran sobasının maksimal saatlıq qaz sərfi 1,5m/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 10692m x0,20=2138,40 manat cərimə hesablanmışdır. X8 müqavilə öhdəliklərinə əməl etməmiş, nəticədə xx.xx.2019-cu il tarixə İddiaçı X13 Sahəsinə 2138,40 manat borcu yaranmışdır. Vətəndaşlar tərəfindən qaz sayğaclarına müdaxilə halları kütləvi hal almışdır. Sayğaclara müdaxilə halları hüquq mühafizə orqanlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində bir neçə dəfə qarşısı alınmış və bəzi şəxslər məsuliyyətə cəlb edilmişdir. Göstərilən faktlar kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Bu kimi faktlara məhkəmələr tərəfindən səthi yanaşaraq düzgün hüquqi qiymət verilmir. X2 eyni predmet üzrə qaldırdığı iddia tələbi Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-1758/2018 saylı qərarı ilə təmin edilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsi qeyd olunan halları araşdırmadan, qeyri-obyektiv olaraq xx.xx.2020-ci il tarixli, e-2-2(119)-447/2020 saylı qətnamə qəbul etmişdir. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X11 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X7 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı İB ilə X8 arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” haqqında müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, obyektdə sayğacdan kənar qaz xətti qoşulması aşkar olunmuşdur. Birinci instansiya məhkəməsi tərəflərin iştirakı ilə ünvan 1 ünvanında yerləşən mübahisəli sayğaca yerli baxış keçirmişdir. Yerli baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehə məxsus çayxana kimi fəaliyyət göstərən kafenin arxa hissəsində köhnə paslanmış borularla çəkilmiş sayğac yerləşdirilib. Hər-hansı qanunsuz qoşulma izləri aşkar olunmamışdır. Yerli baxış zamanı şahid qismində dindirilən İddiaçı İB-də ərazi üzrə usta vəzifəsində çalışan X5 izahat verərək bildirmişdir ki, 2-3 ildir bu əraziyə nəzarət edir. Qaz xətlərini əvvəl necə görmüşdürsə, o vəziyyətdədir. Həmçinin şahid qanunsuz qoşulma olduğunu təsdiq etməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərək, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.2, 427.3, 442, 448.1-ci maddələrinə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. İş materiallarından görünür ki, İddiaçı İB cavabdeh barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. İddiaçı tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB tərəfindən reyestrdə qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi olmadığından, 2138,40 manat məbləğində borcun ödənilməsi barədə iddia tələbi əsaslı deyil, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-447/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar