Məhkəmə qərarları › İş №2-2(105)-153/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-153/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-153/2024 17.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin xxxxxxxxxxxxxxxxxxxx (sədrlik edən və məruzəçi hakim), hakimlər Axundov Toğrul Bəhruz oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və sərfiyyatın əvvəlki illərdə olan qaz sərfiyyatına uyğun olaraq hesablanması, dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair” iddia ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2-2(119)-2088/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun silinməsi və sərfiyyatın əvvəlki illərdə olan qaz sərfiyyatına uyğun olaraq hesablanması, dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 2088/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinin tələbinə əsasən iddiaçıya geri qaytarılmışdır. İddiaçı qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 2088/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2-2(119)-2088/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Qeyd olunanlarla bağlı kollegiya, birinci instansiya məhkəməsinin sözügedən qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinin surətində və pretenziya məktubunda təhvil alma qeydi və imza olmasına baxmayaraq, həmin sənədlər mülkiprosessual qanunvericilkdə nəzərdə tutulan qaydada cavabdehə çatdırılmamış, çatdırılmış olduğu təqdirdə isə bunu təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və yuxarıda qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrində imperiativ qaydada təsbit olunmuşdur. Mülki Prosessual Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd və cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Birinci instansiya məhkəməsinin qənaətinə görə Mülki Prosessual Məcəllənin 149- 150-ci maddələrində nəzərdə tutulan tələblərdən (qaydalardan) hər hansı birinə riayət edilməməsi mübahisənin məhkəmədə baxılmasını mümkünsüz etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Cavabdehnə pretenziya göndərmiş, həmin pretenziya birliyin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixində qəbul edilmişdir. Həmçinin iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri Cavabdehnə şəxsən təqdim etmiş və sənədlərin üzərində cavabdehin “Qəbul etdi” imzası əks etdirilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2-2(119)-2088/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Sadalananları məcmulaşdıran məhkəmə tərkibi hesab edir ki, konkret halda kommersiya mübahisələri üzrə verilən iddia ərizə və ona əlavə olunmuş sənədlərin və mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulduğundan və yuxarıda qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrində imperiativ qaydada təsbit olunduğundan Sumqayıt Kommersiya Məhkəməsinin hazırki iş üzrə mövqeyi qanunauyğun hesab edilməlidir. Beləliklə kollegiya belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassız olduğundan Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2-2(119)-2088/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qanunvericilikdə bu qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2, 152.1.4, 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 2088/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar