Məhkəmə qərarları › İş №2-2(105)-17/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-17/2025

18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-17/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2-2(119)-29/2024 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 56128 (əlli altı min yüz iyirmi səkkiz) manat məbləğində maddi ziyan, 10000 (on min) manat məbləğində mənəvi zərər, 1100 (min yüz) manat məbləğində qiymətləndirmə xərci, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci və 192 (yüz doxsan iki) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 67640 (altmış yeddi min altı yüz qırx) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən İddiaçınə məxsus kərpic zavodunun elektrik enerjisi təchizatı G110/10 kv–luq “Giləzi Dartı” yarımstansiyasından çıxan 10 kv-luq “Kərpic zavod” hava elektrik verilişi xətti vasitəsi ilə həyata keçirilir. xx.xx.2023-cü il tarixdə saat 10:35-də 10 kv-luq “Kərpic zavod” hava xətti guya, istehlak olunmuş elektrik enerjisi borcuna görə yarımstansiyanın 10 kv-luq açarından heç bir xəbərdarlıq edilmədən elektrik enerjisi verilişi dayandırılmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət edildikdən sonra həmin tarixdə saat 16:15-də zavoda elektrik enerjisinin verilişi bərpa edilmişdir. Nəticədə yenisinin qiyməti 87000 ABŞ dolları olan kərpic istehsalı üçün “Karadayı Makina Sanayi VP600 Vakum Pressi” aparatı sıradan çıxmışdır. İddiaçınə böyük miqdarda maddi ziyan dəymişdir. İstehlak olunmuş elektrik enerjisinə görə borc aydan-aya keçmir. Sayğac yarımstansiyanın daxilində yerləşir. İddiaçı əməkdaşlarının ora girməyə ixtiyarı yoxdur. İddiaçı əməkdaşları hər ayın axırı göstəricini soruşub ödəyir. Enerji təchizatı müəssisəsi tərəfindən zavodun istifadə olunan elektrik enerjisinə görə xx.xx.2023-cü il tarixə 9091,86 manat məbləğində borcu olduğu göstərilsə də, zavodun borcu 200 manat olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə elektron qaimə verilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən 1127 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixdə elektrik enerjisi verilişinin dayandırılması barədə zavoda xəbərdarlıq edilməmişdir. X10 tərəfindən enerji verilişi dayandırılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 9.13.2-ci yarımbəndinin tələbləri (enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə) nəzərə alınmamışdır. “X3 Qaydaları”nın 9.13.-1-ci yarımbəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır. Həmin Qaydaların 9.13-3-cü yarımbəndinə əsasən elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndləri istisna olmaqla) enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X7 Filialı tərəfindən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi ilə əlaqədar təqsirkar şəxsin X8 nəzarətçi mühəndisi Süleyman Əsədovun haqqında müvafiq protokol tərtib edilmişdir. İddiaçınə məxsus kərpic zavoduna maddi ziyan cavabdeh tərəfindən vurulduğundan dəymiş maddi ziyan, yəni 56128 (əlli altımin yüz iyirmi səkkiz) manat cavabdeh tərəfindən ödənilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 29/2024 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 254 (iki yüz əlli dörd) manat məbləğində pul vəsaitinin iddaçı İddiaçındən tutularaq X2 ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 29/2024 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayətləri verilərək qətnamənin ləğv edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti iddia ərizəsi ilə eyni əsaslandırılaraq həmçinin qeyd edilmişdir ki, cavabdeh tərəfindən elektrik enerjisinin qanunsuz dayandırılması danılmaz fakt kimi sübut edilsə də, məhkəmə qətnamədə əsassız olaraq cavabdehə borcu olduğu qənaətinə gəlmişdir. İddianı məqsədli olaraq qəsdən təmin etməmək məqsədilə məhkəmə müxtəlif bəhanələr göstərmək, ehtimallar yürütməklə özü-özünü təkzib edən nəticəyə gəlmişdir. Belə ki, qətnamədə göstərilmişdir “müstəqil ekspert Əhməd Talıblı tərəfindən xx.xx.2023-cü il tarixli Qiymətləndirmə Rəyi elektrik enerjisinin verilməsinin dayandırılmasından 1 ay 20 gün sonra verilmiş,həmin rəyin verilməsində cavabdehin nümayəndəsi iştirak etməmiş,rəy iddiaçının təqdim etdiyi və göstərdiyi məlumatlar əsasında tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyi isə press avadanlıqlarının hissələrinə ziyan dəyməsi ilə bağlı hissədə ehtimallara əsaslanmış və rəydə hansı hissələrə ziyan dəyməsi konkret qeyd edilməmişdir.Buna görə məhkəmə qeyd etmişdir ki,göstərilən rəylər və hesabat xx.xx.2023-cü il tarixdə elektrik enerjisinin dayandırılması nəticəsində iddiaçıya ziyan dəyməsinin və həmin ziyanın məbləğinin müəyyən olunmasına mötəbər sübut kimi qəbul oluna bilməz”. Lakin məhkəmə nəzərə almamışdır ki, xx.xx.2023-cü il tarixdə, yəni cavabdeh tərəfindən qanunsuz olaraq elektrik təchizatının dayandırılması günü iddiaçı tərəfindən Azərbaycan Respublikası Energetika Nazirliyinə baş vermiş hadisə barədə məlumat verilmiş, xidməti araşdırılma aparılmış, cavabdehin təqsiri sübuta yetirilmiş, təqsirli şəxs cəzalandırılmışdır. Dəymiş ziyanla əlaqədar çəkilmiş fotoşəkillər danılmaz fakt kimi məhkəməyə təqdim edilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində dəymiş ziyanı tez bir zamanda aradan qaldırmağa çalışıldığından və müsbət nəticə əldə edilmədiyindən,müstəqil ekspertə müraciət etmək məcburiyyətində qalmışlar. Təbii ki,müstəqil ekspert Energetika Nazirliyinin araşdırma nəticələrinə, təqdim etdikləri və gözü ilə müşahidə etdiyi maddi sübutlara əsaslanaraq rəy tərtib etmişdir. Məhkəmə qətnamədə cavabdehin nümayəndəsinin iştirakının rəyə hansı təsirinin ola biləcəyini, həmçinin məhkəmə müstəqil ekspertin rəy verərkən hansı metod və nəzəriyyəyə əsaslanmasını müzakirə etməmiş, iddiaçının təqdim etdiyi və göstərdiyi məlumatlar əsasında tərtib edilməsini qəbahət hesab edərək rəyin ehtimallara dayandığını ehtimal edərək elektrik enerjisinin dayandırılması nəticəsində iddiaçıya ziyan dəyməsinin və həmin ziyanın məbləğinin müəyyən olunmasına mötəbər sübut kimi qəbul etməmişdir. Cavabdehin nümayəndəsinin iştirakı ilə aparılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinin obyektivliyini şübhə altına alacağı halda hesab edir ki,məhkəmə öz təşəbbüsü ilə təkrar ekspertiza təyin edə bilər və onu maraqlandıran suallara cavab ala bilərdi. Məhkəməyə cavabdehin ekspertiza rəyinə qarşı heç bir etirazı daxil olmamışdır. Məhkəmə iddianı rədd edərkən qətnamədə cavabdehin nümayəndəsinin məhkəmədə göstərdiyi hala-hadisə baş verən gündən əvvəlki və sonrakı günlərdə zavodda elektrik sərfiyyatının olmasına əsaslanmışdır. Halbuki məhkəmə iclasında qeyd etdiyi kimi, Pres sıradan çıxdıqdan sonra onu qaynaq edib işlətməyə çalışılmış, lakin standarta uyğun kərpic istehsal etmək mümkün olmamışdır. Fevral ayında 10-15 gün təcrübə aparılmış, yeni pres almaq imkanı olmadığından kərpici yumşaq, bir qədər sulu vəziyyətdə presdən buraxmışlar. Belə vəziyyətdə kərpic əyilmiş, yəni stelajlara yığmaq çətinləşmiş, stelajlara yığılan kərpiclər qurutma zonasına girdikdən sonra parçalanıb dağılmışdır. Beləliklə, kərpicin suyunu hər gün azalda-azalda bu proses aparılmış, lakin nəticə olmamışdır. Standarta yaxın kərpic istehsal edən zaman qaynaq edilən hissə yenidən qopmuşdur.Sonda kredit götürüb presi dəyişməli olmuşlar. Fevral ayında həmçinin söküntü işləri də aparılıb. Onu da nəzərə almaq lazımdır ki, istehsalat yalnız presdən təşkil olunmayıb.İstehsalatda elektrik enerjisi ilə işləyən digər avadanlıqlar:motor və ventelyatorlar da var.Ona görə də cavabdehin təqsirli hərəkəti nəticəsində hadisənin baş verdiyi ayda elektrik sərfiyyatı olmuşdur. İstehsalın dayanması və yeni press aparatı aldıqdan sonra kərpic istehsalına başlamağı sübut edən video çəkilişin və həmin vaxt istehsalata başlamağını təbrik edən şəxsin həmin çəkilişdə təsadüfi çıxışının diskini məhkəməyə təqdim etmişlər. Həmçinin, cavabdehin nümayəndəsinin məhkəmədə göstərdiyi kimi 2 iş günü əvvəl iddiaçıya elektrik borcu səbəbindən xəbərdarlıq olsa belə sayğac borcuna görə elektron qaimə göndərildikdən sonra zavodun həmin borcu ödəmək üçün bir ay möhləti olmuşdur. Yəni cavabdeh elektrik enerjisini dayandırmaqda haqlı olmamışdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərfindən apellyasiya şikayətinə etiraz verilərək qeyd edilmişdir ki, iddiaçı iddia ərizəsində elektrik enerjisinin dayandırılması barədə ona öncədən xəbərdarlıq edilmədiyini qeyd etsə də, iddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi kimi elektrik enerjisinin verilişinin dayandırılması xx.xx.2023-cü ildə, iddiaçıya xəbərdarlıq isə xx.xx.2023-cü ildə, yəni iki iş günü möhlət verildikdən sonra dayandırılmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıqda iddiaçının "xxxx" ASC-yə 9091,86 manat borcu yarandığının, həmin borcu ödəmədiyi halda xx.xx.2023-cü il tarixdə, saat 1200 -dan etibarən dayandırılacağı barədə məlumat verilmiş və həmçinin xahiş edilmişdir ki, açılma ilə əlaqədar obyektində texnoloji proseslərin pozulması və qəza hallarının yaranmaması məqsədilə öncədən müvafiq tədbirlərin görülməsini təmin edilməsi xahiş edilmişdir. Xəbərdarlıqda həmçinin qeyd edilib ki, “əks halda yarana biləcək hər hansı problemlə bağlı məsuliyyətə görə cavabdehlik öz müəssisənizin üzərində qalacaqdır”. Elektrik enerjisinin verilməsi bağlanmış elektrik enerjisinin alqı-satqısına dair birtipli müqavilənin tələblərinə və “X3 Qaydaları”nın 9.13.2-ci bəndinə əsasən dayandırılmışdır. “X3 Qaydaları”nın 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər.Həmçinin Abunə haqqında saldodan aydın şəkildə görünür ki, iddiaçı xx.xx.2022- ci il tarixində 1110 manat məbləğində X3 etdiyi halda xx.xx.2022-ci il tarixində 10858 manat ödəniş etdiyi üçün 242 manat borcu qalmışdır. İddaçı qeyd edilən borcu tam şəkildə xx.xx.2022-ci tarixində ödəməli olduğu halda ödəniş etməmişdir. “X3 Qaydaları”na uyğun olaraq 1 ay müddəti keçirdiyi üçün elektrik enerjisi xəbərdarlıq verildikdən və bildirildikdən iki gün sora dayandırılmışdır.Göründüyü kimi abonent tərəfindən ödəniş olunmadığı üçün obyektlərin enerji təchizatı dayandırılmışdır. Bu halda adi məntiqə əsasən obyektin enerji təchizatı dayandırıldıqdan sonra həmin ünvanda hər hansı avadanlığın zədələnməsində enerji təchizatı müəssisəsinin heç bir hüquqi və digər məsuliyyəti ola bilməz. Burada "xxxx" ASC heç bir hüquq pozuntusuna yol verməmiş, iddiaçının hüquqlarını pozmadan, öncədən xəbərdarlıq etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın tələblərini rəhbər tutaraq öz iş fəaliyyətini həyata keçirmişdir. Müəssisə isə bu halda bu və ya digər qarşısı alınmaz səbəblərdən qəza hallarının və ya obyektlərin texnoloji proseslərinin pozulmasının qarşısını almaq üçün əvvəlcədən tədbirlər (məsələn, işıq generatoru ilə təmin etməlidir) görməlidir.İddiaçı xx.xx.2023-cü il tarixdə elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində "Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə ziyan dəydiyini və avadanlığın sıradan çıxdığını qeyd etsə də, kərpic zavodun abonent saldosuna əsasən X3yə görə sərfiyyat xx.xx.2022xx.xx.2922-ci il tarixdə 8850 manat, xx.xx.2022- xx.xx.2023-cü tarixdə 9150 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə (28 gün) 7950 manat məbləğində olmuşdur.Göründüyü kimi, elektrik enerjisinin verilməsinin dayandırıldığı 2023-cü ilin yanvar ayı ilə ondan əvvəlki və sonrakı ay arasında elektrik enerjisi sərfiyyatında kəskin fərq müşahidə olunmadığını nəzərə alaraq həmin hadisədən sonra sözügedən avadanlığın işlək vəziyyətdə olması qənaətinə gəlmək olar.Göründüyü kimi, iddiaçı Sumqayıt Kommersiya Məhkəməsinə maddi ziyanın mövcud olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bundan başqa məhkəmə araşdırması zamanı elektrik enerjisinin verilməsinin dayandırılması ilə iddiaçıya maddi ziyan dəyməsi arasında səbəbli əlaqə müəyyən edilməmişdir.“X3 Qaydaları”nın 10.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi bu Qaydaların 9.13, 9.15 və 9.16-cı bəndlərində nəzərdə tutulmuş, istehlakçıya elektrik enerjisi verilişinin dayandırılması və məhdudlaşdırılması şərtləri ilə əlaqədar dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır.Bundan başqa iddiaçı 8800 manat dəyərində 55000 ədəd hazır kərpicin və 2448 manat dəyərində 20400-yarım fabrikat kərpicin yararsiz hala düşdüyünü qeyd etsə də, məhkəməyə həmin kərpiclərin xx.xx.2023-cü il tarixdə elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində yarasız hala düşməsini təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.Real zərərlə bağlı tələbin bir hissəsini də itirilmiş iş saatı- 1 günə 70 nəfərin əmək haqqı 1250 manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, kərpic zavodda elektrik enerjisinin verilməsinin dayandırılması bir gün deyil, 23 yanvar 2023-cü il tarixdə saat 10:35-dən saat 16:15-ə qədər olmuşdur. Bundan başqa iddiaçı məhkəməyə hadisə baş verdiyi vaxt 70 nəfər işçisinin fəaliyyət göstərdiyini təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.İddiaçı ona dəymiş maddi ziyanın sübutu kimi yalnız müstəqil ekspertin rəyini təqdim etmişdir. Qeyd edir ki, «Aqrar Sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən müstəqil ekspert dedikdə, sığorta risklərini və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran fiziki şəxs başa düşülür. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 18 noyabr 1999cu il tarixli Qanununun 3-cü maddəsinə görə məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmin Qanunun 7-ci maddəsinə görə Ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır.Ekspert tədqiqatının obyektləri maddi sübutlar, sənədlər, müqayisəli tədqiqat üçün nümunələr, əşyalar, canlı insan və onun psixi vəziyyəti, heyvanlar, meyitlər və onların hissələri, həmçinin əsasında məhkəmə ekspertizası aparılması üçün zəruri olan iş materiallarıdır.Yuxarda qeyd edilənlər nəzərə alınsa, sübut kimi təqdim edilən ekspert rəyində əks olunan şəkillərin mötəbər sübut kimi hüquqi əsasının olmadığı görülər. Belə ki, şəkildə göstərilən kərpiclərin və qurğunun kimə məxsus olduğu aydın deyil. Şəkildə göstərilən əksər kərpiclər bütövdür. Qismən kərpic qırıntılarının olması isə istənilən kərpic istehsal edən müəssisələrdə rast gəlinəndir. Şəkildə göstərilən qurğunun da kimə məxsus olduğu mötəbər dəlillə sübut edilməmişdir. Nəticə olaraq, müstəqil ekspertin rəyi ehtimal sübut hesab edilir.Bunlardan əlavə başqa kənar şəxslərin, "xxxx" ASC-nin aidiyyəti əməkdaşlarının iştirakı ilə təsdiq edilmiş aktla dəymiş maddi ziyanı təsdiq edən heç bir rəsmi, mötəbər sübut yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin nümayəndələrinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməklə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icarəyə götürən İddiaçı arasında bağlanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli müqavilədən görünür ki, icarədar Xızı rayonu, Giləzi qəsəbəsində balansında olan binaları, tikililəri, avandalıqları və istehsal prosesi zamanı istifadə olunan inventarları icarəçiyə müvəqqəti istifadə üçün icarəyə verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarə obyektinin istismarı zamanı yaranan bütün borcları (elektrik enerjisi, qaz, su, əmək haqqı, vergi, DSMF və sair) ödəmək icarəyə götürənin öhdəliyidir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən icarəyə götürən öz adından kommunal xidmətləri göstərən təşkilatlarla müqavilə bağlamalıdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə müqaviləsi 5 il müddətinə bağlanmışdır. Kərpic zavoda məxsus **********3 nömrəli abunə kodu üzrə abunə haqqında saldodan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə edilən elektrik enerjisinə görə borc 8850 manat müəyyən edilmiş və həmin borcun ödənilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə xx.xx.2023-cü il tarixli EBCM seriyalı, 384054 nömrəli elektron qaimə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 Filialı tərəfindən İddiaçınə ünvanlanmış 17 fevral 2023-cü il tarixli məktubda göstərilir ki, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən kərpic zavoduna elektrik enerjisinin verilişinin dayandırılması barədə Energetika Nazirliyinə daxil olmuş İddiaçı müraciəti araşdırılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-yə məxsus kərpic zavodunun elektrik enerjisi təchizatı 110/10 kV-luq “Giləzi Dartı” yarımstansiyasından çıxan 10 kV-luq “Kərpic zavod" hava elektrik verilişi xətti vasitəsi ilə həyata keçirilir. 110/10 kV-luq “Giləzi Dartı” yarımstansiyasında əməliyyat jurnalına baxış zamanı xx.xx.2023-cü il tarixində saat 10:35-də X8 nəzarətçi mühəndisi Süleyman Əsədovun sifarişi ilə 10 kV-luq “Kərpic zavod” hava xətti istehlak olunmuş elektrik enerjisi borcuna görə yarımstansiyanın 10 kV-luq açarından elektrik enerjisi verilişi dayandırılmış və sonradan həmin tarixdə saat 16:15-də kərpic zavoduna elektrik enerjisinin verilişi yenidən bərpa edilmişdir. Abonent vərəqi təhlil edilərkən xx.xx.2023-cü il tarixinə kərpic zavodunun istifadə olunan elektrik enerjisinə görə enerji təchizatı müəssisəsinə 9091,86 manat məbləğində borcu olduğu məlum olmuşdur. Həmin məbləğin 8850 manat hissəsi sonuncu ayda (xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi) istifadə olunan elektrik enerjisinin dəyəri, 241,86 manat hissəsi isə əvvəlki aylarda istifadə olunan elektrik enerjisinin dəyərinin tam ödənilmədiyi üçün yaranmış borcdur. X10 tərəfindən istehlakçıya xx.xx.2023-cü il tarixinə 9091,86 manat borcu olduğu və həmin borcun tam ödənilmədiyi təqdirdə xx.xx.2023-cü il tarixdə əlavə xəbərdarlıq edilmədən elektrik enerjisi verilişinin dayandırılacağı barədə yazılı bildiriş (xəbərdarlıq) göndərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində elektrik enerjisinə görə 1127 manat MMC tərəfindən ödənilmişdir. Enerji təchizatı müəssisəsi tərəfindən kərpic zavodunun elektrik enerjisi verilişi dayandırılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 9.13.2-ci yarımbəndinin tələbləri (enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə) nəzərə alınmamışdır. Həmçinin bildirilir ki, Qaydaların 9.13-1-ci yarımbəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. Qaydaların 9.13-3-cü yarımbəndinə əsasən elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndləri istisna olmaqla) enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunanları nəzərə alaraq Qaydaların 9.13-1-ci yarımbəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi ilə əlaqədar X8 məsul şəxsinə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun müvafiq protokol tərtib edilmişdir. Yaranmış bütün mübahisəli məsələlərin həlli ilə əlaqədar Qaydaların 8.35-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan abunə haqqında saldodan görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən kərpic zavodunda X3yə görə sərfiyyat xx.xx.2022-ci il tarixdə 10050 manat, xx.xx.2022-ci il tarixdə 2700 manat, xx.xx.2022-ci il tarixdə 9750 manat, xx.xx.2022-ci il tarixdə 7200 manat, xx.xx.2022-ci il tarixdə 11100 manat, xx.xx.2022-ci il tarixdə 8850 manat, xx.xx.2023-cü tarixdə 9150 manat, 28 fevral 2023-cü il tarixdə 7950 manat, 31 mart 2023-cü il tarixdə 1500 manat, 30 aprel 2023-cü il tarixdə 1650 manat, 31 may 2023-cü il tarixdə 1200 manat, 30 iyun 2023-cü il tarixdə 300 manat və 31 iyul 2023cü il tarixdə 1950 manat məbləğində olmuşdur. Məhkəmə kollegiyasının araşdırması və iş materiallarında olan abunə haqqında saldodan görünür ki, abunə ödənişləri tarixlərinə əsasən xx.xx.2022-də ƏDV üzrə 1656 manat, köçürmə kapitalı üzrə 9202 manat, yəni həmin xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cəmi olaraq 10.858 manat borc ödənilmişdir (i/v 1-ci cild səh. 40). Həmçinin həmin abunə haqqında saldodan görünür ki, xx.xx.2022-ci il tarixə iddiaçının X3yə görə borcu 11.100 manat məbləğində olmuşdur (i/v 1-ci cild səh. 37). Lakin yuxarıda qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixində cəmi 10.858 manat borc ödənildiyindən həmin tarixə cəmi 242 manat ödənilməmiş borc qalmışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinə edilmiş etirazda da iddiaçının həmin tarixə cəmi 242 manat borcunun olduğu qeyd olunmuşdur. İşin birinci cildinin 35-ci vərəqindəki istehlakçıya olan xəbərdarlıq məktubunda 17 yanvar 2023-cü il tarixinə 9091,86 manat borcun yarandığı bildirilərək elektrik enerjisi borcunun 19 yanvar 2023-cüil tarixinədək ödənilməsi tələb olunmuş, əks halda müəssisəyə elektrik enerjisinin verilməsini 19 yanvar 2023-cü il tarixdə saat 12:00-dan etibarən dayandırılacağı qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi həmin xəbərdarlıq məktubunda “X3 Qaydaları”nın 9.13.2-ci yarımbəndinin tələblərinə zidd olaraq bir aylıq müddət nəzərə alınmamışdır.Bundan əlavə həmin xəbərdarlıq məktubunun istehlakçıya təqdim olunması iş materialları ilə sübut olunmur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi bunun nəticəsi olaraq “X3 Qaydaları”nın 9.13-1-ci yarımbəndinə əsasən elektrik xəttinin qanunsuz olaraq kəsilməsi ilə əlaqədar X8 məsul şəxsi- nəzarətçimühəndisi Süleyman Əsədovun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun müvafiq protokol tərtib edilərək, onun haqqında 1.000 manat məbləğində cərimə cəzasının tətbiq olunduğunu bildirmiş, cavabdehin nümayəndəsi isə bunu təsdiq edərək həmin inzibati qərarın qanuni qüvvədə olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı vurulmuş ziyanın ödənilməsinə dair iddia tələbinin hüquqi əsasları təsdiq olunur. Lakin bununla yanaşı məhkəmə kollegiyasının ziyan məbləğinin müəyyən olunmasına dair iddia iddia tələbinin dəlillərini qismən əsaslı hesab edir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müstəqil ekspert Əhməd Talıblının verdiyi 14 mart 2023-cü il tarixli 1403 HŞ nömrəli Qiymətləndirmə rəyində göstərilir ki, "xxxx" MMC-nin 13 mart 2023-cü il tarixli sorğusuna cavab olaraq Xızı rayonu, Giləzi qəsəbəsi İddiaçıMMC kərpic zavoduna elektrik enerjisinin verilişinin qeyri-qanuni dayandırması səbəbindən istehsal prosesinə və avadanlığa dəyən zərərin dəyərinin 56128 (əlli altı min yüz iyirmi səkkiz) manat (“Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə dəymiş ziyan 43630 manat + yararsız hala düşən 55000 ədəd hazır kərpicin dəyəri 8800 manat + yararsız hala düşən 20400 yarım fabrikat kərpicin dəyəri 2448 manat + itirilmiş iş saatı- 1günə 70 nəfərin əmək haqqı 1250 manat) təşkil etdiyi bildirilir. Rəydə qeyd olunmuşdur ki, "Karadayı Makina Sanayi VP-600 Vakum Pressi"nin daxilində 25 barel atmosfer yaranır və bu təzyiq nəticəsində avadanlığa daxil olan nəm gil məhlulu hazır kərpic formasında konveyerlə çıxır, istehsalat zamanı elektrik enerjisinin verilişi bir saatdan artıq dayandırıldıqda atmosfer təzyiqi zamanı avadanlığın daxilində gil məhlulu bərkiyərək avadanlığın daxilindəki dişli çarxları və gövdəsini sıradan çıxartmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 15 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/8370-9/8378 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, baxış zamanı "xxxx" MMC-yə məxsus kərpic zavodun həyətində içərisində gil qalıqları olan istehsalat avadanlığının istifadəsiz halda hissələrinin olduğu müəyyən edilmişdir. İddiaçı MMC-yə məxsus kərpic zavodun həyətində olan istehsalat avadanlığına dəymiş ziyanın müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi 20 dekabr 2023-cü il tarixli, 37/23 nömrəli “Qiymətləndirməyə dair hesabat”da göstərilir ki, "xxxx" MMC-nin 13 mart 2023-cü il tarixli sorğusuna cavab olaraq Xızı rayonu, Giləzi qəsəbəsi İddiaçıMMC kərpic zavoduna elektrik enerjisinin verilişinin qeyri-qanuni dayandırması səbəbindən istehsal prosesinə və avadanlığa dəyən zərərin dəyərinin 56128 (əlli altı min yüz iyirmi səkkiz) manat (“Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə dəymiş ziyan 43630 manat + yararsız hala düşən 55000 ədəd hazır kərpicin dəyəri 8800 manat + yararsız hala düşən 20400 yarım fabrikat kərpicin dəyəri 2448 manat + itirilmiş iş saatı1günə 70 nəfərin əmək haqqı 1250 manat) təşkil etdiyi bildirilir. Rəydə qeyd olunmuşdur ki, "Karadayı Makina Sanayi VP-600 Vakum Pressi"nin daxilində 25 barel atmosfer yaranır və bu təzyiq nəticəsində avadanlığa daxil olan nəm gil məhlulu hazır kərpic formasında konveyerlə çıxır, istehsalat zamanı elektrik enerjisinin verilişi bir saatdan artıq dayandırıldıqda atmosfer təzyiqi zamanı avadanlığın daxilində gil məhlulu bərkiyərək avadanlığın daxilindəki dişli çarxları və gövdəsini sıradan çıxartmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 16 iyul 2024-cü il tarixli 9/4488 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, istehsalat avadanlıqlarına dəymiş ziyanla əlaqədar dəymiş ziyanın və səbəbinin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Həmçinin yarımfabrikat və hazır kərpiclərin yararsız hala düşməsinin səbəbinin müəyyən edilməsi məhkəməəmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Müxtəlif ölçülü kərpiclərin 01 ədədinin topdan satış orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 8x19x19 sm ölçülü - 0,16 manat, m10x19x19 sm ölçülü - 0,19 manat,m13x19x19 sm ölçülü - 0,21 manat, 19x19x19 sm ölçülü - 0,32 manat, 29x19x19 sm ölçülü - 0,63 manat. Tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Respublikada yerləşən ticarət məntəqələrində, inşaat materialları satışı mağazalarında və yerli internet saytlarında yarımfabrikat kərpiclərin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 10/6320 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyində qeyd olunmuşdur ki, “X3 Qaydaları”nın 8.14-cü bəndinə əsasən (istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir), xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər istehlak olunmuş elektrik enerjisinə görə borcun xx.xx.2023-cü il tarixədək ödənilməli olduğunu, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən 1127 manat ödəniş edildiyini, elektrik enerjisinin verilməsinin dayandırılmasının enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilmədiyini və elektrik enerjisinin verilişinin ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddət tamam olmadan dayandırıldığını nəzərə aldıqda, “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “X3 Qaydaları”nın 9.13-1-ci yarımbəndinin (istehlakçıya yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır) və 9.13-3-cü yarımbəndinin (elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir) tələbləri pozulmuşdur. “Gilstone" MMC-yə məxsus kərpic zavoduna ekspertin və tərəflərin nümayəndələrinin iştirakı ilə baxış keçirilərkən zavodda kərpic istehsalat xəttində yeni avadanlıqların quraşdırıldığı, xx.xx.2023-cü il tarixdə saat 10:35-də 10 kV-luq “Kərpic zavod” hava elektrik xəttinin yarımstansiyanın 10 kV-luq açarından açılması nəticəsində yararsız vəziyyətə düşməsi iddia edilən avadanlıqların sökülərək istismardan çıxarıldığı və zavodun ərazisindəki açıq sahəyə atıldığı, hazırkı vəziyyətdə texniki cəhətdən qüsurlu (qopmuş, çatlamış) və istifadə üçün yararsız halda olduğu müəyyən edilir. Ekspertizaya təqdim edilmiş abonent vərəqində aylar üzrə elektrik enerjisi sərfiyyatına görə 2023-cü ilin yanvar ayında zavodun enerji sərfiyyatının (istehsal gücünün) əvvəlki aylara uyğun olduğunu nəzərə aldıqda, 23 yanvar 2023-cü il tarixə qədər zavodda avadanlıqların işlək vəziyyətdə olması qənaətinə gəlmək olar. Belə olan şəraitdə, iddiaçıya məxsus “Kərpic zavod”a elektrik enerjisi verilişinin 23 yanvar 2023-cü il tarixdə saat 10:35-də kəsilməsi nəticəsində istehsalat prosesinin dayanması və təqribən 5 saat müddətində press avadanlığın içərisində olan xammalın (gilin) bərkiməsi səbəbindən avadanlıq işə salınarkən (saat 16:15-də elektrik enerjisi verilişi bərpa edildikdən sonra) yaranan yüksək təzyiqin təsirindən avadanlığın təzyiq altında gərilən, sıxılan və burulan hissələri sıradan çıxa bilərdi. İş materiallarında olan satıcı X9 Gida Sanayi ve Ticaret LTD ŞTİ ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 09 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, alıcı satıcıdan Q 550 Vakum press və digər mallar almışdır. İddia ərizəsinin məzmunundan görünür ki, tələb aşağıdakı hissələrdən ibarətdir: 56128 (əlli altı min yüz iyirmi səkkiz) manat məbləğində maddi ziyanın ödənilməsi və 10000 (on min) manat məbləğində mənəvi zərərin ödənilməsi. İddiaçının tələb etdiyi etdiyi real zərər üç hissədən ibarətdir: “Karadayi Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə dəymiş ziyan 43630 manat; yararsız hala düşən 55000 ədəd hazır kərpicin dəyəri 8800 manat və yararsız hala düşən 20400 ədəd yarım fabrikat kərpicin dəyəri 2448 manat; itirilmiş iş saatı- 1 günə 70 nəfərin əmək haqqı 1250 manat. Həmin zərər müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli, 1403 HŞ nömrəli Qiymətləndirmə rəyi ilə əsaslandırılır. Məhkəmə kollegiyası müstəqil ekspert Əhməd Talıblının “Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə dəymiş ziyanın 43630 manat qiymətləndirilməsinə dair rəyini əsalı hesab edir.Belə ki, həmin rəydə zərər dəymiş ehtiyat hissələrinin qiymətləri dəqiq göstərilmiş, cavabdeh tərəfindən rəydə qeyd olunan hansı ehtiyat hissələrinin düzgün qiymətləndirilmədiyi mübahisələndirilməmişdir.Bununla əlaqədar həmçinin qeyd etmək lazımdır ki, işin 1-ci cildinin 224-cü vərəqindəndəki məktubdan göründüyü kimi “Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin texniki pasportu da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim olunmuşdır. Lakin bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, press avadanlığın hissələrinə ziyan onların içərisində olan xammalın (gilin bərkiməsi səbəbindən 5 saat 40 dəqiqə sonra avadanlığın yenidən işə salınması ilə əlaqədar olduğundan və iddiaçı tərəfindən bunun qarşısının alınması üçün müvafiq tədbir görülmədiyindən həmin hissədə vurulmuş ziyanın yarısı, yəni 21815( 43630:2) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, yararsız hala düşən 55000 ədəd hazır kərpicin dəyəri olaraq 8800 manat və yararsız hala düşən 20400 ədəd yarım fabrikat kərpicin dəyəri 2448 manat cavabdehdən tutulmalıdır. Bununla əlaqədar birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi Nümayəndə3 işin bu halına aydınlıq gətirərək bildirmişdir ki, kərpic bişirən sobalar 22 qapıdan ibarətdir. Elektrik enerjisinin verilişi dayandırıldığı vaxt həmin qapılardan 18-i dolu olub. 5 qapıdakı kərpiclər tam bişmiş vəziyyətdə olmuş, 4 qapıdakı kərpiclər isə zay olmuşdur. Qalan qapılardakı kərpiclər bişməmişdir. İddiaçı MMC-yə məhz 4 qapıdakı zay olan kərpiclərlə bağlı ziyan dəymişdir. 1 qapıda 8-lik 13750 ədəd kərpic olmuşdur. Həmin say 4 qapıya vurulduqda 55000 ədəd kərpic edir. Bir kərpicin qiyməti 0,16 manatdan hesablandıqda İddiaçı MMC-yə 8800 manat məbləğində ziyan dəydiyi müəyyən edilir. Bundan əlavə 85 stellaj kərpic sıradan çıxıb zay olmuşdur. Qeyd edir ki, bir stellajda 240 ədəd kərpic olur. 85 stellajda ümumilikdə 20400 ədəd kərpic olmuşdur. Həmin kərpicləri maya dəyəri olan 0,12 manatdan hesabladıqda 2448 manat əldə olunur. Bu da həmin məbləğdə yarımfabrikatın zay olması deməkdir. Bununla əlaqədar məhkəmə kollegiyası göstərilən miqdarda kərpiclərin günlük istehsalını ağlabatan hesab edir. Belə ki, həmin istehsal iş materiallarına əlavə edilmiş əmək müqavilələrinə əsasən 70 nəfər işçinin bir günlük cəmi 1250 manat məbləğində əmək haqqına, X3, xammal və s. xərclərə münasibətdə mütənasibdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işçilərin ödənilmiş 1 günlük əmək haqqının ümumi məbləğini təşkil edən 1250 manat iddiaçıya vurulmuş ziyanın məbləğinə aid edilə bilməz və bu məntiqə uyğun deyildir. Çünki vurulmuş ziyanın qeyd olunan hissədə məbləği yararsız hala düşmüş kərpiclərin ümumi dəyəri ilə müəyyən edilməlidir.Buna görə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilmiş işin hallarına əsasən müəyyən edilir ki, cavabdehin təqsiri nəticəsində iddiaçıya məxsus xammal yararsız hala düşdüyündən dəyəri 8800 manat olan hazır kərpic və 2448 manat olan yarımfabrikat kərpicin dəyəri, cəmi 11248 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Buna görə iddia tələbi bu hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın: 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə dayandırır. 9.13-1-ci bəndinə əsasən Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. 9.13-3-cü bəndinə əsasən Elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndləri istisna olmaqla) enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi iddiaçının cavabdeh tərəfindən ona vurulmuş zərərin əvəzini qeyd olunan hissədə tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qanunvericilik normlarının tələblərini nəzərə almadan və işin hallarının düzgün araşdırmadan iddianı rədd etmiş, bununla da düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Buna görə vurulmuş maddi ziyana görə ümumilikdə 33.063 manat (21815+11248=33063 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Kollegiya həmçinin qeyd edir ki, yuxarıda qeyd edilmiş MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən ödənilmiş qiymətləndirmə xərcinin yarısı, hüquqi yardım üçün ödənilmiş məbləğin yarısı, mediasiya təşkilatına ödənilmiş rüsumun yarısı, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun yarısı və apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ekspertiza xərcinə münasibətdə isə kollegiya qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 254 (iki yüz əlli dörd) manatın yarısı, yəni 127 (bir yüz iyirmi yeddi) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, digər yarısı, yəni 127 (bir yüz iyirmi yeddi) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2-2(119)- 29/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən vurulmuş maddi ziyana görə 33063 (otuz üç min altmış üç) manat, qiymətləndirmə xərcinin yarısı 550 (beş yüz əlli) manat, hüquqi yardım üçün ödənilmiş məbləğin yarısı 60 (altmış) manat, mediasiya təşkilatına ödənilmiş rüsumun yarısı 50 (əlli) manat, iddia ərizəsinə görə ödənilmiş dövlət rüsumunun yarısı 81 (səksən bir) manat və apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun yarısı 73,3 (yetmiş üç manat otuz qəpik) manat, cəmi 33877,3 (otuz üç min səkkiz yüz yetmiş yeddi manat otuz qəpik) manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 254 (iki yüz əlli dörd) manatın yarısı, yəni 127 (bir yüz iyirmi yeddi) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, digər yarısı, yəni 127 (bir yüz iyirmi yeddi) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE**********0002088501, X5, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar