Məhkəmə qərarları › İş №2-2(105)-153/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-153/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-153/2023 18.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə , İddiaçının nümayəndəsi Qanuni nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1042/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 19 may 2023-cü il tarixli R 053681 nömrəli Aktdan görünür ki, istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan Sumqayıt şəhəri ərazisində yerləşən "təkrar emal” sexinin (abonent kodu: **********7) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına saat 18:30-da baxış keçirilmiş və baxışla əlaqədar tərtib olunan həmin Aktda “sayğaca baxış keçirilən zaman sayğacın yaddaşı kompyuter vasitəsi ilə oxunan zaman müxtəlif tarixlərdə gərginlik itkisi müşahidə olundu” qeydləri aparılmış və həmin sayğac çıxarılaraq laboratoriyaya yoxlanması üçün götürülmüşdür.

2. 19 may 2023-cü il tarixli KY231923540 nömrəli “Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrindən" Çıxarışdan görünür ki, 19 may 2023-cü il tarixdə yoxlayıcı orqan "xxxx" ASC tərəfindən yoxlanılan sahibkarlıq fəaliyyətinin subyekti olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "təkrar emal” sexində sayğacın göstəricisinin oxunması zamanı “sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi və sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” məqsədilə keçirilən yoxlama Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid Məlumat Reyestrində qeydiyyatdan keçirilmişdir.

3. "xxxx" ASC-nin Laboratoriya Mərkəzi tərəfindən 23 may 2023-cü ildə tərtib edilmiş “Sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında” 012600 nömrəli Akt- Protokoldan görünür ki, sayğaca 23 may 2023-cü il tarixdə Laboratoriyada baxış keçirilmiş və baxış zamanı yoxlamanın nəticəsi kimi-“sayğac normal buraxılan xəta ilə işləyir. Xüsusi proqram əlavəsilə oxunan zaman müxtəlif vaxtlarda hər 3 fazada cərəyan və gərginlik kəsilmələri müşahidə olundu” və “sayğacın alt qapaq möhürü normaldır. Sayğacın AZS möhürü normaldır” qeydləri yazılmışdır.

4. 23 iyun 2023-cü il tarixli “Qeyri-əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərə dair” Cədvəldən görünür ki, "xxxx" MMC-nin istifadəsində olan "təkrar emal” sexinə (abonent kodu: **********7) "sayğacın yaddaşını kompyuter vasitəsi ilə oxunan zaman müxtəlif tarixlərdə gərginlik itkisi müşahidə olundu" qüsuruna görə Wei = 147114 kVts : 24 gün x 53 gün - 160200 kvts = 164677 kVts 164677 kVts x 0,10 = 16467,7 manat hesablanmaqla, ümumilikdə cəmi 16467,7 manat məbləğində birdəfəlik əlavə elektrik enerjisi sərfiyyatı hesablanmışdır.

5. 14 sentyabr 2023-cü ildə çap edilmiş istehlakçı "xxxx" MMC-nin istifadəsində olan "təkrar emal” sexinə aid Abunə haqqında Hesabatla (abonent kodu **********7) müəyyən olunur ki, 19 may 2023-cü il tarixli R 053681 nömrəli Akta əsasən istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Sumqayıt şəhəri ərazisində yerləşən "təkrar emal” sexinin hesabına 23 iyun 2023-cü ildə birdəfəlik 16467,7 (on altı min dörd yüz altmış yeddi manat 70 qəpik) manat məbləğində borc hesablanmışdır.

6. İstehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan "təkrar emal” sexinə (abonent kodu: **********7) aid Abunə haqqında Hesabatlara və "xxxx" ASC tərəfindən tərtib edilmiş digər sənədlərə əsasən müəyyən olunur ki, istehlakçı "xxxx" MMC-nin istifadəsində olan Sumqayıt şəhəri ərazisində yerləşən sahibkarlıq obyektinin ("təkrar emal” sexinin) elektrik təchizatı ilə əlaqədar quraşdırılmış elektrik hesabat sayğacına keçirilmiş baxış zamanı tərtib edilmiş 19 may 2023-cü il tarixli R 053681 nömrəli Aktda qeyd olunan qüsura görə, yəni “sayğacın yaddaşı kompyuter vasitəsi ilə oxunan zaman müxtəlif tarixlərdə gərginlik itkisi müşahidə olundu” qüsuruna görə itirilmiş elektrik enerjisi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 8.16cı bəndinin tələblərinə uyğun olaraq 80 gün üçün yenidən hesablama aparılmış və həmin hesabatla 16467,7 (on altı min dörd yüz altmış yeddi manat 70 qəpik) manat məbləğində əlavə sərfiyyat üzrə borc hesablanaraq, ödənilməli borc kimi istehlakçı "xxxx" MMC-nin abonent hesabına daxil edilmişdir.

7. İstehlakçı "xxxx" MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə aid Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, 19 may 2023-cü il tarixli R 053681 nömrəli Akt tərtib edilməklə götürülmüş məlum sayğac tərəfindən hesabat-qeydiyyat aparılarkən həmin abonentin elektrik enerji sərfiyyatları 30 dekabr 2022-ci ildə 14711,4 manat məbləğində (23 gün üçün), 31 yanvar 2023-cü ildə 9046,8 manat məbləğində (32 gün üçün), 27 fevral 2023-cü ildə 11431,8 manat məbləğində (27 gün üçün), 30 mart 2023-cü ildə 14940 manat məbləğində (31 gün üçün), 30 aprel 2023cü ildə 10170 manat məbləğində (31 gün üçün), 21 may 2023-cü ildə 5850 manat məbləğində (21 gün üçün) olmuşdur. 19 may 2023-cü il tarixli R 053681 nömrəli Akt tərtib edildikdən sonra, yəni həmin qeyri-yaşayış sahəsində istifadə olunan elektrik enerjisinin yeni sayğac vasitəsi ilə hesabatının aparılması bərpa edildikdən sonra isə 30 may 2023-cü ildə 2663,01 manat məbləğində (7 gün üçün), 21 iyun 2023-cü ildə 9115,29 manat məbləğində (22 gün üçün), 26 iyul 2023-cü ildə 14836,5 manat məbləğində (35 gün üçün) və 25 avqust 2023-cü ildə 12666,6 manat məbləğində (30 gün üçün) elektrik enerjisi sərfiyyatları olmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 03 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 16467,7 manat məbləğində borcun ləğv edilərək iddiaçının şəxsi hesabından silinməsi və ödənilmiş 205 manat məbləğində mediasiya xərcinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, Çerkask küçəsi, 42-ci məhəlləsində yerləşən iddiaçı "xxxx" MMC-nin təkrar emal sexi kimi fəaliyyət göstərən obyektinə işıq sərfiyyatına görə Protokol-Akt tərtib edərək 16467,7 manat borc hesablanmış və şəxsi hesabında bu borc qeydə alınmışdır (abonent kodu **********7). Həmin borcun yaranmasının səbəbi iddiaçıya məlum deyildir və buna görə də, iddiaçı tərtib edilmiş protokol nəticəsində hesablanmış həmin borcu qanunsuz hesab edərək, bu barədə cavabdehə pretenziya və mediasiya təklifi göndərilmişdir. Tərəflər arasında mediasiya prosesi təyin edilmiş, cavabdehin nümayəndəsi ilkin mediasiya prosesindən sonra mediasiya prosesinin davam etdirilməsindən imtina etmişdir. Mediator tərəfindən bu barədə arayış tərtib edilmiş və iddiaçı tərəfindən 205 manat məbləğində mediasiya xərci ödənmişdir. Ona görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edir. Bu mübahisədə cavabdehin iddiaçıya borc hesablaması əsassızdır. Belə ki, tərtib edilmiş protokol-aktlardan da görünür ki, sayğac yoxlanarkən plombu üzərində olmuş, heç bir müdaxilə izləri olmamışdır. Lakin cavabdeh heç bir texniki və hüquqi əsas olmadan belə hesab edir ki, sayğacda müəyyən gərginlik itkisi müşahidə edilmişdir ki, bu da iddiaçıdan asılı məsələlər deyildir. Əsas odur ki, obyektdə olan sayğaca hər hansı bir müdaxilə olmamış və plomb toxunulmaz olmuşdur. Belə olduğu təqdirdə cavabdehin öz şəxsi mülahizələri ilə iddiaçıya borc hesablaması qanunsuz olmuşdur və bu borc iddiaçının şəxsi hesabından silinməklə ləğv edilməlidir.

10. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia tələbinə Etiraz” təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aşağıda sadalananlara əsasən iddiaçı "xxxx" MMC-nin "xxxx" ASCyə qarşı hazırkı iddia tələbi əsassız və hüquqdan sui-istifadə olduğu üçün təmin olunmamalıdır. Belə ki, 19 may 2023-cü ildə X2 əməkdaşları tərəfindən Sumqayıt şəhərində iddiaçıya məxsus abunə kodu **********7 olan "xxxx" MMC-yə məxsus “təkrar emal sexi” kimi fəaliyyət göstərən quraşdırılmış elektrik hesabat sayğaca baxış keçirilən zaman sayğacın yaddaşı komputer vasitəsi ilə oxunarkən sayğacda müxtəlif tarixlərdə gərginlik itkisi müşahidə olunması halı aşkar edilmiş və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra EEİQ) 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məlum halla əlaqədar “Elektrik enerjisindən istifadə qaydaları”na əsasən 19 may 2023-cü il tarixli 053681 nömrəli Akt tərtib edilmişdir. Akta əsasən abonentə 16467,7 hesablaşma aparılmışdır. Bundan başqa qeyd olunan faktla bağlı daha da obyektiv araşdırma aparılması məqsədi ilə həmin sayğac quraşdırıldığı yerdən istehlakçının nümayəndələrinin iştirakı ilə çıxarılaraq xüsusi qutuya qoyulmaqla möhürlənib göndərildiyi "xxxx" ASC-nin ixtisaslaşmış laboratoriyasında xüsusi komissiya tərəfindən yoxlanılmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, həmin elektrik hesabat sayğacının alt qapaq möhürü, sayğacın AZS möhürü normaldır və sayğac normal buraxılan xəta ilə işləyir. Sayğac xüsusi proqram əlavəsi ilə oxunan zaman müxtəlif vaxtlarda hər 3 fazada cərəyan və gərginlik kəsilmələri müşahidə olunması halı bir daha müəyyən edilərək, 23 may 2023 il tarixli 012600 nömrəli protokolla təsdiq edilmişdir. İstehlakçının nümayəndəsi Qanuni nümayəndə da həmçinin laborotoriya yoxlamasında iştirak edərək, onun nəticəsini öz imzası ilə təsdiq etmişdir. Həmçinin qeyd olunmalıdır ki, yoxlama 19 may 2023-cü il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən qeydiyyatdan keçmişdir və bununla əlaqədar yoxlama kodu KY231923540 olan çıxarış məhkəməyə təqdim edilir.

11. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin olunması və 19 may 2023-cü il tarixli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan Sumqayıt şəhəri ərazisində yerləşən "təkrar emal” sexinə əlavə sərfiyyat olaraq hesablanmış 16467,7 manat məbləğində borcun silinməsi və ödənilmiş 205 manat məbləğində mediasiya xərcinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Sumqayıt şəhəri ərazisində yerləşən və abonent kodu **********7 olan "təkrar emal” sexinin istehsal xüsusiyyətlərinə uyğun olaraq bəzən sexdə istehsal avadanlıqları işləmir və boş dayanmalar olur. Çünki, sexdə istehsal prosesi mövcud sifarişlərə uyğun təşkil olunur. Yəni, sexin istehsal etdiyi məhsula sifariş olmadıqda sexin istehsal fəaliyyəti dayandığına görə, sexdəki istehsal avadanlıqları da işləmir. Bu halda isə, təbii olaraq elektrik sayğacı hesabat aparmır və yaxud işləyən elektrik cihazlarının gücünə uyğun hesabat aparır. Ona görə də, heç bir müdaxilə olunmamış sayğacın hesabat aparmadığı dövrlər üzrə əlavə pul hesablanaraq tələb olunması əsassızdır.

12. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh tərəfindən iddiaçıya hesablanmış 16467,7 məbləğində manat borcun ləğv edilərək iddiaçının şəxsi hesabdan silinməsi və ödənilmiş 205 manat məbləğində mediasiya xərcinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirib, iddia tələbinə qarşı verilmiş “Etiraz”da göstərilənlərə uyğun izahat verərək, əsassız olduğu üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1042/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Z.Sadiqov) iddianın qismən təmin edilməsi, 19 may 2023-cü il tarixli R 053681 nömrəli Akt əsasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) istifadəsində olan Sumqayıt şəhəri ərazisində yerləşən "təkrar emal” sexinə (abonent kodu **********7) əlavə sərfiyyat olaraq hesablanmış 16467,7 (on altı min dörd yüz altmış yeddi manat 70 qəpik) manat məbləğində borcun silinməsi, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 102,5 (yüz iki manat 50 qəpik) manat hissəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 139,4 (yüz otuz doqquz manat 40 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan Sumqayıt şəhəri ərazisində yerləşən "təkrar emal” sexinə (abonent kodu **********7) quraşdırılmış elektrik hesabat sayğacına 19 may 2023-cü ildə baxış keçirilən zaman “alt qapaq möhürü və AZS möhürü normal” olan və kənar müdaxilənin müəyyən olunmadığı sayğacın yaddaşı kompyuter vasitəsi ilə oxunan zaman “müxtəlif tarixlərdə gərginlik itkisi müşahidə olundu” qüsuru aşkar edilmiş olsa da, həmin qüsurların aid olunduğu dövrdə həqiqətən də "təkrar emal” sexində elektrik enerjisindən istifadə olunan avadanlıqların işləməsi və elektrik enerjisindən istifadə olunub-olunmaması müəyyən edilmir. Çünki, yoxlama sənədlərində qeyd olunan fasilələr vaxtı iddiaçıya məxsus "təkrar emal” sexində istehsal fəaliyyətinin həyata keçirilməsi və həmin vaxtlarda elektrik enerjisindən istifadə olunub-olunmaması mötəbər sübutlar əsasında təsdiq olunmur. Halbuki, məhkəmə araşdırması zamanı iddiaçı tərəf sexdə elektrik enerjisindən istifadənin miqdarının iş vaxtlarında gündəlik istehsal gücündən və faktiki elektrik enerjisi avadanlıqlarından istifadə olunma dərəcəsindən asılı olduğunu bildirmişdir. Bununla da, hazırkı mübahisə üzrə aparılan məhkəmə araşdırması zamanı 19 may 2023-cü il tarixli R 053681 nömrəli Aktda qeyd olunan qüsura görə 16467,7 (on altı min dörd yüz altmış yeddi manat 70 qəpik) manat məbləğində əlavə sərfiyyatın hesablanmasının əsaslılığı mötəbər subutlar əsasında təsdiq olunmamışdır.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının 4.1, 8.2, 8.13, 8.14, 8.16, 9.10, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1-1, 9.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4, 218.3, 119.1, 119.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nin 8.16-cı bəndə əsaslanmışdır ki, həmin bəndin məzmununa görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

19. Qətnamədə qeyd edilmişdir ki, hər ay elektrik hesabat sayğacının göstəriciləri oxunarkən sayğacda “müxtəlif tarixlərdə gərginlik itkisi müşahidə olunması” barədə hər hansı bir məlumat verilməmiş və yaxud akt tərtib edilməmişdir. Lakin nəzərə çatdırılır ki, elektrik hesabat sayğacına baxış keçirilən zaman sayğacın yaddaşına komputer vasitəsilə oxunan zaman müxtəlif tarixlərdə gərginlik itkisi müşahidə olunması halı aşkar edilmiş (yəni bu gözlə görünüb oxunan məlumatlar deyil.) və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ-nin 8.16-cı bəndə əsaslanmışdır ki, həmin bəndin məzmununa görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 4.1-ci bənd. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.2-ci bənd. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.13-cü bənd. Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. 8.14-cü bənd. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.16-cı bənd. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 9.10-cu bənd. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İşin müəyyən edilmiş hallarından görünür ki, istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) istifadəsində olan Sumqayıt şəhəri ərazisində yerləşən "təkrar emal” sexinə (abonent kodu **********7) quraşdırılmış elektrik hesabat sayğacına 19 may 2023-cü ildə baxış keçirilən zaman “alt qapaq möhürü və AZS möhürü normal” olan və kənar müdaxilənin müəyyən olunmadığı sayğacın yaddaşı kompyuter vasitəsi ilə oxunan zaman “müxtəlif tarixlərdə gərginlik itkisi müşahidə olundu” qüsuru aşkar edilmişdir. Həmin qüsura görə ümumilikdə cəmi 16467,7 manat məbləğində birdəfəlik əlavə elektrik enerjisi sərfiyyatı hesablanmışdır.

28. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, həmin qüsurların aid olunduğu dövrdə həqiqətən də "təkrar emal” sexində elektrik enerjisindən istifadə olunan avadanlıqların işləməsi və elektrik enerjisindən istifadə olunub-olunmaması müəyyən edilmir. Çünki, yoxlama sənədlərində qeyd olunan fasilələr vaxtı iddiaçıya məxsus "təkrar emal” sexində istehsal fəaliyyətinin həyata keçirilməsi və həmin vaxtlarda elektrik enerjisindən istifadə olunub-olunmaması mötəbər sübutlar əsasında təsdiq olunmur.

29. Beləliklə, 19 may 2023-cü il tarixli R 053681 nömrəli Aktda qeyd olunan qüsura görə 16467,7 (on altı min dörd yüz altmış yeddi manat 70 qəpik) manat məbləğində əlavə sərfiyyatın hesablanmasının əsaslılığı mötəbər subutlar əsasında təsdiq olunmamışdır.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1042/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar